Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-628/2022 24.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və X1 qarşı “maddi və mənəvi ziyan tələbi”nə dair (Açar sözlər: maddi və mənəvi ziyan-sübutetmə yükü) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X2, İddiaçı1 (sonuncu prosesdə iştirak etmir) cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və X1 qarşı “maddi və mənəvi ziyan tələbi”nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(035)-03/2022 nömrəli qətnaməsindən iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası DT və XK-nin Zərdab rayon şöbəsinin müdiri A.Orucov və Dəkkəoba bələdiyyəsinin sədri H.Abdullayev tərəfindən təsdiq edilmiş ayrılan həyətyanı torpaq sahəsinin Planından görünür ki, İddiaçı1 Zərdab rayonu Dəkkəoba kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin Planda torpaq sahəsinin qonşu sərhədi kimi iki tərəfdən yol nəzərdə tutulmuşdur.
2. Dəkkəoba bələdiyyəsinin sədri H.Abdullayev, bələdiyyənin sədr müavini Ş.Əhmədov, bələdiyyənin üzvü İ.Məmişov və kənd sakini İddiaçı1 iştirakı ilə tərtib edilmiş 15.06.2006-cı il tarixli Aktdan görünür ki, İddiaçı1 Zərdab rayonu Dəkkəoba kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir.
3. Məhkəmə prosesinin gedişində tərəflərin iştirakı ilə keçirilən yerində müayinə zamanı sözügedən torpaq sahəsində iddiaçıya məxsus bir mərtəbəli fərdi yaşayış evinin olduğu, evin araxa tərəf hissəsindən mişar daşından hasar, qarşı tərəf hissəsindən isə qamışdan çəpər çəkildiyi, daş hasardan 3 m, qamış çəpərdən 3 m uzunluğunda olmaqla bir hissəsinin sökülmüş vəziyyətdə olduğu, həmçinin torpaq sahəsinin Planında nəzərdə tutulan iki yoldan birinin - evin arxa hissəsindən keçməklə işlək vəziyyətdə mövcud olduğu, ikinci yolun isə faktiki olaraq mövcud olmadığı müəyyən olundu. Cavabdehlər daş hasardan 3 m, qamış çəpərdən 3 m uzunluğunda olmaqla sökülən hissəsinin məhz ikinci yolun ərazisi olduğunu bildirdilər. İddiaçı torpaq sahəsinin Planında nəzərdə tutulan ikinci yolun yerini və mövcudluğunu göstərə bilmədi.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən sökülən mişar daşından olan hasarının və qamışçəpərinin bərpa olunması, ona vurulmuş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 10000 manat vəödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 20030 manat pulun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zərdab rayonu Dəkkəoba kənd bələdiyyəsinin prespektiv inkişaf fonduna aid torpaq sahəsindən 2006-cı ildə bir-neçə kənd sakininə, o cümlədən ona vəqardaşı Akşinə hər birinə fərdi yaşayış evi tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. Əvvəlki Azərbaycan Respublikası DT və XK-nin Zərdab rayon şöbəsinin müdiri və Dəkkəoba bələdiyyəsinin əvvəlki sədri tərəfindən təsdiq edilmiş, ayrılan həyətyanı torpaq sahəsinin Planından başqa onlara sözügedən torpaq sahəsinin ayrılması barədə başqa torpaq ayırma sənədi verilməmişdir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılıb faktiki ona və qardaşına təqdim edildiyindən başqa sənədlərin vacibliyini bilməmişdir. Buna baxmayaraq, o, həmin vaxtdan sözügedən həyətyanı torpaq sahəsindən istifadə edir, hətta hələlik yaşamasada orada özünə fərdi yaşayış evi tikmiş, torpaq sahəsinin kənarı ilə sonradan mişar daşından hasar və qamışdan çəpər çəkmişdir. Ona ayrılan torpaq sahəsinə, orada tikdiyi fərdi yaşayış evinə və tiklilərə dair hüquq müəyyənedici sənədləri və tiklilərə dair texniki pasportu yoxdur. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmədiyi üçün sözügedən daşınmaz əmlaklara dair Çıxarış almamışdır. Torpaq sahəsi naturada ona tanıdılarkən yanında ümumi istifadə üçün yol olması bildirilməmişdir. Ona görə də hasar və çəpəri çəkərkən qonşu torpaq sahəsi ilə aralarında yol üçün yer saxlamamış və bu səbəbdən qonşuları narazılıq etməyə başlamış və müxtəlif orqanlara şikayətlər etmişlər. 06.10.2020-ci il tarixdə Zərdab rayon İcra Hakimiyyətinin şöbə müdrləri Cavabdeh5 və Vasif Məhəmmədov, Dəkkəoba kənd icra nümayəndəsi Cavabdeh4, Dəkkəoba kənd icra nümayəndəliyinin mühasibi Cavabdeh3, Dəkkəoba kənd bələdiyyəsinin sədri Cavabdeh2 və kənd sakini Cavabdeh1 5 nəfər polis əməkdaşları ilə birlikdə gələrək, kənd sakinlərinin yolun bağlanmasından narazılıq etdiklərini bildirib ona məxsus daş hasardan 3 m, qamış çəpərdən də 3 m uzunluğunda olan bir hissəsini sökərək yol üçün ayırmışlar. Cavabdehlərin bu hərəkəti nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir.
6. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 31 yanvar 2022-ci il tarixli, 2(035)- 03/2022 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və X1 qarşı “maddi və mənəvi ziyan tələbi”nə dair iddiası təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təklif edilməsinə və məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, iddiaçı sözügedən torpaq sahəsinə və orada tikdiyi evə dair hər hansı bir hüquq müəyyənedici sənədi və tiklilərə dair texniki pasportu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında iddiaçı sözügedən həyətyanı torpaq sahəsinə və orada tikdiyi evə dair hər hansı bir hüquq müəyyənedici sənədinin və tiklilərə dair texniki pasportunun olmadığını bildirmişdir. İddiaçı sözügedən həyətyanı torpaq sahəsinin kənarı ilə çəkdiyi daş hasardan 3 m, qamış çəpərdən 3 m uzunluğunda olan bir hissəsinin cavabdehlər tərəfindən sökülməsi ilə onun mülkiyyət hüququna müdaxilə edildiyini, nəticədə ona maddi və mənəvi ziyan vurulduğunu iddia etsə də, izahat verməkdən savayı məhkəməyə hər hansı bir mötəbər sübut sözügedən həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair bələdiyyənin qərarını və bələdiyyə ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinı (o zaman alqı-satqı Aktını), sözügedən həyətyanı torpaq sahəsinə və orada tikdiyi evə dair mülkiyyət hüququ barədəhər hansı bir hüquq müəyyənedici sənədi və tiklilərə dair texniki pasportu məhkəməyə təqdim etməmişdir. İddiaçının iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı hər hansı bir digər sübutla möhkəmləndirilməməklə yanaşı, cavabdehlərin məhkəmə iclasında verdiyi izahatlarla tam təkzib edilmişdir. İddiaçının sözügedən həyətyanı torpaq sahəsinə və orada tikdiyi evə dair hər hansı bir hüquq müəyyənedici sənədi və tiklilərə dair texniki pasportu olmadığından çəkdiyi daş hasar və qamış çəpərin situasiyasını müəyyən etmək, eləcə də daş hasardan 3 m, qamış çəpərdən 3 m uzunluğunda olmaqla cavabdehlər tərəfindən sökülən hissənin iddiaçıya ayrılan torpaq sahəsinin hüdudları daxilində və ya kənarda olub-olmamasını müəyyənləşdirmək, bu məqsədlə müqayisəli tədqiqat və eyniləşdirmə aparmaq və zərurət halında məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi mümkün olmamışdır. Cavabdehlər daş hasardan 3 m, qamış çəpərdən 3 m uzunluğunda olmaqla onlar tərəfindən sökülən hissənin məhz həmin yerdə ümumi istifadə məqsədi ilə nəzərdə tutulan yol ərazisinə düşdüyü üçün sökdüklərini bildirmişlər. Məhkəmə iclasında tərəflərin iştirakı tədqiq edilən iddiaçıya ayrılan torpaq sahəsinə dair Planda da həqiqətən sözügedən torpaq sahəsinin qonşu sərhədi kimi iki tərəfdən yol nəzərdə tutulduğu, lakin həmin iki yoldan birinin faktiki mövcud olmadığı müəyyən olunmuşdur. İddiaçı öz iddiasını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməmişdir. İddiaçının sözügedən həyətyanı torpaq sahəsinə, orada tikdiyi evə və tiklilərə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və iddiaçının sözügedən həyətyanı torpaq sahəsinə və orada tikdiyi evə dair hər hansı bir hüquq müəyyənedici sənədi (tiklilərə dair texniki pasportu)olmadığından iddianın qanuni əsası yoxdur. Ona görə də iddia tələbi iddiaçının qanunla qorunmalı olan hüquq və azadlıqlarına aid deyildir. İddianın qanuni əsası olmadığından iddia təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 4.1, 14.2, 77.1, 184.2 və 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli və Avşar Türkiyəyə qarşı” iş üzrə qərarlarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 148.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsi 31 yanvar 2022-ci il tarixli, 2(035)-03/2022 saylı qətnaməsi ilə həyətyanı torpaq sahəsinə və tikdirdiyi yaşayış evi ilə bağlı heç bir hüquqi sənədlər olmadığına görə iddianı təmin etmədi. Məhkəmənin qeyd etdiyi sənədlər Dəkkəoba kəndində heç kimdə yoxdur. Burdan belə nəticəyə gəlmək olar ki, kəndlərindəki bütün həyətyanı torpaq sahələri və tikilmiş evlər qanunsuzdur. Zərdab Rayon Məhkəməsi 31 yanvar 2022-ci il tarixli, 2(0351-03/2022 saylı mülki iş üzrə qərar qəbul edərkən Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(0351- 26/2021 saylımülki işdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab Rayon Şöbəsi və Dəkkəoba Bələdiyyəsi tərəfindən təsdiq edilmiş ayrılan həyətyanı torpaq sahəsinin planına və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş arayışı nəzərə almamışdır. Onun dövlət tərəfindən tanınan və qorunan hüququ dövlət məmurları tərəfindən pozuldu. Onun min bir əzabla, xərclə öz həyətyanı sahəsinə çəkdiyi hasar əlində söküntü barədə qərar olmayan məmurlar tərəfindən uçuruldu. Birinci instansiya məhkəməsi onların mübahisələrinə şahid idi və cavabdehlərin əvvəlki iddialarını təmin etməmişdi. O ona Dəkkəoba Bələdiyyəsi tərəfindən verilmiş öz fərdi yaşayış sahəsində, həyətində evini hasarlamışdır. Nə hüquqdan sui-istifadə etmiş, nə də digər şəxslərin hüquqlarını pozmuşdur. Onun əmlakına ziyan dəymişdir. Və o bu gün həm maddi həm də mənəvi ziyana uğramışdır. Cavabdehlər ona dəymiş maddi və mənəvi ziyanı ödəməyə borcludurlar. Cavabdehlər öz vəzifə səlahiyyətlərindən istifadə edərək ona qarşı bu hərəkəti törətdilər. Ona birbaşa ziyan vuruldu və birinci instansiya məhkəməsi buna göz yumdu. Cavabdehlər ona vurduqları maddi və mənəvi ziyanla bağlı məsuliyyət daşıyırlar. Öz hüquqlarını birinci instansiya məhkəməsində müdafiə etməyə çalışsa da birinci instansiya məhkəməsi onu dinləmədi və əsassız qərar qəbul etdi. Ortada onun pozulmuş hüquqları vardır. O torpağı özbaşına zəbt etməmişdir. Ona qarşı qəsdən edilən bu qanun pozuntusuna son qoyulmalıdır. Onun hüquqlarını məhkəmə müdafiə etsin. Buna görə də pozulmuş hüquqlarının bərpası üçün Şəki Apellyasiya Məhkəməsinə müraciət edir. Birinci instansiya məhkəməsi 03 sentyabr 2021 -ci il tarixli, 2(035)-26/2021 saylı qətnaməsini qəbul edərkən nəzərə aldığı sübutları onun iddiası üzrə mülki işə baxarkən nəzərə almadı. 03 sentyabr 2021-ci il tarixli, 2(035)- 26/2021 saylı qətnaməsinin istinad etdiyi sənədləri sübut saymadı. Qeyd edilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(0351-26/2021 saylı qətnaməsini nəzərə alıb Zərdab Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(0351- 03/2022 saylı qətnaməsinin ləğv olunması və iddia tələbimin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmənin 26.04.2022-ci il tarixli iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o və qardaşı Akşin ayrı-ayrılıqda 0.12 ha olmaqla, cəmi 0.24 ha torpaq sahəsi almışlar. İndiyə kimi də həmin torpaqdan istifadə edir. Lakin torpağın rəsmi sənədi olmadığından, torpağa dair texniki sənəd və çıxarış almamışdır. Həmin torpaq sahəsinin bir hissəsini mişar daşı, bir hissəsini isə qamış çəpərlə bağlamışdır. Lakin cavabdehlər guya çəpərlədiyi ərazinin 3 m hissəsi yola düşür deyə sökmüşlər. Bunun da nəticəsində ona xeyli məbləğdə maddi ziyan dəymişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı və onun qardaşına bələdiyyə ərazisindən ümumilikdə 0.24 ha torpaq sahəsi ayrılmış və ölçülərək iddiaçıya təhvil verilmişdir. İddiaçı hazırda həmin torpaqda ev də tikib. Lakin iddiaçı özünə aid olmayan hissəni də bağlayaraq kənd camaatının yolunu bağlamışdır. Dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq iddiaçı heç bir nəticə çıxarmamışdır. İddiaçının bu hərəkətləri camaat arasında narazılığa səbəb olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsində işə baxılarkən hakim də yerində baxış keçirmiş və iddiaçının özünə məxsus ölçülərdən kənara çıxdığı məlum olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 da apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçıya özünə aid olmayan ərazini qamışla hasarlamaqla kənd camaatının gediş-gəliş yolunu bağlamışdır. Onlar beş nəfər əməkdaşla iddiaçının qapısına getmiş, lakin iddiaçı öz qanunsuz əməllərindən əl çəkmək istəməmişdir. Açılmış hissənin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçının torpağının ölçüləri yerindədir. Bunu rayon məhkəməsinin hakimi də yerində müəyyən etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Torpaq Məcəlləsi Maddə 47. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarınınvə qəbiristanlıqlarınaltındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətindən görünür ki, apellyator Zərdab Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(035)-03/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
22. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(035)-03/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İddia tələbi sökülmüş çəpərin bərpa edilməsi və vurulmuş zərərin ödənilməsi barədədir.
25. İddiaçı maddi zərər tələbinin əsası kimi cavabdehlər tərəfindən onun torpaq sahəsinin 3 metr enində mişar daşı və qamışdan hörülmüş çəpərinin sökülməsini göstərir.
26. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının istinad etdiyi halları sübut etməməsinə istinad etmişlər.
27. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.
28. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.
29. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Qanunvericililin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.
33. Birincisi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir
35. Üçüncü, Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
36. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
37. Dördüncü, yuxarıda qeyd olunduğu kimi MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
38. Lakin kollegiyanın araşdırması zamanı da təklif olunmasına baxmayaraq iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi kimi ehtimal olunan ziyanın məbləği və əldə edə biləcəyi həcmdə faydanın mənbəyi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, hesablama qaydasını heç bir sübuta söykənməyən riyazi hesablamaya isinad etməklə iddiasının təmin olunmasını xahiş etmişdir.
39. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiyası məhkəməsinin iddianı rədd etməklə mövqeyi əsaslı olmuşdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(035)-03/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(035)-03/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov