Məhkəmə qərarları › İş №2(107)-630/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-630/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-630/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, vərəsənin vəzifəsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(075)-131/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2014cü il tarixli, 3070tkSHEK/14 saylı kredit müqaviləsi üzrə 785.10 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin vərəsəsi-Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3070tkSHEK/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 30% ödəmək şərtilə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh xx.xx.2016-cı il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

5. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehlər Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Şəki Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(075)-131/2024 nömrəli qətnaməsi ilə (hakim E.Vəliyev) iddianın təmin edilməsi, Cavabdeh 785.10 (yeddi yüz səksən beş manat on qəpik) manat borc və və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30.40 (otuz manat qırx qəpik) manat pulun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" KB ASC ilə mərhum X4 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 1000 manat məbləğində kredit limiti ayrılmışdır. Lakin, İlham Qaffarov müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında ümumilikdə 785.10 manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. İlham Qaffarov 07 iyul 2016-cı il tarixdə ölmüşdür. X4 öldükdən sonra onun arvadı – hazırki iş üzrə Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********54-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 196.2 kv.m olan mərhum X3 məxsus daşınmaz əmlakı vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd etmişdir ki, cavabdeh mərhum X1 ölümündən sonra ondan qalmış miras əmlakı-Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********54-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 196.2 kv.m olan mərhum X3 məxsus daşınmaz əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (785.10) yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Adil Kamilovun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi - Cavabdeh tələb etməkdə haqlıdır.

9. Eyni zamanda Cavabdeh 24 sentyabr 2023-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlayaraq "xxxx" X7 Səhmdar Cəmiyyəti ona qarşı 785.10 (yeddi yüz səksən beş manat on qəpik manat borcun və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi tələbi barədə” iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, "xxxx" X7 Səhmdar Cəmiyyəti ilə X4 arasında 31 iyul 2014-cü il tarixdə 84 ay müddətinə, yəni 31 iyul 2021-ci il tarixədək kredit müqavilələri imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbləri baxımından müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi iddiaçının əsas borcluya qarşı məhkəmədə iddia qaldırmaq müddəti 31 iyul 2024-cü il tarixdə bitdiyindən hazırki iş üzrə iddia müddətini ötürməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.1, 373.2, 374.1, 374.2, 375.1, 375.2, 385.1, 442, 739.1, 739.2, 1146, 1255, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 107, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.

13. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ərinin vəfatından sonra bu barədə dərhal banka məlumat vermilər və ona hesablanan faizlər və cərimələr dayandırılmışdır. Bu isə ona dəlalət edir ki, iddiaçı artıq hüququnun pozulduğunu bilirdi. Tələb irəli sürə bilmək üçün vərəsənin müəyyən edilməsi vəzifəsini də məhz iddiaçı özü daşıyırdı. xx.xx.2019-cu il tarixdə Şəki şəhəri, Z.Züfiqarov küçəsi, ev 13A ünvanında yerləşən ümumi sahəsi 196.2 kv.m olan mərhum Qaffarov İlham Fərman oğluna məxsus daşınmaz əmlakı vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Yəni bank hüququnun pozulduğunu bilirdi və bilməli olduğu tarix də məhz xx.xx.2019-cu il tarixdən hesablanmalı idi.

14. Lakin məhkəmə onun müddətin tətbiqi barədə ərizəsinə münasibət olaraq qeyd etmişdir ki, "xxxx" X7 Səhmdar Cəmiyyəti ilə Qaffarov İlham Fərman oğlu arasında 31 iyul 2014-cü il tarixdə 84 ay müddətinə, yəni 31 iyul 2021-ci il tarixədək kredit müqavilələri imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbləri baxımından müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi iddiaçının əsas borcluya qarşı məhkəmədə iddia qaldırmaq müddəti 31 iyul 2024-cü il tarixdə bitdiyindən hazırki iş üzrə iddia müddətini ötürməmişdir.

15. Bu yanaşma tamamilə absurddur. Belə ki, müqavilənin qüvvədə olma müddəti iddia müddətinin tətbiqini o vaxt istisna edərdi ki, öhdəlik daşıyan şəxs sağ olsun. Mərhum ərinin 2016-cı ildə vəfat etməsi müqavilə öhdəliyinin onun tərəfindən müqavilənin bitdiyi tarixədək icrasını mümkünsüz edirdi. Onun 2019-cu ilin yanvar ayının 29-da mirası qəbul etməyi ilə iddia müddətinin axımı iddiaçı üçün başlanmış hesab edilir.

16. Belə ki, mərhum əri Qaffarov "xxxx" KB ASC-nin Şəki Filialından 1000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2016-cı il tarixdə vəfat etmiş və banka bu barədə məlumat verilmişdir. Həmin müddətdən 7 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı məhkəməyə müraciət etməmişdir. Nəzərə alınsa ki, mirasın onun qəbul etdiyi tarixdən (xx.xx.2019) belə götürülsə də iddiaçı iddia müddətini ötürmüşdür.

17. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarını yalnış təfsir və tətbiq edərək sonda düzgün olmayan nəticəyə gəlmişdir. İşdə kifayət qədər qanun pozuntusuna dəlalət edən sübutlar olmasına baxmayaraq məhkəmə bu hallara əhəmiyyət verməmişdir.

18. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-131/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(075)-131/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Lakin Cavabdeh məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi ərizəsində xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyini, hal-hazırda xəstəxanada müalicə aldığını göstərmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyator Şəki Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(075)- 131/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Kollegiyanın iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3070tkSHEK/14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X3 istehlak məqsədləri üçün 84 ay müddətinə illik 30% ödəmək şərtilə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. X4 07 iyul 2016-cı il tarixdə vəfat etmiş, lakin onun xx.xx.2014-cü il tarixli, 3070tkSHEK/14 nömrəli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəlikləri icra edilməmiş qalmışdır. Həmçinin Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********54-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 196.2 kv.m olan mərhum X3 məxsus daşınmaz əmlakı vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən də iddiaçı "xxxx" KB ASC xx.xx.2014-cü il tarixli, 3070tkSHEK/14 nömrəli kredit müqaviləsi üzrə X1 icra edilməmiş öhdəliyini, yəni 785.10 manat borcun vərəsəsi- Cavabdeh alınaraq iddiaçı bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

32. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin bankın hüququnun pozulduğunu bilməli olduğu tarixin xx.xx.2019-cu il tarixdən hesablanmalı olması, mərhum əri Qaffarov xx.xx.2016-cı il tarixdə vəfat etməsindən 7 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçının məhkəməyə müraciət etməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan "xxxx" KB ASC ilə X4 arasında bağlanmış 31 iyul 2014cü il tarixli, 3070tkSHEK/14 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən X3 84 ay müddətinə illik 30% ödəmək şərtilə 1000 manat məbləğində kredit limiti ayrılmışdır.

33. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

34. Bu baxımdan kollegiya qeyd edir ki, mərhum X4 ilə "xxxx" KB ASC arasında 31 iyul 2014-cü il tarixli, 3070tkSHEK/14 nömrəli kredit müqaviləsi 84 ay müddətinə bağlandığından iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsində həmin müqavilənin müddətinin başa çatdığı 31 iyul 2021-ci il tarixdən sonrakı günə istinad edilməlidir. İddiaçı bank tərəfindən isə hazırkı iddia ərizəsi 28 avqust 2023-cü il tarixdə təqdim edildiyindən işə baxan birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.

35. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(075)-131/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(075)-131/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar