Məhkəmə qərarları › İş №2(107)-629/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-629/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-629/2023 25.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair Yevlax Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(039)-435/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MM QBKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinə əsasən əsas borc üzrə 4126,75 manat, faiz borcuna görə 20,51 manat olmaqla, cəmi 4147,26 manat məbləğində borcun və 61.48 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" MM QBKT-nin xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə "xxxx" MM QBKT-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0191 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 4549,25 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3,66 manat, dörd il müddətində isə hər ay 96,75 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0191-531392 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olunmuşdur. Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və əsas borca görə 4126,75 manat, faiz borcuna görə 20,51 manat olmaqla, cəmi 4147,26 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(039)-435/2023 saylı qətnaməsi ilə (hakim K.Əliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc üzrə 4126,75 manat, faiz borcuna görə 20,51 manat olmaqla, cəmi 4147,26 manat məbləğində borcun və ödənilmiş 61.48 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" MM QBKT-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh2 ilə "xxxx" MM QBKT-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0191 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 4549,25 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3,66 manat, dörd il müddətində isə hər ay 96,75 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0191-531392 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olunmuşdur. Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və əsas borca görə 4126,75 manat, faiz borcuna görə 20,51 manat olmaqla, cəmi 4147,26 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, əsas borc üzrə 4126,75 manat, faiz borcuna görə 20,51 manat olmaqla, cəmi 4147,26 manat məbləğində borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 FİNCA Azərbaijan” MM QBKT-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab etmişdir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 61.48 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739, 472.1, 442, 445.2.1, 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.1, 284-5.2, 284-5.3cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinə əsasən əsas borc üzrə 4126,75 manat, faiz borcuna görə 20,51 manat olmaqla, cəmi 4147.26 manat məbləğində borcun və 61.48 manat məbləğində ödənilmiş dövlət rüsumunun onlardan müştərək qaydada "FİNCA Azerbaijan" MM QBKT-nin xeyrinə tutulması barədə iddiasının təmin edilməsini xahiş etmişdir. Onlar məhkəməyə dəvət olunmamışlar, lakin məhkəmə qətnaməsini ona poçt vasitəsilə xx.xx.2023-cü ildə göndərilmişdir. Hesab etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, onun fikri öyrənilməmişdir və borcla bağlı mühasibatlıq ekspertizası təyin olunmamışdır. Ekspertiza təyin olunsa idi, onların borclarının 2000 (iki) min manat olduğu təsdiq olunardır. Aydın şəkildə məhkəmə tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmişdir. Halbuki məhkəmə sübutlara obyektiv, qərərsiz, hərətərfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır, əsaslandırılmalıdır. Halbuki “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 9.12.1994 ci il tarixli qərar, “Kuznetsov və digərləri Rusiya qarşı” 21.01,2007-ci il tarixli qərar və H.B.Belçikayaya qarşı iş üzrə qərarlarında Avropa İnsan Hüquqları üzrə Məhkəməsi göstərmişdir ki, insan hüquqları haqqda Avropa Konvensiyanın 6 maddəsinin 1 bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Milli məhkəmələr tərəfindən öz qərarları əsaslandırmaq tələbinə əməl olunması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqeylərini bərabərlik prinsipi göstərilməklə dinlənilməsini sübuta yetirilməməsinə nəticələnir. Onların “FİNCA Azerbaijan” MM QBKT-yə 4126,75 manat, faiz borcuna görə 20,51 manat olması məhkəmə tərəfindən birtərəfli aparılması düzgün nəticəyə gəlməməsinə gətirib çıxartmışdır. Hakim qətnamə çıxararkən sırf iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanmışdır. Odur ki, Yevlax Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(039)-435/2023 saylı qətnaməsinin dəyişdirilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(039)-435/2023 saylı qətnaməsinin dəyişdirilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(039)-435/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə "xxxx" MM QBKT-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0191 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 4549,25 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3,66 manat, dörd il müddətində isə hər ay 96,75 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0191-531392 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olunmuşdur. Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və əsas borca görə 4126,75 manat, faiz borcuna görə 20,51 manat olmaqla, cəmi 4147,26 manat borcu yaranmışdır. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, onlar məhkəməyə dəvət olunmamışlar, lakin məhkəmə qətnaməsi ona poçt vasitəsilə 13.03,2023-cü ildə göndərilmişdir. Hesab etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, onun fikri öyrənilməmişdir və borcla bağlı mühasibatlıq ekspertizası təyin olunmamışdır. Ekspertiza təyin olunsa idi, onların borclarının 2000 (iki) min manat olduğu təsdiq olunardır. Aydın şəkildə məhkəmə tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. İş materiallarında olan "xxxx" MM QBKT-nin tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borcu 4126,75 manat, faiz borcuna görə 20,51 manat olmaqla, cəmi 4147,26 manat təşkil etmişdir. Cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Hazırkı işdə isə ekspertiza təyin edilməsinə hər hansı bir əsas olmamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(039)-435/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(039)-435/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar