Məhkəmə qərarları › İş №2(107)-625/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-625/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-625/2021 07.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, iddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tаrixli, 2(037)-420/2020 nömrəli qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 27 noyabr 2020-ci il tаrixli, 2(037)-420/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 26 sentyabr 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsinə əsasən 4002,45 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4032 (dörd min otuz iki) manat 45 qəpik tutularaq iddiaçı ASC "Xalq" Bankının xeyrinə ödənilməsi, Cavabdeh2 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı X2, kod 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi qət edilmişdir. İşin faktiki halları: İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 26 sentyabr 2014-cü il tarixli **********144614 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "Xalq" Bankı qarşısında 4017,81 manat əsas borcu, 26 sentyabr 2014-cü il tarixə qədər kreditdən istifadəyə görə illik 18% dərəcəsi ilə hesablanmış 1201,67 manat faiz borcu, 01 aprel 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 214,06 manat penya, 26 sentyabr 2014-cü il tarixdən 18 noyabr 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 106,47 manat zərərin əvəzi, cəmi 5540,01 manat və 18 noyabr 2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və 30 manat dövlət rüsumu tutularaq iddiaçı ASC "Xalq" Bankına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbini müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilə birinci cavabdeh arsında bağlanmış 26 sentyabr 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 23% dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə birinci cavabdeh arasında “26 sentyabr 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə“ 30 may 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin Sazişə əsasən kredit öhdəliyinin valyutasının konvertasiyası nəticəsində kredit üzrə əsas borcun məbləği 30 may 2017-ci il tarixinə 7032,57 manat məbləğində müəyyən edilmiş, kreditin qaytarılması müddəti 26 sentyabr 2020-ci il tarixinədək uzadılmış, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 23%-dən 18%-dək azaldılmışdır. Kredit müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlamışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən birinci cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış fazilərin ödənilməsini öhdəsinə götürsə də bu öhdəlikləri kobud şəkildə pozmuş, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini iddiaçıya qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. İddiaçı 26 sentyabr 2014-cü il tarixli **********144614 nömrəli kredit müqaviləsi üzrə 4017,81 manat əsas borcu, 26 sentyabr 2014-cü il tarixə qədər kreditdən istifadəyə görə illik 18% dərəcəsi ilə hesablanmış 1201,67 manat faiz borcu, 01 aprel 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 214,06 manat penya, 26 sentyabr 2014-cü il tarixdən 18 noyabr 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 106,47 manat zərərin əvəzi, cəmi 5540,01 manat və 18 noyabr 2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və 30 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı ASC "Xalq" Bankına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, onunla ASC "Xalq" Bankı arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 23% dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin şərtlərinə uyğun mütəmadi ödənişlər etmişdir. Onunla iddiaçı arasında 30 may 2017-ci il tarixdə ASC "Xalq" Bankının İsmayıllı filialında “26 sentyabr 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə“ 01 nömrəli Əlavə Saziş bağlanmışdır. O, ümumilikdə iddiaçıya 11780 manatdan çox ödəniş etmişdir. Kredit müqaviləsi üzrə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmışdır. Onun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və ona 4002,45 manat kompensasiya ödənilmişdir. İddiaçının konvertasiya zamanı 23%-dən 18%-ə azaldılması barədə iddiası həqiqətə uyğun deyil, belə ki, mövcud əsas borc, vaxtı keçmiş əsas borc, fazi borcu və penya kapitallaşdırılan zaman 23%-lə bağlanaraq 7032,57 manat olmuş, həmin məbləğin kreditləşmə müddəti uzadılaraq yenidən 18%-lə ona ödətdirilib və eyni kredit 41%-lə təkrar tələb edilmişdir. Kapitallaşdırma zamanı 3354,71 ABŞ dolları onun borcu olduğu halda, iddiaçı həmin borca 774,81 ABŞ dolları əlavə faizlər hesablamış və 4129,52 ABŞ dolları qədər qeyriqanuni olaraq faizlər hesabına artırmışdır. Onun 26 sentyabr 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsi Azərbaycan Kredit Bürosunun çıxarışında göstərilməmişdir. 26 sentyabr 2014-cü il tarixdə guya o, 4129,52 ABŞ dolları və 7032,57 manat kredit götürmüş, lakin elə bir kredit müqaviləsi mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının kompensasiya arayışında onun borclu olmadığı öz əksin tapmışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci və üçüncü cavabdehlər birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etmədiklərini bildirmişlər və birinci cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tаrixli qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı ASC “Xalq” Bankı apellyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tаrixli, 2(037)-420/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 özü tərəfindən verilmiş apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tаrixli, 2(037)-420/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X3 bildirdi ki, cavabdehin ödəniş qrafiki ilə hər-hansı bir geçikməsi olmadığından kompensasiya məbləği bilavasitə cavabdehin özünə verilmiş və bununla bağlı onun kredit borcundan hər-hansı bir məbləğ silinməmişdir. Bu baxımdan da, özləri tərəfindən verilmiş apellyasiya şikayətinin tam təmin olunmağını, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, onun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, ona 4002,45 manat kompensasiya ödənilmişdir. Həmin məbləğ onun kredit borcundan silinməmişdir. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin tam təmin olunmağını, iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: İş materiallarında olan 26 sentyabr 2014-cü il tarixli, **********44614 nömrəli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən ASC “Xalq” Bankı tərəfindən birinci cavabdehə illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. İş materiallarında olan 26 sentyabr 2014-cü il tarixli, **********44614/1 və **********44614/2 nömrəli zaminlik müqavilələrinin təsdiq edilmiş surətlərndən görünür ki, ASC "Xalq" Bankı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. İş materiallarında olan 30 may 2017-ci il tarixli “26 sentyabr 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə“ 01 nömrəli Əlavə Sazişin təsdiq edilmiş surətindən görünür ki, həmin Sazişə əsasən ASC "Xalq" Bankı ilə birinci cavabdeh arasında kredit öhdəliyinin valyutasının konvertasiyası nəticəsində kredit üzrə əsas borcun məbləği 30 may 2017-ci il tarixinə 7032,57 manat məbləğində müəyyən edilmiş, kreditin qaytarılması müddəti 26 sentyabr 2020-ci il tarixinədək uzadılmış, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 23%-dən 18%-dək azaldılmışdır. İş materiallarında olan 30 may 2017-ci il tarixli 26 sentyabr 2014-cü il tarixli **********44614/1 və **********44614/2 nömrəli zaminlik müqavilələrinə 01 nömrəli Əlavə Sazişlərin təsdiq edilmiş surətindən görünür ki, ASC "Xalq" Bankı ilə birinci cavabdeh arasında bağlanmış Sazişin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 11 dekabr 2019-cu il tarixli 323, 324 və 325 nömrəli xəbərdarlıq məkublarının təsdiq edilmiş surətlətindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəliklərini icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərə öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh2 4002,45 manat kompensasiya ödənilmiş və 4002,45 manat məbləğində əsas qalıq borcu qalmışdır. İş materiallarında olan 31 may 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2020-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, ASC "Xalq" Bankı ilə Cavabdeh2 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsinin eləcə də 30 may 2017-ci il tarixli Əlavə Sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh2 ASC "Xalq" Bankına 31 may 2020-ci il tarixinə 4071,81 manat əsas, 970,09 manat faiz və 214,06 manat penya borcu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər MM-in 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair MM-in 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli **********144614 nömrəli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi MM-in 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh2 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsinə əsasən ona illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqavilələri bağlanmışdır. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. ASC "Xalq" Bankı ilə birinci cavabdeh arasında 30 may 2017-ci il tarixdə “26 sentyabr 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə“ 01 nömrəli Əlavə Saziş bağlanmış və həmin Sazişə əsasən iddiaçı ilə birinci cavabdeh arasında kredit öhdəliyinin valyutasının konvertasiyası nəticəsində kredit üzrə əsas borcun məbləği 30 may 2017-ci il tarixinə 7032,57 manat məbləğində müəyyən edilmiş, kreditin qaytarılması müddəti 26 sentyabr 2020-ci il tarixinədək uzadılmış, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 23%-dən 18%-dək azaldılmışdır. 30 may 2017-ci il tarixli 26 sentyabr 2014-cü il tarixli **********44614/1 və **********44614/2 nömrəli zaminlik müqavilələrinə 01 nömrəli Əlavə Sazişlərə əsasən iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış Sazişin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, cavabdehə 4002,45 manat kompensasiya ödənilmiş və 4002,45 manat məbləğində əsas qalıq borcu qalmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməmiş əsas kredit borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticəni düzgün hesab edir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Göründüyü kimi, yuxarıda iqtibas edilmiş Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiya bu fikirdədir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd edilən Fərmanın tələblərini nəzərə almış və buna uyğun qətnamə çıxarmışdır. Çünki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Bundan başqa məhkəmə kollegiyası öz növbəsində mülki işin obyektiv həlli baxımından məhkəmə mühasibatlıq ekspertizası keçirərək, müvafiq rəy almışdır. İşə əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiqi edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 17 iyul 2021-ci il tarixli, 9/3823 nömrəli ekspert rəyindən görünür ki, rəyin nəticə hissəsində göstərilənlərə əsasən "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh2 31.05.2020-ci il tarixə (maliyyə arayışında tələb edilən tarixə) banka olan borcu aşağıdakı kimi, müəyyən olunur. - əsas borc üzrə - 4.023,62 manat; - faiz borcu üzrə - 965, 67 manat. Həmçinin, öyrənilən işdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 9/3823 nömrəli ekspert rəyində ekspert qarşısında qoyulmuş “Tələb edilən məbləğ Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya nəzərə alınmaqla hesablanmışdır?” sualına cavab verilməmişdir. Lakin, hazırkı halda məhkəmə kollegiyası bunu yekun məhkəmə aktının çıxarılamsına maneə hesab etmir. Çünki, cavabdeh özü də etiraf edir ki, onun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, ona 4002,45 manat kompensasiya ödənilmişdir. Həmin məbləğ onun kredit borcundan silinməmişdir. Həmçinin, bununla bağlı iddiaçının nümayəndəsi də bildirmişdir ki, cavabdehin ödəniş qrafiki ilə hər-hansı bir geçikməsi olmadığından kompensasiya məbləği bilavasitə cavabdehin özünə verilmişdir. Bu baxımdan da apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri əsassızdır və şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, tərəflər apellyasiya şikayətində qətnamənin qeyri-obyektiv olmasını qeyd etsələr də, iddia tələbinə etirazının əsası kimi, o cümlədən də apellyasiya şikayətlərinin dəlillərini təsdiq edən sübutları əsaslandırmamışlar, bununla bağlı hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməməklə, apellyasiya şikayətlərini öz formal mülahizələri əsasında əsaslandırmağa çalışmışlar. MPM-in 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat pul vəsaiti cavabdeh X4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC “Xalq” Bankı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tаrixli, 2(037)-420/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar