Məhkəmə qərarları › İş №2(107)-629/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-629/2022

28.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-629/2022 28.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sədi qızının Cavabdeh qarşı «sabit pul məbləği ilə aliment» tələbinə dair (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İddiaçı Sədi qızının, Cavabdeh iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(016)-1053/2021 saylı qətnaməsindən İddiaçı Sədi qızının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 13.09.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə sabit pul məbləği ilə hər ay 170 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 16.03.2021-ci il tаrixli, 2(016)-1053/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi, 13.09.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 22.09.2021-ci il tarixdən başlayaraq, hər ay 70 manat məbləğində, sabit pul şəklində alimentin tutularaq İddiaçı Sədi qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından uşaqları - 13.09.2011-ci il təvəllüdlü X3, 05.11.2012-ci il təvəllüdlü X4 və 15.09.2015-ci il təvəllüdlü X5 anadan olmuşlar. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 16.07.2020-ci il tarixli, 2(016)- 594/2020 saylı qətnaməsinə əsasən 13.09.2011-ci il təvəllüdlü X1 Cavabdeh alınaraq İddiaçı verilməsi, 05.11.2012-ci il təvəllüdlü X4 və 15.09.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh 16.06.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat məbləğində, sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə və tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Məhkəmə hesab etmişdir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 70 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2, 100.2-ci maddələri, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdehlə el adəti ilə evlənmiş və onların birgə nikahından 13.09.2011-ci il tarixdə Ayan, 05.11.2012-ci il tarixdə Elnar və 15.09.2015-ci il tarixdə isə Tahir adlı uşaqları olmuşdur. Cavabdehdən ayrılarkən 13.09.2011-ci il təvəllüdlü qızı Ayan cavabdehdə qalmışdır Ağsu Rayon Məhkəməsinin 16.07.2020-ci il tarixli, 2(016)-594/2020 saylı qətnaməsinə əsasən qızı Ayan da cavabdehdən alınaraq ona verilmişdir. Ayan atasında olduğu üçün məhkəmə aliment təyin etməmiş, lakin digər 2 uşaq üçün hər birinə 110 manat aliment təyin etmişdir. 16.07.2020ci il tarixdən cavabdeh Ayan üçün heç bir aliment və ya maddi köməklik göstərmədiyi üçün o, Ayanın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 170 manat aliment alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etsə də məhkəmə işin fakitik hallarını araşdırmadan iddia tələbini qismən təmin etmişdir. Belə ki, o. məhkəmə iclasında heç bir yerdə işləmədiyini və tək ana üçün 3 uşağın saxlanılması üçün çətinlik çəkdiyini bildirsə də iş baxan hakim Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan Azərbaycanda uşaqların minimum yaşayış həddini və uşağın xəstə olmaqla onun daimi müalicəyə ehtiyacı olmasını nəzərə almamışdır. Cavabdeh özü də məhkəmə iclasında tələb olunan miqdarda aliment ödəməyə razı olduğunu bildirmiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Sədi qızı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 2(016)-1053/2021 saylı 02.11.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, o, işləyir. Hər ay digər uşaqları üçün cəmi 220 manat aliment ödəyir. Himayəsində xəstə ata və anası var. Onların da ehtiyaclarını o, ödəyir. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin 2(016)-1053/2021 saylı 02.11.2021-ci il tarixli qətnaməsinin dəyişirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını apellyasiya şikayətinin həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tаrixli, 2(016)-1053/2021 saylı qətnaməsini alimentin tutulması hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin 70 manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 02.11.2021-ci il tаrixli, 2(016)-1053/2021 saylı qətnaməsi dəyişdirilməli, 13 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Sədi qızına verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 13.09.2011-ci il tarixdə X3, 05.11.2012-ci il tarixdə X4, 15.09.2015-ci il tarixdə X8 adlı uşaqları olmuşlar, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş 13.09.2011-ci il təvəllüdlü X3 atanın yanında qalmışdır. Digər uşaqlara görə cavabdeh hər ay hər uşaq üçün 110 manat aliment ödəyir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyatorun apellyasiya şikayətinin əsasının Azərbaycanda uşaqların minimum yaşayış həddinin 170 manat olması və uşağın xəstə olmaqla onun daimi müalicəyə ehtiyacı olmasıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı uşağın xəstə olmasını qeyd etsə də o, məhkəmə kollegiyasına bunla bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin digər- alimentin minimum məbləğinin 170 manat olması ilə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh digər uşaqları üçün hər ay hər birinə 110 manat aliment ödəyir. Bu baxımdan kollegiya uşaqların yaşlarının bir-birinə yaxın olmasını və ailə daxilində uşaqlar arasında ayrıseçkiliyə yolverilməməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh 13.09.2011-ci il təvəllüdlü X3 üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Sədi qızına ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 02.11.2021-ci il tаrixli, 2(016)-1053/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, 13 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Sədi qızına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Sədi qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tаrixli, 2(016)-1053/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Ağsu Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tаrixli, 2(016)-1053/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 70 (yetmiş) manat alimentin miqdarı artırılaraq 13 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Sədi qızına verilsin. Qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar