Məhkəmə qərarları › İş №2(107)-609/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-609/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-609/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 və İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı bank kreditinin ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-1223/2019 nömrəli qətnaməsindəncavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» X8 (bundan sonra - «xxxxxxxxxxx» QSC) bank kreditinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı X4 xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 14992,25 manat məbləğində kredit borcu, 2060,54 manat məbləğində faiz borcu və 3419,52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20472 (iyirmi min dörd yüz yetmiş iki) manat 31 (otuz bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-1223/2019 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada xx.xx.2013-cü il tarixli 19L000001261 nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli 019S**********02 nömrəli, xx.xx.2013-cü il tarixli 019S000002414 nömrəli, xx.xx.2013cü il tarixli 019S000002435 nömrəli, xx.xx.2015-ci il tarixli 019S**********03 nömrəli zaminlik müqavilələrinə əsasən, xx.xx.2019-cu il tarixə olan 14992,25 (on dörd min doqquz yüz doxsan iki manat iyirmi beş qəpik) manat əsas kredit borcu, 2060,54 (iki min altımış manat əlli dörd qəpik) manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 341,90 (üç yüz qırx bir manat doxsan qəpik) manat cərimə olmaqla cəmi 17394,69 (on yeddi min üç yüz doxsan dörd manat altmış doqquz qəpik) manat məbləğində vəsait alınaraq, iddiaçı “xxxxxxxxx” X5 ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxxxxxxx” X4 hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun nümayəndəsi X3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 19L000001261 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23500 (iyirmi üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 019R**********S saylı, xx.xx.2016-cı il tarixli 019R**********SA saylı, xx.xx.2017-ci il tarixli 019R**********SB saylı,xx.xx.2018-ci il tarixli 019R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8507,75 manat ödəmiş, onun 14992,25 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə hesablanmış faiz borcu 2060,54 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 204 gün üçün hesablanmış cərimə 3419,52 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yanmbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun nümayəndəsi X3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. Qətnamə ilə razı deyillər. Belə ki, həmin qətnamə üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmiş, onların banka olan əsas və faiz borcu bank tərəfindən verilmiş maliyyə arayışına əsasən hesablanmışdır. Hesab edirlər ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)- 1223/2019 nömrəli qətnaməsi əsassız olduğundan ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlər müxtəlif üsullarla borclarını ödəməkdən yayınırlar. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasdından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq əsas borca münasibətdə dəyişdirilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 19L000001261 nömrəli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən həmin cavabdehə 120 ay müddətinə 100000 (bir yüz min) manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 1.3-cü bəndinə görə cavabdehə veriləcək hər bir kreditin məbləği, faiz dərəcəsi və müddəti bu müqavilə və ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən həmin cavabdehə aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla, 36 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 23500 (iyirmi üç min beş yüz) manat kredit verilmişdir. Kredit razılaşmasının 1.2-ci bəndinə görə kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən, razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2-ci və 4.2.2-ci bəndlərinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2015-ci il tarixli məxaric qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 23500 manat kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 019S**********02 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 019S000002414 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 019S000002435 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 019S**********03 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında cavabdeh borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 019R**********S nömrəli xx.xx.2016-cı il tarixli 019R**********SA nömrəli, xx.xx.2017-ci il tarixli 019R**********SB nömrəli, xx.xx.2018-cı il tarixli 019R**********SC nömrəli sazişlərə əsasən razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehlərdən kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixə iddiaçıya 14992,25 manat əsas kredit borcu, 2060,54 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 3419,52 manat cərimə olmaqla, cəmi 20472,31 manat kredit borcu vardır. Apelyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, № 9/450 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları xx xxxxxx 2013-cü il tarixli 19L000001261 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx xxxxxx 2015-ci il tarixli 019R********** saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) İddiaçı X1 cəmi borcu 17.747,73manat məbləğində müəyyən edilir,o cümlədən: əsas borc üzrə---------------------------- 14944,42 manat, faiz borcu üzrə---------------------------- 2803,30 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli 019R********** saylı kredit müqaviləsi üzrəcərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün sualda soruşulan tarixə Cavabdeh1 cərimə borcu hesablanmadı. Ekspertiza xərci 145 manat təşkil edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 448, 470, 472 və 467-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmununa görə, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 19L000001261 nömrəli kredit xətti müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının cavabdehlər (zaminlər) Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış zaminlik müqavilələri ilə müəyyən olunmuşdur ki, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminlərə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Həmin Məcəllənin 465.2. maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı “xxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 60000 (altmış min) manat məbləğində kredit xəttinin açılmasına dair xx.xx.2013-cü il tarixli 19L000001261 nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinə görə cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Ona görə də həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə bağlanmış xx.xx.2013-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla 36 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 23500 (iyirmi üç min beş yüz) manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehlərdən 3419,52 manat tələbi tənasübsüz surətdə yüksəkdir, buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edərək həmin dəbbə pulunun 341,90 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab etmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək illik faizin dərəcəsi dəqiq müəyyən edilmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayətində iddia tələbində qeyd olunmuş əsas və faiz məbləğinin çox olmasını mübahisələndirmişdir. Düzdür, cavabdehlər apelyasiya şikayətində ekspertizanın keçirilməsinə əsas olan heç bir sənədi məhkəməyə təqdim etməsə də, apelyasiya icraatı zamanı borcun düzgün hesablanıb-hesablanmaması barədə məhkəmə-mühasibastlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2013-cü il tarixli 19L000001261 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx xxxxxx 2015-ci il tarixli 019R********** saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış sazişləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni xx.xx.2019-cu il tarixə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı QSC-yə olan borcu 17.747.73 manat məbləğində müəyyən edilir: o cümlədən; əsas borc üzrə-14944,42 manat, faiz borcu üzrə 2803,30 manat qeyd edilir. Goründüyü kimi iddia qaldırılarkən cavabdehlərdən tələb olunan əsas borc artıq hesablanmışdır. Faiz borcuna münasibətdə kollegiya qeyd edir ki, rəydə faiz hissəsi çox olduğundan iddia tələbindəki faiz hissəsi əsas götürülməlidir. Cərimə borcuna gəldikdə isə məbləğindən asılı olmayaraq işə baxan məhkəmələr həmin cəriməni ağlabatan məbləğdə azaltmaq hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsas borca münasibətdə dəyişdirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3nа аid edilməli və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 manat onlardan alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin əsas borca münasibətdə dəyişdirilməsinə səbəb olsa da, ümumilikdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ekspert rəyinə uyğun olaraq əsas borca münasibətdə dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanımalıdır. Çünki əsas borc istisna olmaqla məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-1223/2019 nömrəli qətnaməsi əsas borcun məbləği hissəsində dəyişdirilsin. Əsas borcun məbləği 14944,42 (on dörd min doqquz yüz qırx dörd manat qırx iki qəpik) manat (əsas, faiz və cərimə borcun cəmi isə 17.346.86 (on yeddi min üç yüz qırx altı manat səksən altı qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə 145 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3ndаn alınaraqDövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir . Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar