Məhkəmə qərarları › İş №2(107)-626/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-626/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-626/2020 12.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı1 Kamil oğlunun Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 15yanvar 2016-cı il tarixli, 2(054)-31/2016 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin geri qaytarılması barədə Oğuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyinin yoxlanılması barədə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-31/2016 nömrəli qərdadından Oğuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 Kamil oğlunun Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-31/2016 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək Cavabdeh1 borc məbləği olaraq 4985 manat, həmin məbləğə görə əldən çıxmış fayda kimi 100 manat, nümayəndənin göstərdiyi yardıma görə 50 manat, nümayəndəyə verilən etibarnaməni notariat qaydasında təsdiq edilməsi üçün ödənilən 5 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilən 30 manat - cəmi 5170 (beş min bir yüz yetmiş) manat tutularaq İddiaçı1 Kamil oğluna ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, həmin qətnamə üzrə icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Oğuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh1 cəmi 5170 (beş min bir yüz yetmiş) manat tutularaq İddiaçı1 Kamil oğluna ödənilməsinə dair icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx xxxxxx 2019-cu il tarixli qərarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.3-cü maddələrinə əsasən geri qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh1 7 nəfər ailə üzvü ilə birlikdə adına olan, Oğuz rayonu Astraxanovka kəndində yerləşən cəmi 7,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,035 hektardan ibarət hissəsinin üzərinə icra məmurunun təqdimatı əsasında Oğuz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 8(054)-27/2018 nömrəli qərardadı ilə həbs qoyulmuşdur. 0,035 hektar torpaq sahəsi Oğuz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “xxxx” MMC-nə göndərilmiş və həmin əmlak 12.250 (on iki min iki yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. Əmlak hərrac vasitəsilə satılması məqsədi ilə “X2” MMC-nə göndərilmiş, lakin sifarişçi olmadığından hərrac baş tutmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak tələbkara təklif olunmuş, lakin tələbkar Oğuz rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubda təklifdən imtina etdiyini bildirmişdir. Ona görə də “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə əsasən icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, eyni zamanda, tələbkar və borclu hazırki iş üzrə məhkəmə iclasına gəlməmişlər. Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxxxx 2020-ci il tarixli 2(054)-31/2016 nömrəli qərardadı ilə İddiaçı1 Kamil oğlunun Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-31/2016 nömrəli qətnaməsinə dair icra sənədinin geri qaytarılması barədə Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmış, icra sənədi, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün Oğuz rayon İcra və Probasiya Şöbəsinə qaytarılması qərara аlınmışdır. Oğuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 qərardaddan narazı qalaraq şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-31/2016 nömrəli qətnaməsinə dair icra sənədinin geri qaytarılması barədə icra məmurunun xx xxxxxx 2019-cu il tarixli qərarı əsassız olaraq ləğv edilmişdir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-31/2016 nömrəli qərardadının ləğv edilməsi, əks halda şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-31/2016 nömrəli qərardadı ilə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-31/2016 nömrəli qətnaməsinə dair icra sənədinin geri qaytarılması barədə Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsinə dair məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(054)-31/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq Oğuz Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, İddiaçı1 Kamil oğlu və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-31/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.4-cü maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi, tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, üzərinə həbs qoyulmuş əmlak satılması üçün hərraca çıxarılmazdan əvvəl də tələbkara təklif olunur. Tələbkar imtina etdiyi halda, əmlak satılması üçün hərraca çıxarılır. Əmlak hərracda satılmadığı halda, tələbkara yenidən təklif olunur. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx xxxxxx 2019-cu il tarixli qərarı və ona əlavə edilmiş sənədlərdən isə tələbin üzərinə həbs qoyulmuş əmlaka yönəldilməsi barədə qanunvericilikdə nəzərdə tutulan həmin prosedur qaydalarına tam şəkildə riayət olunduğu müəyyən edilmir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx xxxxxx 2019-cu il tarixli qərarı və ona əlavə edilmiş sənədlərdə üzərinə həbs qoyulmuş 0,035 hektar torpaq sahəsinin “xxxx” MMC tərəfindən 12.250 (on iki min iki yüz əlli) manat məbləğində qiymətləndirildiyi göstərilsə də, həmin məbləğin 7,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,035 hektardan ibarət hissəsinin deyil, bütövlükdə 7,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dəyəri olduğu və “xxxx” MMC tərəfindən təqdim edilmiş sənəddə 0,035 hektar torpaq sahəsinin dəyərinin texniki səhv olaraq 12.250 (on iki min iki yüz əlli) manat qeyd edildiyi ehtimal edilir. Lakin icra məmuru həmin anlaşılmazlığı aradan qaldırmaq üçün müvafiq tədbirlər görməmiş, 0,035 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qətiyyən ağlabatan və inandırıcı olmayan bir dəyərlə hərraca çıxarmış, sonradan isə əmlakın hərracda satılmaması əsası ilə həmin əmlakı tələbkara təklif etmişdir. Bununla da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədinin icrası ilə əlaqədar tələbkara icra sənədində qeyd olunan 5170 (beş min bir yüz yetmiş) manat məbləğin müqabilində real olaraq həmin məbləğlə müqayisəyə gəlməyəcək dərəcədə cüzi dəyərə malik olan əmlak təklif edilmişdir. Daha sonra icra məmuru əmlakın hərracda satılmadığını və tələbkarın da əmlakı qəbul etmək barədə təklifdən imtina etdiyini əsas götürərək icra sənədini əsassız olaraq geri qaytarmışdır. Göründüyü kimi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd edilən əsaslarla icra sənədinin məhkəməyə qaytarılması qanunvericiliyin tələbinə uyğun olmamışdır. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-31/2016 nömrəli qətnaməsinə dair icra sənədinin geri qaytarılması barədə Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx xxxxxx 2019-cu il tarixli qərarı mülki və mülki-prosessual qanunvericiliyin, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-31/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Oğuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-31/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar