Məhkəmə qərarları › İş №2(107)-617/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-617/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-617/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Qəbələ Rayon Məhkəməsininxx xxxx 2015-ci il tarixli, 2(025)-137/2015 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(025)-137/2015 nömrəli (hakim F.Abbasov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 4000 (dörd min) manat məbləğində borc, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, cəmi 4030 (dörd min otuz) manat məbləğində pul tutulması qət edilmişdir. . Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, işə hüquqi qiymət verilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2013-cü ilin yay ayında tanış olmuşdur. Həmin vaxt cavabdeh ona övladının təhsili ilə bağlı köməklik göstərəcəyinə söz vermiş və cavabdehlə aralarında olan razılaşmaya əsasən 4000 (dörd min) manat məbləğində pulu ona vermiş və buna dair aralarında borc müqaviləsi bağlanmışdır. xx xxxxxxxx 2011-ci il tarixli, 3-M02/519 saylı reyestrlə qeydə alınmış borc müqaviləsinin 4-cü bəndindən də göründüyü kimi bu müqavilədə göstərilən məbləğ, borc pul alanın arzusu ilə xx.xx.2012-ci il tarixədək qaytanla bilər. Cavabdeh həmin məbləğin axırıncı qalığı xx.xx.2012-ci il tarixdən gec olmayaraq qaytarmalıdır. Hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və birtəfəli qaydada razılaşdıqları şərti pozmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə Bakı şəhərində 2011ci ilin 13 sentyabrında 3-M102/519 saylı borc müqaviləsi balamışlar. Qətnamədə də göstərildiyi kimi oğlunun təhsili ilə bağlı onun nümayəndəsi kimi köməklik edəcəyilə əlaqədar pulu vermişdir. Gələcəkdə anlaşılmazlıq olmasın deyə özünün təklifi ilə müqavilə bağlamışlar. Bir il müddətinə. O da öz növbəsində İddiaçı oğlunun təhsil haqqını ödəmiş, digər təhsil xərclərini və rüsumlara vermişdir. İddiaçı oğlunun diplomunu rəsmi qaydada onun yanında olmuşdur. Bütün təhsil sənədləri, qiymət kriteriyaları cədvəli, təhsil ödəmələrinin surətləri də ona verilmişdir. Məktəbin o zamankı rəhbərliyi, dekanlığı da bunu təsdiq edə bilər. Sadəcə olaraq onun səmimiyyətinə inanandığı üçün müqavilənin ləğv edilməsini tələb etməmişdir. O, isə onun xəstələnərək xaricə getməyini, qayıtdıqdan sonra isə həbs olunduğunu bilərək əlindəki borc müqaviləsindən istifadə etmişdir. Qəbələ rayon Məhkəməsi onun müqavilədə göstərmiş olduğu “oğlumun təhsilinə köməkliklə” bağlı ifadəsini əsas götürərək təhsillə bağlı heç bir sənəd istəməmiş, onun izahatlarını almamışdır. İddiaçı oğlunun təhsil sənədini-diplomunu və digər təhsil haqqına dair qəbzləri məhkəməyə təqdim etməsi buna əyani sübutdur. Odur ki, qanunun aliliyini, ədalət və humanizm prinsiplərini, əsas götürərək işə Apellyasiya instansiya məhkəməsinin mülki kollegiyasında hüquqi qiymət verilməsinə kömək edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də borc müqaviləsi əsasında iddiaçıdan 4000 manat məbləğində pul almışdır. Lakin həmin pulu borc kimi deyil, iddiaçının uşağının təhsil haqqını ödəmək məqsədilə almış, həmin təhsil haqqını da ödəmişdir. Bir müddət cəzaçəkmə müəssisəsində olduğundan, sonradan isə Bakı şəhərində yaşadığından məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Hesab edir ki, ona qarşı verilmiş iddia tələbi tam əsassızdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş və Bakı şəhəri 9 saylı Notariat kontorunda 3- M02/519 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2011-ci il tarixli borc müqaviləsindən aydın olur ki, ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və iddiaçının cavabdehə 4000 (dörd min) manat məbləğində borc pul verməsini ehtiva etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və Bakı şəhəri 9 saylı Notariat kontorunda 3-M02/519 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2011-ci il tarixli borc müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, iddiaçı ilə bağladığı Bakı şəhəri 9 saylı Notariat kontorunda 3-M02/519 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2011-ci il tarixli borc müqaviləsindən aydın olur ki, ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və iddiaçının cavabdehə 4000 (dörd min) manat məbləğində borc pul verməsini öhdəlik götürsə də, iddiaçıdan borc pul vəsaiti aldığı halda cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, xx.xx.2012-ci il tarixədək qaytarmalı olduğu pul vəsaitini iddiaçıya qaytarmamış və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd olunan müqavilə ilə iddia olunan məbləğdə pul verildiyi halda, həmin müqavilədəki şərtlərlə razılaşaraq müqaviləni imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız notariat kontorunda bağlanmış, tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə bağladıqları kredit müqaviləsi üzrə pulun qaytarılması tələbidir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc (kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könülülü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını bildirir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə, yəni “İddiaçı təhsil haqqının ödəməsi, digər təhsil xərcləri və rüsumlarla bağlı” dəliliə qiymət verərk bildirir ki, cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, sözügedən şəxs barəsində hər hansı məlumat verə bilməmişdir. Kollegiya sonda apellyasiya şikayətinin digər bir dəlilinə, yəni “onun izahatının alınmamasına” da münasibət bildirərək qeyd edir ki, iş materiallarının 49-cu səhifəsindəki məhkəmə bildirişindən müəyyən edilir ki, sonuncu dəfə məhkəmə bildirişi cavabdehin sonuncu yaşayış yeri üzrə Kənd icra nümayəndəliyinə göndərilmiş, həmin orqan tərəfindən bildirişin üzərində müvafiq qeydlər edilməklə məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsininxx xxxx 2015-ci il tarixli, 2(025)-137/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar