Məhkəmə qərarları › İş №2(107)-618/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-618/2021

02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-618/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi ziyana görə pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1394/2020 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının Maliyyə Nazirinin birinci müavini İlqar Fəti-zadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək vurulmuş mənəvi ziyana görə 20.000 manat pulun alınaraq ona verilməsin dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1394/2020 nömrəli (hаkim M.Kərimova) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi zərərin əvəzi olaraq 8000 (səkkiz min) manat məbləğdə pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1394/2020 nömrəli qətnaməsindən narazı qalan cavabdeh qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Polis şöbəsində onun haqqımda xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq uzun müddət istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq o həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Ona görə ki, guya o, tanışı X7 ilə qabaqcadan əlbir olaraq özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə aralarında olan razılığa əsasən 2017-ci ilin iyun ayının ortalarında X1 Mingəçevir şəhəri M.F.Axundov küçəsi 8 saylı yaşayış binasının qarşısında yerləşən 0,03 ha boş torpaq sahəsini onun adına rəsmiləşdirəcəyino yalandan vəd edib tanışı Elman Yusifovun Daşınmaz X15 Xidmətinin əməkdaşı olduğuna və guya ki, adının «Telman Orucov» olduğuna inandırdıqdan sonra, X2 şəhərində cəmi 3500 ABŞ dolları (həmin dövrdə məzənnə ilə 5957 manat) pulunu alıb ələ keçirərək zərərçəkmiş Ş.Yusubzadəyə ümumilikdə 5957 manat, yəni xeyli miqdar ziyan vurmaqla dələduzluq etmişdir. Həmin ittiham ona elan olunduqdan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan sonra onun və qeyrisinin haqqında olan həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsində uzun müddət ərzində işə baxılıb ətraflı araşdırma aparılmış və onun təqsiri olmadığı sübuta yetirildiyindən barəsində xx.xx.2019-cu il tarixdə bəraət hökmü çıxarılmışdır. Həmin hökm qanuni qüvvəsini almışdır. Cinayət məsuliyyətinə cəlb olunmağı və uzun müddət barəmdə cinayət təqibi aparılması ona mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, «dələduz» kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması ona hər hansı bir təşkilata işə girməyə maneçilik törətmişdir. Hətta ailəsində də ciddi gərginlik yaranmış və uzun müddət birgə yaşadığı həyat yoldaşı ila Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə rəsmən ayrılmışlar. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş və cəmiyyət içərisində hörmətdən düşmüşdür. Hər kəs ondan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində sarsıntı keçirmişdir. Qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş ziyan kimi 20.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə maddi və prossesual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən aşağıda göstərilən hallar nəzərə alınmaqla ləğv olunmalıdır. Qətnamənin nəticə hissəsindən məlum olur ki, məhkəmə mənəvi ziyana görə 8000 manat kompensasiya müəyyən etmişdir. Lakin məhkəmə bununla bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı da sübut olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarını nəzərə almayıb. Adıçəkilən Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd edilən Qərarın 8-ci hissəsinə görə məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddiaçıya dəymiş zərərin dövlət büdcəsi hesabına ödənilməsi qərarına gəlmişdir. Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən ış üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməli, qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Bundan başqa mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Ona qarşı xüsusilə ağır cinayət törədildikdə - 330 manat, ona qarşı ağır cinayət törədildikdə-165 manat, ona qarşı az ağır cinayət törədildikdə - 55 manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - 11 manat. Göründüyü kimi mövcud qanunvericiliyə əsesən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Cinayət- Prosessual Məcəlləsinin yuxarıda sadalanan normaları kontekstində iddiaçıya 8000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Bundan başqa məhkəmə qərar qəbul edərkən həm iddiaçıya ziyan vurmuş şəxslərin təqsirliliyini (qərəzli, əsaslı yanılma və səhv nəticəsində), iddia tələbinin yönəldiyi dövlət büdcəsinin vəziyyətini, qətnaməninin icrasının mümkünlüyünü və s. nəzərə aldıqdan sonra ədalətli mövqe nümayiş etdirməyə borclu idi. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, lakin həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Həmçinin qeyd edirlər ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Beləliklə, Mingəçevir Şəhər Məhkəməsinin iddianı təmin edərkən heç bir mötəbər sübuta istinad etmədiyi aşkardır. Qətnamədən də göründüyü kimi məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir. Bu baxımdan məhkəmənin qətnaməsi mövcud qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Xatırladır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(051)- 1394/2020 nömrəli qətnaməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(051 )-1394/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olması nəticəsində mənəvi iztirab keçirmişdir. Belə ki, bu hadisədən sonra ailəsində narazılıqlar yaranmış və sonda ailəsi dağılmışdır. Bundan başqa özü xarici dövlətlərdən avtomaşın gətirərək, burada alqısatqısını təşkil edir. Lakin həmin vaxt ölkədən çıxmasına məhdudiyyət qoyulduğundan fəaliyyətini davam etdirə bilməmiş, sifariş etdiyi avtomaşınlar uzun müddət Gürcüstan Respublikasının sərhədində qalmışdır. Sahibkarlıq fəaliyyətini həyata keçirə bilmədiyindən 50-60 min manat məbləğində maddi ziyan çəkmişdir. Hər dəfə polis orqanına və ya məhkəməyə dəvət olunanda stress, həyacan keçirirdi. Əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsi ona dəymiş maddi ziyanı az təmin etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(075)-8/2019 saylı hökmünün surətindən görünür ki, X13 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, X12 barəsində seçilmiş polisin əzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X11 ilə İddiaçı arasında xx xxxxxx 2001-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış, 333 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx xxxxxx 2002-ci il təvəllüdlü X8 və xx xxxxxx 2004-cü il təvəllüdlü X9 anaları X3 yanında qalmaları, İddiaçı xx xxxxxx 2002-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi 120(bir yüz iyirmi) manat, xx xxxxxx 2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi 120(bir yüz iyirmi) manat olmaqla, ayda cəmi 240( iki yüz qırx) manat miqdarında aliment hər ay tutulub X5 verilməsi qət edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq rədd olunması, iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməlidir Kollegiya qeyd edir ki, şəxsin azadlıq hüququndan məhrum olması və ya azadlığının məhdudlaşdırılması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3-cü maddəsində göstərilir ki, hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.Bəyannamənin 9-cu maddəsinə müvafıq olaraq heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. Azadlıq hüququnun müqavilə öhdəliyi kimi ifadəsini tapdığı ilk sənəd “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasıdır. Konvensiyanın 5-ci maddəsinə müvafıq olaraq hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz. 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsi müəyyən edir ki, hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs özbaşına həbs edilə və ya barəsində həbs qətimkan tədbiri seçilə bilməz. Heç kəs qanunla müəyyən edilmiş əsaslar olmadan və müvafıq prosedura əməl olunmadan azadlıqdan məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi müəyyən edir ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Konstitutsiyanın 68-ci maddəsinin 2 bəndinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyatak eçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd edilən Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikir formalaşmasına ona əhatə edən şəxslərə münasibətin pisləşməsinə gətirib çıxaran və digər mənfi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyəyn edilir. Həmin Qanunun 4-cü maddəsinə görə vurulmuş ziyan bu qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəratəverici hökm çıxarıldıqdan sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə görə isə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər gəlirlər məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş mənəvi ziyan ödənilməlidir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(075)-8/2019 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, X12 barəsində seçilmiş polisin əzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Kollegiya eyni zamanda hesab edir ki, vurulmuş mənəvi ziyana görə zərərin miqdarı müəyyən edərkən ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, yaranmış iqtisadi durum, məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınmaqla, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq 1 il müddətinə polis nəzarəti altına vermə qətimkan tədbiri altında olması iddiaçıda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması, məyusluq və həyacan hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, ailəsində ciddi narazılıqlar olduğundan, eləcə də həmin müddət ərzində sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyindən ona vurulmuş mənəvi ziyan ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qavnunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, mülki qanunvericilidə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir. (təhqiqat, ibtidai istintaq, prokurorlu və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş ziyana görə). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şərh olunanlara və işin materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının bir müddət “polisin nəzarəti altında” saxlanılması ilə bağlı hüquqları pozulmuş və bununla da şüurunda mənfi psixi reaksiyalara səbəb olması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, iddiaçı tərəf vurulmuş mənəvi ziyanın miqdarını 20.000 manat məbləğində müəyyən etsə də, məhkəmə iclasında, məhz həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, işə baxan birinci instansiya məhkəməsi də həmin məbləği 8000 manat məbləğində müəyyən etmişdir. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, mənəvi ziyanın 5000 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğun, ağlabatan və tam ədalətli hesab edilməlidir. Mülki Prоsessuаl Məcəllənin 384.0.3-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)- 1394/2020 nömrəli qətnaməsi “mənəvi ziyanın məbləğinə münasibətdə dəyişdirilərək 5000 (beş min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar