Məhkəmə qərarları › İş №2(107)-65/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-65/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-65/2022 30.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(014)-16/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ağdaş Rayon Məhkəməsinin (hаkim Nizam Əliyev) 22 oktyabr 2020-ci il tarixli 2(014)-16/2020 nömrəli qətnaməsi ilə iddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4) qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək 25 aprel 2014-cü il tarixli 111.LN.2105.520414.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 41816.21 manat əsas, 16958 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 59774.21 manat məbləğində borcun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu və 62 manat bildirişin DƏDRX-da qeydə alınmasına dair xərc, cəmi 92 manatın isə Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və borcun Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Ağdaş şəhəri H.Əliyev prospekti 79 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və Ağdaş şəhəri H.Əliyev pr. 79 saylı fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsaitin hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus Ağdaş şəhəri H.Əliyev pr-də yerləşən ümumi sahəsi 0.0943 ha, torpaq sahəsində yerləşən 79 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 84000 manat və Cavabdeh2 məxsus Ağdaş şəhəri Ə.Ağdamski küçəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsində yerləşən 26 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 54000 manat məbləğində müəyyən edilməsi, tutmanın Cavabdeh2 məxsus Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, tutmanın Cavabdeh3 məxsus Ağdaş şəhəri H.Əliyev prospekti 79 saylı fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra Ağdaş şəhəri H.Əliyev pr. 79 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması qət edilmişdir. İşin halları İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “Kredir müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 aprel 2014-cü il tarixli, 111.LN.2105.250414.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 49736.83 manat əsas, 16303.65 manat faiz, 5160.37 manat cərimə olmaqla, cəmi borcu 71200.85 manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh2 məxsus Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və borcun Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Ağdaş şəhəri H.Əliyev prospekti 79 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və borcun Ağdaş şəhəri H.Əliyev prospekti 79 saylı fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh2 məxsus Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, Cavabdeh3 məxsus Ağdaş şəhəri H.Əliyev prospekti 79 saylı fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra Ağdaş şəhəri H.Əliyev prospekti 79 saylı fərdi yaşayış evinin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması və tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 62 manat məbləğində bildirişin DƏDRX-də qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin həcminin artırılması ilə barədə ərizə verərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 49736.83 manat əsas, 20148.57 manat faiz və 9005.28 manat cərimə, ümumilikdə 78890.68 manat məbləğində pulun tutulmasını, tutmanın Cavabdeh2 məxsus Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və borcun Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Ağdaş şəhəri H.Əliyev prospekti 79 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və borcun Ağdaş şəhəri H.Əliyev pr., 79 saylı fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh2 məxsus Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, Cavabdeh3 məxsus Ağdaş şəhəri H.Əliyev pr., 79 saylı fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra Ağdaş şəhəri H.Əliyev pr., 79 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması və iddia tələbinin qalan hissədə dəyişdirilmədən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 aprel 2014-cü il tarixli 111.LN.2105.250414.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 23 % 36 ay müddətinə ödəmək şərti ilə 83000 manat məbləğində kredit verilmişdir. 25 aprel 2014-cü il tarixli 111.LN.2105.250414.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında 25 aprel 2014-cü il tarixli 111.CL.130613.00001/a saylı İpoteka müqaviləsinə əlavə №-1 və Cavabdeh3 (ipoteka qoyan) arasında 25 aprel 2014-cü il tarixli 111.CL.250414.00001/a saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilələrin şərtlərinə görə İddiaçı ASC-yə Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinə, Ağdaş şəhəri H.Əliyev prospekti 79 saylı fərdi yaşayış evinə ipoteka hüququ verilmiş və onların qeydiyyatı RX seriyalı 0371356, RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 25 aprel 2014-cü il tarixli 111.LN.2105.250414.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 21 avqust 2017-ci il tarixə olan borcu 49736.83 manat əsas, 16303.65 manat faiz, 5160.37 manat cərimə olmaqla, cəmi borcu 71200.85 manat təşkil edir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə ipoteka müqaviləsinin şərlətinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququ vermişdir. İddiaçı ASC-nin nümayəndəsi Lalə Namazova məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiklərini və işə iştirakları olmada baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar birinci instansiya məhkəməsinin iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(014)-16/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(014)-16/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, kredit götürüldükdən bir müddət sonra maddi imkanı ağırlaşdığından, yəni Azərbaycan manatının 2 dəfə devolvasiyaya uğraması nəticəsində, ölkə daxilində yaşayış üçün tələb olunan bəzi gündəlik məhsulların qiymətlərinin bahalaşması nəticəsində, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan dolların qiymətinin qalxması ilə əlaqədar xarici dövlətlərdən gətirilən malların qiymətləri də qalxdığından və alıcılıq qabiliyyətinin yox həddinə düşməsi nəticəsində sahibkarlıq obyektinin bağlanması səbəbindən götürülmüş kreditləri qrafik üzrə ödəmək iqtidarında olmamışdlr. Bütün bunlar barədə iddiaçı cəmiyyətə (banka) məlumat verilməsinə baxmayaraq, ona düşdüyü durumla əlaqədar iddiaçı tərəfindən heç bir güzəşt olunmamışdır. Tərəfindən götürülmüş kreditin qaytarılması məqsədi ilə kredit müqaviləsi müddətinin faiz dərəcəsi tətbiq edilmədən uzadılması və aylıq ödənişin azaldılmasını təklif etsə də, iddiaçı bütün bunlarla razılaşmamışdır. Düşdüyü ağır maddi vəziyyət işə baxan məhkəmə tərəfindən də nəzərə alınmamışdır. Hesab edir ki, işə baxan məhkəmə işin qeyd edilən gerçək hallarını nəzərə almamış, ədalətsiz qətnamə qəbul etmiş, nəticədə borclu kimi mənim və kreditin qaytarılmasının təminatı kimi ipoteka qoyulmuş fərdi yaşayış evlərinin sakinlərinin ağır olan vəziyyətini daha da ağırlaşdırmışdır. Göründüyü kimi, işə baxan Ağdaş Rayon Məhkəməsi qeyd etdiyi iş üçün əhəmiyyətli olan işin həqiqi hallarını tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməyərək özünün qanunsuz qətnaməsini çıxarmaqla vəziyyətini ağırlaşdırmış, bununla da yuxarıda qeyd edilən maddi və hüquq normalarının tələblərini və cavabdehlərin qanunla qorunan hüquqlarını pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı ASC tərəfindən verilmiş 25 aprel 2014-cü il tarixli 111.LN.2105.250414.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 23 % ilə 36 ay müddətinə ödəmək şərti ilə 83000 manat məbləğində kredit verilmişdir. «Ödəniş cədvəli»dən görünür ki, Cavabdeh1 ona verilmiş kredit vəsaitini hər ay 3212.91 manat məbləğində, sonuncu ay isə 3212.72 manat məbləğində ödənişlər etməklə 36 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən verilmiş 25 aprel 2014-cü il tarixli 111.CL.130613.00001/a saylı ipoteka müqaviləsinə Əlavə №1-dən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş 25 aprel 2014-cü il tarixli 111.CL.250414.0000l/a saylı ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh1 və Cavabdeh3 ilə İddiaçı ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş 13 iyun 2013-cü il tarixli 11 l.CL.130613.0000l/a saylı ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli 001732 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən məlum olur ki, Cavabdeh2 tərəfindən Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2017-ci il tarixli 001768 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən məlum olur ki, Cavabdeh3 tərəfindən Ağdaş şəhəri H.Əliyev pr, 79 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC Ağdaş filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2567 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Banka borcu 49736.83 manat əsas, 20148.57 manat faiz və 9005.28 manat cərimə, ümumilikdə isə 78890.68 manat müəyyən olunur. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlərdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2018-ci il tarixli 5000 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan, maliyyə arayışından, hesabdan çıxarış məlumatından və 25 aprel 2014-cü il tarixli, 11 l.LN-2105.250414.0001 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2017-ci il tarixinədək banka olan borcu 58774.88 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 41816.21 manat, faiz borcu üzrə 16958 manatdır. "xxxx" MMC tərəfindən verilmiş 01 sentyabr 2020-ci il tarixli 196/AGB/20 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 məxsus Ağdaş şəhəri H.Əliyev pr.-də mülkiyyətdə olan 0.0943 ha torpaq sahəsində yerləşən 79 saylı fərdi yaşayış evinin 01 sentyabr 2020-ci il tarixinə olan qiyməti 84200 (səksən dörd min iki yüz) manat təşkil edir. "xxxx" MMC-nin 5 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Ağdaş şəhəri Ə.Ağdamski küçəsi 26 ünvanında yerləşən evin 5 yanvar 2022-ci il tarixə olan likvid dəyəri 76000 manat, Ağdaş şəhəri, H.Əliyev prospekti 79 ünvanında yerləşən evin isə 5 yanvar 2022-ci il tarixə olan likvid dəyəri 226000 manat təşkil edir. Şəki Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(107)-65/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə ipoteka predmetləri olan, Cavabdeh2 məxsus olan və Ağdaş şəhəri Ə.Ağdamski küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evi və Cavabdeh3 məxsus olan və Ağdaş şəhəri H.Əliyev prospektində mülkiyyətdə olan 0.0943 ha torpaq sahəsində yerləşən 79 saylı fərdi yaşayış evi qiymətləndirilərək, həmin evlərin likvid qiymətlərinin təkrar müəyyən edilməsi və əmlakın qiymətləndirilməsinin müstəqil qiymətləndirici «X3» Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Müstəqil qiymətləndirici qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Cavabdeh2 məxsus olan və Ağdaş şəhəri Ə.ünvan 2 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı likvid qiyməti neçə manat təşkil edir? 2. Cavabdeh3 məxsus olan və Ağdaş şəhəri H.Əliyev prospektində 0.0943 ha torpaq sahəsində yerləşən 79 saylı fərdi yaşayış evinin hazırkı likvid qiyməti neçə manat təşkil edir? «X3» MMC-nin 16 may 2022-ci il tarixli məktubundan görünür ki, Ağdaş şəhəri Ə.Ağdamski küçəsi 26 ünvanında yerləşən evin hazırkı dövrə olan likvid dəyəri 60000 manat, Ağdaş şəhəri H.Əliyev prospekti 79 ünvanında yerləşən evin isə hazırkı dövrə olan likvid dəyəri 130000 manat təşkil edir. Şəki Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(107)-65/2022 nömrəli qərardadı ilə iş üzrə Əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir. Ekspert qаrşısındа аşаğıdаkı suаllar qoyulmuşdur: İddiaçı ASC ilə aralarında bağlanmış 25 aprel 2014-cü il tarixli 111.LN.2105.250414.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 həmin müqavilənin müddətinin başa çatdığı 25 aprel 2017-ci il tarixədək hansı məbləğdə və hansı borcları (əsas borc, faiz borcu və cərimə) olmuşdur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli 9/2999 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan, maliyyə arayışından, hesabdan çıxarış məlumatından və 25 aprel 2014-cü il tarixli, 11 l.LN-2105.250414.0001 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə bitən müddətə, yəni xx.xx.2017-ci il tarixinədək banka olan borcu 52.443,20 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 41816.24 manat, faiz borcu üzrə 10626,96 manatdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək 25 aprel 2014-cü il tarixli 111.LN.2105.520414.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 41816.21 manat əsas, 16958 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 59774.21 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsini tutmanın Cavabdeh2 məxsus Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yayış evinə yönəldilməsini, həmin evin açıq hərracda satılaraq borcun Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsini, tutmanın Cavabdeh3 məxsus Ağdaş şəhəri H.Əliyev prospekti 79 saylı fərdi yaşayış evinə yönəldilməsini, həmin evin açıq hərracda satılaraq Ağdaş şəhəri H.Əliyev pr, 79 saylı fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına tələb edilən borc ödənilməsini, ipoteka predmeti olan Cavabdeh3 məxsus Ağdaş şəhəri H.Əliyev pr-də yerləşən ümumi sahəsi 0.0943 ha, torpaq sahəsində yerləşən 79 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 84000 manat və Cavabdeh2 məxsus Ağdaş şəhəri Ə.Ağdamski küçəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsində yerləşən 26 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 54000 manat məbləğində müəyyən edilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, 25 aprel 2014-cü il tarixli 111.LN.2105.250414.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 23% ilə 36 ay müddətinə ödəmək şərti ilə 83000 manat məbləğində kredit verilmişdir. 25 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında 25 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə əlavə №-1 və Cavabdeh3 (ipoteka qoyan) arasında 25 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqavilələrin şərtlərinə görə İddiaçı ASC-yə Ağdaş şəhəri Ə.ünvan 2 fərdi yaşayış evinə, Ağdaş şəhəri H.Əliyev prospekti 79 saylı fərdi yaşayış evinə ipoteka hüququ verilmiş və onların qeydiyyatı RX seriyalı 0371356, RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Bank tərəfindən Cavabdeh1 25 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22 dekabr 2017-ci il tarixə 49736.83 manat əsas, 20148.57 manat faiz və 9005.28 manat cərimə olmaqla, ümumilikdə 78890.68 manat borc hesablanmışdır. İşə birinci instansiya məhkəməsində baxılan zaman iş üzrə Məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizаsı Mərkəzinin 10 avqust 2018-ci il tarixli 5000 nömrəli Məhkəmə mühasibatlıq ekspertizası rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışından, hesabdan çıxarış məlumatından və 25 aprel 2014-cü il tarixli, 11 l.LN-2105.250414.0001 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2017-ci il tarixinədək banka olan borcu 58774.88 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 41816.21 manat, faiz borcu üzrə 16958 manatdır. Birinci instansiya məhkəməsi cavabdehdən kredit borcunun tutulması ilə bağlı belə nəticəyə gəlmişdir ki, 25 aprel 2014-cü il tarixli 111.LN.2105.520414.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 41816.21 manat əsas, 16958 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi borcu 59774.21 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə ödənilməli, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu və 62 manat bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərc, cəmi 92 manat isə müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlilidir.” Məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan faiz borcunun məbləği barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır və bunları qeyd etməyi zəruri hesab edir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. 386.1-ci mаddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər аrаsındа bаğlаnmış kredit və ipoteka müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Cavabdeh məhkəmə kollegiyasının əvvəlki iclasında kredit müqaviləsi üzrə faiz borcunun düzgün hesablanmamasından şikayətlənmiş və iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 "xxxx" ilə bağladığı 25 aprel 2014-cü il tarixli, 11 l.LN-2105.250414.0001 nömrəli kredit müqaviləsinin son müddətinin xx.xx.2017-ci il tarixi olduğu halda, ekspert yaranmış borcu 22 dekabr 2017-ci il tarixə qədər hesablamaqda haqlı olmadığını nəzərə almaqla cavabdehin vəsatətini təmin etmiş və "xxxx" ilə aralarında bağlanmış 25 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 həmin müqavilənin müddətinin başa çatdığı 25 aprel 2017-ci il tarixədək olan əsas borc, faiz borcu və cərimə borcunun məbləğinin müəyyən edilməsi üçün 31 mart 2022-ci il tarixli 2(107)-65/2022 nömrəli qərardadı ilə Məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizаsı Mərkəzinin 06 iyun 2022-ci il tarixli 9/2999 saylı ekspert rəyinə əsasən, maliyyə arayışından, hesabdan çıxarış məlumatından və 25 aprel 2014-cü il tarixli, 11 l.LN-2105.250414.0001 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə bitən müddətə, yəni xx.xx.2017-ci il tarixinədək banka olan borcu əsas borc üzrə 41816.24 manat, faiz borcu üzrə 10626,96 manat, ümumilikdə 52.443,20 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin kredit borcunu müqavilənin bitdiyi 25 aprel 2017ci ilə deyil, 22 dekabr 2017-ci il tarixə qədər hesablamaqda haqlı olmamış və nəticədə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləğini 16958 manat müəyyən etməklə səhvə yol vermişdir. 06 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə cavabdehin "xxxx" ASC-yə xx.xx.2017-ci il tarixə əsas borc üzrə 41816.24 manat, faiz borcu üzrə 10626,96 manat ümumilikdə 52.443,20 manat məbləğində borcu vardır. Lakin birinci instansiya məhkəməsi 25 aprel 2014-cü il tarixli, 11 l.LN- 2105.250414.0001 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehin "xxxx" ASC-yə əsas borc üzrə 41816.21 manat əsas və 16958 manat faiz məbləğində kredit borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsini qət etmişdir. MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının fikrincə hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyаsı iş üzrə tərəfləri dinləyərək, işdə olаn sənədləri tədqiq edib tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduğundan, habelə birinci instansiya məhkəməsinin ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici təyin edərək həmin əmlakların bazar qiymətlərinin müəyyən edilməsini qərara aldığını, lakin qiymətləndirici qarşısında həmin əmlakların likvid dəyərinin müəyyən edilməsi haqqında sual qoymadığı nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən iş üzrə ipoteka predmetləri olan, Cavabdeh2 məxsus olan və Ağdaş şəhəri Ə.Ağdamski küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evi və Cavabdeh3 məxsus olan və Ağdaş şəhəri H.Əliyev prospektində mülkiyyətdə olan 0.0943 ha torpaq sahəsində yerləşən 79 saylı fərdi yaşayış evi qiymətləndirilərək, həmin evlərin likvid qiymətlərinin müəyyən edilməsi qərara alınmış, əmlakın qiymətləndirilməsi müstəqil qiymətləndirici olan “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "xxxx" MMC-in 05 yanvar 2022-ci il tarixli 1001/21 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus olan və Ağdaş şəhəri Ə.Ağdamski küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinin 05 yanvar 2022-ci il tarixinə olan likvid dəyəri 77000(yetmiş yeddi min) manat, Cavabdeh3 məxsus olan və Ağdaş şəhəri H.Əliyev pr.-də mülkiyyətdə olan 0.0943 ha torpaq sahəsində yerləşən 79 saylı fərdi yaşayış evinin likvid dəyəri 226000(iki yüz iyirmi altı min ) manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2014-cü il tаrixli 111.CL.130613.00001/a saylı İpоtekа müqаviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 ilə bаğlаnmış kredit müqаviləsinin təminаtı kimi Cavabdeh2 mülkiyyətində оlаn, Ağdaş şəhəri Ə.Ağdamski küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evini ipоtekаyа qоymuşdur. İpоtekа predmetinin dəyəri 50000 (əlli min) manat məbləğdə qiymətləndirilmişdir. İşdə olan xx.xx.2014-cü il tаrixli 111.CL.250414.00001/a saylı İpоtekа müqаviləsinə № 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 ilə bаğlаnmış kredit müqаviləsinin təminаtı kimi Cavabdeh3 mülkiyyətində оlаn, Ağdaş şəhəri H.Əliyev pr-də 0.0943 ha torpaq sahəsində yerləşən 79 saylı fərdi yaşayış evlərini ipоtekаyа qоymuşdur. İpоtekа predmetinin dəyəri 90000 (doxsan min) manat məbləğdə qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(014)-16/2020 nömrəli qərardadı ilə mülki iş üzrə ipoteka predmeti olan və Cavabdeh2 mülkiyyətində olan Ağdaş şəhəri Ə.Ağdamski küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 26 saylı və ipoteka predmeti olan və Cavabdeh3 mülkiyyətində olan Ağdaş şəhəri H.Əliyev pr-də 0.0943 ha torpaq sahəsində yerləşən 79 saylı fərdi yaşayış evlərinin hazırkı bazar qiymətlərinin müəyyən edilməsi qərara alınmış və qərardadın icrası "xxxx" MMC-nə həvalə edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 01 sentyabr 2020-ci il tarixli 197/AGB/20 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus Ağdaş şəhəri Ə.Ağdamski küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinin 01 sentyabr 2020-ci il tarixinə olan qiyməti 54000 (əlli dörd min) manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 01 sentyabr 2020-ci il tarixli 196/AGB/20 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 məxsus Ağdaş şəhəri H.Əliyev pr.-də mülkiyyətdə olan 0.0943 ha torpaq sahəsində yerləşən 79 saylı fərdi yaşayış evinin 01 sentyabr 2020-ci il tarixinə olan qiyməti 84200 (səksən dörd min iki yüz) manat təşkil edir. Göründüyü kimi, ipoteka predmeti olan əmlakların "xxxx" MMC tərəfindən verilmiş 01 sentyabr 2020-ci il tarixli 197/AGB/20 nömrəli qiymətləndirmə rəyi və 196/AGB/20 nömrəli qiymətləndirmə rəyi ilə müəyyən edilən qiyməti "xxxx" MMC-nin 05 yanvar 2022-ci il tarixli 1001/21 nömrəli qiymətləndirmə rəyində müəyyən edilmiş qiymətdən çox daha aşağı olmuş, habelə, əmlakların ipoteka müqavilələrində müəyyən edilmiş ilkin satış qiymətləri, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyləri və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinin arasında çox kəskin fərq olmuşdur. Odur ki, məhkəmə kollegiyası mülki proses tərəflərinin ipoteka predmeti olan mənzillərin qiyməti barədə razılığa gələ bilməmələrini, habelə ipoteka müqaviləsində göstərilən ipoteka predmetlərinin qiyməti ilə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyləri və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinin arasında kəskin fərq olduğunu nəzərə alaraq 31 mart 2022-ci il tarixli 2(107)-65/2022 nömrəli qərardadı ilə ipoteka predmeti olan fərdi yaşayış evlərinin yenidən qiymətləndirilməsini və əmlakın qiymətləndirilməsinin müstəqil qiymətləndirici «X3» Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsini qərara almışdır. «X3» MMC-in 16 may 2022-ci il tarixli 020/22 nömrəli rəyindən görünür ki, Ağdaş şəhəri Ə.Ağdamski küçəsi 26 ünvanında yerləşən evin hazırkı dövrə olan likvid dəyəri 60000 manat, Ağdaş şəhəri H.Əliyev prospekti 79 ünvanında yerləşən evin isə hazırkı dövrə olan likvid dəyəri 130000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun: -33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. -34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. -39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. -59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. -59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. -59.3-cü maddəsinin tələbinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetlərinin ilkin satış qiyməti ilə məhkəmə kollegiyasının təyin etdiyi qiymətləndirmənin rəyi arasında müəyyən edilmiş qiymətlər arasında fərqlərin olmasını, daşınmaz əmlaklar üzrə hazırkı dövrə olan likvid qiymətlərini nəzərə alaraq, “X3” MMC-nin 16 may 2022-ci il tarixli 020/22 nömrəli rəyinin qanunvericiliyin tələbinə uyğun olaraq kifayət qədər əsaslandırıldığına istinad edərək, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin «X3» MMC-in 16 may 2022-ci il tarixli 020/22 nömrəli rəyində göstərildiyi kimi likvid qiyməti nəzərə alınaraq Ağdaş şəhəri Ə.Ağdamski küçəsi 26 ünvanında yerləşən evin hazırkı dövrə olan likvid dəyərini 60000 manat, Ağdaş şəhəri H.Əliyev prospekti 79 ünvanında yerləşən evin isə hazırkı dövrə olan likvid dəyərini 130000 manat məbləğində müəyyən edilməsini daha qanunauyğun, ağlabatan və ədalətli hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsas kredit borcuna və cərimə borcuna münasibətdə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, ancaq kreditə görə hesablanmış faiz borcunun məbləğinin və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyаsı cavabdehin apellyasiya şikayətinin dəlillərini kreditə görə hesablanmış faiz borcunun məbləğinin və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissələrdə əsaslı hesab edərək, qətnamənin tutulmalı olan faiz borcunun və cəmi tutulmalı olan kredit borcunun məbləğinə aid hissədə və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi nəticəsinə gələrək belə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tаrixli 2(014)-16/2020 nömrəli qətnaməsi tutulmalı olan faiz borcunun və cəmi tutulmalı olan kredit borcunun məbləğinə aid hissədə və ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçı "AGBank” ASC-in xeyrinə tutulmalı olan faiz borcunun məbləği 10626,96 manat, cəmi kredit borcunun məbləği isə 53443,17 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan və “LBC» MMC-in 16 may 2022-ci il tarixli 020/22 nömrəli rəyində göstərildiyi kimi Ağdaş şəhəri Ə.Ağdamski küçəsi 26 ünvanında yerləşən evin hazırkı dövrə olan ilkin satış qiyməti (likvid qiyməti) 60000 manat, Ağdaş şəhəri H.Əliyev prospekti 79 ünvanında yerləşən evin isə hazırkı dövrə olan ilkin satış qiyməti (likvid qiyməti) 130000 manat məbləğində müəyyən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli 9/2999 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində və “X3” MMC-nin 16 may 2022-ci il tarixli 020/22 nömrəli qiymətləndirmə hesabatının (mütəxəssis rəyi) xərci olan 600 (altı yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin və “X3” MMC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(014)-16/2020 nömrəli qətnaməsi Cavabdeh1 tutulmalı olan faiz borcunun və cəmi tutulmalı olan borcun məbləğinə aid hissədə və ipoteka predmetləri olan Cavabdeh2 məxsus olan Ağdaş şəhəri Ə.ünvan 2 ünvanda yerləşən fərdi yayış evinin və Cavabdeh3 məxsus olan və Ağdaş şəhəri H.Əliyev prospektində ümumi sahəsi 0.0943 ha olan torpaq sahəsində yerləşən 79 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 10626.96 (on min altı yüz iyirmi altı manat 96 qəpik) manat, cavabdehdən tutulmalı olan cəmi kredit borcunun məbləği 53443.17 (əlli üç min dörd yüz qırx üç manat 17 qəpik) manat məbləğində müəyyən edilsin. İpoteka predmetləri olan, Cavabdeh2 məxsus olan və Ağdaş şəhəri Ə.ünvan 2 ünvanda yerləşən fərdi yayayış evinin ilkin satış qiyməti (likvid qiyməti) 60000 (altmış min) manat, Cavabdeh3 məxsus olan və Ağdaş şəhəri H.Əliyev prospektində ümumi sahəsi 0.0943 ha olan torpaq sahəsində yerləşən 79 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) 130000 (bir yüz otuz min) manat məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********1; Hesab AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. “X3” MMC-nin 16 may 2022-ci il tarixli 020/22 nömrəli qiymətləndirmə hesabatının (mütəxəssis rəyi) xərci olan 600 (altı yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh1 tutularaq “X3” MMC-nin Kapitalbank ASC kod 201025, müxbir hesab AZ37NABZ013501**********1944, VÖEN **********, SWİFT kod AİİBAZ2XXXX H/hesabı AZ48AİİB400600C**********142 hesabına ödənilsin. Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(014)-16/2020 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar