Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-634/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1099/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11394 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1099/2020 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 11394 (on bir min üç yüz doxsan dörd) manat pul alınaraq İddiaçı oğlunun xeyrinə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1099/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Zaqatala rayonu Qazangül şossesində tikinti materialları mağazası vardır. Cavabdeh mağazasından nisyə 11394 manat dəyərində tikinti materialları aparmışdır. O. cavabdehi şəxsən tanımasa da tanışı Bəxtiyar İsayevin xahişi ilə nisyə mal vermişdir. Hazırda cavabdeh götürdüyü tikinti materialların pulun qaytarmaqdan imtina edir. Ona məlum olmuşdur ki, cavabdeh Zaqatala rayonu Car kəndində ev inşa edərək satıb Rusiya Federasiyasına getmək istəyir. Odur ki, 11394 manat borcun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı pul tələbinə dair əsaslı və ədalətli olmayan təkzibedilməz faktları, hazırkı mülki iş üzrə şahid qismində izahatı alınmış X4 şikayət ərizəsi üzrə Zaqatala RPŞ-nin təhqiqat bölməsində araşdırılmış izahatında da göstərmişdir. Məhkəmə hazırlıq iclasında bu faktları mülki qaydada araşdıran möhtərəm hakimə eyni məzmunda izahat verib göstərmişdir ki, bu iş üzrə məhkəmə baxışına cavabdeh qisməndə o deyil, Zaqatala şəhər sakini X7 cəlb edilməlidir. Mübahisəli pul məbləğini həmin şəxsin ödəməli olmasına dair izahatında ətraflı şəkildə göstərmişdir ki, iddiaçının ona verdiyi nisyə tikinti materiallarının pulunun onun deyil, İddiaçı ilə X4 öz aralarında əvvəlcədən şifahi razılaşmaya uyğun olmaqla sonuncunun ödəyəcəyinə prinsipal razılıq olub. Belə ki, mülki işin həqiqi halı olan qeyd etdiyi xüsusatın mahiyyəti ondan ibarətdir ki, Zaqatala rayonunun Car kəndində yerləşən onun mülkiyyətindəki 20 sot həyətyanı torpaq sahəsini 51.000 AZN dəyərində, qarşılıqlı razılıq əsnasında alıcı X1, həmin pul məbləğini 1 ay müddətində onun ona nəğd şəkildə ödəyəcəyi barədə aralarında şifahi alqı-satqı müqaviləsi bağlamışlar. 2018-ci ilin avqust ayında, torpaq sahəsinin sənədlərini rəsmiləşdirmək üçün X7 ilkin olmaqla 2000 AZN ona vermiş, sənədləri qaydaya saldıqdan sonra isə qalan pulu 1 ay müddətində nəğd şəkildə ödəyəcəyini bildirmişdir. Razılaşdırdıqları 1 ay müddətində həyətyanı torpağımı xüsusi mülkiyyətim olaraq uyğun dövlət qeydiyyatından keçirib, öz adına “ Çıxarış “ almışdır. Alıcı isə nəğd pulunun oktyabr ayında ödəyəcəyinə vəd versədə 2018-ci ilin oktyabr ayında qalıq 49.000 AZN məbləğdən 18.000 AZN ödəyib, pulunun Rusiya Federasiyası dövlətində olduğunu bildirdi və pulu gətirmək üçün həmin ölkəyə getmişdir. 2019-cu cu ilin may-iyun-oktyabr aylarında ona 3 dəfə olmaqla cəmi 19.500 AZN ödəyən Bəxtiyar Ağayevin pulu vaxtında ödəyə bilmədiyi üçün göstərdiyi faktların səmimi olduğuna inanıb qəbul etsə də, hər dəfə ondan qalıq pulu tam ödəməyi tələb etmişdir. Lakin o, müxtəlif bəhanələrlə pulu tam ödəməkdən yayınıb. 2020-ci ilin may ayında X3 ödənməmiş qalıq 11.500 AZN pul məbləğinin dərhal ödənilməsini tələb edib, qalıq pulu tam ödəməyəcəyi halda onun ödədiyi pul məbləğinin eyni qaydada ona hissə-hissə ödəyəcəyini bildirmişdir . Məhkəmə baxışında çəkişmə və çarpaz dinləmə prinsipinə əməl edilməklə müəyyən edilməli idi ki, İddiaçı onu şəxsən tanımadığı, ödəmə imkanlarımın olub-olmadığını, xarici ölkə vətəndaşı olaraqda istənilən vaxtı ona borcunu ödəməkdən yayına biləcəyilə bağlı real faktları bilə -bilə hansı səbəbdən xeyli miqdar dəyəri olan tikinti materiallarının dəyərini nəğd şəkildə deyil, az müddətə nisyə olaraq ona verib. İddiaçının şahidi qismində məhkəmə baxışında izahat verən X2 pul məbləğini onun ona ödəməli olduğu pul məbləğindən bilavasitə əmələ gəldiyinə dair qeyd etdiyi təkzibedilməz faktları bilavasitə üzünə demişdir. Həmin şəxs cavabında həqiqətəndə ona olan borcunun nəğd şəkildə deyil, əvvəldən tanıdığı İddiaçı eyn məbləğdə tikinti materiallarını dəyərini özü şəxsən ödəcəyinə vəd verdiyini məhkəmə iclasında bildirib. Ancaq onun ifadəsi məhkəmə iclas protokoluna dürüst qeyd edilməyib və bu səbəbdən də uyğun hüquqi qiymət verlməyib. Məhkəmənin iddiaçının və o cavabdehin izahatlarına obyektiv yanaşması iddiaçının şahidi Bəxtyar Ağayevin ifadəsinə tənqidi qiymət verməsi, habelə mülki -prosessual qanunverciliyin tələblərinə əməl etməsi kifayət idi ki, X4 prosesdə şahid fadəsinə sübut növü olaraq istinad edilməsinin yolverilməz olması qənaətinə gəlsin. Ümidvardır ki, məhkəmə kollegiyası mülki mübahisəyə mahiyyəti üzrə baxarkən prosessual hüquqlarıma sayğı göstərəcək, maddi hüquq normalarının düzgün tətbiq edib iş üzrə əsaslı və ədalətli yeni qətnamə qət edəcəkdir. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1099/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də İddiaçı 11394 manat dəyərində nisyə qaydada tikinti materialı almışdılr. Lakin həmin pulu o yox, Bəxtiyar adlı şəxs ödəməli idi. Çünki o, Əhmədi tanımırdı, Bəxtiyar onları tanış etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)- 1099/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, tətbiq edilməli olan maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında nisyə alqı-satqı müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (mülki Məcəllənin 600-cü maddəsi). Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvinə səbəb olsa da, iddia tələbinin rədd olunması üçün əsas vermir. Belə ki, cavabdeh iddiaçıdan nisyə qaydada 11394 manat dəyərində tikinti materialları aldığını etiraf etsə də, artıq iddiaçıya heç bir borcunun olmadığını, həmin pulun Bəxtiyar tərəfindən ödənilməli olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz dəlillərini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Bundan əlavə cavabdeh iddiaçıdan nisyə qaydada tikinti materialı götürdüyünü, dəyərinin 11394 manat təşkil etdiyini, həmin şərtlərlə razılaşdığını bildirdiyi halda, nəyə görə borcunun digər şəxs tərəfindən ödənilməli olmasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir, yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə götürülmüş tikinti materiallarının dəyərinin qaytarılması tələbidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1099/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh 11394 mаnаt (on bir min üç yüz doxsan dörd) və ödənilmiş 30 (otuz) mаnаt dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-634/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-634/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver