Məhkəmə qərarları › İş №2(107)-626/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-626/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-626/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və X7 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X17 ibarət tərkibdə, X24 qızının katibliyi ilə, İddiaçı oğlunun (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2 və X7 qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, e-2(075)- 484/2023 nömrəli qətnaməsindən iddiaçı, Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-2(075)-484/2023 nömrəli əlavə qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və Cavabdeh2 arasında 22 aprel 2015-ci il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, borc verən (iddiaçı) hissə-hissə, heç bir faiz tələb etmədən borc pul verməyi, borc alan (Cavabdeh2) isə borc pul məbləğini qəbul edib, tələb olunan vaxtdan 3 ay ərzində borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı və Cavabdeh2 arasında 02 aprel 2020-ci il tarixdə bağlanmış üzləşmə aktından görünür ki, tərəflər təsdiq edirlər ki, 02 aprel 2020-ci il tarixinə Cavabdeh2 iddiaçıya 32.120 manat, 24.000 ABŞ dolları, 267.537,84 rubl məbləğində borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35.040 manat, 24.000 ABŞ dolları, 267.537,84 Rusiya rublu məbləğində borcun, ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və X5 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, Rusiya Federasiyasında yaşamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2015-cı ildə qaynı, yəni Cavabdeh2 Şamil oğlu ona müraciət edərək aldığı təmirsiz mənzilləri təmir etdirmək istədiyini, lakin bunun üçün pulu olmadığından ona borc pul verməsini xahiş etmişdir. O, Vüqardan borcunu necə qaytaracağını soruşduqda Vüqar, onun verəcəyi borc pul məbləği ilə təmirsiz mənzilləri təmir etdirdikdən sonra kirayə verib alacağı kirayə pulu ilə borcunu hissə-hissə olmaqla qaytaracağını bildirmişdir. O, Vüqarın yaxın qohumu olmasını, həmin mənzilləri də əvvəllər ona verdiyi borc əsasında aldığını və aldığı borcunu ona qaytarmasını nəzərə alaraq ona yenə də borc vermək qərarına gəlmişdir. Buna görə də 22 aprel 2015-cı il tarixdə aralarında borc müqaviləsi bağlamışlar. Belə razılığa gəlmişlər ki, borc məbləğini tələb etdiyi vaxtdan 3 ay ərzində geri qaytaracaq. Borc pulun bir hissəsini bank vasitəsi ilə şəxsən öz adından, bir hissəsini isə yanında işləyən bacısı oğlu X8 vasitəsilə Cavabdeh2 Şamil oğluna göndərmişdir. Öz adından bank vasitəsilə Cavabdeh2 Şamil oğluna 13 may 2015-cı il tarixdə 5000 ABŞ dolları, 22 iyun 2016-cı il tarixdə 5000 ABŞ dolları, 14 dekabr 2016-cı il tarixdə 67.537,84 Rusiya rublu, 14 avqust 2019-cu il tarixdə isə 200.000 Rusiya rublu məbləğində pul göndərmişdir. Bacısı oğlu X4 vasitəsi ilə isə bankdan Cavabdeh2 Şamil oğluna 09 sentyabr 2016-cı il tarixidə 5000 ABŞ dolları, 30 may 2017-ci il tarixdə 4000 ABŞ dolları və 01 iyun 2017-ci il tarixdə 5000 ABŞ dolları məbləğində pul göndərmişdir. Bundan başqa aralarında olan razılığa əsasən o, cavabdehə icazə vermişdir ki, ona məxsus ünvan 1 ünvanda yerləşən 69 nömrəli mənzili və ünvan 2 ünvandan yerləşən 2318 nömrəli mənzili kirayə versin və kirayə haqqını da özünə götürsün. Cavabdeh2 Şamil oğlu, ünvan 1 ünvandan yerləşən 69 nömrəli mənzili 1 aylıq kirayə haqqı 380 manat olmaqla 21 avqust 2016-cı il tarixdən 01 avqust 2020-ci il tarixədək olan 48 ay ərzində kirayə haqqı olan 18.240 manat məbləğində pulu və ünvan 2 ünvandan yerləşən 2318 nömrəli mənzili 1 aylıq kirayə haqqı 350 manat olmaqla 16 avqust 2016-cı il tarixdən 01 avqust 2020-ci il tarixədək olan 48 ay ərzində kirayə haqqı olan 16.800 manat məbləğində pulu borc olaraq özünə götürmüşdür. Beləliklə, Cavabdeh2 Şamil oğlu ondan 35.040 manat, 24.000 ABŞ dolları və 267.537 Rusiya rublu məbləğində borc almış və bu günə qədər də borcunu ödəməmişdir. 2020-ci ildə ona məlum olmuşdur ki, cavabdehlər arasında münasibətlər gərginləşmiş və onların arasında böyük ailə daxili münaqişə yaranmışdır. Cavabdehlər arasında yaranmış problemlərin düzəlmədiyini gördükdən sonra o, bu məsələnin yekunda onun üçün də problem yaradacağını ehtimal etdiyi üçün Cavabdeh2 müraciət edərək aldığı borcu qaytarmasını tələb etmişdir. Cavabdeh2 isə hazırda borcunu qaytarmaq üçün imkanın olmamasını əsas gətirərərək borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. Lakin bu günə qədər Cavabdeh2 aldığı borcunu ödəməmişdir. Həmçinin borcun ödənilməsi ilə bağlı etdiyi müraciətlər və apardığı danışıqların isə heç bir nəticəsi olmamışdır. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)-484/2023 nömrəli iş üzrə qəbul etdiyi 11 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) İddiaçı oğlunun cavabdeh X7 qarşı 35.040 manat, 24.000 ABŞ dolları, 267.537,84 Rusiya rublu məbləğində borcun tutulması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, 01 sentyabr 2023-cü il tarixli əlavə qətnaməsi ilə Cavabdeh2 35.040 manat, 24.000 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və 267.537,84 rubl (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və iş üzrə ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun tutularaq X11 xeyrinə ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, X1 Vüqar Şəmil oğluna qarşı birgə nikah dövründə əldə edilən əmlakın bölünərək 1/2 payın müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırarkən Cavabdeh2 da ona qarşı qarşılıqlı iddia ərizəsi verərək X9 və X12 alınmış və birgə nikah dövründə yaranmış ümumilikdə 62.500 ABŞ dolları, 470.600,84 rubl və 40.540 manat məbləğində borcun 1/2 hissəsinin və 30 manat dövlət rüsumunun X5 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin onun bu tələbi təmin edilməmişdir. Göründüyü kimi, apellyasiya və kassasiya instansiyası məhkəmələri Cavabdeh2 X7 qarşı olan qarşılıqlı iddiasını təmin etməyərək, tələb edilmiş pul məbləğlərinin X5 da tutulmamasını əsaslı hesab etmişlər. Beləliklə, Cavabdeh2 tələb edilən borc pulun X5 tutulması yuxarı instansiya məhkəmələrinin qərarları ilə mümkünsüz hesab edildiyindən, eyni zamanda pulun verilməsinə əsas olmuş borc müqaviləsinin iddiaçı ilə Cavabdeh2 arasında bağlanmasını əsas götürən məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi cavabdeh Ülkər Qəhrəmanovaya münasibətdə təmin edilə bilməz. Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı X9 müxtəlif vaxtlarda cəmi 35.040 manat, 24.000 ABŞ dolları və 267.537,84 rubl borc almışdır. Ümumi məbləğdən 2000 manatını iddiaçının evinin təmirinə xərcləmişdir. Tələb edilən qalan məbləğləri isə öz ailəsinə xərcləmişdir. Həmin pulları iddiaçı ona ev almaq məqsədi ilə vermişdir. Qeyd edilən borc məbləğlərinin ona verilməsindən cavabdeh X6 da məlumatı olmuşdur. İş materiallarında olan 22 aprel 2015-ci il tarixli borc müqaviləsindən görünür ki, X2 Vüqar Şəmil oğluna müxtəlif vaxtlarda hissə-hissə, heç bir faiz tələb etmədən borc verməyi, Cavabdeh2 isə borcu 3 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 02 aprel 2020ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh2 X15 02 aprel 2020-ci il tarixə 32.120 manat, 24.000 ABŞ dolları və 267.537,84 rubl borcu olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatına və iddia ərizəsinə əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək, onları borcun etirafı kimi qəbul etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Lakin məhkəmə qeyd edir ki, Cavabdeh2 borc məbləğinin aldığını tam etiraf etsə də, həmin puldan 2000 manatını iddiaçının özünə xərclədiyini bildirmişdir. Bununla bağlı cavabdeh hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə onun bu izahatına tənqidi yanaşır və iddianın borc məbləğinə münasibətdə tam təmin olunmasını əsaslı hesab etmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 739, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.5, 77.1, 88, 119.1, 191.3, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək 11 may 2023-cü il tarixli qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti və apellyasiya şikayətinə düzəliş barədə ərizə verərək 01 sentyabr 2023-cü il tarixli əlavə qətnamənin ləğv olunması və iddia tələbində göstərilən borc məbləğinin ondan və cavabdeh X5 bərabər qaydada tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçı oğlunun apellyasiya şikayətinin dəlilləri Məhkəmə bundan əvvəl cavabdehlər arasında və iddiaçı ilə cavabdeh X18 arasında olan məhkəmə prosseslərinin nəticələrinə dair məhkəmə aktlarına istinad etməklə iddianı rədd etmiş və iddia tələbinin Cavabdeh2 münasibətdə hissəsi üzrə icraata xitam vermişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi kifayət qədər mötəbər sübutlardan açıq-aşkar görünür ki, Cavabdeh2 iddiaçıdan külli miqdarda borc almışdır. Digər cavabdeh X14 isə qətiyyətlə belə bir borcdan məlumatlı olmasını inkar etsə də, keçmiş əri Cavabdeh2 qeyd edilən daşınmaz əmlakları hansı qazancı hesabına əldə etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda Cavabdeh2 cavabdeh X6 ona qarşı olan iddiası zamanı məhkəmə iclasında aldığı borc barədə məlumatlı olmasını bildirdiyi və bununla bağlı həmin məhkəmə prossesinin audio-video yazısının dinlənilməsi barədə vəsatət versə də, nədənsə məhkəmə həmin vəsatəti təmin etməmişdir. Hazırda məhkəmənin mövqeyindən belə çıxır ki, cavabdehlər heç bir problem olmadan iddiaçıya məxsus olan pullarla əldə etdiklərini rahatlıqla öz aralarında bölə bilərlər, iddiaçıdan aldığı pullarla istədiklərini edə bilərlər, iddiaçıya olan borclarını qaytarmalı deyillər və iddiaçının da əziyyətlə qazandığı pullarını onlardan tələb etmək hüququ yoxdur. İddiaçıya elə gəlir ki, baş verən bütün bu prosseslər cavabdehlərin özləri tərəfindən məqsədli və qərəzli şəkildə təşkil və təmin edilmiş oyundan başqa bir şey deyildir və məhkəmə də onların bu oyununu təsdiq etmək üçün sadəcə bir alətdir. Məqsəd isə cavabdehlər tərəfindən iddiaçıya məxsus olan pulları mənimsəməkdən başqa bir şey deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən iddiaçının cavabdehlərə verdiyi borc Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə onların ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cımaddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Göründüyü kimi cavabdehlər nikah dövründə birgə qazancları hesabına deyil iddiaçıdan almış olduqları borc hesabına əldə etdikləri əmlakları öz aralarında böldükləri halda məhkəmə cavabdehlərin iddiaçıdan aldıqları borc məbləğini onların arasında bölməkdən imtina etməklə iddiaçının hüquqlarını və qanunvericliyin tələblərini kobud şəkildə pozmuşdur. b) Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 22 aprel 2015-ci ildə İddiaçı oğlu ilə borc müqaviləsi bağlamışdır. Cavabdeh2 tərəfindən alınmış borc məbləği birgə nikah dövründə əldə olunmuş Şəki şəhəri, X29 prospekti, ev 149B, 12 saylı mənzilin alınmasına və nikah dövründə əldə etdikləri digər mənzillərin təmirinə və onların içərisində olan əşyaların alınmasına xərclənmişdir. Cavabdeh X14 isə qətiyyətlə belə bir borcdan məlumatlı olmasını inkar etsə də, Cavabdeh2 qarşı olan iddiası zamanı məhkəmə iclasında aldığı borc barədə məlumatlı olmasını bildirmişdir. Belə ki, Vüqar X3rşı qarşılıqlı iddiası üzrə apellyasiya şikayəti verilən zaman, 2(107)-1266/2022 nömrəli işə Şəki Apellyasiya Məhkəməsində baxılarkən Vəkil2 tərəfindən Cavabdeh1 ünvanlanan sual nəticəsində Cavabdeh1 X13 həyat yoldaşının adına olan evlərin Cavabdeh2 tərəfindən kirayə verildiyini və kirayə haqqlarının onun tərəfindən alındığını təsdiq etmişdir. Bu da X15 olan borcun yaranmasının əsaslarından biridir. Həmin evlərin mövcud olması barədə Şəki Rayon Məhkəməsinə sənədlər təqdim edilmişdir. Eyni zamanda bununla bağlı məhkəmə protokolları və audio yazı sənədləri mövcuddur. Lakin məhkəməyə həmin protokolların sübut kimi təqdim edilməsi üçün verilən vəsatətlər də təmin olunmamışdır. Məhkəmənin qətnaməsinə əsasən həmin borc vəsaiti ilə təmir olunan mənzillər, onların içərisində olan əşyalar, daşınmaz əmlak olan Şəki şəhəri, X29 prospekti, ev 149B, 12 saylı mənzil hazırki iş üzrə cavabdehlərin ümumi əmlakı hesab olunaraq X14 ilə Cavabdeh2 arasında bölünmüşdür. Bu əmlaklar cavabdehlərin ümumi əmlakı hesab olunursa onlara çəkilən xərclər də cavabdehlərin ümumi xərci hesab olunmalıdır və əgər bu xərclər borc alınmış vəsait hesabına ödənilmişdirsə bu borc da cavabdehlərin ümumi borcu hesab olunmalıdır və hər iki cavabdehdən tutulmalıdır. Cavabdeh2 dövlət qulluqçusu və polis əməkdaşıdır. Aylıq gəliri haqqında arayışı məhkəməyə təqdim etmişdir. Təxminən aylıq 700 (yeddi yüz) manat əmək haqqı alır və bu maaşla bu qədər xərclərin ödənilməsi mümkün olmadığı üçün bu mənzilləri almaq, təmir etmək və əşyalarla təmin etmək üçün borc almışdır. Həmçinin həmin borc məbləği övladlarının təhsil haqqının ödənilməsi, ailə üçün tələb olunan digər xərclərə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Borc pul Cavabdeh2 göndərilsə də həmin pul birgə nikah dövründə xərcləndiyi üçün həmin borc məbləği həm də X6 borcu hesab olunmalıdır və həmin borc məbləği həm də X5 tələb edilməlidir. Göründüyü kimi Məhkəmənin mövqeyi tamamilə əsassızdır. Bununla da Şəki Rayon Məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almayaraq əsassız əlavə qətnamə qəbul etmişdir. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Belə ki, Cavabdeh2 borcu X9 nikah dövründə almışdır. Buna baxmayaraq Şəki Rayon Məhkəməsi Ailə Məcəlləsinin bu müddəasına əməl etməmiş və birgə nikah dövründə əldə olunmuş borc məbləğini yanlız Cavabdeh2 tutulmasını qət etmişdir. Həmin borc vəsaiti ilə təmir olunan mənzillər, onların içərisində olan əşyalar, daşınmaz əmlak olan Şəki şəhəri, X29 prospekti, ev 149B, 12 saylı mənzil ümumi əmlak hesab olunaraq X14 ilə Cavabdeh2 arasında bölünmüşdür. Bu əmlaklar ümumi əmlak hesab olunursa onlara çəkilən xərclər də ümumi xərc hesab olunmalıdır. Lakin Şəki Rayon Məhkəməsi əsassız mövqe tutmuş, çıxardığı əlavə qətnamədə X9 alınan borc vəsaitinin yalnız Cavabdeh2 tutulmasını qət etmişdir. Nəticədə Şəki Rayon Məhkəməsi tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Tərəflər apellyasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Verilmiş apellyasiya şikayətlərində qətnamənin tam ləğvi xahiş edildiyindən, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra -Məhkəmə) prosessual qanunvericiliyin 372.6-cı müddəasını nəzərə almaqla qeyd edir ki, hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(hüquq münasibətlərinin yarandığı dövrdə, 24 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməməli, həmin qətnamə dəyişdirilmədən saxlanılmalı, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 01 sentyabr 2023-cü il tarixli əlavə qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti isə qismən təmin edilməli, qətnamə borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, 22 aprel 2015-ci il tarixli borc müqaviləsindən görünür ki, hazırki iş üzrə iddiaçı Məhərrəm Rəhimov və Cavabdeh2 arasında bağlanmış həmin müqaviləyə əsasən iddiaçı cavabdehə borc pul vermişdir. Cavabdeh2 məhkəməyə verdiyi izahatında, onunla iddiaçı arasında 22 aprel 2015ci il tarixli borc müqaviləsinin bağlandığını və həmin müqavilə əsasında onun iddiaçıdan 35.040 manat, 24.000 ABŞ dolları və 267.537,84 Rusiya rublu məbləğində pul aldığını etiraf etmişdir. İddiaçıdan göstərilən məbləğdə borc aldığını təsdiq edən Cavabdeh2, eyni zamanda həmin vəsaitin 2000 manat hissəsini iddiaçıya məxsus evin təmirinə sərf etdiyini bildirmişdir. Göstərilənlərə əsasən Rayon Məhkəməsi Cavabdeh2 yuxarıda qeyd olunan izahatını iddianın etirafı kimi qəbul etmiş və iddia tələbini həmin cavabdehə münasibətdə qismən, yəni 35.040 manat, 24.000 ABŞ dolları və 267.537,84 rubl məbləğində pulun Cavabdeh2 iddiaçının xeyrinə tutulması hissəsində təmin etmişdir. Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, iş üzrə tərəflərin verdikləri məlumatlara və işdə olan sənədlərə əsasən işin halları kimi müəyyən edilir ki, iddiaçı, onunla Cavabdeh2 arasında bağlanmış 22 aprel 2015-ci il tarixli borc müqaviləsinə əsasən müxtəlif tarixlərdə sonuncuya borc pul vermiş, Cavabdeh2 işlərini yekunlaşdırdıqdan sonra aldığı borcu geri qaytaracağını vəd etmişdir. Lakin Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı borcu qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh2 22 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçıdan aldığı borcu müqavilə ilə razılaşdırılmış müddətdə qaytarmamışdır. Odur ki, Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri Cavabdeh2 tərəfindən yerinə yetirilməli, iddiaçıdan alınmış borc sonuncuya qaytarılmalıdır. Tərəflər arasında yaranmış borcun məbləği ilə bağlı isə Məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh2 Rayon Məhkəməsinə verdiyi izahatında bildirir ki, onun iddiaçıya 22 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.040 manat, 24.000 ABŞ dolları və 267.537,84 Rusiya rublu məbləğində borcu yaranmış və ödənilməmiş qalmışdır. İddiaçı və Cavabdeh2 arasında aparılan və hər iki tərəfin imzası ilə təsdiq edilən 02 aprel 2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh2 02 aprel 2020-ci il tarixə iddiaçıya olan borcunun 32.120 manat, 24.000 ABŞ dolları və 267.537,84 rubl məbləğində olduğunu təsdiq etmişdir. Göründüyü kimi, borcun məbləği ilə bağlı Cavabdeh2 məhkəməyə verdiyi şifahi izahatlarında göstərdikləri ilə məhkəməyə təqdim olunmuş üzləşdirmə aktında göstərilənlər arasında ziddiyyətlər mövcuddur. Belə ki, cavabdehin izahatlarında borcun məbləği 35.040 manat, 24.000 ABŞ dolları və 267.537,84 rubl olduğu halda, üzləşdirmə aktında həmin məbləğ 32.120 manat, 24.000 ABŞ dolları və 267.537,84 rubl təşkil edir. Belə olan vəziyyətdə Məhkəmə borcun məbləğinin müəyyən edilməsində işdə olan yazılı sübutu 02 aprel 2020-ci il tarixli üzləşmə aktını daha mötəbər sübut kimi qəbul edir və belə qənaətə gəlir ki, Cavabdeh2 iddiaçıya olan borcu 32.120 manat, 24.000 ABŞ dolları və 267.537,84 Rusiya rublu məbləğindədir. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, Cavabdeh2 iddiaçıdan borc aldığı pulun 2000 manatını sonuncuya məxsus evin təmirinə xərclədiyini bildirsə də, buna dair hər hansı sübut təqdim edə bilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilmir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh2 iddiaçıya olan borcu 35.040 manat deyil, 32.120 manat, habelə 24.000 ABŞ dolları və 267.537,84 Rusiya rublu təşkil edir və həmin pulun cavabdehdə qalmasının hüquqi əsası yoxdur. Göründüyü kimi, Rayon Məhkəməsi iddiaçının xeyrinə tutulmalı olan borcun məbləğini müəyyən edərkən, işdə olan 02 aprel 2020-ci il tarixli üzləşmə aktını nəzərə almamış, nəticədə borc məbləğini düzgün müəyyən etməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə 35.040 manat pulun tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 32.120 manat müəyyən edilməlidir. Bununla yanaşı Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq iş üzrə digər cavabdeh Ülkər Qəhrəmanovaya münasibətdə iddia tələbini təmin etməmişdir. Belə ki, iddiaçıdan 35.040 manat, 24.000 ABŞ dolları və 267.537,84 Rusiya rublu məbləğində borc aldığını etiraf edən Cavabdeh2 bildirir ki, həmin borc bərabər hissədə onunla yanaşı, digər cavabdeh Ülkər Qəhrəmanovaya da aid edilməlidir. Çünki həmin borc, Cavabdeh2 əldə etdiyi daşınmaz əmlakların təmirinə xərclənmiş, sonradan isə həmin əmlaklar kirayə verilmişdir. Hazırda isə məhkəmə qətnamələri ilə sözügedən əmlaklar üzərində 1/2 hissədə onun və Ülkər Qəhərmanovanın payları müəyyən edilmişdir. Belə olan halda, iddiaçıdan alınmış vəsait də onların, yəni keçmiş ər-arvadın ümumi borcu hesab edilməlidir. Müzakirə olunan hissədə Cavabdeh2 mövqeyi ilə üst-üstə düşən iddiaçının mövqeyi də ondan ibarətdir ki, onun verdiyi borc hər iki cavabdehə aid edilməlidir. Məhkəmə iddiaçı və Cavabdeh2 bu dəlilləri ilə razılaşmır. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(075)- 20/2022 saylı qətnaməsindən görünür ki, X6 (hazırki iş üzrə cavabdeh) Cavabdeh2 (hazırki iş üzrə digər cavabdeh) qarşı birgə nikah dövründə əldə edilən əmlakın bölünərək 1/2 payın müəyyən edilməsi tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Cavabdeh2 X7 qarşı X9 və X12 alınmış və birgə nikah dövründə yaranmış ümumilikdə 62.500 ABŞ dolları, 470.600,84 rubl və 40.540 manat məbləğində borcun 1/2 hissəsinin və 30 manat dövlət rüsumunun X5 tutularaq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiası isə rədd edilmişdir. Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsini apellyasiya və kassasiya qaydasında mübahisələndirsə də, cavabdehin şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Cavabdeh2 iddiaçıdan aldığı borcun, onunla Ülkər Qəhərmanova ilə qurduğu birgə ailənin rifahı üçün sərf olunduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, bu hal sübuta yetməyincə bu barədə tələblər (dəlillər) də əsaslı hesab edilə bilməz. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, Cavabdeh2 və iddiaçının dəlilləri ilə razılaşmır və hesab edir ki, Rayon Məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə əsaslıdır. Beləliklə, Məhkəmə, MPM-nin 384.0.1-ci və 384.0.3-cü maddələrində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş ürə qəbul etdiyi 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, 01 sentyabr 2023-cü il tarixli əlavə qətnaməsi isə cavabdeh Vüqar Qəhrəmanodan 35.040 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməli, həmin məbləğ 32.120 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakter daşısa da, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2023cü il tarixli əlavə qətnamə Cavabdeh2 35.040 manat pulun tutularaq X11 xeyrinə ödənilməsi hissəsində dəyişdirilərək, həmin məbləğ 32.120 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar