Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-646/2021 29.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, Cavabdeh1 (həmçinin X1 nümayəndəsi), onun və digər Cavabdeh2 vəkili X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “əsassız olaraq cavabdehlərin özlərində saxladıqları qoyunların artan balalarının və ya onların dəyərinin alınması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(039)-116/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarı ilə onlardan alınıb cavabdehlərə verilmiş qoyunların saxlanılmasına görə 7800 manat əmək haqqının, 26 ay ərzində qoyunquzunun otarılması üçün icarəyə götürülmüş 2 ha torpaq sahəsinə görə 600 manat otlaq pulunun, 26 ay ərzində qoyun-quzunun dava-dərmanına və baytar həkiminə hər il üçün sərf olunan cəmi 320 manat, hər il qışda əlavə qida-arpa ilə saxlanması üçün cəmi 480 manatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişlər İddiaçı Cavabdeh2 (Musayev Möhöbbət) cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 1 il 10 ay ərzində əsassız olaraq özlərində saxladıqları 32 baş ana qoyundan artan balaların, balalayan qoyunların ildə 2 dəfə artmasını nəzərə alaraq, 100 baş qoyunun (50 baş qoyun, 50 baş quzu) natura qaydasında, olmadıqda isə onların dəyərinin, hər birinin qiymətinin 250 manat olmaqla, pul şəklində cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(039)-116/2020 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin edilməyərək hər iki iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu müvafiq olaraq iddiaçıların özlərinə aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İlk iddia onunla əsaslandırılmışdır ki, cavabdehlər onun dayılarıdır. Hər ikisi onlara qarşı əmlak tələbinə dair iddia qaldıraraq ondan 40 baş qoyunun iddiası ilə çıxış edərək, həmin qoyun-quzunun 33 başının onların, 7 başının isə ona verilməsi ilə bağlı qətnamə çıxarmağa nail olmuşlar. Yevlax Rayon Məhkəməsi bu barədə son dərəcədə ədalətsiz qərar qəbul edərək bölgüyə münasibətdə düzgün qərar formalaşdırmamışdır. Məhkəmə heç bir maddi sübut olmadan 33 baş qoyunun ondan alınmasını və iddiaçılara verilməsini qət etmişdir. O, yazmış olduğu etirazında da bildirmişdir ki, onun ağır vəziyyətilə əlaqədar dayısı Tərtər rayonunun Xoruzlu kəndindən beş qoyun və beş də bala alaraq onun yaşayışını düzəltmək üçün ona kömək etmək istəmişdir. Dayısı bu barədə tərəfə 734 manat pul ödəmişdir. Məqsəd onun ağır vəziyyətinə kömək idi. Bu barədə Xoruzlu kənd sakini Vaqif adlı şəxs məhkəmə iclasında qeyd edilən faktı təsdiq etmişdir. Bundan başqa onlar heç bir yerdən qoyun-quzu almamışlar. Həmin qoyunları evində saxlamışdır. Bu heyvanlardan ikisi satılaraq qoyun-quzuya arpa alınmış, bir başı isə satılaraq ailənin tələbatına ödənilmişdir. Bu baxımdan da 5 ana qoyun, 2 bala quzu qalmışdır. Məhkəməyə təqdim etdiyi arayışdan da görünür ki, onun evində həmin qoyun-quzu artaraq 23 baş olmuşdur. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq apelyasiya şikayətinin təmin edilməsini Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(039)-116/2020 nömrəli qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadeh Cavabdeh1 (həmçinin X1 nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əksinə iddiaçılar öz hərəkətləri ilə onlara xeyli məbləğdə maddi ziyan vurmuşdur. Bu günə kimi qüvvədə olan məhkəmə qətnaməsi icra olunmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadehlərin vəkili X4 apellyasiya şikayətinə etiraz edərək, sonda apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(039)-116/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli, 2(039)-309/2019 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada hər birinin dəyəri 250 manat olmaqla 10 baş, hər birinin dəyəri 180 manat olmaqla 13 baş, hər birinin dəyəri 230 manat olmaqla 8 baş qoyun, onlar olmadıqda qeyd edilən məbləğdə dəyəri, habelə bir qoyunun dəyərinin yarısı 115 manatın alınaraq iddiaçıya verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.10.2019-cu il tarixli, 2(107)- 2516/2019 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli, 2(039)-309/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.02.2020-ci il tarixli, 2(102)- 1359/2020 saylı Qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.10.2019-cu il tarixli, 2(107)-2516/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, yuxarıda qeyd edilən məhkəmə akları ilə tərəflər arasında şifahi tapşırıq müqaviləsinin bağlanması, məhz həmin tapşırıq müqaviləsinə əsasən (tapşırığın icrası ilə bağlı) ilkin iddiaçıların qoyunları saxlaması müəyyən edilərək, buna görə də 23 baş qoyun habelə artımın yarı sayının 8 (17:2) qoyun, bir qoyunun isə yarı dəyərinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçılar cavabdehlərdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Üçüncüsü, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında əvvəllər də məhkəmə mübahisəsi olmuş və həmin mübahisənin nəticəsi olaraq Yevlax Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli, 2(039)-309/2019 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada hər birinin dəyəri 250 manat olmaqla 10 baş, hər birinin dəyəri 180 manat olmaqla 13 baş, hər birinin dəyəri 230 manat olmaqla 8 baş qoyun, onlar olmadıqda qeyd edilən məbləğdə dəyəri, habelə bir qoyunun dəyərinin yarısı 115 manatın alınaraq iddiaçıya verilməsi qərara alınmışdır. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, cavabdehlər iddianı qismən qəbul edilməklə heyvanların sayının 23-ə çatdığını, bu qoyunlardan ikisini sataraq heyvanlara yem aldıqlarını, birini isə sataraq öz ehtiyacları üçün xərclədiyini etiraf etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçıların həmin qoyunların saxlanmasına görə pul tələbi ilə yenidən cavabdehlərə qarşı hazırkı iddianı qaldırması əsassızdır və buna görə də təmin edilə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(039)-116/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-646/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-646/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver