Məhkəmə qərarları › İş №2(107)-614/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-614/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-614/2023 23.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı Cavabdeh İddiaçı qarşı (açar sözlər: pul tələbi, torpaq sahəsindən çıxarılma, dəymiş maddi zərərin ödənilməsi,) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilk iddiası, Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma, dəymiş maddi zərərin ödənilməsi və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qaytarılması tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(037)-118/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarış və Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X1,X4, X5, X2,X14,X9,X12,X6 və X3 birgə mülkiyyətinə verilmişdir.

2. 2016-cı ildə cavabdeh və onun ailə üzvlərinə məxsus 2.1521 ha torpaq sahəsinin alqı-satqısı barədə iddiaçı və cavabdeh arasında şifahi formada razılıq əldə olunmuşdur.

3. İddiaçı həmin torpaq sahəsinə görə cavabdehə 1800 manat verdiyini, cavabdeh isə həmin torpaq sahəsinə görə iddiaçıdan 1600 manat əvəzinə 500 manat aldığını bildirir.

4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-245/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri 9290 manat təşkil edir.

5. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-246/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün çəkilən xərcin dəyəri hazırkı bazar qiymətləri ilə 925 manat təşkil edir.

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh torpaq sahəsi üçün 6000 manat, çəkdiyi xərclərə görə 755 manat, mənəvi zərərə görə 1000 manat və iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu olmaqla, cəmi 7855 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin əməlində dələduzluq cinayətinin tərkibi olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.

7. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd olunmasını, ona dəymiş 15000 manat maddi zərərin ona ödənilməsi, torpaq sahəsinin boşaldılması və onun istifadəsinə qaytarılması, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və ödədiyi 135 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ilk iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbinin isə qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2016-cı ildə Cavabdeh pula ehtiyacı olduğundan özünə və ailə üzvlərinə məxsus 2.15 hektar torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən həmin ildə mübahisəli torpaq sahəsinin 2.15 hektarı üçün 1800 manat ödəməklə satın almışdır. Cavabdeh pulu aldıqdan sonra torpaq sahəsinə dair Çıxarışı ona təhvil vermişdir. Həmin vaxt mülkiyyətçilərdən bəziləri rayon ərazisində olmadıqları üçün torpaq sahəsinin alğı-satqısını rəsmiləşdirə bilməmişdir. Həmçinin Cavabdeh oğlu sosial müavinət aldığı üçün hələki alğı-satqının bir müddət təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən alğı-satqı bir müddət aparılmamışdır. 2016-cı ildən torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmuş və onun tərəfindən əkib becərilmişdir. Bu il də torpaq sahəsini artıq şumlamışdır. Lakin həmin torpaq sahəsi ilə bağlı Cavabdeh mübahisəsi olduğunu görüb yeri əkməmişdir. Bu ilə qədər aralarında heç bir mübahisə olmamışdır. 2022-ci ilin noyabr ayında Cavabdeh yaşadığı evə gələrək ailə üzvləri ilə mübahisə etmiş və torpağın sənədlərinin ona qaytarılmasını tələb etmişdir. Altı ildən artıqdır ki, mübahisəli torpaq sahəsinə sahiblik etmiş və torpaq sahəsi onun istifadəsində olmuşdur. Ötən dövr ərzində torpaq sahəsini yararlı hala gətirmək üçün xeyli vəsait xərcləmişdir. Belə ki, həmin torpaq sahəsini daşdan təmizləyərək yararlı hala gətirmək üçün özü köməklik etməklə bərabər fəhlələrə və texnikalara pul vermişdir. Torpaq sahəsinə 9 maşın peyin vermişdir ki, bu da hər dəfəsi 30 manat maşına (9 maşın x 30 manat=270 manat), hər dəfəsi isə 15 manat fəhlələrə (9x15 manat=135 manat) olmaqla cəmi 405 manat pul xərcləmişdir. Bundan başqa torpaq sahəsinin daşdan təmizlənməsi üçün hər dəfəsi 30 manat olmaqla 5 dəfəyə cəmi 150 manat maşına, bu işlərin görülməsi üçün fəhlələrə isə 200 manat, ümumilikdə bu işlərin görülməsinə cəmi 755 manat pul xərcləmişdir. Bütün bu işləri görməklə torpaq sahəsini tam yararlı hala gətirmişdir. Hazırda mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə növündən, təyinatından, münbitliyindən və məhsuldarlığından asılı olaraq bir hektar torpaq sahəsinin qiyməti 2500-3000 manat arasında dəyişir. O, 2016-cı ildə başqa yerdən hektarı 500-600 manata torpaq sahəsi ala bilərdi. Cavabdeh özü də bunu yaxşı bilirdi. Lakin torpaq sahəsi ona münasib yerdə olduğundan 1800 manat verməyə razı olmuşdur. Cavabdeh etibarından sui istifadə etmiş, 6 il sahiblik və istifadə etdiyi ona satdığı torpaq sahəsini 2022-ci ildə geri tələb etmişdir. Beləliklə Cavabdeh vaxtı ilə ona satdığı 2.15 hektar torpaq sahəsi üçün 6000 manat, torpaq sahəsinə çəkdiyi xərclərə görə 755 manat olmaqla cəmi 6755 manat vəsait xərcləmişdir.Bundan başqa Cavabdeh torpaq sahəsini uzun müddətdən sonra ondan geri tələb etməsini eşitdikdə çox böyük əsəb gərginliyi keçirmiş, Cavabdeh onu aldatmaq niyyəti onu bərk sarsıtmışdır. Hətta Cavabdeh onun evdə olmamağından istifadə edərək gəlib ailə üzvləri ilə mübahisə etməsi, onlarla kobud rəftar etməsi onu böyük sarsıntıya uğratmışdır. Bütün kənd sakinləri də bilir ki, mübahisəli torpaq sahəsini Cavabdeh almışdır. Cavabdeh təqsiri üzündən sarsıntı keçirmiş və nəticədə ona mənəvi zərər dəymişdir. O, mənəvi zərəri 1000 manat qiymətləndirir. Cavabdeh torpaq sahəsi üçün 6000 manat, çəkdiyi xərclərə görə 755 manat, mənəvi zərərə görə 1000 manat və iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu olmaqla, cəmi 7855 manat pulun alınaraq ona verilməsini, Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi olduğu üçün barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ilk iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdi ki, İddiaçı ona qarşı məhkəmədə 7855 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə iddia qaldırmışdır. O, İddiaçı iddia tələbi ilə razı deyildir. Əksinə hesab etmidir ki, İddiaçı ona vurduğu ziyana görə kompensasiya ödəməli və eyni zamanda torpaq sahəsini və torpağa dair sənədləri ona qaytarmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində ondan torpağa görə 6000 manat pul tələb edir. Bu rəqəm şişirdilmiş rəqəmdir. Belə ki, düzdür onun və ailə üzvlərinin İsmayıllı rayonu, Qazmalar kəndində 2.1521 hektar əkin təyinatlı torpaq sahəsi vardır.2012-ci ildə ehtiyacı olduğundan həmin torpağı satmaq istəmişdir. İddiaçı torpaq sahəsini almaq istədiyini ona bildirmişdir. Həmin vaxt uşaqlarından yalnız biri Elçin yanında olubdur. İddiaçılə torpaq sahəsinin satılmasını 1600 manata danışmışlar. Lakin İddiaçı ona 500 manat beh vermiş, qalan hissəsini isə yaxın vaxtlarda sənədləşmə apararkən ödəyəcəyini bildirmişdir. İddiaçı həmin vaxt torpaq sahəsinə dair sənədi ondan almışdır. Həmin vaxtdan indiyə kimi torpaqdan İddiaçı istifadə edibdir. Bu il mübahisə yarandığından torpaq sahəsi əkilməmişdir. Əslində torpaqla bağlı mübahisə aralarında çoxdan yaranmışdır. Belə ki, o İddiaçı pulun qalanını ödəməsini, pulu tam ödədikdən sonra sənədləşdirməni apararaq torpağı öz adına keçirməsini bildirmişdir. Ancaq həmin gündən bu günə kimi İddiaçı qeyd edilən məsələni uzatmışdır. Sonradan öyrənmişdir ki, İddiaçı sosial müavinət aldığı üçün torpaq sahəsini öz adına rəsmiləşdirmir. Hətta öz torpağını da anasının adına rəsmiləşdiribdir. Ancaq bu neçə ildə onun uşaqları adlarında torpaq sahəsi olduğu üçün ünvanlı sosial yardım ala bilməmişlər. İki oğlu və bir qızı ünvanlı sosial yardım alırdılar. Adlarında torpaq sahəsi olduğundan övladlarının ünvanlı sosial yardımı kəsilibdir. Uşaqları dəfələrlə İddiaçı pulun qalanını ödəyərək torpaq sahəsini öz adına rəsmiləşdirməyi tələb etmişlər. O və övladları torpaq sahəsinə görə sosial yardım ala bilmirlər. İddiaçı hər dəfə vaxt istəyərək müddəti uzatmış, mülkiyyətində olan torpaq sahəsindən istifadə edərək gəlir əldə edir. 2020-ci ildə oğlu Mübariz İddiaçı qarşı torpağın geri qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Həmin vaxt İddiaçı yanına gələrək oğlu Mübarizdən ərizəsinin geri götürməsini, uzağı bir aya qalan pulu indiki qiymətlə ödəyib, torpağı adına keçirəcəyini bildirmişdir. O, oğlu Mübarizə İddiaçı bir aya torpağın pulunu ödəyib öz adına rəsmiləşdirəcəyinə söz verdiyini bildirmişdir. Oğlu Mübariz də onun sözü ilə ərizənin baxılmaması üçün məhkəməyə ərizə göndərmişdir. Buna baxmayaraq İddiaçı onu get-gələ salaraq pulunu verməmişdir. Ona görə də İddiaçı torpağını geri istəyir. Aralarında mübahisə yarandığından İddiaçı ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. O, İddiaçı ziyan vurmamışdır. İddiaçı verdiyi pul elə həmin vaxta olan iki illik icarənin puludur. Həmin vaxtlar torpağın bir hektarını 100 manata icarəyə verirdilər. İddiaçı verdiyi pul iki illik icarə pulu olsun. Qalan altı il üçün ona və ailə üzvlərinə dəymiş ziyanın ödənilməsini İddiaçı tələb edir. Ona məxsus torpağın yerləşdiyi ərazidə taxılın orta məhsuldarlığı hər il üçün hektara 28-33 sentner olmuşdur. Dövlətin subsidiyası nəzərə alınmaqla 5 sentneri də əlavə xərclərə hesab etsək hər hektardan təmiz 25 sentner məhsul qalır ki, bu da onun hər il itirdiyi faydadır. Bu isə o deməkdir ki, o hər il 50 sentner taxıl məhsulundan məhrum olmuşdur. Bu isə 2500 manat pul deməkdir. 6 ildə isə bu məbləğ 15000 manat deməkdir. O, ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilərək ona dəymiş 15000 manat maddi zərərin ona ödənilməsi, torpaq sahəsinin boşaldılması və onun istifadəsinə qaytarılması, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və ödədiyi 135 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında şahid X8 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Kəlbənd kəndində yaşayır. Laçın və Orucalı kəndçiləridir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsini 5-6 il bundan əvvəl İddiaçı satdığını bilir. Hazırda həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. Girk kəndində hamı bilir ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsini İddiaçı 1800 manata satmışdır.

11. Birinci instansiya məhkəməsinin iclasında şahid X7 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Girk kəndində yaşayır. İddiaçı qonşusu,Cavabdeh isə kəndçisidir. O, qonşu kimi bilir ki, İddiaçı istifadəsində olan torpaq sahəsini Cavabdeh 1800 manata almışdır.

12. Birinci instansiya məhkəməsinin iclasında şahid X18 ifadə verərək göstərmişdi rki, Şuşa rayonundan məcburi köçkün olmaqla İsmayıllı rayonu, Kəlbənd kəndində yaşayır. İddiaçı və Cavabdeh qonşu kənd sakinləri kimi tanıyır. O, traktorist işləyir. İddiaçı torpaq sahəsi 4-5 ildir onun tərəfindən əkilir. O,eşitmişdir ki, Cavabdeh torpaq sahəsini İddiaçı 1800 manata satmışdır.

13. Birinci instansiya məhkəməsinin iclasında şahid X5 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Girk kəndində yaşayır. Cavabdeh atası,İddiaçı isə kəndçisidir. Atası ilə Laçın arasında torpaq sahəsinin 1600 manata satılması ilə bağlı razılaşma olmuş, razılaşmaya əsasən Laçın atasına ilkin olaraq 500 manat beh vermiş, qalan 1100 manat pulu isə 1 aya alğı-satqı edərək öz adına rəsmiləşdirəndə verəcəyini bildirmişdir. Həmin vaxtdan 9 il keçməsinə baxmayaraq Laçın qalan 1100 manat pulu verməyərək torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Eyni zamanda torpaq sahəsinə dair Çıxarışı özündə saxlamaqla torpaq sahəsindən istifadə edərək gəlir götürür. Laçın torpaq sahəsini öz adına rəsmiləşdirmədiyindən dövlət tərəfindən verilən 190 manat maddi yardımdan da məhrum olmuşdur. O, bir neçə dəfə Laçına zəng edərək torpaq sahəsini öz adına rəsmiləşdirməsini bildirsə də, Laçın torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında şahid X10 ifadə verərək göstərmişdi ki, İsmayıllı rayonu, Girk kəndində yaşayır. Cavabdeh atası, İddiaçı isə kəndçisidir. Atası ilə Laçın arasında torpaq sahəsinin satılması ilə bağlı razılaşma olmuş, razılaşmaya əsasən Laçın atasına ilkin olaraq 500 manat vermiş, qalan 1200 manat pulu isə 1 aya alğı-satqı edərək öz adına rəsmiləşdirəndə verəcəyini bildirmişdir. Həmin vaxtdan 9 il keçməsinə baxmayaraq Laçın qalan 1200 manat pulu verməyərək torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir.

15. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 06 mart 2023-cü il tarixli, 2(037)-118/2023 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək cavabdeh-iddiaçı Cavabdeh 6000 manat pul, 755 manat çəkilmiş xərc və 87.55 manat dövlət rüsumu olmaqla, cəmi 6842.55 (altı min səkkiz yüz qırx iki manat əlli beş qəpik) manat məbləği alınaraq iddiaçı-cavabdeh İddiaçı verilməsi, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçı-cavabdeh İddiaçı özünə aid edilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi qismən təmin edilərək DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində **********45 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışa əsasən Cavabdeh ümumi birgə mülkiyyət hüquqi ilə məxsus olan İsmayıllı rayonu, Qazmalar kəndində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi boşaldılaraq, xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışla birlikdə cavabdeh-iddiaçı Cavabdeh qaytarılması, iddiaçı-cavabdeh İddiaçı 100 manat dövlət rüsumu alınaraq cavabdeh-iddiaçı Cavabdeh qaytarılması, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsinin cavabdeh-iddiaçı Cavabdeh özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir.

16. Məhkəmə belə qənaətə gəlməsini aşağıdakı qaydada əsaslandırmışdır; - ...cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, ilkin iddia tələbi həmin hissədə təmin olunaraq 2.15 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 6000 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətldir. ...iddia tələbinin cavabdehdən çəkdiyi xərclərə görə 755 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-246/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün çəkilən xərcin dəyəri hazırkı bazar qiymətləri ilə 925 manat həddindədir. İddiaçı isə iddia tələbində cavabdehdən çəkdiyi xərclərə görə 755 manat pul tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim etmədiyindən tələb 755 manat hissədə təmin edilməlidir. Belə ki, torpağın qiyməti 9290 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilməmişdir. Belə olan halda torpağa edilmiş yaxşılaşdırmalar mütəxəssis tərəfindən müəyyən edilərkən hesablama metodikası ilə onun ümumi dəyərini artırmadığı üçün yaxşılaşdırmaları götürə bilməyən sahib yaxşılaşdırmaya çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilər. ... iddia tələbinin cavabdehdən mənəvi zərərə görə 1000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin hərəkətləri nəticəsində güclü sarsıntılar keçirdiyini, əsəb gərginliyinə düçar olduğunu, Cavabdeh torpaq sahəsini uzun müddətdən sonra ondan geri tələb etməsini eşitdikdə çox böyük əsəb gərginliyi keçirdiyini,eyni zamanda onu aldatmaq niyyəti onu bərk sarsıtdığını,hətta evdə olmamağından istifadə edərək gəlib ailə üzvləri ilə mübahisə edərək kobud rəftar etməsi onu böyük sarsıntıya uğratdığını və bununla da ona ona 1000 manat məbləğində mənəvi zərər dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən mənəvi zərərə görə 1000 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair hissəsi də rədd edilməlidir. ...qarşılıqlı iddia tələbi DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində **********45 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışa əsasən Cavabdeh ümumi birgə mülkiyyət hüquqi ilə məxsus olan İsmayıllı rayonu, Qazmalar kəndində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılaraq, xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışla birlikdə Cavabdeh qaytarılması hissəsində təmin edilməlidir. ...Cavabdeh qarşılıqlı iddia tələbində ona məxsus torpağın yerləşdiyi ərazidə taxılın orta məhsuldarlığı hər il üçün hektara 28-33 sentner olduğunu, dövlətin subsidiyası nəzərə alınmaqla 5 sentneri də əlavə xərclərə hesab etsək hər hektardan təmiz 25 sentner məhsul qaldığını, hər il 50 sentner taxıl məhsulundan məhrum olduğunu, bu isə 2500 manat pul demək olduğunu, altı ildə isə bu məbləğin 15000 manat təşkil etdiyini qeyd etsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İlkin iddia üzrə iddiaçının sözügedən torpaq sahəsinə sahibliyi vicdanlı olmuşdur.

17. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 135.10, 139.1, 139.3, 139-1.1, 139-1.1.3, 139-1.1.4, 146.2, 152.1, 157.7, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 337.5, 359.1, 362.1, 389.1, 1091.1, 1091.2 ə 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.

18. İş üzrə qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh apellyasiya şikayətini belə əsalandırmışdrı ki, qəbul olunmuş məhkəmə qətnaməsinin qət edilmiş yəni cavabdehdən 6842.55 manat alınaraq İddiaçı verilməsi hissəsi ilə bağlı məhkəmənin gəldiyi nəticəsi ilə razılaşmır. Belə ki, iş üzrə gəldiyi nəticə nə məntiqə, nə hüquqa, nə də əkinçilik sahəsində mövcud olan işgüzar adətlərə uyğun gəlir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədən qətnamə qəbul olunmuşdur. İddiaçı iddia ərizəsində ondan (cavabdehdən) torpağa görə 6000 manat pul tələb edir. Bu rəqəm şişirdilmiş rəqəmdir və onun iddiası tam əsassızdır. Ehtiyacı olduğundan həmin torpağı satmaq istəmişdir. İddiaçı sözügedən torpaq sahəsini almaq istədiyini ona bildirmişdir. Onlar torpaq sahəsinin umumi dəyəri 1600 manata danışmışlar. Həmin vaxt İddiaçı ona 500 manat beh vermiş, qalan hissəsini isə yaxın vaxtlarda sənədləşdirmə işləri apararkən ödəyəcəyini bildirsə də, həmin gündən bu günə kimi qeyd edilən alqı-satqı məsələni uzatmış ödəməli olan pulu odəməkdən müxtəlif bəhanələr yayınmışdır. Torpağa aid sənədlərini özündə saxlayaraq həmin vaxtdan indiyə kimi onun ümumi birgə mülkiyyətində olan torpaqdan istifadə edib və müxtəlif məbləğdə gəlir əldə etməklə ona xeyli məbləğdə ziyan vurmuşdur. Qeyd etmək istəyir ki, torpaq sahəsinin onun və ya digər mülkiyyətçilər tərəfindən kiməsə satılması və yaxud hansısa formada özgəninkiləşdirilməsi barədə iş materiallarında heç bir müqavilə mövcud deyildir. Subut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda həmin torpaq sahəsini ondan satın aldığını təsdiq edən heç bir subut məhkəməyə təqdim edə bilməmişdir. Hesab edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi iddialar əsassızdır şər və böhtandır. Ondan 6842.55 manat pulun alınaraq İddiaçı verilməsini qanuni və ədalətli hesab etmir. Bildirmək istəyir ki, İddiaçı verdiyi pul elə həmin vaxta olan iki illik icarənin puludur. Həmin vaxtlar torpağın bir hektarını 100 manata icarəyə verirdilər. İddiaçı verdiyi pul iki illik icarə pulu olsun. Qalan altı il üçün ona və ailə üzvlərinə dəymiş ziyanın ödənilməsini ondan tələb edir və buna görə o, İddiaçı qarşı məhkəmədə 15000 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə iddia qaldırmışdır. Belə ki, ona məxsus torpağın yerləşdiyi ərazidə taxılın orta məhsuldarlığı hər il üçün hektara 28-33 sentner olmuşdur. Dövlətin subsidiyası nəzərə alınmaqla 5 sentneri də əlavə xərclərə hesab olunsa hər hektardan təmiz 25 sentner məhsul qalır ki, bu da onun hər il itirdiyi faydadır. Bu isə o deməkdir ki, o hər il 50 sentner taxıl məhsulundan məhrum olmuşdur. Bu isə 2500 manat pul deməkdir. 6 ildə isə bu məbləğ 15000 manat deməkdir. Ona görə də İddiaçı ona qarşı ilk iddianın rədd olunmasını, onun İddiaçı qarşı qarşılıqlı iddia tələbinin təmin edilməsini və ona dəymiş 15000 manat maddi zərərin ona ödənilməsi, torpaq sahəsinin boşaldılması və onun istifadəsinə qaytarılması, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və ödədiyi 135 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, təəssüflər olsun ki, birinci instansiya məhkəməsi İddiaçı fikirlərini subut kimi qəbul etmiş və işin faktiki hallarını düzgün araşdırmadan mövcud mübahisəni, araşdırmaq iş üçün əhəmiyyətli olan yalanların sübut edilmədən yalnış qətnamə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələblərinə düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməyərək düzgün olmadığı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(037)-118/2023 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsi, yəni cavabdehdən umumilikdə 6842.55 manat məbləği alınaraq İddiaçı ödənilməsi hissəsinin ləğv edilməsini, iş üzrə cavabdehin qarşılıqlı iddia tələbinin təmin edilərək İddiaçı cəmi 15135 manat alınaraq cavabdehə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

21. Məhkəmə kollegiyаsının iclаsındа iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək verilmiş şikayətin təmin edilməsini xahiş etdi.

22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətlərinin məzmunları MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

26. İş üzrə cavabdeh tərəf birinci instasniya məhkəməsinin qətnaməsini qismən-ilk idddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi hissələrində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir

28. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

29. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

32. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

40. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

44. Maddə 385.1.1. Mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(037)-118/2023 saylı qətnaməsi qismən, ilk iddia tələbinin təmin edilən “cavabdehdən çəkdiyi xərclərə görə 755 manat məbləğinin alınmasına dair” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul olunaraq iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 46.. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

48. Belə ki, işdə olan sənədlərdən və tərəflərin izahatlarından işin halları kimi müəyyən olunur ki, DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçılə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən sonuncu ümumi birgə mülkiyyətində olan torpaq sahəsini 2016-cı ildə 1800 manat müqabilində İddiaçı satmış, cavabdeh həmin torpaq sahəsinə dair dövlət aktını ona təhvil vermiş və həmin torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. Ötən müddət ərzində iddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri mütəxəssis rəyinə əsasən 9290 manat həddində, həmin torpaq sahəsinin əkinə yaralı hala gətirilməsi üçün isə çəkilən xərc 925 müəyyən edilmişdir. Lakin, iddiaçı mübahisəli torpaq sahəsinin alınmasına 6000 manat və həmin torpaq sahəsini əkinə yararlı hala gətirmək üçün ümumilikdə 755 manat xərc çəkdiyini qeyd etmişdir.

49. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranmasının əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır.

50. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan mübahisəli torpaq sahəsinin satışından pul aldığı üçün iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbini həmin hissədə təmin edərək torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olmaqla 6000 manat müəyyən edilməsini ağlabatan və qanuni hesab etmişdir.

51. Cavabdeh Oruc Atamaliyev İddiaçı 500 manat aldığını, iddiaçının yerdə qaln pulu ona ödəmədiyini bildirsə də, bununla bağlı işə baxan məhkəmələrə hər hansı sübut (o cümlədən, yazılı formaya riayət olunmaqla beh müqaviləsi) təqdim edə bilməmişdir. Belə ki, Mülki Məcəllənin 491.2-ci maddəsinin tələblərinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.

52. Məhkəmə kollegiyası işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın təmin edilən- Cavabdeh 6000 manat pul və dövlət rüsumu olan 87.55 manat məbləğin alınaraq İddiaçı verilməsi hissələrində düzgün nəticəyə gəlsə də, ilk iddia tələbinin “cavabdehdən torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi xərclərə görə 755 manat məbləğinin alınmasına dair” hissəsini təmin etməkdə səhvə yol vermişdir.

53. Hazırkı işin düzgün həlli ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

54. Torpaq sahəsinin dəyərinin 1800 manatdan manatdan hazırki 6000 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Yəni torpağın qiyməti 6000 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilmişdir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar (hazrkı halda iddiaçı tərəfindən torpağın yararlı hala gətirilməsi) onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz.

55. Bu baxımdan torpaq sahəsini daşdan təmizləyərək və peyin verərək onu tam yararlı hala gətirilməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir.

56. Bundan başqa cavabdeh apellyasiya şikayətində qarşılıqlı iddia tələbinin təmin edilməyən 15000 manat maddi zərər məbləğinin ödənilməsinə dair hissəsini mübahisələndirmişdir.

57. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin “15000 manat maddi zərər məbləğinin cavabdehə ödənilməsinə dair” dəlillərini əsassız sayır.

58. Belə ki, birinci instansiya tərəfindən həmin hissə ilə bağlı düzgün olaraq qeyd edilmişdir ki, Cavabdeh qarşılıqlı iddia tələbində ona məxsus torpağın yerləşdiyi ərazidə taxılın orta məhsuldarlığı hər il üçün hektara 28-33 sentner olduğunu, dövlətin subsidiyası nəzərə alınmaqla 5 sentneri də əlavə xərclərə hesab etsək hər hektardan təmiz 25 sentner məhsul qaldığını, hər il 50 sentner taxıl məhsulundan məhrum olduğunu, bu isə 2500 manat pul demək olduğunu, altı ildə isə bu məbləğin 15000 manat təşkil etdiyini qeyd etsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də qarşılıqlı iddia tələbinin 15000 manat maddi zərərin ödənilməsinə dair hissəsi təmin edilməməlidir.

59. Eyni zamanda məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə iddiaçının sözügedən torpaq sahəsinə sahibliyi vicdanlı olmuşdur (§ 28).

60. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin edilməyən hissəsi ilə bağlı dəlilləri formal mülahizələrdən ibarət olmiuşdur.

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

62. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

63. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

64. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(037)-118/2023 saylı qətnaməsi qismən, ilk iddia tələbinin təmin edilən “cavabdehdən çəkdiyi xərclərə görə 755 manat məbləğinin alınmasına dair” hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

65. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(037)-118/2023 saylı qətnaməsi qismən, ilk iddia tələbinin təmin edilən “cavabdehdən çəkdiyi xərclərə görə 755 manat məbləğinin alınmasına dair” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar