Məhkəmə qərarları › İş №2(107)-618/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-618/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-618/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(051)-622/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 30 iyul 2011-ci il təvəllüdlü X3. 11 iyun 2013-cü il təvəllüdlü X7 və 28 may 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, aliment miqdarını artıraraq hər uşağa 235 manat, olmaqla cəmi 705 sabit pul məbləğində alimentin və mediasiyaya xərclənmiş 50 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20 may 2011-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2011-ci ildə Sevinc, xx.xx.2013-cü ildə Nuray və xx.xx.2015-ci ildə Yusif adlı övladları dünyaya gəlmişdir. Nikahların ilk illərində ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmağa başladır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1856/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında xx.xx.2011-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 214 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş Sevinc, xx.xx.2013-cü il tarixdə doğulmuş Nuray və xx.xx.2015-ci il tarixdə doğulmuş Yusif adlı uşaqların İddiaçı yanında qalması müəyyən edilməsi, 17 sentyabr 2021-ci il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat, cəmi 390 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Qətnamə qəbul edildiyi vaxtdan iki ildən artıq vaxt keçmişdir. Cavabdeh müəyyən olunmuş aliment miqdarından artıq uşaqların saxlanması üçün köməklik etmir. Uşaqlar böyüyür, məktəbə gedirlər. Qiymətlərin qalxması ona tək ana kimi müəyyən olunmuş aliment miqdarı ilə uşaqlara baxmaqda çətinlik törədir. Gündəlik təlabat malları və geyim əşyaları gözəçarpacaq dərəcədə demək olar ki, iki ildən artıq müddətdə 2 dəfə bahalaşmışdır. Cavabdeh hərbiçidir. N saylı hərbi hissədə xidmət edir. Həmin hərbi hissə Yevlax rayon Aran qəsəbəsindədir. Maddi imkanı çox yaxşıdır. Belə ki, torpaq sahəsi də vardır, torpaq sahəsindən qazanc əldə edir. Kifayət qədər gəlirə malikdir. Onun uşaqların saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. İstəyir ki, uşaqlarının bütün təminatları ödənilsin və yaxşı təhsil alsınlar.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişlər.

4. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclası zamanı etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından doğulmuş 2011-ci il, 2013-cü il və 2015-ci il təvəllüdlü X6 Qurbanlının və Yusif Qurbanlının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün alimentin miqdarının artırılaraq hər uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin ondan tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə alimentin təyin olunması barədə vaxtdan iki il keçmişdir, cavabdeh qətnamə ilə hər uşaq üçün müəyyən edilmiş 130 manat, cəmi 390 manat alimenti ödəyir, lakin əlavə olaraq uşaqların saxlanması üçün köməklik etmir, 2024-cü ildə yaşayış minimumu isə uşaqlar üçün 235 manat təşkil etmişdir. Qeyd etmişdir ki, o iddiaçının hazırkı iddia tələbi ilə razılaşmır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1856/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün təyin edilmiş sabit pul məbləğində 130 manat, cəmi 390 manat alimenti vaxtında ödəmişdir, aliment borcu yoxdur. O iddiaçı ilə rəsmi qaydada ayrıldıqdan sonra X8 ilə ailə qurmuşdur və nikahlarını 01 mart 2023-cü ildə Mingəçevir regional "ASAN xidmət” mərkəzində rəsmiləşdirilmişdir, ailəsini dolanışığı üçün də aylıq xərc sərf olunur. Bundan başqa, İddiaçı ilə birgə nikah dövründə ailə vəziyyəti ilə əlaqədar "xxxx" ASC-dən kredit götürmüşdür və hazırda kredit borcunu da ödəməlidir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(014)-1370 saylı qətnaməsi ilə ondan "xxxx" ASC-nin xeyrinə 4430.56 manat əsas borc, 734.31 manat faiz borcu, 146.57 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5341.44 (beş min üç yüz qırx bir manat qırx dörd qəpik) manat pul tutulur və o hər ay həmin kredit borcunu da ödəyir. Daha sonra, xx.xx.2023-cü il tarixdə “Lombard”dan 18 ay müddətinə 39% olmaqla 1000 (bir min) manat kredit götürmüşdür və hər ay 74.25 manat olmaqla kredit ödəyir və bu kreditin müddəti 17 iyun 2025-ci il tarixə qədərdir. Hal-hazırda öz ailəsi ilə Sumqayıt şəhərində 11-ci mikrorayon ev 10, mənzil 41-də kirayədə yaşadığını və mənzilin mülkiyyətçisi, kirayəyə verən X11 ilə onun arasında 24 yanvar 2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş mənzil kirayə müqaviləsi vardır. Aylıq kirayə haqqı müqavilənin 5-ci bəndinə əsasən 400 manatdır və hər ay kirayə haqqını ödəyir. Bütün bu qeyd etdikləri gündəlik xərclərdən əlavə onun bir aylıq mütləq ailə büdcəsi xərcidir. Bu xərclər müqabilində o və ailəsi də yaşamalıdır. Qeyd etmişdir ki, o Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür, təqaüdün məbləği 80 manatdır, erməni silahlı birləşmələrinə qarşı Aprel döyüşlərində, 44 günlük müharibədə və sonuncu 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə aparılan antiterror əməliyyatında (tədbirlərində) iştirak etmişdir. AR Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 N°-li Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, AR Nazirlər Kabinetinin 21 aprel 2022- ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İddiaçı Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı Kombinatında işləyir, o da bir valideyn kimi uşaqların saxlanmasında iştirak etməlidir. Onun maddi vəziyyətində müsbətə doğru hər-hansı dəyişiklik, yaxşılaşma yoxdur, maddi vəziyyəti daha da pisləşib, xərcləri çoxalıb, əgər aliment artırılarsa gündəlik və aylıq dolanışığı pisləşəcək və o həmin artımla davamlı olaraq alimenti ödəmək iqtidarında ola bilməyəcəkdir. Onun və ailəsinin də minimum həddə yaşamaq hüququ vardır, həyat yoldaşı da işləmir. Qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş 235 manat yaşayış minimumudur sabit (dəyişməz) aliment məbləği deyil.

5. Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(051)-622/2024 nömrəli qətnaməsi ilə (hakim E.Cəbrayılzadə), iddianın qismən təmin edilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 iyul 2011-ci il təvəllüdlü X3, 11 iyun 2013cü il təvəllüdlü X7 və 28 may 2015-ci il təvəllüdlü X9 adlı uşaqları yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1856/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilməsi, həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat pulun tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olmasını müəyyən edən hər hansı mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1856/2021 saylı, 28 oktyabr 2021-ci il qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh 30 iyul 2011-ci il təvəllüdlü X3, 11 iyun 2013-cü il təvəllüdlü X7 və 28 may 2015-ci il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat pul tutulub iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

8. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci, yəni 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

10. Məhkəmə öz mövqeyini «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 112-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3, 18, 27-ci bəndlərinə, Azərbaycan Respublikası MPM-in 82.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayətini dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, çıxarılmış qətnamə prosessual və maddi hüquq normalarının kobud pozulması ilə qəbul edilmişdir, qanunsuz və əsassızdır.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahat qətnamədə öz əksini tapmamışdır. Məhkəmə iclasında iddiaçı deyil, iddiaçının nümayəndəsi və vəkili izahat vermişdir. Cavabdeh tərəf gəlirləri barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir.

14. Məhkəməyə istinad etdiyi sənəd Cavabdeh tərəfindən təqdim edilmiş kirayə müqaviləsindən görünür ki, kirayəçi Cavabdeh kirayəyə verən X13 ilə müqavilənin şərti əsasında hər ay 400 manat kirayə haqqı ödəyir. Ancaq onu da qeyd etmişdir ki, Cavabdeh xx.xx.2024-cü ildə bağlamışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı mediasiya prosessindən 2023-cü ilin dekabr ayında keçmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. 15.Cavabdeh hərbçidir. Kirayə müqaviləsi bağlamaqda məqsədi Hərbi Xidmət Keçmək Haqqında Azərbaycan Respublikası Qanuna uyğun olaraq dövlətdən əlavə haqq-kirayə haqqını almaq məqsədi ilə etmişdir. Aydındır ki, Sumqayıt şəhərində 400 manat kirayə haqqı villalar üçün nəzərdə tutulmuşdur.

16. Məhkəməyə istinad etdiyi sənədin Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlığından müəyyən olunmuşdur ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-1370 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən X2 və Cavabdeh "xxxx" ASC-nın xeyrinə 4430.56 manatəsas borc, 734.31 manat faiz borcu, 146.57 manat cərimə borcu, 30 manat ödənilməmiş dövlət rüsumu, cəmi 5341.44 manat borctutulması qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1370 saylı qətnaməsindən görünür ki, 2015-ci ildə qəbul edilmiş həmin vaxtdan 8 ildən artıq müddət keçmişdir. Cavabdehlər bu müddətə qədər borclarını ödəməliydilər.

17. Məhkəmə istinad etdiyi sənəd İPQN№081846 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əlavədən müəyyən olunmuşdur ki, “Lombard” girov biletinə əsasən Cavabdeh 18 ay müddətə 39% olmaqla 1000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh ilə iddiaçının nikahları 2021-ci ildə pozulmuşdur. xx.xx.2023-cü il tarixda lombarddan girov bileti əsasən 1000 manat məbləğində kredit götürməsinin iddiaçıya hansı aidiyyəti vardır?

18. Məhkəmə nəzərə almamışdır ki, sabit pul məbləğində aliment 2021-ciildə təyin edilmiş, həmin vaxtdan sonra yaşayış minimumu uşaqlar üçün 3 dəfə dəyişmiş, uşaqlar üçün 2022-ci il üçün yaşayış minumumu 193 manat, uşaqlar üçün 2023-cü il üçün yaşayış minumumu 220 manat və uşaqlar üçün 2024-cü il üçün isə yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. 2021-ci ildə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1856/2021 saylı qətnaməsi qəbul ediləndə 2021-ci il yaşayış minimumu uşaqlar üçün 175 manat olduğu halda üç uşağın saxlanması üçün hər uşağa 130(bir yüz otuz) manat, cəmi 390(üç yüz doxsan) manat müəyyən edilmişdir. Hər il uşaqlar üçün yaşayış minimumun həddinin artmasını nəzərə alsaq, 3(üç) il ərzində 60(altmış) manat artmışdır. Məhkəmə hazırki qətnaməni qəbul edərkən alimentin məbləğin hər uşaq üçün 20 manat artırmışdır. Hər üç uşaq məktəblidir. Məktəb ləvazmatlarının, geyim əşyalarının, yeyinti məhsullarının qiyməti 3 il ərzində kifayət qədər qalxmışdır.

19. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(051)- 622/2024 saylı qətnaməsini dəyişdirərək, iddiasının tam təmin olunmasını, Cavabdeh ilə birgə nikahdan doğulmuş 30 iyul 2011-ci təvəllüdlü X3, 11 iyun 2013-cü təvəllüdlü X7 və 28 may 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün, alimentin miqdarını artıraraq hər uşağa 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(051)-622/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 kollegiyanın iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

25. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

26. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

27. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

28. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

30. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən, yəni iddianın təmin edilməyən hissəsində mübahisələndirir. Buna görə də məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(051)-622/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində yoxlanılmasını məqsədəmüvafiq hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas yoxdur.

34. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1856/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş Sevinc, xx.xx.2013-cü il tarixdə doğulmuş Nuray və xx.xx.2015-ci il tarixdə doğulmuş Yusif adlı uşaqların İddiaçı yanında qalması müəyyən edilməklə, 17 sentyabr 2021-ci il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat, cəmi 390 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Sonradan İddiaçı uşaqlarının tələbatlarının artmasına, cavabdehin maddi imkanının yaxşı olmasına istinad edərək alimentin müəyyən olunmuş miqdarının yenidən artırılmasını məhkəmədən xahiş etmişldir.

36. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı deyildirlər.

37. 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 235 manat aliment məbləğini nəzərdən keçiridikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər ay hər uşaq üçün 150 manat qət etməklə əslində hər iki tərəfin mənafeyini nəzərə almışdır. Belə ki, uşaqların zəruri tələbatları, minimum ehtiyacları hər iki valideyn tərəfindən qarşılanmalıdır.

38. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatın qətnamədə öz əksini tapmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi qətnamədə iddiaçının iddia tələbi üzrə əsaslandırılmasına geniş yer ayrılmış, iddiaçının nümayəndəsi və vəkilinin də məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verməsi barədə aydın bir qeydiyyat aparılmışdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşaqların saxlanması üçün hər birinə 150 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

40. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə qanuni və əsaslı qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi alimentlə bağlı iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(051)-622/2024 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(051)-622/2024 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar