Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-639/2021 03.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli, 2(037)-887/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı” İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) istifadə etdiyi təbii qaza görə yaranmış 507 manat 60 qəpik əsas borc və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli, 2(037)-887/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 507 manat 60 qəpik əsas borc, 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu - cəmi 538 (beş yüz otuz səkkiz) manat məbləğinin alınaraq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddianının 162,2 manat hissəsi sayğaca müdaxilə nəticəsində itirilmiş qazın dəyəri kimi hesablanmışdır. Halbuki sayğaca heç bir müdaxilə olunmamdır. Həmçinin sayğac sökülərkən onda hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni 62,2 manatın çıxılması və həmin məbləğin onun hesabından silinməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 ******* mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli, 2(037)-887/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilə bilməz. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 14 oktyabr 2013-cü il tarixli 1445-09-13 nömrəli müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 507,6 manat məbləğində borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 507 manat 60 qəpik əsas borc və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki cavabdehin istifadə etdiyi təbii qaza görə 507,6 manat məbləğində borcu yaranmışdır. Cavabdeh hər ay bildiriş almış, təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Sonuncu dəfə 2020-ci ilin fevral ayında 60 manat ödəniş etmişdir. 27 avqust 2020-ci il tarixdə cavabdehə xəbərdarlıq göndərilmiş, xəbərdarlıqda 507,6 manat borc məbləğinin beş gün müddətində ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin yaranmış borc məbləği ödənilməmişdir. Beləliklə apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut məhkəmə kollegiyasına təqdim etmədiyindən, apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli, 2(037)-887/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli, 2(037)-887/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-639/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-639/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver