Məhkəmə qərarları › İş №2(107)-636/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-636/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-636/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi, İddiaçı (bundan sonra iddiaçı) və Cavabdeh (bundan sonra cavabdeh) iştirakı ilə iddiaçının cavabdehə qarşı borcun və faizin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin verdiyi apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağdaş Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, Ağdaş rayonunun Qaradağlı kəndində yaşayan Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3730 manat əsas borc və hesablanmış 1150 manat faiz borcu olmaqla, cəmi 4880 manat borcun, eləcə də dövlət rüsumu hesabına ödənilmiş 20 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3730 manat əsas borc, 10 manat artırılmış faiz üzrə borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3770 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həm iddiaçı, həm də cavabdeh qətnamədən аpelyаsiyа şikаyətləri verərək Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsinin ləğv edilməsini xаhiş etmişlər. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(107)-1850/2108 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(014)-175/2018nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiаtələbininrədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(102)- 2408/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(107)-1850/2108 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-2071/2019 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(014)-175/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı yenə də Şəki Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli2(102)-7404/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 saylı ünvanında yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyaların alqı satqısı ilə məşğul oluram. Borclu Cavabdeh ilə aramızda bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən VAZ-2106 markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobilin alınması məqsədi ilə ona 24 ay müddətinə, yəni xx xxxxxxxx 2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 3960 (üç min doqquz altmış) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Borclu Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə 230 manat ödəmiş, qalan məbləği ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etmişdir. Bununla da borclu Cavabdeh müqavilənin həmin şərtini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Borclu Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixə xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcunun məbləği 3730 manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən, borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə, borcalan müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddəti ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz üzrə borcunun xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə üzrə 1150 manatını tələb edir. Beləliklə, borclu Cavabdeh ona xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3730 (üç min yeddi yüz otuz) manat əsas borcu və 1150 (bir min bir yüz əlli) manat hesablanmış faiz üzrə borcu, cəmi 4880 (dörd min səkkiz yüz səksən) manat borcu yaranmışdır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini qismən təmin etməklə onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Belə ki, o, həmin avtomobilə görə cavabdehdən heç bir əlavə faiz almamışdır. Onunla aralarında bağlanmış müqavilənin şərtlərinə görə artırılmış faiz nəzərdə tutulmuşdur. Həmin faizi o, iddia tələbi ilə məhkəməyə müraciət edən günə kimi yox, ancaq müqavilənin müddəti başa çatana kimi hesablamışdır. Həmin məbləğ götürülmüş kreditin əsas borcuna tam mütənasibdir və ədalətlidir. Lakin bütün bunlara baxmayaraq, işə baxan məhkəmə geçikməyə görə artırılmış faiz məbləği müqavilənin qəbul edilmiş şərtlərinə uyğun hesablansa da, əsas borcun miqdarının 3730 manat təşkil etdiyi halda, dəbbə pulunun miqdarının 1150 manat olmasını işin faktiki hallarına uyğun olmamamsı, eləcə də bunun cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədəmüvafiq olmaması və əsas borcun miqdarı ilə müqayisədə həddən artıq olması ilə əsaslandıraraq artırılmış faiz borcunu, cəmi 10 manat həddində müəyyən etmişdir. Əsas borca hesablanmış dəbbə pulu heç də əsas borca tənasübsüz surətdə yüksək məbləğ deyildir. Məlumdur ki, o, özünə məxsus mağazada satdığı malara görə özü faizi ilə müxtəlif banklardan böyük məbləğdə kreditlər götürmüşdür və alıcıların aldıqları kreditləri vaxtlıvaxtında qaytarmadıqlarına görə onun həmin banklar qarşısında borcları, borclara görə faiz və dəbb pulları yaranır ki, o, belə vəziyyətdə həmin borcunu qaytara bilmir. İşə baxan məhkəmə cavabdehin mülkiyyət maraqlarının qorunmasını nəzərə almış, onun isə maddi cəhətdən düşdüyü ağır vəziyyəti nəzərə alınmamışdır. Bununla da işə baxan məhkəmə tərəfindən bütün işin qeyd edilən həqiqi halları nəzərə alınmamış, qətnamədə qeyd edilən Mülki Məcəllənin 462.1, 463.1, 465.1 və 467-ci maddələrinin tələbləri pozulmaqla ədalətsiz qətnamə qəbul etmiş, nəticədə kreditor kimi onun ağır olan maddi və əmlak vəziyyətini daha da ağırlaşdırmışdır. Göründüyü kimi, işə baxan məhkəmə qeyd etdiyi iş üçün əhəmiyyətli olan işin həqiqi hallarını tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməyərək qanunsuz qətnamə çıxarmaqla, onun maddi və əmlak vəziyyətini ağırlaşdırmış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(014)-175/2018 nömrəli qətnaməsi ləğv edilməli, əsaslı olduğundan iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Cavabdeh isə apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı bu günədək etdiyi ödənişləri nəzərə almadan və düzgün hesablamadan artıq hesablanmış iddia tələbini irəli sürmüş, məhkəmə isə araşdırma aparmadan, işə düzgün baxmadan iddia tələbini qismən təmin etmişdir.Ona görə də Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi dəyişdirilməli, iddia tələbində real məbləğ müəyyən edilərək qərar qəbul edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edən İddiaçı bildirmişdir ki, Ağdaş şəhəri, M.İsayev küçəsi, 35 saylı ünvanında yerləşən sahibkar mağazamda cehizlik və elektronik əşyaların alqı-satqısı ilə məşğul oluram. Munasib qiymətə olanda maşınlarında alqı-satqısını həyat keçirirəm. Cavabdeh ilə aramızda bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən VAZ-2106 markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınması məqsədi ilə ona 24 ay müddətinə, yəni 11sentyabr 2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 3960 manat məbləğində kredit vermişəm. Cavabdeh bizimlə dostluq əlaqəsi qurub iki avtomobili ilkin ödəniş olmadan götürdü. Biz də hörmət əlaməti olaraq ilkin ödəniş almadıq. Bu iki avtomobildən biri bü gün mübahisəli olan avtomobildir. Cavabdeh həmin avtomobili bizdən müqavilə əsasında aldı və müqaviləyə imza da etdi. Cavabdeh tərəfindən iki dəfə pul ödənilsə də, sonra ödənişlər dayandırıldı. Cavabdehin pul ödəmək fikri olmadığından məhkəməyə müraciət etdim. Mən pulumuzun ödənilməsini tələb edirəm. Külli miqdarda borcumuz olduğundan, bütün əmlakımız hərraca çıxarılıb. Devalvasiyaya görə kritik vəziyyətdəyik. Hələ ki, cavabdehin digər avtomobillə bağlı da ödənişi yoxdur. Digər əşyalar kimi, münasib qiymətə olanda avtomobil də alıb satırıq. Mübahisəli avtomobili də bu qaydada mülkiyyətçisindən nağd pul müqabilində işçimiz Kamran Əhmədovun adına etibarnamə vermə yolu ilə alıb öz faktiki sahibliyimə keçirmişdim. Həmin avtomobil etibarnamə ilə Kamrana verilsə də, lakin onun faktiki sahibi mənəm. Mənim icazəm olmadan Kamran onu heç kimə sata və ya bağışlaya bilməz. Cavabdehin oğlu Məsim Həmidov həmin avtomobili görüb bəyəndikdən sonra aldı və biz həmin avtomobilə görə cavabdehlə müqavilə bağladıq. Avtomobili və onun texpasportunu şəxsən cavabdehin özünə verdim. Sənədlərin surətləri bizdə var. Müqavilənin predmeti də məhz **-KC-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobil olub və avtomobil 3960 manata qiymətləndirilib. Avtomobilə görə borcun ödənilmə qrafiki də tərtib edildi və müəyyən etdik ki, hər ay 160 manat ödəməklə 3960 manat 24 ay müddətində ödənilib qurtaracaq. Lakin cavabdeh tərəfindən xx xxxxxxx 2015ci ildə 80 manat, xx xxxxxx 2015-ci ildə isə 150 manat olmaqla, cəmi 230 manat ödəniş də edilmişdir. Cavabdehin oğlu Məsim Həmidov avtomobili bəyənib aparsa da, sonradan ailəsində narazılıq yarandığı üçün xeyli müddət keçəndən sonra mənim razılığım və icazəm olmadan avtomobili başqa bir şəxsə satıb. Halbuki, mən həmin adamı tanımıram. Belə olan halda mən onlardan xahiş etdim ki, onlar müəyyən miqdarda pul ödəsinlər. Bundan sonra mən onların adına etibarnamə verim. Ancaq heç bir ödəniş edilmədiyindən etibarnamə verməmişik. Bütün bunların baş verməsində təqsir cavabdehin oğlu Məsim Həmidovdur. Ancaq mənimlə müqaviləni Məsimin atası Cavabdeh bağladığı üçün iddianı da ona qarşı qaldırmışam. Mənə məxsus olan VAZ-2106 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil halhazırda faktiki sahibliyimdən çıxarılmış və kimin sahibliyində olmasını bilmirəm. Müqavilə predmeti olan VAZ-2106 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil hər hansı bir üçüncü şəxsə deyil, məhz Cavabdeh verilmişdir. Cavabdehin oğlu Məsim Həmidov isə mənim iştirakım olmadan avtomobili Mingəçevir şəhər sakininə satıb. Hansı ki, mən o şəxsi tanımıram. Həmin vaxt mən Bakida idim. Mənə bu barədə telefonla məlumat veriləndə dedim ki, avtomobili müqavilə ilə sənə vermişəm, avtomobil sənin adınadır. Avtomobilin yerini cavabdeh bilir. Əlirza Məmmədov mənə ödəniş etməyib.Borcumu cavabdehdən tələb edir və apelyasiya şikayətimin təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin isə rədd olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında ifadə verənCavabdeh bildirmişdir ki, iddiaçının müqavilədən xəbəri yoxdur. Əslində o, mənim etibarnaməmdən sui-istifədə edib. İddiaçı ilə sövdələşməm olub. Maşın isə oğluma verilib. İddiaçı avtomobili mənə heç bir sənəd olmadan verib, avtomobilin texpasportunu isə verməyib. Mən oğlum Məsimə dedim ki, avtomobili qaytarsın. İddiaçı isə dedi ki, qaytarmayın, adam tapıb satarsız. Biz maşını iddiaçıya qaytarmışıq, o isə maşını başqasına satıb. xx.xx.2015-ci ildə 80 manat, xx.xx.2015-ci ildə isə 150 manatı iddiaçıya mənim adımdan maşını alan şəxs ödəyib. Mən avtomobili satmamışam, onu iddiaçı özü satıb və mənim adıma etibarnamə yoxdur. İddiaçı maşını satıb, bu halda onu necə qaytaraq? Ona görə də məhkəmə kollegiyasından verdiyim apelyasiya şikayətinin təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apelyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının həmin avtomobili onlardan alıb Mingəçevir şəhər sakini X1 görə borcun həmin şəxs tərəfindən ödənilməli olduğunu göstərsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası xx xxxxxx 2019-cu il tarixli qərarında göstərmişdir ki, işin hallarından göründüyü kimi, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh VAZ-2106 markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə iddiaçıdan 3960 manat məbləğində kredit götürmüşdür. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi borc müqaviləsi bağlanan zaman həmin avtomobilin faktiki sahibinin iddiaçının özü olub-olmamasını, cavabdeh tərəfindən avtomobilin hal-hazırda iddiaçının faktiki sahibliyinə qaytarılıb-qaytarılmamasını, həmin avtomobilin hal-hazırda kimin faktiki sahibliyində olmasını araşdırmamış, bununla əlaqədar götürülmüş borc məbləğinin kənar 3-cü şəxsə verilib-verilməməsini aydınlaşdırmamışdır. Bütün bunlar isə Mülki Məcəllənin 739-cu maddəsinin düzgün tətbiq edilməsi baxımından işin araşdırılmayan mühüm hallarıdır. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qeyd olunan göstərişinə uyğun olaraq məhkəmə kollegiyası iş materiallarında olan sübutlara, tərəflərin izahatlarına və şahid ifadələrinə qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X12 bildirmişdir ki, İddiaçıla əvvəldən münasibətimiz var idi. Maşını özüm üçün almışdım. Atam heç maşını görməyib. Atam Cavabdeh pensiyaçıdır, onun pensiya kartı olduğuna görə müqavilə onun adına bağlandı. Atam Cavabdeh xx xxxxxxxx 2015-ci ildə iddiaçı ilə kredit müqaviləsi bağlayıb 3960 manata VAZ-2106 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili almışıq. Həmin maşına görə maşının sahibi X6 adından ehtibarnamə iddiaçının mağazasında satıcı işləyən Kamran xx xxxxxx 2015-ci ildə mənə mülki etibarnamə verdi. Maşını aldığımız vaxt etibarnamənin 4 ay vaxtı qalmışdı. Maşın bərbad vəziyyətdə olduğuna görə atam dekabr ayında maşını qaytarmağımı tələb etdi və mən maşını iddiaçıya qaytardım. Ancaq iddiaçı imtina etdi və dedi ki, müştəri tap maşını sataq, aylıq ödənişi də maşını alan adam eləsin. Mən də Mingəçevir şəhərində yaşayan və maşın alveri ilə məşğul olan tanışımdan maşına müştəri tapmağı xahiş etdim və o da Əlirza Məmmədovu gətirdi ki, maşını alsın. Əlirzanın anası, dayısı və qardaşı da maşını almağa gəlmişdilər. Seymurun işçisi Kamran bizi mağazanın qarşısında qarşıladı. Maşın etibarnamə ilə Kamranın adına olub. Əlirza maşını alandan sonra Seymura dedim ki, müqaviləni Əlirza ilə bağlasın, lakin Seymur Bakıda olduğunu, gəlib bunu həll edəcəyəni dedi. Mən də Seymura dedim ki, etibarnamənin müddəti 4 aydan sonra bitəcək, ona görə maşını başqa şəxsin adına keçirmək lazımdır. Seymur isə dedi ki, gəlib keçirəcəm. Bundan sonra mənim adıma verilmiş etibarnamənin müddətində Əlirza Məmmədova avtomobil sürmək üçün etibarnamə verdim. Əlirza Məmmədov iki ay ödəniş etsə də, Seymur sonra müxtəlif bəhanələrlə ona ödəniş barədə çek verməkdən imtina etdi. Daha sonra isə Seymur Əlirzanın adına etibarnamə vermədiyindən və müqavilə bağlamadığından, Əlirza krediti ödəməkdən imtina etdi. Seymur dedi ki, müqavilə mənim əlimdə olan kağızdır, cırıb atacağıq, müqavilənin bağlanmasına ehtiyac yoxdur. Hal-hazırda maşın Mingəçevirdə, Əlirza Məmmədovun istifadəsindədir. Əlirza bunu özü də etiraf edir, sadəcə ödəniş etmək üçün Seymurdan ona etibarnamə verilməsini istəyir. Seymur isə etibarnamə vermək istəmir. Bu səbəbdən də Əlirza ödəniş etmir. Əlirza da, onun anası da məhkəmə iclaslarında iştirak etdilər, dəfələrlə Seymura zəng vurdular. Amma Seymur gəlmədi. Əlirza Məmmədova 4 ay müddətinə etibarnamə vermişəm. Bunu iddiaçının işçisi Kamranla birlikdə etmişik. Əlirza Məmmədov iddiaçıya bir neçə dəfə ödəniş edib. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X9 bildirmişdir ki, İddiaçı məxsus “Okean” mağazasında satıcı işləyir. Mübahisəli maşın mənim adıma rəsmiləşdirilmişdir. Amma maşının faktiki sahibi İddiaçıdur. Qeyd edilən maşını kredit müqaviləsi əsasında hissə-hissə ödəmək şərti ilə Cavabdeh satmışıq. Məsim Həmidovu tanıyıram. İşlədiyi mağazanın müdiri İddiaçı mübahisəli maşını sahibindən almış və buna görə maşının sahibi mənim adıma etibarnamə vermişdir. Cavabdeh az miqdarda, təxminən 1-2 ay ödəniş edib, məbləğ yadımda deyil. Sonra ödəniş olmayıb. Buna görə məhkəməyə müraciət etdik. Bu günə qədər cavabdeh maşını qaytarmayıb. Həmin maşının başqa şəxsə satılması ilə bağlı İddiaçıla razılaşmanın şahidi olmamışam. X17 eşitmişəm ki, müqavilə onun atasının adına qalmaq şərti ilə maşını başqa şəxsə satır, həmin şəxs aylıq ödənişlərini ödəyəcək. Bundan sonra ödəniş olmadı. Bu günə qədər həmin nəqliyyat vasitəsinə görə ödənişin olması ilə bağlı hər hansı məlumatım yoxdur. Bundan başqa, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X4 bildirmişdir ki, oğlum X2 Ələkbərovdan maşın alıb. Mən İddiaçıla şəxsən telefonla danışıb dedim ki, maşının cəriməsi var. O da dedi ki, cərimə mənlikdir, aybaay arendanı ödəyin, mən özüm cəriməni həll edəcəm, sənədləri də, qəbzləri də sizə verəcəm. Amma Seymur bizə heç nə vermədi. Mən hər dəfə ödəniş edəndə bu barədə maraqlanmışam və oğlum da ona heçnə verilmədiyini bildirirdi. Oğlum Əlirza əsgərlikdə olduğuna görə maşın digər oğlum X3r. X18 şəhərində işləyir. Maşının harada olduğunu və Seyfinin onu harada saxladığını bilmirəm. Maşının cəriməsi var, Bakı şəhərinə gedəndə onu bir neçə dəfə saxlayıblar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən 24 ay müddətinə, yəni xx xxxxxxxx 2017-ci il tarixədək illik faiz dərəcəsı tətbiq edilməməklə 3960 (üç min doqquz altmış) manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin predmetini VAZ-2106 markalı ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobili təşkil etmişdir. Borc müqaviləsinin 3.1-ci bəndinə əsasən, cavabdeh üzərinə götürmüşdür ki, aldığı borcu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Birinci ödəniş xx xxxxxxxx 2015-ci il, sonuncu ödəniş xx xxxxxxxx 2017-ci tarixindən gec olmayaraq həyata keçirilməlidir. Ödəniş cədvəlinə görə cavabdeh xx xxxxxxx 2015-ci ildən başlayaraq hər ay 156 manat olmaqla 24 ay müddətində 3960 manatı iddiaçıya ödəyib qurtarmalıdır. Lakin müqavilə şərtlərinin mövcud olmasına baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuş, iddiaçının razılığı olmadan borc müqaviləsinin predmeti olan VAZ-2106 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili üçüncü şəxs Əlirza Məmmədova satmış, həmin şəxs avtomobilə görə cavabdehin adından iki dəfə 80 və 150 manat olmaqla, cəmi borc müqaviləsi üzrə 230 manat ödəniş etmiş, sonra isə borc müqaviləsi üzrə heç bir ödəniş aparılmamışdır. Hazırda Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə iddiaçıya 3730 manat əsas borcu, 1150 manat faiz borcu olmaqla, cəmi 4880 manat borcu yaranmışdır. Bütün xəbərdarlıqlara baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. İddiaçının məhkəmənin geçikməyə görə artırılmış faiz məbləği müqavilənin qəbul edilmiş şərtlərinə uyğun hesablansa da, əsas borcun miqdarının 3730 manat təşkil etdiyi halda, dəbbə pulunun miqdarının 1150 manat olmasını işin faktiki hallarana uyğun olmaması, eləcə də bunun cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədəmüvafiq olmaması və əsas borcun miqdarı ilə müqayisədə həddən artıq olması ilə əsaslandıraraq artırılmış faiz borcunu, cəmi 10 manat həddində müəyyən etməsinin əsas borca hesablanmış dəbbə pulunun heç də əsas borca tənasübsüz surətdə yüksək məbləğ olmaması barədə dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edib cavabdehdən 1150 manat dəbbə pulu tələbinə dair hissədə qismən 10 manat həddində təmin etməklə səhvə yol verməmiş, işin həqiqi hallarına və tərəflərin qaşılıqlı münasibətlərinə uyğun olan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdən görünür ki, iddiaçının əsas borc üzrə iddia tələbi 3960 manatdır. Faiz borcu üzrə isə tələb 1150 manat təşkil edir. Belə olan halda birinci instansiya məhkəməsi işin hallarını, həm iddiaçının əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaqda haqlı olmuşdur. Cavabdehin apelyasiya şikayətinin iddiaçının bu günədək etdiyi ödənişləri nəzərə almadan artıq hesabması, məhkəmənin isə araşdırma aparmadan iddia tələbini qismən təmin etməsi barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası bunlarla da razılaşa bilmir. Belə ki, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən müəyyən etmişdir ki, cavabdehə xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən 24 ay müddətinə 3960 manat məbləğində kredit verilmiş, lakin o, üzərinə götürdüyü öhdəliyi pozmuş, iddiaçının razılığı olmadan borc müqaviləsinin predmeti olan VAZ-2106 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili üçüncü şəxsə satmış və nəticədə iddiaçıya 24 ay ərzində ödəməli olduğu 3730 manat əsas borcu ödəməmişdir. MM-in tələblərinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (mad. 6.2). Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (mad. 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (mad. 448.1). Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarın 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit olunmuşdur (127-ci maddənin İİ hissəsi). MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (MPM-in 78.1-ci maddəsi). «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. MPM-in 217.4-cü mаddəsinə əsаsən, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin apelyasiya şikayətlərinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında araşdırma aparıb iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətlərinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarına əsasən, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar