Məhkəmə qərarları › İş №2(107)-650/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-650/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-650/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh3, Zeynalova Xumar İbad qızı və Cavabdeh1 qarşı “kreditin ödənilməsi və girov predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1723/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı BOKT “xxxx” MMC cavabdehlər Cavabdeh3, Zeynalova Xumar İbad qızına və Cavabdeh1 qarşı kreditin ödənilməsi və girov predmetinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1503,30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat rüsumunun tutularaq BOKT “xxxx” MMC-yə ödənilməsi, tutmanın girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus 583/585 əyarlı, 29,8 qram çəkidə 1 ədəd dəst+sırğa 3 cüt+üzük, 583 əyarlı, 2,4 qram çəkidə brilyant qaşlı üzük, 583 əyarlı, 3,9 qram çəkidə üzük və 583 əyarlı, 19,8 qram çəkidə boyunbağı(tros,qırıq) qızılzinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə onunan vəsaitin BOKT “xxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödəniməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1723/2020 nömrəli (hakim G.Cavadova) qətnaməsinə əsasən iddiа qismən təmin оlunmuş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 1506,30 manat məbləğində əsas borc və 30 manat dövlət rüsumu iddiaçı X7 Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, tutmanın xx.xx.2017-ci il tarixli, LD********** №li girov müqaviləsinə əsasən girov predmeti olan 583/585 əyarlı, 29,8 qram çəkidə 1 ədəd dəst+sırğa 3 cüt+üzük, 583 əyarlı, 2,4 qram çəkidə brilyant qaşlı üzük, 583 əyarlı, 3,9 qram çəkidə üzük və 583 əyarlı, 19,8 qram çəkidə boyunbağı(tros,qırıq) qızılzinyət əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 1506,30 manat məbləğində pulun X7 Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, qalan məbləğin Cavabdeh3 verilməsi, iddianın digər hissədə təmin edilmə qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh3 Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1723/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı BOKT “xxxx” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, BOKT "X5" MMC-nin Yevlax filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə-xx xxxxxx 2021-ci il tarixə qədər illik 0 % dərəcəsini tətbiq etməklə 3256 manat məbləğində kredit verilmişdir. BOKT "X5'' MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxx" MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq alaraq həyata keçirilir. Lakin Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh3 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxxxx 2017-ci il tarixdə girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus məxsus qızıl-zinət əşyaları BOKT "X5" MMC-yə girov qoyulmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla zaminlər Zeynalova Xumar İbad qızı və Cavabdeh1 arasında xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zaminlər kredit müqaviləsinin icra edilməməsinə görə borclu Cavabdeh3 ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlərin iddiaçıya əsas borc üzrə 1506,30 manat ödənilməmiş borcu var. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia qanunsuz və əsassızdır. Belə ki, cənab prezidentin məlum sərəncamından sonra BOKT “xxxx” MMC ilə borcun ödənilməsi barədə razılaşma olmuş və həmin kredit borcu beş il müddətinə hissəvi ödənişi ilə bağlı razılıq əldə edilmişdir. Lakin iddiaçı tərəfindən həmin razılaşma kobud şəkildə pozulmuşdur. Ona görə də, o, iddianı qəbul etmir və hesab edir ki, məlum iddia üzrə qəbul olunmuş qətnamə ləğv olunmalıdır. Birinci İnstansiya Məhkəməsi işə mahiyyəti üzrə baxmış, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli tam, obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385 385.1.4-cü maddələrini və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. O, cavabdeh olaraq götürdüyü pulun, yəni əsas borcun ödənilməsindən imtina etmir. Lakin tam ödəniş etmək üçün buna maddi vəziyyəti yol vermir. Kredit üzrə borc çox hesablanmışdır. Onun BOKT “xxxx” MMC-yə yuxarıda qeyd olunan məbləğdən az borcu qalmışdır. Ona görə də, o bununla razılaşmır. Ona görə də, şikayətinin ədalətlə araşdırılmasını və tələbinin təm olunmasını istəyir. O, hesab edir ki, Yevlax Rayon Məhkəməsinin müvafiq qətnaməsi maddi hüququ normalarının və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.3-cü 385.1.4 maddələrinin tələbləri pozulduğundan məhkəmə qətnaməsi Apellyasiya qaydasında ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1723/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh bu xarakterli şikayətlər verməklə işi süni şəkildə uzadır. İddiaçı tərəf də girov predmetinin açıq hərracda satılmasında maraqlı deyil, cavabdehlə bu gün də qarşılıqlı razılığa gəlməyə hazırdırlar, lakin cavabdeh onlara yaxınlaşmaq əvəzinə, əsassız tələblər irəli sürür. Apellyasiya şikayətini qəbul etmir və şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, X7 Təşkilatı "X5" MMC-nin Yevlax filialı tərəfindən Cavabdeh3 48 ay müddətinə, 0 faiz dərəcəsi ilə 3256 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2017-ci il tarixli, LD********** №li kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X7 Təşkilatı "X5" MMC-nin Yevlax filialı ilə girovqoyan Cavabdeh3 arasında xx xxxxxx 2017-ci il tarixli, LD********** №li girov müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 583/585 əyarlı, 29,8 qram çəkidə 1 ədəd dəst+sırğa 3 cüt+üzük, 583 əyarlı, 2,4 qram çəkidə brilyant qaşlı üzük, 583 əyarlı, 3,9 qram çəkidə üzük və 583 əyarlı, 19,8 qram çəkidə boyunbağı (tros,qırıq) girovqoyan tərəfindən təşkilat qarşısında girov qoyulmuşdur. xx xxxxxx 2017-ci il tarixli, LD********** №li kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X7 Təşkilatı "X5" MMC-nin Yevlax filialı ilə zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında xx xxxxxx 2017-ci il tarixli, LD********** №li zaminlik müqavilələri bağlanmışdır. “Hüquqların və tələblərin güzəşti” haqqında xx xxxxxx 2019- cu il tarixli bildirişdən görünür ki, BOKT “X5" MMC LD********** №li kredit müqaviləsi üzrə tələbetmə hüququnu BOKT " xxxx" MMCyə ötürmüşdür. BOKT "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1506,30 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh3 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının zaminlər-cavabdehlər Zeynalova Xumar İbad qızı və Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət, məhkəmə hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh3 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh3 təşkilata olan 1506,30 manat məbləğində əsas borcu ödənilməmiş qalmışdır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdeh (apelyator) qətnamənin düzgün qəbul edilmədiyini bildirsə də, bu dəlillər anlaşılan deyil. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, Apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1723/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar