Məhkəmə qərarları › İş №2(107)-64/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-64/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-64/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakıları ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-815/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 1492 manat məbləğində pulun, eləcədə tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-815/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, o usta kimi mənzillərin tikinti təmir işlərinin görülməsi ilə məşğuldur. Cavabdehlər onu evlərində təmir işlərinin görülməsi üçün dəvət etmişlər. Aralarında əldə olunan razılığa əsasən xx xxxx 2018-ci il tarixdə onların evində təmir işlərini görməyə başlamışdır. xx xxxxxxxx 2018-ci il tarixdə təmir işlərini yekunlaşdıraraq cavabdehlərə təhvil vermişdir. Həmin müddətdə Asif Musayev ona 600 manat məbləğində nəğd şəkildə pul, 200 manatlıq da işlədiyi mağazadan ərzaq vermişdir. Yəni gördüyü işə görə onlar ona cəmi 800 manat məbləğində pul ödəmişlər. Halbuki, çəkdiyi əziyyət haqqı olaraq onlar ona 2292 manat məbləğində ödəməliydilər. Hazırda cavabdehlərin ona verməli olduğu pul 1492 manat təşkil edir. Dəfələrlə qalmış borcun ödənilməsini cavabdehlərdan tələb etmişdir. Lakin onlar əvəllər pulu ödəyəcəklərini ona vəd etsələr də sonradan həmin pulun ödənilməsindən imtina etmişlər. Bundan əlavə o birinci instansiya məhkəməsində Rəhman və dizayner Gündüzün şahid qismində dindirilməsi barədə vəsatət versə də birinci instansiya məhkəməsi həmin vəsatəti təmin etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi onun ekspertiza təyin edilməsi barədə vəsatətini də təmin etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-815/2019 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-815/2019 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehlərdən 1492 manat məbləğində pulun alınaraq ona verilməsini iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etməklə iş üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı usta kimi mənzillərin tikinti təmir işlərinin görülməsi ilə məşğuldur. Cavabdehlər onu evlərində təmir işlərinin görülməsi üçün dəvət etmişlər. Aralarında əldə olunan razılığa əsasən xx xxxx 2018-ci il tarixdə onların evində təmir işlərini görməyə başlamışdır. xx xxxxxxxx 2018-ci il tarixdə təmir işlərini yekunlaşdıraraq cavabdehlərə təhvil vermişdir. Həmin müddətdə Asif Musayev ona 600 manat məbləğində nəğd şəkildə pul, 200 manatlıq da işlədiyi mağazadan ərzaq vermişdir. Yəni gördüyü işə görə cavabdehlər iddiaçıya cəmi 800 manat məbləğində pul ödəmişlər. Borc məbləğinin digər hissəsi isə qalmışdır. Dəfələrlə qalmış borcun ödənilməsini cavabdehlərdan tələb etmişdir. Lakin onlar əvəllər pulu ödəyəcəklərini ona vəd etsələr də sonradan həmin pulun ödənilməsindən imtina etmişlər. Məhkəmə kollegiyası iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırır ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli rəyindən görünür ki iddiaçının gördüyü işlərə görə zəhmət haqqının dəyəri 1366 ( bir min üç yüz altımış altı ) manat təşkil edir. Həmçinin iddia ərizəsindən görünür ki, həmin müddətdə cavabdehlər iddiaçıya 600 manat məbləğində nəğd şəkildə pul, 200 manatlıq da işlədiyi mağazadan ərzaq vermişdir. Yəni gördüyü işə görə iddiaçıya cəmi 800 manat məbləğində pul ödəmişlər. Belə olduğu təqdirdə zəhmət haqqının ümumi dəyəri 1366 manatdan ödənilmiş 800 manat çıxılaraq fərq hissə, yəni 566 (beş yüz altımış altı) manat təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia qalan hissədə əsaslı deyildir. Belə ki, iddiaçı zəhmət haqqının ümumi dəyərinin 2292 manat olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Eyni zamanda ekspertiza rəyində də zəhmət haqqının ümumi dəyərinin 2292 manat deyil 1366 manat olduğu görünür. Məhkəmə kollegiyası iddiaçı tərəfində ödənilmiş 30 manat dövlət rüsumuna da münasibət bildirərək qeyd edir ki iddianın təmin edilməli olan hissəsinə mütənasib olaraq ödənilmiş 30 manatın 15 manatı iddiaçının özünə aid edilməli 15 manatı isə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki cavabdehlər iddiaçını evlərində təmir işlərinin görülməsi üçün dəvət etmişlər. Aralarında əldə olunan razılığa əsasən xx xxxx 2018-ci il tarixdə cavabdehlərin evində təmir işlərini görməyə başlamışdır. xx xxxxxxxx 2018-ci il tarixdə təmir işlərini yekunlaşdıraraq cavabdehlərə təhvil vermişdir. Həmin müddətdə cavabdehlər iddiaçıya 600 manat məbləğində nəğd şəkildə pul, 200 manatlıq da işlədiyi mağazadan ərzaq vermişdir. Yəni gördüyü işə görə cavabdehlər iddiaçıya cəmi 800 manat məbləğində pul ödəmişlər. Borc məbləğinin digər hissəsi olan 566 manat isə qalmışdır. Ona görə də apelyasiya şikayəti həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki apelyasiya şikayəti qalan hissədə əsaslı deyildir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, iddiaçının gördüyü işlərə görə zəhmət haqqının dəyəri 1366 ( bir min üç yüz altımış altı ) manat təşkil edir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-815/2019 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-815/2019 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-815/2019 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 566 (beş yüz altmış altı) manat alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş 15 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Dövlət rüsumunun digər hissəsi yəni 15 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli ) manat pulun 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar