Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-648/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zərdab Rayon Məhkəməsinin 2(035)-336/2022 saylı mülki iş üzrə qəbul etdiyi 02 iyun 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları Zərdab Rayon Məhkəməsinin 2(035)-37/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı həyətə açılan qapının bağlanması və 948 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-358/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-37/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Zərdab Rayon Məhkəməsinin 2(035)-37/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin həyətyanı sahəsi ilə iddiaçının həyətyanı sahəsi arasında açılmış 2 ədəd gediş-gəliş qapısının bağlanmasına, dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçının doğma qardaşdır. Onların həyətləri qonşuluqda yerləşmiş, həyətlərdən bir-birinə keçid, ara qapısı qoyulmuşdur. Həmin qapı mərhum atasının sağlığında qoyulsa da, onun razılığı olmamışdır. 2020-ci ilin sonlarından cavabdeh və onun ailə üzvləri ilə münasibətləri pisləşmiş, mübahisələr məhkəmə qaydasında araşdırılmışdır. Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə həyətləri arasındakı iki qapının bağlanmasına dair iddiası rədd edilmişdir. Məhkəmə həyətlərin arasındakı iki qapının bağlanmasına dair iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, həmin qapı mülkiyyətçi tərəfindən bağlana bilər, hazırkı vəziyyətdə iddiaçının buna cəhd etməsi, cavabdehin isə maneəçilik törətməsi təsdiq olunmur. Məhkəmə qətnaməsindən sonra 2022-ci ilin fevral ayının sonunda və mart ayının 10-da iki dəfə həmin qapıları bağlamağa cəhd etmişdir. Lakin cavabdeh imkan verməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, 2021-ci ildə iddiaçı eyni tələblə Zərdab Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin 09 mart 2021-ci il tarixli, 2(035)-37/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, lakin şikayət təmin edilməmişdir. Odur ki, iddia tələbinin rədd olunmasını və ya iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(035)- 336/2022 nömrəli iş üzrə 02 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim T.Qubadov) iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında həyətə açılan qapının bağlanması ilə əlaqədar iddia tələbinə artıq bir dəfə məhkəmədə baxıldığından və bu barədə Zərdab Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırki işə yenidən baxıla bilməz, ona görə də iş üzrə icraata xitam verilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. İddiaçı şikayət verərək həmin qərardadın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci dəfə verdiyi iddia ərizəsi cavabdeh tərəfindən qapıların bağlanmasına maneəçilik törədilməməsi əsası ilə rədd edilmişdir. Məhkəmə qətnaməsindən sonra 2022ci ilin fevral ayının sonunda və mart ayının 10-da iki dəfə qapıları bağlamağa cəhd etmiş, lakin qarşı tərəf buna imkan verməmişdir. Odur ki, bu hal eyni tərəflər arasında eyni predmet üzrə təkrar iddianın mümkünsüzlüyünün təsiri altına düşmür və cavabdehin hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını pozur. Hesab edir ki, qarşı tərəfin hərəkəti qanunsuzdur və onun mülkiyyət hüquqlarına müdaxilədir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-935/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), E.Hüseynov və A.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, Rayon Məhkəməsinin qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə tərəflər eyni əsas üzrə eyni predmet barəsində tələbi yenidən irəli sürə bilməzlər. Çünki Zərdab Rayon Məhkəməsinin 2(035)- 37/2021 saylı işi üzrə 9 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının eyni cavabdehə qarşı olan eyni iddia tələbinə məhkəmədə bir dəfə baxılmış, iddia tələbi rədd olunmuş və qətnamə artıq qanuni qüvvəsini almışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-1150/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər – Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və Z.Babayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(107)-935/2022 saylı qərardadı ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edərkən prosessual pozuntulara yol vermişdir. Belə ki, iddiaçının cavabdehlə qonşu olan həyətyanı sahələrinin arasında olan iki ədəd gediş-gəliş qapısının bağlanması barədə iddia ərizəsi üzrə işin icraatna xitam verən birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Zərdab Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 mart 2021-ci il tarixli qətnaməsi olduğundan hazırkı işə məhkəmədə yenidən baxılması istisna olunur. Apellyasiya instansiyası məhkəməsi də həmin mövqe ilə razılaşmışdır. Lakin Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli və həmin qətnaməni dəyişdirmədən saxlayan Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, qonşunun həyətyanı torpaq sahəsindən onun həyətyanı sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş 2 ədəd qapının bağlanması barədə tələbini əsaslandıra bilməmiş və cavabdehin həmin qapıların bağlanmasına maneəçilik törətməsini sübuta yetirə bilməmişdir. İddiaçı hazırki iddia ərizəsində eyni tələbi irəli sürsə də, göstərmişdir ki, 2022ci ilin fevral və mart aylarında qapıları bağlamaq istəmiş, lakin cavabdeh buna imkan verməmişdir. Ona görə də hazırkı iddia ərizəsi məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göründüyü kimi iddiaçı fərqli əsaslarla hazırkı iddia tələbini irəli sürmüş, lakin birinci instansiyada işə baxan məhkəmə bu halı diqqətdən qaçırmış, apellyasiya instansiyası məhkəməsi isə eyni səhvi təkrarlamışdır. Bundan başqa işə baxan məhkəmələr nəzərə almamışdır ki, cavabdehin hərəkətləri, yəni qapıları bağlamağa maneəçilik törətməsi davam edən hərəkətlərdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsini hasara almaq hüququ vardır. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qənaəti düzgün olmamış, məhkəmə yuxarıda qeyd edilən prosessual pozuntulara yol vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 261.0 və 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 398.0 və 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin mövqeyi səhvdir. Belə ki, məhkəmələrin əsas məqsədi qanunçuluq və ədalət prinsiplərinə əsaslanaraq tərəflər arasında yaranmış mübahisələri həll etməkdir. Pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxs də öz işinə məhkəmədə tez baxılmasını və pozulmuş hüququnun bərpa edilməsini güman edir və buna inanır. Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı qonşunun həyətyanı torpaq sahəsindən onun həyətyanı sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş 2 ədəd qapının bağlanması barədə tələbini əsaslandıra bilməmiş və cavabdehin həmin qapıların bağlanmasına maneəçilik törətməsini sübuta yetirə bilməmişdir. İddiaçı hazırki iddia ərizəsində eyni tələbi irəli sürsə də, göstərmişdir ki, 2022ci ilin fevral və mart aylarında qapıları bağlamaq istəmiş, lakin cavabdeh buna imkan verməmişdir. Ona görə də hazırkı iddia ərizəsi məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göründüyü kimi iddiaçı fərqli əsaslarla hazırkı iddia tələbini irəli sürmüş, lakin birinci instansiyada işə baxan məhkəmə bu halı diqqətdən qaçırmışdır. Bundan başqa işə baxan Rayon Məhkəməsi nəzərə almamışdır ki, cavabdehin hərəkətləri, yəni qapıları bağlamağa maneəçilik törətməsi davam edən hərəkətlərdir. Belə olan halda Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qənaəti düzgün olmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi hazırki iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmamışdur. Şikayətin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Zərdab Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2022-ci il tarixli qərardad ləğv edilsin. Mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Zərdab Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-648/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-648/2023
16.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver