Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-62/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(063)-358/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 6750 manat məbləğində pulun, eləcə də 88 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmkəndlisi X12 ilə aralarında olan şifahi razılaşmaya əsasən o, sonuncuya məxsus torpaq sahəsində taxıl, yəni arpa əkmişdir. Lakin, Cavabdeh öz torpaq sahəsini suvarmaq üçün vurduğu bəndi nəzarətsiz qoyduğundan su daşmış və onun taxıl əkdiyi 3 hektar torpaq sahəsi suyun altında qalmışdır. Nəticədə əkin sahəsi tamamilə məhv olduğundan ona xeyli miqdarda ziyan dəymişdir. Bununla bağlı 21 yanvar 2024-cü il tarixdə Ucar Rayonu İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tale Mahmudovun, Dalğa Birliyinin sədri Sadir Rüstəmovun, Quləbənd kənd sakini Vahid Babayevin (torpağın mülkiyyətçisi), Cavabdeh və onun iştirakları ilə akt tərtib edilmişdir. Lakin, cavabdeh su başmış ərazinin çox olduğunu bəhanə edərək aktı imzalamaqdan imtina etmişdir. O, hər il həmin torpaq sahəsinin hər hektarından təxminən 5 ton məhsul götürmüşdür. Əgər 3 hektar torpaq sahəsi suyun altında qalmasaydı bu zaman həmin sahədən 15 ton məhsul götürməli idi. Belə ki, hazırda arpanın orta bazar qiyməti 45 manat təşkil etdiyindən 15 ton arpanın qiyməti 6750 manat təşkil edir. Belə olan halda cavabdeh tərəfindən ona 6750 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən, İddiaçı əlavə olaraq bildirdi ki, sözügedən torpağın mülkiyyətçisi Vahid Babayevlə həmin torpaqda tərəfindən aparılan əkin biçin işləri götürüləcək faydanın şərikili bölünməsi şərtilə razılaşdırılmışdır. Odur ki, hesab edir ki, iddiası əsaslıdır və buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ona qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan maddi zərərin əvəzi olaraq 6750 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, onun tərəfindən iddiaçıya heç bir zərər vurulmamışdır. İddiaçı onun tərəfindən torpaq sahəsinin suyun altında qalmasını iddia etsə də, həmin torpaq sahəsi ilə onun torpaq sahəsinin arasında xeyli məsafə olduğundan bu halın baş verməsi mümkün deyildir. Bununla bağlı 21 yanvar 2024-cü il tarixdə Ucar Rayonu İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tale Mahmudovun, Dalğa Birliyinin sədri Sadir Rüstəmovun, Quləbənd kənd sakini Vahid Babayevin, İddiaçı və onun iştirakı ilə akt tərtib edilmişdir. Lakin, həmin akt düzgün araşdırılma aparılmadan qanunsuz və əsassız tərtib olunmuşdur. Həmçinin onu da qeyd edir ki, sözügedən torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya deyil, X8 məxsusdur. Beləliklə, iddiaçının hazırkı iddiasının heç bir əsası olmadığından iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) 29 aprel 2024-cü il tarixli 2(063)- 358/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ucar rayonu, Qulabənd kəndində yerləşən 7,14 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. X12 ilə həmkəndlisi, İddiaçı arasında olan şifahi razılaşmaya əsasən Vahid Babayev ona məxsus torpaq sahəsinin bir hissəsini taxıl əkməsi üçün iddiaçıya vermişdir. İddiaçı sözügedən torpaq sahəsinin 3 hektar hissəsində taxıl əkmiş, əkilmiş sahəyə ziyan dəydiyindən, yəni həmin sahə su altında qaldığından hazırkı iddia ilə məhkəmə müdafiəsindən istifadə etmişdir. Gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ilə bəlli oldu ki, İddiaçı ümumi birgə mülkiyyət hüququ əsasında X8 məxsus, Ucar rayonu, Qulabənd kəndində yerləşən 7,14 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində aralarında hər hansı rəsmi razılaşma olmadan əldə ediləcək faydanın müştərək bölünməsi şərtilə əkin biçin işləri aparmışdır. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilik şəxslərə məhkəmə müdafiəsindən istifadə etmək hüququ verməklə yanaşı, həmin hüququn çərçivəsini və qanuniliyini də dəqiq müəyyən etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarının hər hansı bir formada pozulması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Yəni, iddiaçı cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Bu təqdirdə isə iddianın təmin edilməsi istisna edilir.
8. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.4-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 88, 107, 119.1, 124.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ucar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-358/2024 saylı qətnaməsini qanunsuz və ədalətsiz hesab edir.
13. İş üzrə bütün sübutlar iddiaçının xeyirinə olmasına, cavabdeh tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmayaraq, məhkəmə tərəfindən iddia tələbi qanunsuz olaraq, təmin edilməmişdir. Məhkəmənin qətnaməsi sübütlar nəzərə alınmadan, çıxarılmışdır.
14. İş üzrə Cavabdeh tərəfindən iş üzrə İddiaçı ziyan vurularaq, 3 ha torpaq sahəsində əkilmiş arpanın su altında qalması təsdiqin tapmasına (xx.xx.2024-cü il tarixli aktla, iş materialına əlavə olunmuş video materiallarla) və bu halı təkzib edəcək hər hansı sübut olmadığı halda məhkəmə tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmənin iddia tələbini təmin etməməsi nəticəsində isə delikt törətmiş cavabdeh mülki məsuliyyətdən azad olunmuşdur.
15. X5 özünə məxsus olan 7.00 ha pay torpaq sahəsinin bir hissəsini İddiaçı öz aralarında şifahi razılıq əsasında taxıl (arpa) əkməsi üçün verməsi öz təsdiqin tapmasına (xx.xx.2024cü il tarixli akt əsasında) və bu halı təkzib edən sübut olmamasına baxmayaraq, məhkəmə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Bu cür yanaşmanı qəbuledilməz hesab edir. Belə ki, torpaq sahəsinin kimə məxsus olmasının, vurulmuş ziyana nə aidiyyəti vardır?! Taxıl İddiaçı tərəfindən əkilmiş (işin təkzib olunmaz halıdır), cavabdehin hərəkət və ya hərəkətsizliyi əsasında sahənin su altında qalması nəticəsində də iddiaçıya ziyan dəyib. Məhkəmənin məlum qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının cavabdehə qarşı iddia qaldırmaq səlahiyyətinin olmamasının qeyd edilməsi işə məhkəmə tərəfindən qərəzli yanaşılmasını təsdiq edir.
16. Məhkəmə araşdırması zamanı hakim dəymiş ziyanın məbləği ilə bağlı iddiaçıdan sübut tələb etsədə də, öz təşəbbüsü ilə ekspertiza təyin etməmişdir. Dəymiş ziyanın məbləği müəyyən edilmədən yekun məhkəmə aktı olan qətnamə qəbul etmişdir.
17. Məhkəmə iclasları zamanı, həmçinin, məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş yazılı müraciətdə İddiaçı tərəfindən şahidlərin dindirilməsi məhkəmədən dəfələrlə xahiş olunmasına baxmayaraq, məhkəmə araşdırma aparmaq vəzifəsini icra etməyərək, şahidlərin dinlənilməsini təmin etməmiş və cavabdehin heç bir sübuta əsaslanmayan ifadələri ilə iddia tələbini rədd etmişdir. Həmçinin, dəymiş ziyanın miqdarının müəyyən edilməsi üçün X26 İnkişaf Mərkəzindən mütəxəssis rəyi alınması barədə iddiaçı tərəfindən verilmiş yazılı vəsatət də məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə tərəfindən iddiaçının hər 2 vəsatətinin təmin edilməməsi barədə əsaslandırılmış qərardad qəbul olunmamışdır.
18. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutları, yəni əkilmiş torpaq sahəsinin su altında qalması barədə video çəkiliş, kənd icra nümayəndəsi və şahidlərin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamış, digər sübutlar kimi bu sübutlara da münasibət bildirilməmişdir.
19. Taxılın İddiaçı tərəfindən əkilməsi (işin təkzib olunmaz halıdır), cavabdehin hərəkət və ya hərəkətsizliyi əsasında sahənin su altında qalması nəticəsində də iddiaçıya ziyan dəyməsi faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Nəticədə iddiaçının pozulmuş hüququ bərpa olunmadan qalmışdır.
20. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, tərəfindən şikayət verilmiş Ucar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-358/2024 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsini və məhkəmə xərclərinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh apellyasiya şikayətinə yazılı etirazında 2(063)-358/2024 saylı iş üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(063)-358/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, onun Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(063)-358/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ucar Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(063)-358/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X15, Babayeva (Abdullayeva) Aytən Vahid qızı və X2 iclasına gəlməmişlər. Lakin onlar məhkəmə kollegiyasına göndərdikləri ərizələrində 29 aprel 2025-ci il tarixdə baxılacaq prosesdə iştirak edə bilməyəcəklərindən işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğuhallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyator Ucar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-358/2024 nömrəli qətnaməsini tam mübahisələndirmiş, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
32. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18 noyabr 2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ucar rayonu, Qulabənd kəndində yerləşən 7,14 ha kənd təsərüfatlı torpaq sahəsi X5, X11, X3, X9, X13 və X10 ümumibirgə mülkiyyətlərindədir. X12 ilə İddiaçı arasında olan şifahi razılaşmaya əsasən Vahid Babayev ailə üzvləri ilə ümumibirgə mülkiyyətlərində olan torpaq sahəsini taxıl, arpa əkilməsi üçün iddiaçının faktiki sahibliyinə və istifadəsinə vermişdir. İddiaçı da həmin torpaq sahəsində taxıl əkmiş, lakin cavabdeh X12 öz torpaq sahəsini suvarmaq üçün vurduğu bəndi nəzarətsiz qoyduğundan su daşmış və iddiaçının taxıl əkdiyi torpağın 3 hektar hissəsi suyun altında qalmışdır. Nəticədə əkin sahəsi tamamilə məhv olduğundan iddiaçı həmin sahədən əldə edə biləcəyi məhsuldan, gəlirdən məhrum olmuşdur.
36. Birinci instansiya məhkəməsi isə iddanı rədd edərkən gəldiyi nəticəni iddiaçının 7,14 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə dair üçüncü şəxslərlə aralarında hər hansı rəsmi razılaşma olmadan əldə ediləcək faydanın müştərək bölünməsi şərtilə əkin biçin işləri aparması, beləliklə cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarının hər hansı bir formada pozulmasının iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmaması, yəni, iddiaçının cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmaması ilə əsaslandırmışdır.
37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamış, mübahisəni yuxarıda qeyd edilən qaydada həll etməklə doğru nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
38. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
39. Kollegiya hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi ilə iddia qaldırması üçün subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
40. Belə ki, Ucar rayonu, Qulabənd kəndində yerləşən 7,14 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin onun ümumibirgə mülkiyyətçilərindən olan X12 tərəfindən aralarındakı şifahi razılaşma əsasında taxıl əkilməsi məqsədi ilə iddiaçının istifadəsinə verilməsi, iddiaçı tərəfindən həmin sahədə taxılın əkilməsi işin mübahisəsiz hallarıdır.
41. Kollegiya qeyd edir ki, üçüncü şəxs X12 ilə İddiaçı arasında olan şifahi razılaşmaya əsasən Ucar rayonu, Qulabənd kəndində yerləşən 7,14 ha kənd təsərüfatlı torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi müəyyən edilmişdir.
42. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu,həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
43. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
44. Göründüyü kimi üçüncü şəxsin ümumibirgə mülkiyyətində olan torpaq sahəsi üçüncü şəxslə iddiaçının arasında olan şifahi razılaşma əsasında məhz iddiaçının istifadəsində olduğundan, həmin torpaq sahəsində əkin işləri iddiaçı tərəfindən aparılmaqla, əldə ediləcək məhsulda gözləntisi olan şəxsin də iddiaçı olması nəzərə alınaraq, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən buna subyektiv hüququ olmuşdur.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin sübütlar nəzərə alınmadan çıxarılması, Cavabdeh tərəfindən iş üzrə İddiaçı ziyan vurularaq, 3 ha torpaq sahəsində əkilmiş arpanın su altında qalmasının təsdiqini tapmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan 21 yanvar 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tale Mahmudovun, Dalğa Birliyinin sədri Sadir Rüstəmovun, Quləbənd kənd sakini (mülkiyyətçi) Vahid Babayevin, İddiaçı tərtib etdikləri aktdan görünür ki, Ucar rayonu, Alpı kənd sakini Cavabdeh İddiaçı tərəfindən əkilmiş 3 hektar taxıl sahəsinə suyu qoşaraq sonuncuya ziyan vurmuşdur.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır.
47. Lakin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 16 iyul 2024-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, həmin qərardadın icrası üzrə verilmiş 06 fevral 2025-ci il tarixli 7/1645-9/7903 nömrəli rəy mülki iş materiallarına əlavə edilmişdir.
48. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 06 fevral 2025-ci il tarixli 7/1645-9/7903 nömrəli rəyində ekspert bu nəticəyə gəlmişdir ki, tədqiqata təqdim edilmiş Ucar rayonu Qulabənd kəndi ərazisində yerləşən 7,14 ha torpaq sahəsinin 3,0 ha torpaq sahəsində 2024-cü ilin məhsul yığımı mövsümündə düzgün aqrotexniki qulluqlar edilməklə hər hektardan 17-18 sentner, 4,14 ha torpaq sahəsindən 2024-cü ilin məhsul yığımı mövsümündə düzgün aqrotexniki qulluqlar edilməklə hər hektardan 21-27 sentner məhsul əldə edilməsi mümkündür.
49. İş materiallarında olan məlumatlara və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən 2024-cü ildə 3,0 ha torpaq sahəsindən əldə ediləcək (3,0 ha x 17-18 sentner) məhsulunun 2024-cü il üçün orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5100-5400 kiloqram məhsul götürülməsi, 1 kq arpanın qiyməti 2024-cü il üçün 0,45 qəpik olmasını nəzərə alıb həmin məhsulun qiyməti 2295,00-2430,00 manat müəyyən olunur.
50. 2024-cü ildə 4,14 ha torpaq sahəsindən əldə ediləcək (4,14 ha x 21-27 sentner) məhsulunun 2024-cü il üçün orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən (4,14 ha x 24 sentner=99,36 sentner) 9936,00 kiloqram məhsul götürülməsi, 1 kq arpanın qiyməti 2024-cü il üçün 0,45 qəpik olmasını nəzərə alıb həmin məhsulun qiyməti təxminən 4471,2 manat müəyyən olunur.
51. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə əmtəəşünaslıq ekspertizasının 06 fevral 2025-ci il tarixli 7/1645-9/7903 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin şahidlərin dinlənilməsi, dəymiş ziyanın miqdarının müəyyən edilməsi üçün X26 İnkişaf Mərkəzindən mütəxəssis rəyi alınması barədə vəsatətlərinin təmin edilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan 21 yanvar 2024-cü il tarixli aktla iddiaçının əkdiyi torpaq sahəsinin 3 hektar hissəsinin cavabdehin təqsirindən suyun altında qalması müəyyən edilmiş, dəymiş ziyanlığın miqdarının müəyyən edilməsi məqsədi ilə isə məhkəmə kollegiyasının qərardadı ilə ekspertiza təyin edilmişdir.
53. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının vəsait sərf etməklə əkdiyi torpaq sahəsinin 3 hektar hissəsinə cavabdehin təqsirindən suyun daxil olması nəticəsində əldə edəcəyi məhsuldan (faydadan) məhrum olduğundan, iddiaçı cavabdehdən vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır.
54. Məhkəmə kollegiyası vurulmuş ziyanın məbləğinin müəyyən edilməsində mötəbər sübut kimi 06 fevral 2025-ci il tarixli 7/1645-9/7903 nömrəli ekspert rəyinə istinad edilməsini doğru hesab edir.
55. Kollegiya qeyd edir ki, 06 fevral 2025-ci il tarixli 7/1645-9/7903 nömrəli ekspert rəyi ilə 2024-cü ildə 3,0 ha torpaq sahəsindən 2024-cü ilin məhsul yığımı mövsümündə düzgün aqrotexniki qulluqlar edilməklə hər hektardan 17-18 sentner məhsulun əldə ediləcəyi, əldə ediləcək məhsulunun 2024-cü il üçün orta bazar qiymətinin 2295,00-2430,00 manat olması müəyyən olunsa da kollegiya ekspertiza rəyi ilə əldə edilməsinin mümkün olduğu 17-18 sentner məhsul, onun dəyəri olan 2295,00-2430,00 manatın orta rəqəm və məbləğlərinin, yəni hər hektar üçün 17,5 sentner olmaqla 3 hektar üçün cəmi 2362,5 manat ziyan məbləğinin qəbul edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
58. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin ona 2362,5 manatdan daha yüksək məbləğdə ziyan vurmasını təsdiq edəcək hər hansı bir sübut təqdim edilmədiyindən, iddiaçı cavabdehdən 2362,5 manat maddi ziyan məbləğini və həmin məbləğə mütənasib olan 43,63 manat dövlət rüsumunun alınmasını tələb etməkdə haqlıdır.
60. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(063)-358/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 2362,5 manat və 43,63 manat dövlət rüsumu tutularaq, İddiaçı verilməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir.
61. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslı hesab edildiyindən iş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
63. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(063)-358/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cаvаbdеh Cavabdeh maddi zərərin əvəzi olaraq 2362,5 manat və 43,63 manat dövlət rüsumu tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutulub dövlət büdcəsinə (Az. MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ **********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.