Məhkəmə qərarları › İş №2(107)-627/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-627/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-627/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı “Finca Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X4 qızının katibliyi, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “Finca Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə Cavabdeh1 (borcalan) arasında 22 sentyabr 2015-ci il tarixli, **********1828 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana illik 23,74 % dərəcəsi ilə, 24 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 (borcalan) arasında 22 sentyabr 2015-ci il tarixli, **********4180 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana illik 23,74 % dərəcəsi ilə, 24 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Hər iki müqavilə üzrə kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh2 borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşdur. İddiaçı tərəfindən verilmiş maliyyə arayışlarına əsasən **********1828 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 xx.xx.2017-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 1348 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 233,06 manat; **********4180 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 xx.xx.2017-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 1400 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcu 258,99 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı(kreditor) borclular Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair əmr icraatı qaydasında məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixində bağlanmış **********1828 nömrəli kredit müqaviləsinə əsasən 1348 manat əsas borc, 233,06 manat faiz borcu olmaqla, cəmi 1581,06 manat; eyni tarixli, **********4180 nömrəli kredit müqaviləsinə əsasən 1400 ABŞ dolları əsas borc, 258,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1658,99 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində dövlət rüsmumunun iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 (borcalan) arasında 22 sentyabr 2015-ci il tarixdə **********1828 və **********4180 nömrəli kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən borcalana illik 23,74 % dərəcəsi ilə, 24 ay müddətinə 1500 manat və 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən borcalanın hər ay 80 manat və 80 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır, lakin borcalan üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Zamin Cavabdeh2 borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. Yevlax Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(039)-1440/2017 nömrəli məhkəmə əmri ilə iddiaçının tələbi təmin edilmişdir. Borclu Cavabdeh1 məhkəmə əmrinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, əmrin ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(039)-1440/ 2017 saylı qərardadı ilə məhkəmənin 17 mart 2017-ci il tarixli, 2(039)-1440/2017 saylı əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 2(039)-1557/2022 nömrəli iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia təmin edilmiş, 1348 manat əsas borc, 233,06 manat faiz borcu, cəmi 1581,06 manat, 1400 ABŞ dolları əsas borc, 258,99 ABŞ dolları faiz borcu cəmi 1658,99 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq “Finca Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatına ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22 sentyabr 2015-ci il tarixli, **********1828 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 23,74 illik faiz dərəcəsi ilə 24 ay müddətinə 1500 manat məbləğində, eyni tarixli, **********4180 nömrəli kredit müqaviləsinə əsasən 23,74 illik faiz dərəcəsi olmaqla 24 ay müddətinə 1500 ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zamin müqavilənin şərtləri ilə razılaşaraq müqaviləyə imza etmişdir. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuşlar. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər borcu ödəməmişlər. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 443, 445.1, 445.2.1, 448.1, 448.2, 449.1, 460.1, 465.2, 470.1, 472.1, 472.2, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 124-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Borcalan(cavabdeh) mübahisələndirilən kredit borcundan kifayət qədər ödənişlər etmişdir. Bununla belə iddiaçı ona qarşı tam əsassız olaraq hazırki iddianı qaldırmışdır. Məhkəmə isə heç bir əsas olmadan qətnamədə qeyd olunan məbləğdə borcun və dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X3 izahatında bildirmişdir ki, təmsil etdiyi tərəflə iddiaçı arasında bağlanılmış kredit müqavilələri Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli məlum Fərmanının təsiri dairəsinə düşsə də, iddiaçı həmin müqavilələri restruktruzasiya olunacaq borclar siyahısına əlavə etməmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı və Cavabdeh2 apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddiaçının iddiası cavabdeh (borcalan) Cavabdeh1 ilə yanaşı digər cavabdehlə münasibətdə də təmin edilsə də, o, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 qətnamənin tam ləğv edilməsini xahiş etsə də, Məhkəmə hesab edir ki, Cavabdeh1 digər cavabdehin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malikdir. O, digər cavabdehin nə faktiki, nə də qanuni nümayəndəsidir. Buna görə də, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə qeyd edilənləri nəzərə alaraq qətnamənin əsaslılğını yalnız Cavabdeh1 münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 (borcalan) arasında 22 sentyabr 2015-ci il də iki kredit müqaviləsi- **********1828 nömrəli və **********4180 nömrəli kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən borcalana illik 23,74 % dərəcəsi ilə, 24 ay müddətinə 1500 manat və 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh(borcalan) Cavabdeh1 öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Göründüyü kimi, borcalanın kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icra etməməsi(gecikdirməsi) aşkardır. Cavabdeh1 apellyasiya şikayətində kredit müqaviləsi üzrə yaranmış borc məbləğini mübahisələndirir. O, bildirir ki, kredit borcundan kifayət qədər ödənişlər etmişdir. Bununla belə iddiaçı ona qarşı tam əsassız olaraq hazırki iddianı qaldırmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, bu xüsusatı təsdiq edə və bu hissədə məhkəmənin gəldiyi nəticəni şübhə altına ala biləcək sübutları (məsələn: apellyasiya şikayətində qeyd etdiyi kimi borcalan tərəfindən ödənilmiş, lakin iddiaçı tərəfindən nəzərə alınmamış ödəniş sənədlərini) Məhkəməyə təqdim etməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2022-ci il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar