Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-635/2025 13.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən əsassız istifadə ilə bağlı məbləğin cavabdehlərdən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan tələbi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən əsassız istifadə ilə bağlı məbləğin cavabdehlərdən tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(039)-134/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən əsassız istifadə ilə bağlı məbləğin cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli X4 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışla ona məxsus olan Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evindən qanunsuz istifadə nəticəsində əsassız varlanmış cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15360 (on beş min üç yüz altmış) manat pulun, qiymətləndirmə aktına ödəniş etdiyi 100 manat xidmət haqqı və 137 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun mərhum oğlunun ailə üzvləridir. X19 rəhmətə gedəndən sonra, cavabdehlər qanuni əsaslarla ona məxsus evi ələ keçirmək niyyətinə düşüblər. İlk vaxtlar müxtəlif bəhanələrlə onlar həmin evdə qalmaqda davam edirdilər, əvvəlcə oğlunun dəfn mərasimi, sonra isə evin təmiri və s. kimi məsələlərə görə o, cavabdehlərə baş qoşmadı, lakin vaxt keçdikcə ona məlum oldu ki, cavabdehlərin məqsədi onun evini ələ keçirməkdir. Belə olduqda, o 2022-ci ilin sentyabrında cavabdehlərin ona məxsus Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia qaldırmışdır. Lakin cavabdehlər də, artıq məsələnin ciddiliyini görüb, onlar da həmin evə istifadə hüququnun tanınması ilə bağlı iddia qaldırdılar. 2022-2024-cü illər ərzində bu işə müxtəlif vaxtlarda Yevlax Rayon Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, AR Ali Məhkəməsinin Mülki Kollegiyası baxmış və bütün məhkəmə instansiyaları onun xeyrinə qərar çıxarmış, cavabdehlərin iddia tələbi təmin olunmadan rədd edilmişdir. Bütün bu məhkəmə qərarlarına dair qeydlər iddia ərizəsinə əlavə etdiyi 2(039)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamədə öz əksini tapmışdır. 2(039)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minsə də, yenə də cavabdehlər müxtəlif bəhanələrlə onun evindən çıxmırlar. Bütün məhkəmə proseslərində tam sübuta yetirilmişdir ki, cavabdehlərin həmin evdən istifadə hüququ yoxdur, heç vaxt da olmayıb, hazırda onlar həmin evdə qanunsuz əsaslarla yaşamaqda davam edirlər, hətta cavabdehlərin həmin evdən müvəqqəti istifadə hüquqları da tanınmamışdır. Cavabdehlərin onun evindən istifadəyə və ümumilikdə yaşayış sahəsinə ehtiyacları yoxdur. Belə ki, əvvəlki məhkəmə proseslərində (Yevlax, Şəki Apellyasiya və Ali Məhkəmə) artıq sübuta yetirilmişdir ki, iddiaçı Cavabdeh2 Yevlax rayonu Aran 1 qəsəbəsində fərdi yaşayış evi var və ailə üzvləri ilə birgə orda yaşayır. Eyni zamanda, Cavabdeh2 Yevlax rayonu, Aran qəsəbəsində pay torpağı və 0.0535 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsinin çıxarışı da var (********** Qeydiyyat nömrəsi). İddiaçı Cavabdeh3 Yevlax rayonu, Aran qəsəbəsində yerləşən həyətyanı 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, hazırda faktiki olaraq, Mingəçevir şəhəri AZDRES (Qres deyilən ərazi) qəsəbəsində ailəsi ilə birgə ayrıca mənzildə yaşayır. Bundan əlavə, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 3,60 ha torpaq sahəsi üzərində Cavabdeh2 2/4 hissə, Cavabdeh3 1/4 hissə, Cavabdeh1 1/4 hissədə olmaqla mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bütün bu hallar əvvəlki məhkəmə qərarlarında öz təsbitini tapmış və sübutlar da əlavə olunmuşdur. Beləcə, mənim öz qanuni evimdən artıq 8 ildir ki, istifadə hüququm pozulmuşdur, bütün bu müddət ərzində mən öz qanuni evim ola-ola başqa şəxslərin, qohum-əqrabaların evində qalmış, hətta bəzi vaxtlarda kirayələrdə də qalmışdır. Xüsusilə qeyd edir ki, cavabdehlər ona qarşı Yevlax Rayon Məhkəməsində mübahisə predmeti olan fərdi yaşayış evində qaldıqları müddətdə təmir xərcləri ilə bağlı iddia qaldırmışlar və ondan 15000 manat təmir xərci tələb edirlər. Cavabdehlərin bu iddiası elə onu göstərir ki, onlar başqasının evində yaşadıqlarını etiraf edirlər, həmin evdən çıxacaqlarını bilirlər və məcbur qalıb təmir xərci tələb edirlər. Elə bu iddianın özü cavabdehlər tərəfindən onun indi verdiyi iddia tələbinin etirafıdır. Məhkəməyə müraciət etməzdən öncə "xxxx" MMC Qiymətləndirici tərəfindən həmin fərdi yaşayış evinin yerləşdiyi ərazi və ümumilikdə evin xüsusiyyətləri də nəzərə alınmaqla buğun ki, real kirayə qiyməti müəyyən edilmiş və bununla bağlı qiymətləndirmə rəyini də iddia ərizəsinə əlavə etmişdir. Həmin rəyə əsasən müvafiq fərdi yaşayış evinin kirayə qiyməti 160-180 manat müəyyən edilmişdir, o da minimal qiymətdən, yəni 160 manatdan hedablamaqla 8 il üçün 15360 (on beş min üç yüz altmış) manat pulu tələb edir. İşin qeyd edilən faktiki hallan ilə yanaşı, hüquqi tərəfləri də, cavabdehin qanunsuz əməlləri nəticəsində ona qarşı maddi ziyanın vurulmasını sübut yetirir. Belə ki, ona dəymiş müddi əsaslı olmasına və ödənilməsinə dair də qanunvericilikdə kifayət qədər normalar mövcuddur. Ona görə də, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, cavabdehlər onun məhrum oğlunun ailəsi və uşaqları olduğunu, ona məxsus olan fərdi yaşayış evində yaşadıqlarını bildirmiş və hazırda cavabdehlərə qarşı qaldırdığı iddia üzrə barışmaq istədiyini bildirmişdir.
4. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və digər cavabdehlərin vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mülki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılması və qanuni əsaslı və ədalətli məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi 2004-cü ildə inşa edilmiş və cavabdehlər bu evə ev inşa edildikdən sonra (cavabdehin bildirdiyinə görə 2006-ci il) köçmüşlər. İddiaçılar mübahisəli fərdi yaşayış evnə köçdükləri zaman ev dövlət qeydiyyatına alınmamış, İddiaçı mülkiyyətçisi olmamış, ev onun sahiblik və istifadəsində olmuşdur. Ev xx.xx.2011-ci il tarixdən İddiaçı tam mülkiyyət hüququ əsasında, evin yerləşdiyi torpaq sahəsi ilə ümumi birgə mülkiyyət hüququ əsasında sonuncunun və onun digər ailə üzvlərinin adına dövlət qeydiyyatdına alınmışdır. Mübahisəli ev cavabdehin və hazırki iş üzrə tərəf olmayan ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində inşa edilmişdir. Hansı ki, həmin torpaq sahəsi cavabdehin mülkiyyətində X13 Kommissiyasının 24 dekabr 2001-ci il tarixli 58 saylı qərarı ilə verilmişdir. (Torpağın mülkiyyətə verilməsinə dair JN-072A KOD 90100016 saylı Şəhadətnamə). Göründüyü kimi cavabdeh mübahisəli evə gözlənilən mülkiyyət hüququna malik olmuş və bu hüququnu 2011-ci ildə dövlət qeydiyyatına aldırmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 15360 manat fərdi yaşayış evinə kirayə pulunun verilməsini bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
6. Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(039)-134/2025 nömrəli qətnaməsi ilə, (hakim Kamil Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən əsassız istifadə ilə bağlı məbləğin cavabdehlərdən tutulması tələbinə dair iddiasının təmin edilməməsi və iş üzrə ödənilmiş 100 manat qiymətləndirmə aktının və 137 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. 7.Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 157.5, 385.1, 386.1, 675, 700.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışı Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli arayışı Əmlakın qiymətləndirilməsi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 95 saylı mütəxəssis rəyi Yevlax Rayon Məhkəməsinin 2(039)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1015/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həm də, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmə obyektiv hallara əsaslanmalıdır. Bu işdə isə, birinci instansiya məhkəməsinin əsaslandığı hal yalnız cavabdehin ifadəsi olmuşdur. Hesab edir ki, bu hal sırf subyektiv və qərəzli bir yanaşmadır ki, məhkəmə onun əmlak hüquqlarının pozulubpozulmamasının müəyyən edilməsi istiqamətində də heç bir araşdırma aparmamışdır. Cavabdeh öz əməlini etiraf etsə də, ona dəymiş real zərər və əldən çıxmış fayda məsələlərinə heç bir aydınlıq gətirilməmişdir. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülməlidir. Bu işdə isə, o, ümumilikdə 15360 manat pul itirmişdir. Onun əmlakdan istifadə ilə bağlı subyektiv hüquqları pozulsa da, məhkəmə bu barədə heç bir addım atmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən norma vindikasiya iddiasını nəzərdə tutur. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini bərpa etməkdən ibarətdir. O, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur. Qanunvericilikdə və məhkəmə praktikasında göstərilən norma ümumən mülkiyyətin müdafiəsinə yönəlsə də, «əsassız varlanma» normaları ilə paralel şəkildə təhlil və tətbiq edilir. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu işdə cavabdehlər qanuni əsas olmadan, başqa sözlə desək onun evini zəbt etməklə varlanıblar və varlanmaqda da davam edirlər. Həmçinin hesab edir ki, bu məsələdə onun əmlakdan istifadə ilə bağlı subyektiv hüququ pozulmuşdur. Məhz cavabdehin əməllərinə görə o, öz evindən istifadə edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Hesab edir ki, cavabdehlərin onun evini zəbt edərək uzun müddət orda qalması, hətta bu halı etiraf etmələrinə baxmayaraq, məhkəmənin zərərvuranla zərərçəkmişi müəyyən edə bilməməsi məhkəmənin qərəzli, birtərəfli mövqe tutmasına səbəbdir. Hesab edir ki, məhkəmə sübutlara obyektiv qiymət verməmiş, eyni zamanda qərəzli mövqe tutmuşdur. Belə ki, yalnız cavabdehin əsassız fikri və etirazlarının nəzərə alınnması prosessual hüquq pozuntusudur. Həmçinin Məhkəmə qətnaməsində tərəflərin ifadələri təhrif olunmuş şəkildə yazılmışdır. Yevlax Rayon Məhkəməsində videogörüntü yoxdur, məhkəmə iclasının videoyazısı aparılmır, halbuki, ölkədə elektron məhkəmə sistemi tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bu işdə maddi zərərlə bağlı heç bir hal müəyyən edilməmiş, heç bir araşdırma aparılmamışdır. Cavabdehlərin maddi zərərin qeyri-mümkünlüyünü göstərən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəf işlə əlaqəli məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, cavabdeh öz ifadəsində müxtəlif hallara istinad etmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. O, hər üç məhkəmə prosesində işə baxan hakimdən israrla xahiş etmişdir ki, ekspertiza keçirilməlidir, lakin hakim nəzərə almamışdır. Bu işdə bilavasitə ekspert rəyinə istinad edilməli idi, yəni xüsusi bilik və peşə tələb edən sahə olduğu üçün ekspertin rəyi digər sübutlarla müqayisədə əsas götürülməli idi. Bundan başqa məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin nədənsə işə baxan hakim mənim təqdim etdiyi sübutları, hətta cavabdehlərin etiraf xarakterli ifadələrini də nəzərə almamışdır. Məhkəmə aşağıdakı faktiki halları araşdırmamışdır: 1) cavabdehlərin mübahisəli evdən istifadənin qanuni olub-olmaması (Halbuki, cavabdehlərin həmin evdən istifadə hüququnun olmaması ilə bağlı AR Ali Məhkəməsinin artıq 2 qüvvəyə minmiş qərarı var, ümumilikdə isə cavabdehlərin istifadə hüququnun olmamasına dair 6 məhkəmə qərarı var)... 2) İddiaçının subyektiv hüququnun olub-olmaması (Cavabdehlər özləri etiraf edirlər ki, hazırda həmin evdə yaşayırlar, hətta həmin evin təmir xərci ilə bağlı iddia da qaldırmışlar)... Qeyd edilən halların araşdırılmasının məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondadır ki, məhz bu məsələlərə aydınlıq gətiriləndən sonra iddianın əsaslı olub-olmaması müəyyən edilir. Məhkəmə müəyyən edir ki, guya cavabdehlərin mübahisəli evə gözlənən mülkiyyət hüququ olub və həmin hüquq JN-072A KOD 90100016 saylı Şəhadətnamədə də qeyd edilir. Bu tamamilə yalandır və belə bir hal yoxdur, həmin Şəhadətnamədə cavabdehlərin adı yoxdur və heç vaxt da olmamışdır. Yevlax Rayon Məhkəməsi cavabdehin gözlənən mülkiyyət hüququnu müəyyən edir, lakin nəzərə almır ki, cavabdehlərin həmin evdən istifadə hüququnun olmamasına dair 6 qanuni qüvvəyə minmiş qərar var. Həmçinin məhkəmə tərəflər arasındakı münasibəti kirayə haqqı ilə əlaqələndirir və beləcə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Halbuki, bu mübahisə əsassız varlanma ilə bağlıdır, məhkəməyə də bu məsələ ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir.
11. Odur ki, Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(039)- 134/2025 saylı qətnaməsini ləğv edərək iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmaması, Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(039)-134/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmaması, Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(039)-134/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
19. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(039)-134/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(039)-134/2025 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(039)-134/2025 saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissə üzrə yeni qətnamə qəbul edilməlidir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Kollegiya qeyd edir ki, mülki hüquq məsuliyyət əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də iddiaçı əmlakından əsassız istifadə nəticəsində cavabdehlərin onun qarşısında “delikt-müqavilədənkənar” məsuliyyətlərinin yarandığı qənaətinə gəlmişdir.
28. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin (əldə çıxmış faydanın) əvəzinin ödənilməsindən ibarətdir.
29. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşımaları müəyyən edilməlidir.
30. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
32. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehlərin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsində 0,0603 ha torpaq sahəsi hər birinin 1/7 payı olmaqla İddiaçı, X2, X7, X6, X3, X5, X8 ümumi paylı mülkiyyətlərində, üzərində yerləşən 180,52 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. Həmin fərdi yaşayış evi DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən **********85 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində 25 iyun 2011-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmış və sonuncunun adına çıxarış verilmişdir. Cavabdehlər (cavabdehin bildirdiyinə görə 2006-ci ildən) həmin evdən istifadə edirlər. İddiaçı cavabdehlərin evdən çıxarılması ilə bağlı iddia ərizəsi ilə 05 may 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(039)-17/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)- 1293/2024 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2025-ci il tarixli qərarı ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlərin onun mülkiyyətində olan fərdi yaşayış evindən 8 ildir ki, qanunsuz istifadə etmələri nəticəsində əsassız varlanmalarına istinad edərək 15360 manat məbləğində maddi ziyanın alınmasını tələb edir.
34. Birinci instansiya məhkəməsi iddanı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlərdən müştərək qaydada 15360 manat fərdi yaşayış evinə kirayə pulunun verilməsini bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı tam rədd etməkdə haqlı olmamış, eyni zamanda iddianı tam rədd edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddianın rədd edilmiş hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi, məhkəmə tərəfindən onun əmlak hüquqlarının pozulub-pozulmamasının müəyyən edilməsi istiqamətində də heç bir araşdırma aparmaması, ona dəymiş real zərər və əldən çıxmış fayda məsələlərinə heç bir aydınlıq gətirilməməsi iş materiallarında olan sübutların və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin nəzərə alınmamasına dair dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın tamamilə rədd edilməsi hissəsində gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
37. Belə ki, mülki işin materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hazırkı iş üzrə İddiaçı qarşı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən cavabdehin mülkiyyəti altında olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişlər və Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
38. Həmçinin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılmaları ilə bağlı 05 may 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(039)-17/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2024cü il tarixli, 2(107)-1293/2024 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2025-ci il tarixli qərarı ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış faktiki hallarından görünür ki, iddiaçı 05 may 2022-ci il tarixdə cavabdehlərin evdən çıxarılması iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, artıq cavabdehlərlə aralarında mübahisə mövcud olmuş, həmin vaxtdan iddiaçının hüquqları pozulmuş, cavabdehlər həmin vaxtdan iddiaçının əmlakından qanunsuz istifadə etmişlər və iddiaçı öz mülkiyyət hüquqlarını tam sərbəst şəkildə həyata keçirə bilməmiş, iddiaçı həmin vaxtdan öz mülkiyyətində olan evini kirayəyə verməklə və yaxud öz istəklərinə uyğun istifadə etməklə gəlir əldə edə bilərdi. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçının cavabdehlərin evdən çıxarılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət ediyi 05 may 2022-ci il tarixdən, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi 05 noyabr 2024-cü il tarixdək 2 (iki) il 6 (altı) ay müddətə hər ay 160 manatdan əldən çıxmış fayda olaraq olaraq cavabdehlərdən 4800 manat (30 ay x 160 manat=4800) məbləğində pul tələbi haqlı olmuşdur və birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd edərkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
40. İşdə olan əmlakın qiymətləndirilməsi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 95 saylı mütəxəssis rəyindən görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində 0.0603 ha torpaq sahəsi üzərində tikilmiş 5 otaqlı, orta təmirli fərdi yaşayış evinin yerindən asılı olaraq yaşayışa orta uyğun səviyyədə bu günə kirayə qiyməti 160-180 manat dəyərində qiymətləndirilir. İddiaçı iddia tələbində minimum qiymətlə, yəni 160 manatla hesablamışdır.
41. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı iddia tələbində cavabdehlərin onun mülkiyyətində olan fərdi yaşayış evindən əsassız istifadə üçün 8 il üçün 15360 manat məbləğində pul tələb etsədə, 05 may 2022-ci il tarixədək cavabdehlərin mübahisəli fərdi yaşayış evindən onun iradəsinə zidd istifadə etmələri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda müəyyən olunan məbləğdən artıq hissədə rədd etməkdə haqlı olmuşdur.
42. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 43 Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
44. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.
45. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(039)-134/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4800 manat məbləğində vurulmuş maddi zərər və iddianın təmin edilən məbləğinə mütənasib olaraq 68 manat dövlət rüsumuna dair hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissələrdə təmin edilməli, qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(039)-134/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş 4800 manat məbləğində maddi zərər və 68 manat dövlət rüsumuna dair hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4800 (dörd min səkkiz yüz) manat vurulmuş maddi zərər və 68 (altmış səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 4868 (dörd min səkkiz yüz altmış səkkiz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(039)-134/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.