Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-645/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və X1 iştirakı ilə, X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1098/2019 nömrəli qətnaməsindən X2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1098/2019 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 1440 (bir min dörd yüz qırx) manatın alınaraq X2na verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qətedilmişdir. İşin halları X2 məhkəməyə iddia ərizəsi və iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Cavabdeh müəyyən edilməmiş qalan 13580 manat və ödənilməmiş 1440 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında X2 iddiasını bununla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı törətdiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə ona ittiham elan edilmiş və iş baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(033)-37/2018 iş nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cinayət işinin materiallarından da göründüyü kimi, zərərçəkmiş şəxsə dəymiş ziyan ekspert rəyinə əsasən 32720 manat müəyyən edildiyi halda, qeyd olunan cinayət işi üzrə cinayət təqibini həyata keçirən müstəntiq tərəfindən həmin məbləğ 19140 manata salınmış və yerdə qalan məbləğə mülki icraat qaydasında baxılmalı olan məsələ kimi qiymətləndirilmişdir.Belə ki, məhkəmə istintaq dövründə dindirilmiş şahidlərin (X6, X10, Cavadov Röyal Mükərrəm oğlu və dg.) ifadələrindən məlum olmuşdur ki, "Sübutların qiymətləndirilməsi haqqında qərarında" öldüyü və itdiyi qeyd olunan 25 (iyirmi beş) baş xırda buynuzlu heyvandan, yalnız 2(iki) başının ölməsi; 2017-ci ilin aprel ayında satılaraq, may ayının ortalarında aparıldığı qeyd olunan 32 (otuz iki) baş heyvanın əslində satıldığı vaxt aparıldığı (yəni hesabata heç bir aidiyyatının olmadığı); 5 (beş) baş qoyunun Natiq Abbasov adlı çobana Cavabdeh tərəfindən özbaşına verildiyi; Ziyəddin Mahmudova 2 (iki) baş qoyun verilmədiyi müəyyən edilmişdir. Bununla yanaşı, Cavabdeh ibtidai istintaq zamanı bildirmişdir ki, X9 və Bərpası İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 1000(bir min) manat pul vermiş və bunu 10 baş xırdabuynuzlu heyvanla əvəzləşdirmişdir. Bununla yanaşı, Cavabdeh ibtidai istintaq zamanı bildirmişdir ki, o, Zaqatala Rayon Polis Şöbəsinin rəis müavini Elxan Mirzəyevə 6 (altı) baş, onun sürücüsü Aqil adlı şəxsə isə 2 (iki) baş xırdabuynuzlu heyvan vermişdir. Məhkəmə istintaqı dövründə iş üzrə Cavabdeh 19140 manat puldan 17700 (on yeddi min yeddi yüz) manat pulu ödəmiş, yerdə qalan 1440 (bir min dörd yüz qırx) manatı isə ödəməmişdir. İddia ərizəsi tərtib edilərkən cavabdehin ödədiyi pul məbləği səhvən 18440 (on səkkiz min dörd yüz qırx) manat göstərilmişdir. Hansı ki, 17700 (on yeddi min yeddi yüz) manat ödənilmiş, 1440 (bir min dörd yüz qırx) manat qalmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, ona dəymiş yerdə qalan ziyanı, yəni, 13.580 (on üç min beş yüz səksən) manat pulu (32720 manat - 19140 manat = 13580 manat) pulu Cavabdeh tələb etməsinə baxmayaraq, cavabdeh bundan qərəzli olaraq yayınır. Hazırki, tələblə məhkəməyə müraciət etməsinin səbəbi də Cavabdeh 13.580 (on üç min beş yüz səksən) manat və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ödənilməmiş qalan 1440 (bir min dörd yüz qırx) manatın Cavabdeh alınaraq ona verilməsini xahiş etməkdir. Cavabdeh birinci instansiya məhkəməsininiclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn X2 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri X2 apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıqaşkar kobud surətdə pozmuşdur ki, bu da həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 1098/2019 nömrəli qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında X2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1098/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 1(033)-37/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs X4 vurulmuş maddi ziyanın qalan hissəsinin ödənilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-85/2019 saylı xx xxx 2019-cu il tarixli qərarından görünür ki, dövlət ittihamçısı Qürbət Məmmədov tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh CM-in 179.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü baxılmış apelyasiya protesti və apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1 və 1115-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, hazırki iş üzrə iddiaçı Hacıbəy Zakatalskinin münasibəti əsasında cinayət məsuliyyətinə cəlb edilmiş Cavabdeh Zaqatala rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(033)- 37/2018 saylı hökmü əsasında 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sözügedən hökmdən verilmiş şikayət və protest Şəki Apelyasiya Məhkəməsi tərəfindən təmin olunmamış, məhkəmənin xx xxx 2019-cu il tarixli 1(107)- 85/2019 saylı qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan həmin hökmdən göründüyü kimi, iş üzrə zərərçəkmiş X4 dəymiş ziyan həmin hökmlə 19140 manat müəyyən edilmiş və qalan məbləğə mülki icraat qaydasında baxılmalı olması izah edilmişdir. İddiaçı qalan 13580 manat ziyan məbləğinin cavabdehdən alınması üçün məhkəməyə əlavə heç bir sübut təqdim etməmiş, sözügedən hökmə istinad edərək həmin məbləğin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olduğu təqdirdə məhkəmə tələbin 13580 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə tələblə razılaşmır. Yaranmış vəziyyətdə sözügedən hökmlə dəymiş ziyan məbləğinin 19140 manat olması təsdiq edilmişdir. İddiaçı isə ancaq hökmə istinad etməklə tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin 1440 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, həmin məbləğin həqiqətən iddiaçıya ödənilməsini təsdiq edən sübutları cavabadeh məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə iclasları dəfələrlə təxirə salınmış, cavabdeh etirazında həmin məbləği ödədiyini göstərsə də məhkəməyə qeyd olunan məbləğin ödənilməsinə dair heç bir sübut göndərməmiş, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəki Apelyasiya Məhkəməsinin sözügedən hökmündə göstərilir ki, zərərçəkmiş Hacıbəy Zakatalski tərəfindən yazılmış ərizədən görünür ki, Cavabdeh ona ümumilikdə dəymiş ziyandan 17700 manat ödəmişdir. Beləliklə, ödənilməmiş qalan məbləğ 19140-17000=1440 manat təşkil edir. Hansı ki, həmin məbləğin iddiaçıya verilməsi iş materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə tələbin həmin hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin olunmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1440 manat borc məbləği alınaraq X2na verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apelyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1098/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1098/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(107)-645/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-645/2020
06.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver