Məhkəmə qərarları › İş №2(107)-615/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-615/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-615/2023 18.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X16 qızının katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili, həmçinin Cavabdeh2 Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(039)-132/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yüz min manat məbləğinin və ödənilən 333 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, klassik dələduzluq cinayətin istintaq yolu ilə araşdırılması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 23 yanvar 1997-ci il tarixində “Zaur” firmasını qeydiyyatdan keçirərək Yevlax şəhəri, Bakı-Qazax yolunun 273 kilometrliyində stasionar tipli yanacaq doldurma stansiyasını tikmişdir. Hazırki cavabdehlərdən biri Cavabdeh1 onun övladı olduğundan 2019-cu il tarixində Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən bu obyekti onun adına sənədləşdirmişdir. Bu barədə 170 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmiş, hüquq subyektində hazırki cavabdehin adı qeyd edilmişdir. O, Zaurun atası olmaqla bərabər qeyd olunan əmlakın həm qanuni təmsilçisi həmin əmlakı hazırki səviyyəyə çatdıran, tikən və idarə edən bir şəxs olmuşdur. Bu əmlaka bütün imkanlarını sərf etmişdir. Bütün vergi orqanlarında və banklarda onun adı və imzası ilə sənədləşdirilmə aparılıb. Mülkiyyət oğlu Cavabdeh1 adında ötəri olaraq gedib. Oğluna inanmış və etibar etmişdir. Onların yeddi nəfərdən ibarət olan əmlak və çek payları özəlləşdirməyə cəlb olunaraq hazırki yanacaq doldurma məntəqəsi oğlunun adına sənədləşdirilmişdir. Oğlu, hazırki cavabdeh 1996-cı ildən 2022-ci ilədək məntəqənin fəaliyyətindən heç bir xəbəri olmamışdır. O pis vərdişlərə qurşandığından azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə cəza çəkmişdir. O, 2005-ci ildə X6 ilə arzuolunmaz ailə həyatı qurmuşdur. Bütün bu müddət ərzində yanacaq doldurma stansiyasını fasiləli qaydada da olsa o işlətmişdir. 2022-ci ilin iyun ayında onlara məlum olmuşdur ki, Zaurun həyat yoldaşı Məhsəti, onun əmisi Qazıyev Elçin və Elçinin bacısının həyat yoldaşı Qasımov İlqar birgə cinayətkar qrup halında birləşərək dələduzluq yolu ilə guya “Zaur” firmasının sənədinin itməsini yalandan bəhanə etməklə polis şöbəsinə müraciət etmiş və rayon qəzetində elan dərc etdirməklə Əmlak məsələləri üzrə Dövlət Komitəsindən YDM-nin sənədinin elektron variantı üzrə surətini əldə etmişlər. Bütün bunlar Zaurun arvadı Məhsəti tərəfindən aparılmış, bundan sonra oğlu illər boyu əldə etdikləri yanacaq doldurma məntəqəsini arvadı Məhsəti Qazıyevin adına notarial qaydada rəsmiləşdirmişdir. Bundan sonra onun və ailəsinin vəsaiti ilə qurulmuş, tikilmiş əmlakı X7 Təhməzovla birlikdə iki yüz on min manata Bakı şəhərində yaşayan Elman adlı şəxsə satılmışdır. Bu əmlakın bütün sənədləri möhür və ştampı nizamnaməsi hər birinin əsli ondadır. Bu obyekti oğlu Cavabdeh1 adına özəlləşdirən zaman onun cəmi 19 yaşı vardı. Cəmi öz adına olan bir ədəd özəlləşdirmə çekini bu əmlakın üzərinə qoymuşdur. Onlar isə yeddi nəfər ailə üzvləri əmək haqqlarını, əldə etdikləri vəsaitləri bütün gəlir və qazancları çek payları daxil etməklə əmlakı özəlləşdirmiş və işlək vəziyyətinə gətirmişlər. Oğlu ona olan etibardan istifadə edərək arvadı Məhsəti Qazıyeva ilə birlikdə birləşərək faktiki olaraq onlara məxsus olan arayışı tamlığı ilə sataraq, bu işləri gizli edərək, əsassız varlanaraq, onların bu əmlak üzərində olan hüquqlarını pozaraq, əmlakı dəyərindən ucuz sataraq əsassız varlanma əldə etmişdir. O bunlarla razılaşmışdır ki, artıq etdiklərini ediblər. Həmin əmlakın satılmış dəyərinin yarısını onlara qaytarsın. Digəri isə onun halal xoşu olmasın. Digəri isə ona verilsin. O ümumi ailənin əmlakını tarmar edərək satmış, oğlu Cavabdeh1 və Məhsəti Qazıyevadan satılmış əmlakın yarısının yüz min manat məbləğinin ona və digər ailə üzvlərinə qaytarılmasını istəyir. Şəxs bu mülkiyyət üzərində əsassız olaraq varlanıb. Onun oğlu bütün ömrü boyu pis vərdişlərə düçar olmuş bir şəxs olub. Onun arvadının Məhsəti Qazıyevanın və onun ailə üzvlərinin birlikdə planı nəticəsində onun əmlakı bu şəkildə ələ keçirilib. O bu barədə Prokurorluğa müraciət etmişdir. Hazırki iddianın əsası pul tələbidir. Cavabdehlərdən ümumi ailənin faktiki əmlakı olan yanacaq doldurma məntəqəsini sataraq, iki yüz on min manat əldə edərək ailənin sarsıdaraq əsassız varlanmış bu şəxslərdən yüz min manat pulunu tələb edir. Bütün bunlar onların ailəsinin haqqıdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında bildirmişdir ki, obyektin alınmasında ona maddi cəhətdən bibisi oğlu köməklik etmişdir. Atasının obyekti işlətməsinə icazə vermiş və sənədləri də ona vermişdir. Alqı-satqı üçün sənədləri atasından istəyərkən atası qaytarmamış və məcbur olub qanuni şəkildə əldə etmişdir. Həmin obyekti həyat yoldaşı Məhsətiyə bağışlamışdır. Məhsəti obyekti 210000 manata notarial qaydada satmışdır. Həmin pulu həyat yoldaşı Məhsətinin müalicəsi üçün xərclənişdir. Həmçinin Bakı şəhərində ev almışdır. Həmin puldan halallıq üçün atası İddiaçı 30000 manat təklif etmişdir. Atası da həmin pulu qəbul etməkdən imtina etmişdir. Hazırda İddiaçı vermək üçün pulu yoxdur. Mülkiyyətçi olaraq qanun əsasında mülkiyyətində olan obyekti satmışdır. Atasının qarşısında hər hansı öhdəliyi yoxdur.

6. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında bildirmişdir ki, həmin obyekt Cavabdeh1 məxsus olmuşdur. Cavabdeh1 həmin obyekti Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 mülkiyyətçi kimi özünə məxsus mülkiyyətdən istifadə etmək hüququ vardır. Mülkiyyətindən istifadə edərək, özünə məxsus obyekti satmışdır.

7. Yevlax Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(039)-132/2023 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

8. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən yanacaqdoldurma məntəqəsi ********** qeydiyyat nömrəli 04 sentyabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Cavabdeh1 məxsus olmuşdur. Yanacaq doldurma məntəqəsi “Zaur” firması vergi uçotuna alınmışdır. Həmin yanacaq doldurma məntəqəsini Cavabdeh1 bağışlama müqaviləsi əsasında həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 04 avqust 2022-ci il tarixdə həmin yanacaq doldurma məntəqəsini X1. İddiaçı həmin yanacaq doldurma məntəqəsinin onun və ailə üzvlərinin vəsaiti hesabına əldə olunmasını bildirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yüz min manat məbləğinin və ödənilən 333 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlərin əməlində cinayət əlamətləri olduğundan xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 sözügedən əmlakın mülkiyyətçisi olmuşdur. Dövlət qeydiyyatından keçməklə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Mülkiyyətçi olaraq həmin əmlakı bağışlamaq hüququ olmuşdur. Həmçinin Cavabdeh2 ona əmlak bağışlanandan sonra mülkiyyətçi olaraq həmin əmlakı satmaq hüququ olmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin əmlakın ona və digər şəxslərə (ailə üzvlərinə) məxsus olmasını bildirsə də buna dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur. Hal-hazırda həmin çıxarış və alqı-satqı müqaviləsi qüvvədədir və mübahisələndirilməyib.

11. Məhkəmə xüsusi qərardadın çıxarılması ilə bağlı qeyd etmişdir ki, cavabdeh özünə məxsus əmlakın satmışdır. Xüsusi qərarın çıxarılması üçün əsas yoxdur.

12. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 1091.1, 1092.1, 1093.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124.1,217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, şəxs ona olan etibardan sui-istifadə edərək aldığı, qurduğu, tikdiyi, bütün əməyini sərf etdiyi, qazanc və vəsaitini qoyduğu yanacaq doldurma məntəqəni satmış və əsassız varlanma əldə etmişdir. O bütün bunları nəzərə alaraq obyektinin dəyərinin ucuz qiymətə satılmış hissəsinin yarısını ondan istəyir. O onların əməyi hesabına əsassız olaraq varlanıb.

16. Məhkəmə tərəfindən Prossesual hüquq normaları pozulmuşdur. Onların bir vəsatəti belə təmin edilməmişdir. Məhkəmə ona qarşı tam qərəzli olmuş, sübutlara və onun mövqeyinə önəm verməmiş, əsassız varlanma əldə edən cavabdehlərin mövqeyilərini təmin etməklə onun prossesual hüquq normalarını pozmuşdur.

17. Məhkəmə bu qətnaməni qəbul edərək, əsassız qənaətə gəlmiş, işin faktiki hallarını tam və hərtərfli qaydada araşdırmamışdır. Məhkəmə qətnaməsində onun haqlı tələbinə yer verilməmiş cavabdehlərin qanunsuz hərəkətləri müdafiə edilmişdir. Məhkəmə prosesi başlayan andan sonadək iddianın rədd edilməsi aydın şəkildə hiss olunurdu və bu belə də oldu. Məhkəmə onun 26 il müddətində obyekti idarə etməklə dövlət vergilərini, sosial müdafiə fonduna ödənişlərini, vaxtında ödəməsini və digər arqumentlərini nəzərə almamışdır. Onun cavabdehlərin ona qarşı törəkdikləri cinayət əməlləri barədə xüsusi qərardad çıxarılma barədə xahişini nəzərə alınmamışdır. Əvvəllər məhkum edilmiş və hazırda da barəsində məhkəmədə cinayət işi olmaqla həbsdə olan, ömrü boyu ictimai faydalı əməklə məşğul olmayan Cavabdeh1 şəxsiyyəti və həyat tərzi məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Cavabdehlərin özlərini çox rahat hiss etmələri, məhkəmə prossesinə, iddiaya olduqca laqeyd münasibətləri və arxayınçılıqları hər prosesdə açıq görünürdü. Cavabdehlər Cavabdeh1 və Təhməzova (Qazıyeva) Məhsəti Nizami qızından ailələrinə məxsus olan və 26 il müddətində onun tikdirib qurduğu istifadəsində olmaqla rəsmi idarə etdiyi obyekti saxta yolla əldə olunan sənədlə 210.000 manata satılaraq mənimsənilib.

18. Bildirir ki, onların ailəsinin ümumi mülkiyyətində olan Yevlax rayon Aşağı Qarxun kəndi ərazisində Bakı-Qazax avtomabil yolunun 273-cü kilometrliyində yerləşən yanacaqdoldurma məntəqəsini X14, onun həyat yoldaşı X8, X10, X6 ilə birgə qrup halında birləşərək ailələrinə məxsus olan yanacaqdoldurma məntəqəsini saxta yollarla ələ keçirməyə nail olmuş vəsatmışlar. Belə ki, bu şəxslər X3 əvvəlcədən hazırlayaraq onun həyat yoldaşı olan onun oğlu Cavabdeh1 (Cavabdeh1 obyektin təsisçisidir və obyekt onun adına ailələrinin ümumi vəsaiti hesabına Dövlət Əmlak Komitəsindən 1996cı ildə özəlləşdirilmişdir.) onun narkotik maddə istifadəçisi olmasından ustalıqla istifadə edərək saxta yollarla, yəni guya obyektin sənədi itib deyə rayon qəzetində alan elan dərc etdirib və Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək əsassız yolla arayış alaraq bunun sasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yevlax rayon Şöbəsindən obyektin özəlləşdirmə sənədinin onlayn surətini əldə etmişlər. Hansı ki, nə rayon Polis Şöbəsi, nə də Əmlak Komitəsinin rayon Şöbəsi həmin obyektin onun tərəfindən direktor olmaqla rəsmi idarə olunmasını bildikləri halda, sənədin doğrudan da itib-itməməsini araşdırmadan sənədin onlayn surətinin saxta arayışla əldə olunmasına bilərəkdən şərait yaratmışlar.

19. Bundan sonra cavabdeh Məhsəti Qazıyeva əvvəlcədən qurulmuş plana əsasən narkotik maddələr istifadəçisi olan və maddi cəhətdən Məhsətidən asılı olan həyat yoldaşı Cavabdeh1 gündə 5-10 manat verməklə onu ələ almış və nə qədər müəmmalı olsa da obyekti Yevlax rayon notariat kontoru vasitəsi ilə bağışlama yolu ilə Cavabdeh1 adından Qazıyeva Məhsətinin adına rəsmiləşdirmişlər. Obyekt Cavabdeh1 tərəfindən Məhsəti Qazıyevaya ona görə bağışlanıb və sonra satılıb ki, Zaurun valideyni kimi obyektin satışından ona, onlara pay düşməsin.

20. Cavabdehlərin həmişə özlərini çox rahat hiss etmələri məhkəmə çağırışlarına etinasız yanaşmaları, onların məhkəmədə iştiraklarının təmin edilməsi üçün heç bir təşəbbüs göstərilmədiyini və nəhayət onların bu qədər laqeydlikləri qarşlığında və özlərinin eləcə də, səlahiyyətli nümayəndələrinin iştirakları olmadan onların xeyrinə qətnamə qəbul edilməsi əcaba nədən xəbər verir? Yəqin ki, cavab hər bir dərrakəli şəxs üçün birmənalıdır. Onu da qeyd edir ki, onun həmin yanacaqdoldurma məntəqəsini onun adına 7 nəfərdən ibarət ailə üzvlərinin əmlak çek paylarını (vauçerləri) təsisçi təyin etməklə özəlləşdirdiyi 1976-cı il təvəllüdlü Cavabdeh1 olduqca fərsiz, sonralar narkotik maddələr aludəçisi, nəhayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş və cəzasını çəkmiş oğluna ailəsinə qarşı nankorluq etmiş, onlar ailəsinin etibarından sui-istifadə etmişdir. O, ömrü boyu ictimai faydalı əməklə məşğul olmamış, obyekt özəlləşdirilərkən onun 19 yaşı olmuş, xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətdə belə olmamışdır. Onun obyekt özəlləşdirib onu idarə etmək üçün nə maddi vəsaiti nə də qabilliyəti olmamışdır. Obyekt Cavabdeh1 tərəfindən Məhsəti Qazıyevaya ona görə bağışlanıb və sonra satılıb ki, Zaurun valideyni kimi obyektin satışından ona pay düşməsin. Qazıyeva Məhsətiyə necə bağışlanıb ki, bundan obyekt direktoru kimi obyektin əsl sahibi olan o İddiaçı bundan xəbəri olmamış və obyekt faktiki olaraq 2022-ci ilin 31 iyul tarixinə kimi fəaliyyət göstərərək bütün vergiləri və digər ödənişləri yerinə yetirmişdir.

21. Obyektin ələ keçirilməsinə bilavasitə səbəb olan Yevlax rayon Polis Şöbəsində fakt araşdırılmadan həmin Şöbədə istintaq bölməsinin müstəntiqi işləmiş X11 tərəfindən saxta arayış verilməsi xüsusatına əhəmiyyət verilməmişdir. Orxan Qasımov bu işləri tamamlayıb başa çatdıran X9 oğludur. Bu sənəd əldə olunduqdan sonra yuxarıda adları qeyd olunan Qasımov İlqar, Qazıyeva Yeganə, Qazıyev Elçin, Qazıyeva Məhsəti fəaliyyətə keçərək Bakı şəhərində yaşayan Elman adlı şəxsi taparaq onunla sövdələşərək obyekti 210.000 manata satıb əldə olunan pul vəsaitini öz aralarında bölüşdürmüşlər, və ya başqa səmtə yönəltmişlər. O bu sövdələşmə baş tutmamışdan əvvəkl Elman adlı şəxsi xəbərdar etmişdi ki, bu sövdələşməyə getməsin, ona görə ki, obyekt Qazıyevlərə və Qasımovlara aid deyil və onlar bu sənədin surətini cinayət yolu ilə əldə etmişlər.

22. Qeyd olunan mülki işin Yevlax rayon Məhkəməsində 6 dəfə baxışı təyin edilmiş və hər dəfə cavabdehlər X6 və Cavabdeh1 məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə baxışı başqa vaxta təyin olunmuşdur. Nəhayət xx.xx.2023-cü il tarixdə mülki işə baxılarkən nə cavabdehlər, nə də onların səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Onun və vəkilinin iştirakı ilə məhkəmə iclası ani olaraq başladı və onların təkzib olunmaz arqumentlərinə məhəl qoyulmadan həqiqətin üzərinə qara pərdə çəkilərək əsaslı iddiaları, əsassız olaraq rədd edilmişdir. Cavabdeh X6 hər dəfə məhkəməyə gəlməməsini onunla əsaslandırmışdır ki, guya o, ağır onkoloji xəstədir. Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/81-132 saylı məktubunda bildirilir ki, Qazıyeva (Təhməzova) Məhsəti Nizami qızı Milli Onkolagiya Mərkəzində qeydiyyatda yoxdur.

23. 1996-ci ildə özəlləşdirilmiş yanacaqdoldurma məntəqəsini o, idarə etmişdir. Yanacağın alınması və bank vasitəsi və dəyərinin ödənilməsi, vergilərin ödənilməsi, Sosial Müdafiə Fonduna, Sosial Suğorta Fonduna, İşsizlik fonduna ödənişlərin yerinə yetirilməsi, enerji haqqının və digər ödənişlərin ödənilməsi onun tərəfindən həyata keçirilmişdir. O obyekt üzərində əsaslı tikinti aparmaqla bu obyekti o qurmuş və ailə üzvünün əməyini sərf etmişdir. Yevlax Rayon Məhkəməsi real faktları bir kənara qoyaraq, dövlət orqanlarını aldatmaq yolu ilə saxta sənəd əldə etməklə obyekti cinayət yolu ilə keçirilərək satılıb mənimsənildiyi nəzərə almayaraq, onu əsas kimi qəbuledir ki, obyekt 1996-cı ildə Cavabdeh1 adına özəlləşdirildiyi üçün, ailənin bütün digər üzvlərinin mülki və əmlak və əmək hüquqlarının pozulmasını nəzərə almayaraq Qazıyeva Məhsəti və Cavabdeh1 xeyrinə qətnamə qəbul etmişdir. Beləliklə məhkəmə onların bütün ömrü boyu zəhmətlə əldə etdikləri 7 nəfərdən ibarət ailə üzvlərinə məxsus bu əmlaklarından əsassız varlanmanı nəzərə almamışdır.

24. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 2(039)-132/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətini əsassız hesab etdiyini göstərmiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

28. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Gəncə şəhər 2 saylı İstintaq Təcridxanaslında saxlanılan Cavabdeh1 məhkəmə iclasında iştirak etməsi ilə bağlı ona göndərilən bildirişə hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

31. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(039)-132/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(039)-132/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur .

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən yanacaqdoldurma məntəqəsi ********** qeydiyyat nömrəli 04 sentyabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Cavabdeh1 məxsus olmuşdur. Həmin yanacaq doldurma məntəqəsini Cavabdeh1 bağışlama müqaviləsi əsasında arvadı Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 04 avqust 2022-ci il tarixdə həmin yanacaq doldurma məntəqəsini X1. İddiaçı həmin yanacaq doldurma məntəqəsinin onun və ailə üzvlərinin vəsaiti hesabına əldə olunmasını bildirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yanacaqdoldurma məntəqəsinin satışından əldə edilmiş vəsaitdən yüz min manatın və ödənilən 333 manat dövlət rüsumunun tutulub ona verilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməzlər.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin aldığı, bütün əməyini sərf etdiyi, qazanc və vəsaitini qoyduğu yanacaq doldurma məntəqəsini satması, onların əməyi hesabına əsassız olaraq varlanmasına, cavabdehlər Cavabdeh1 və Təhməzova (Qazıyeva) Məhsəti Nizami qızı tərəfindən ailələrinə məxsus olan və 26 il müddətində onun tikdirib qurduğu istifadəsində olmaqla rəsmi idarə etdiyi obyektin saxta yolla əldə olunan sənədlə 210.000 manata satılaraq mənimsənilməsinə, obyektin Qazıyeva Məhsətiyə necə bağışlanmasından obyekt direktoru kimi obyektin əsl sahibi olan İddiaçı xəbərinin olmamasına, onun obyekt üzərində əsaslı tikinti aparmaqla obyekti özünün qurması, ailə üzvünün əməyini sərf etməsi, məhkəmənin onların bütün ömrü boyu zəhmətlə əldə etdikləri 7 nəfərdən ibarət ailə üzvlərinə məxsus bu əmlaklarından əsassız varlanmanı, ailənin bütün digər üzvlərinin mülki və əmlak və əmək hüquqlarının pozulmasını nəzərə almamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli 04 sentyabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən qeyri-yaşayış binası Cavabdeh1 məxsusdur.

39. Mülki iş materiallarından da göründüyü kimi, Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən yanacaqdoldurma məntəqəsi digər şəxsə deyil, ********** qeydiyyat nömrəli 04 sentyabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Cavabdeh1 məxsus olmuşdur. Həmin yanacaq doldurma məntəqəsini Cavabdeh1 bağışlama müqaviləsi əsasında həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 04 avqust 2022-ci il tarixdə həmin yanacaq doldurma məntəqəsini X1.

40. İddiaçı tərəf isə sözügedən yanacaq doldurma məntəqəsinin onun mülkiyyətində olmasını, digər bir şəxsin mülkiyyətində olmasına baxmayaraq onun da həmin əmlakda pay hüququnun olmasını təsdiq edən müvafiq hüquq müəyyənedici sənədi, yaxud əmlaka hüquqlarının yarandığını təsdiq edən müqaviləni (alqı-satqı, bağışlama, istifadə, icarə, sosial kirayə və s) təqdim etməmiş, bunun əksi olaraq iddia ərizəsində həmin əmlakın hələ 19 yaşında Cavabdeh1 adına özəlləşdirildiyini göstərmiş, beləliklə cavabdehlərin iddiaçının hesabına əsassız varlanmaları halı müəyyən edilməmişdir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin onun 26 il müddətində obyekti idarə etməklə dövlət vergilərini, sosial müdafiə fonduna ödənişlərini, vaxtında ödəməsini nəzərə almaması, 1996-ci ildə özəlləşdirilmiş yanacaqdoldurma məntəqəsini onun idarə etməsi, yanacağın alınması və bank vasitəsi və dəyərinin ödənilməsi, vergilərin ödənilməsi, Sosial Müdafiə Fonduna, Sosial Suğorta Fonduna, İşsizlik fonduna ödənişlərin yerinə yetirilməsi, enerji haqqının və digər ödənişlərin ödənilməsinin onun tərəfindən həyata keçirilməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, əmlakın digər bir şəxs tərəfindən idarə edilməsi, əmlakı idarə edən şəxs tərəfindən onun fəaliyyət istiqaməti üzrə, həmçinin vergi və digər ödənişlərin aparılması mülkiyyətçi tərəfindən əmlakın özgəninkiləşdirilməsini istisna edən hallar deyildirlər.

42. Apellyasiya şikayətinin məhkəmənin real faktları kənara qoyaraq, dövlət orqanlarını aldatmaq yolu ilə saxta sənəd əldə etməklə obyektin cinayət yolu ilə ələ keçirilərək satılıb mənimsənilməsi, cavabdehlərin ona qarşı törəkdikləri cinayət əməlləri barədə xüsusi qərardad çıxarılma barədə xahişinin nəzərə alınmaması, əvvəllər məhkum edilmiş, hazırda da barəsində məhkəmədə cinayət işi olmaqla həbsdə olan, ictimai faydalı əməklə məşğul olmayan Cavabdeh1 şəxsiyyəti və həyat tərzinin məhkəmə tərəfindən qiymətləndirilməməsi, ailələrinə məxsus olan yanacaqdoldurma məntəqəsini saxta yollarla ələ keçirməyə nail olmaları, sənədin onlayn surətinin saxta arayışla əldə olunmasına bilərəkdən şərait yaradılmasına dair dəlillərini də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verir. İş materiallarından proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri olması halları müəyyən edilməməklə yanaşı, iddiaçı tərəfindən buna dair cinayət işinin başlanılması, saxtakarlıq hallarına yol verilməsinə görə kimlərinsə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair hər hansı bir sənəd təqdim edilməmişdir. Həmçinin pul tələbinə dair mübahisə üzrə mübahisə tərəfinin şəxsiyyəti iddia tələbinin təmin yaxud rədd edilməsinə təsir göstərən hal kimi çıxış edə bilməz.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən prossesual hüquq normalarının pozulması, onların bir vəsatətinin belə təmin edilməməsi, məhkəmənin ona qarşı tam qərəzli olması, sübutlara və onun mövqeyinə önəm verməməsi, məhkəmənin işin faktiki hallarını tam və hərtərfli qaydada araşdırmaması, cavabdehlərin məhkəmə çağırışlarına etinasız yanaşmaları, onların məhkəmədə iştiraklarının təmin edilməsi üçün heç bir təşəbbüsün göstərilməməsinə dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, iş materialından iddiaçı tərəfin birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı məhkəməyə hər hansı bir şifahi vəsatətlə müraciət etməməsi, cəmi 2 yazılı vəsatətlə müraciət etməsi, 08 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə (vəsatətdə) şəxslərin əməllərindəki dələduzluq cinayətinin mövcudluğu məsələsinə baxılması, 19 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədə (vəsatətdə) klassik dələduzluq cinayətinin istintaq yolu ilə araşdırılması üçün xüsusi qərardad çıxarılması məsələsinə baxılmasının xahiş edilməsi, işə baxan birinci instansiya məhkəməsi tərəfindən isə qəbul etdiyi qətnamədə həmin məsələyə xüsusi qərardadın çıxarılması üçün əsasın olmaması şəklində qiymət verilməklə yanaşı, cavabdehlərin məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi üçün onlara məhkəmə bildirişlərinin göndərilməsi, Cavabdeh1 məhkəmə iclasında iştirakının təmin edilməsi, digər Cavabdeh2 isə nümayəndə-vəkillə təmsil edilməsi müəyyən edilmiş, məhkəmənin mübahisə tərəfinə qarşı hər hansı bir qərəzinin olması aşkar edilməmişdir. Bir sözlə işə baxan birinci instansiya məhkəməsi tərəfindən prossesual hüquq normalarının tələbləri pozulmamışdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yanacaqdoldurma məntəqəsinin satılması nəticəsində əldə edilən pul məbləğindən yüz min manatının tutulub ona verilməsini xahiş etsə də, o, tələbinin əsaslılığına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

45. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoyur.

46. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşsə də, o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları məhkəməyə təqdim etməmişdir.

47. Belə ki, mülki qanunvericilik əmlakların əldə edilməsi, qeydə alınması və özgəninkiləşdirilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Hazırkı vəziyyətdə isə həmin yanacaqdoldurma məntəqəsinin əvvəllər Cavabdeh1 mülkiyyətində olması, sonradan həmin obyektin Cavabdeh2 bağışlanması və sonuncu tərəfindən X2 işin mübahisəsiz halıdır.

48. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(039)- 132/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(039)-132/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar