Məhkəmə qərarları › İş №2(107)-663/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-663/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-663/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(051)-7/2020 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) xx xxxxxx 2020-ci il tarixli, 2(051)-7/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 12935.72 manat əsas borc, 3303.66 manat faiz borcu və 300 manat cərimə olmaqla cəmi 16539.38 manat (on altı min beş yüz otuz doqquz manat otuz səkkiz qəpik) kredit borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manat və bildirişin DƏDRX-da qeydiyyata alınması üçün ödənilmiş 31 manat xərclərin əvəzinin tutulub iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş evə və torpaq sahəsinə yönəldilməsi, Cavabdeh2 məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 80.000 (səksən min) manat qiymətləndirilmiş Mingəçevir şəhəri Sahil küçəsi, 5 ünvanında yerləşən fərdi yaşayış evinin 0.16 ha torpaq sahəsi ilə birlikdə açıq hərracda satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 16539.38 manat (on altı min beş yüz otuz doqquz manat otuz səkkiz qəpik) kredit borcunun və 61 (altmış bir) manat əlavə xərclərin əvəzinin tutularaq iddiaçıya verilməsi, borcun ödənilməsindən sonra evin açıq hərracda satılmasından qalan pulun cavabdehə qaytarılması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və satılqdıqda Cavabdeh2 və Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri və həmin şəxslərin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, habelə iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat və 145 (bir yüz qırx beş) manat olmaqla cəmi 195 (bir yüz doxsan beş) manatın Cavabdeh1 tutulub müvafiq rekvizitlər üzrə dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2014-cü il tarixli 111.LN.2106.170214.00001 saylı kredit müqaviləsi üzrə 14335.72 manat əsas borc, 2970.66 manat faiz borcu və 1800.32 manat cərimə olmaqla cəmi 19107.20 manat kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək cavabdehlərdən xx.xx.2014-cü il tarixli 111.LN.2106.170214.00001 saylı kredit müqaviləsi üzrə 12935.72 manat əsas borc, 7777.92 manat faiz borcu və 2935.65 manat cərimə olmaqla cəmi 23649.29 manat kredit borcunun tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 111.LN.2106.170214.00001 №-li kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 25 faiz ödəməklə 22000 (iyirmi iki min) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün “xxxx” ASC ilə ipotekaqoyan Mubariz Musatafayev arasında bağlanmış xx.xx.2013-cü il tarixli 111.CL.210613.00001/a saylı ipoteka müqaviləsinin şərtlərinə görə ünvan 2 №-li fərdi yaşayış evinə 0.16 ha torpaq sahəsilə birlikdə ipoteka hüququ verilmiş, həmin ipoteka müqaviləsinə xx.xx.2014-cü ildə 1 №-li əlavə imzalanmış, onun qeydiyyatı xx.xx.2014-cü il tarixli, seriya RX ******* №li çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə xx xxxx 2013-cü il tarixdə bağlanmış 111.CL.210613.00001/a saylı ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus ünvan 2 №-li fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Hazırda Cavabdeh1 “xxxx” ASC-yə 12935.72 manat əsas borc, 7777.92 manat faiz borcu və 2935.65 manat cərimə olmaqla cəmi 23649.29 manat məbləğində kredit borcu qalmışdır. Həmin borcun cavabdehdən tutulmasını, tutmanın ünvan 2 saylı fərdi yaşayış evinə 0.16 ha torpaq sahəsilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və o satılqdıqda ipoteka qoyan Cavabdeh2 və Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, həmin şəxslərin evə istifadə hüquqlarının itirilməsi, ödənilmiş 30 manat dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınması ilə bağlı xərclərin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması xahiş edilir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ASC ilə arasında xx.xx.2014-cü il tarixli, 111.LN.2106.170214.00001 №-li kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bankdan 22.000 manat kredit götürmüşdür. Maddi imkanları olmadığına görə kredit borcunu tam ödəyə bilməmişdir. Kredit borcunu ödəyəcəklər. Ancaq ipoteka qoyulmuş evin satılmasına razı deyil. Birinci instansiya məhkəməsinin əvvəlki iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1 İddiaçı ASC 22.000 manat kredit götürmüşdür. Kredit borcunun təminatı olaraq onun mülkiyyətində olan ev və torpaq sahəsi ipoteka qoyulmuşdur. Maddi imkanları olmadığı üçün kredit borcunu tam ödəyə bilməmişlər. Evin satılmasına razı deyil. Kredit borcunu ödəyəcəklər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-7/2020 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, qətnamədən onun əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməli, eyni zamanda iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 111.LN.2106.170214.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25% hesablanmaqla 36 ay müddətinə 22000 (iyirmi ik min) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin təmin edilməsi üçün İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 111.CL.210613.00001/a saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Mingəçevir şəhəri Sahil küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi ilə öhdəliklərini vaxtında icra etmədiyi üçün məhkəməyə müraciət edilən tarixdə onun 12935,72 manat əsas borc, 7777,92 manat faiz borcu, 2935,65 manat cərimə olmaqla ümumilikdə 23649,29 manat (iyirmi üç min altı yüz qırx doqquz manat 29 qəpik) kredit borcu olmuşdur. İddia ərizəsində qeyd edilən hallar birinci instansiya məhkəməsində tam sübuta yetirilsə də, Mingəçevir Şəhər Məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, keçirilmiş ekspertizanın rəyində ekspert ödənişləri ümumi borcdan çıxmaqla nəticə olaraq Cavabdeh1 borcunu 15034,56 manat əsas və 3303,66 manat faiz borcu kimi müəyyən etmişdir. xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi üzrə ekspert tərəfindən tədqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmaması müəyyən edilməmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ekspertiza keçirən zaman kredit müqaviləsi üzrə gecikdirilmiş faizləri nəzərə almamışdır. Hesab edirlər ki, ekspert rəyində düzgün nəticəyə gəlməmişdir. Buna görə də, yuxarıda qeyd olunanları nəzərə alaraq Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-7/2020 nömrəli qətnaməsinin nəticə hissəsində faiz və cərimə borclarının düzgün hesablanması məqsədi ilə iş üzrə yenidən ekspertiza keçirilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-7/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyərək, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 7/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 111.LN.2106.170214.00001 №-li kredit müqaviləsindən görünür ki, bank Cavabdeh1 36 ay müddətinə 25 faizlə 22000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş xx.xx.2013-cü il tarixli 111.CL.210613.00001/a №-li İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus ünvan 2 saylı yaşayış evi 0.16 ha torpaq sahəsilə birlikdə ipoteka qoyulmuşdur. Evin ilkin satış qiyməti 40000 manat dəyərində qiymətləndirmişdir. İşə əlavə edilmiş 111.CL.210613.00001/a saylı ipoteka müqaviləsinə 1 №-li əlavədən görünür ki, ipoteka saxlayan və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 111.LN.2004.210613.00001 saylı və xx.xx.2014-cü il tarixli 111.LN.2106.170214.00001 saylı kredit müqavilələri və onlara edilmiş və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsəsdilə ipoteka qoyan əmlakı ipoteka qoyur, eləcə də onlara olan hüquq və maraqları ipoteka saxlayana verir. İpoteka qoyulmuş Sahil küçəsi, 5 ünvanında 0.16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə edilmiş kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü ildə İddiaçı ASC-dən 21233.00 manat məbləğində pul vəsaiti almışdır. İşə əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, ipoteka qoyulmuş Cavabdeh2 məxsus Mingəçevir şəhəri Sahil küçəsi, 5 ünvanında 0.16 ha torpaq sahəsində yerləşən 104.0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiyməti 125.000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli “xxxx” MMC tərəfindən verilmiş hesabatın surətindən görünür ki, ünvan 2 № li ünvanda yerləşən fərdi yaşayış evinin bazar qiyməti 80.000 manat təşkil edir. İşə əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2017-ci il tarixli 7931№-li rəyində göstərilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cu il tarixli 111.LN.2106.170214.00001 №-li kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu - 15037.29 manat əsas borc və 3304.28 manat faiz borcu müəyyən olunur. İşə əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 3182 №-li rəyində göstərilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 111.LN.2106.170214.00001 №-li kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu - 15034.56 manat əsas borc və 3303.66 manat faiz borcu müəyyən olunur. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Birinci instansiya məhkəməsi iddiа tələbini qismən – 12935.72 manat əsas borc, 3303.66 manat faiz borcu və 300 manat cərimə olmaqla, cəmi 16539.38 manat (on altı min beş yüz otuz doqquz manat otuz səkkiz qəpik) məbləğində təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci mаddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə, ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə, ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. İş materiallarına iddiaçı «xxxx» ASC tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab etmişdir ki, ipoteka predmeti hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin DƏDRX-da qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 2935.65 manat məbləğində cərimə hesablamışdır. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehə hesablanmış cərimənin məbləği azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında da göstərmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır». Göründüyü kimi, iddiaçı cavabdehə 2935.65 manat məbləğində cərimə hesablamış, cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən birinci instansiya məhkəməsi, cavabdehin maddi imkanını nəzərə almış, ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 300 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı sayır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış ərzinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidilər. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutulmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İşdən göründüyü kimi, iddiaçı cavabdehləri öhdəliklərinin vaxtında və lazımınca icrası, əks tədqirdə müqavilənin ləğvi üçün məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. İddiaçı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, müqavilə üzrə öhdəliklərin iddiaçı ilə yanaşı, cavabdeh və onun zamini (ipoteka qoyan) üçün də məcburi olmasına baxmayaraq, cavabdeh və zamin müqavilənin şərtlərini pozmuşlar. Qanunvericiliyin yuxarıda göstərillən müddəalarından da göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etdiyindən cavabdehlərdən banka olan borcu və bank tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xeyrinə Cavabdeh1 12935.72 manat əsas borc, 3303.66 manat faiz borcu və 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 16539.38 manat məbləğində kredit borcunun tutulmasının qət edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslıdır. Apellyasiya şikayətindən göründüyü kimi, iddiaçı onun xeyrinə cavabdehlərdən tutulması təmin edilmiş kredit borcunun məhkəmə-mühasibatlıq ekspertizası və buna uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğləri ilə razılaşmamışdır. İddiaçı öz iddiasında onun xeyrinə cavabdehlərdən 12935.72 manat əsas borc, 7777.92 manat faiz borcu və 2935.65 manat cərimənin tutulmasını tələb etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 218.3-cü maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyləri arasındakı cüzi fərqlə və axırıncı rəy əsas götürülməklə mübahisəli kredit müqaviləsi üzrə cavabdehin (borc alanın) xx.xx.2016-cı il tarixə 15034.56 manat əsas borcu və 3303.66 manat faiz borcunun yarandığı müəyyən olunmuşdur. İddiaçı tərəfindən məhkəmədə iddianın qaldırıldığı vaxtdan sonra iddianın həcminin artırılması barədə vəsatət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi işə iddia tələbi həddində baxmış və ekspert tərəfindən əsas borcun 15034.56 manat məbləğində müəyyən olunmasına baxmayaraq, iddia ərizəsində əsas borc 12935.72 manat göstərildiyindən məhkəmə də tələbi əsas borca aid hissədə 12935.72 manat məbləğində təmin etmişdir. Bundan başqa, iddiaçının 7777.92 manat faiz borcu tələb etməsinə baxmayaraq, iki dəfə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində mübahisəli kredit müqaviləsi üzrə cavabdehin (borc alanın) xx.xx.2016-cı il tarixə faiz borcunun 3303.66 manat məbləğində olduğu müəyyən edilmişdir. Habelə, iddiaçı cavabdehlərə xx.xx.2016-cı il tarixə 2935.65 manat cərimə hesablamış, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinadən cərimə məbləğini 300 manata endirmişdir. Məhkəmə kollegiyası cərimə məbləği ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini ədalətli hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanuna görə ekspert rəyi sübut növlərindən biri olmaqla məhkəmə üçün digər sübutlardan üstün deyildir. Lakin ekspert rəyi xüsusi biliyə malik peşəkar və bitərəf mütəxəssisin apardığı tədqiqatın nəticələrini özündə əks etdirdiyindən onun sübut vasitəsi kimi əhəmiyyəti və mötəbərliyi daha yüksəkdir. Məhkəmə ekspertin rəyini natamam və ya kifayət qədər əsaslı olmayan hesab edib əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Hazırkı iş üzrə iki dəfə aparılmış və nəticələri cüzi fərqlə oxşar olan məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri iddiaçını qane etməsə də, lakin məhkəmə kollegiyası iddiaçının bununla bağlı dəlillərini qəbulolunmaz hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandığı ekspert rəyi ilə razılaşmamağa və təkrar ekspertiza təyin etməyə yetərli əsas müəyyən etməmişdir. Eləcə də, tərəflər birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmədiklərinə görə məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlamağa lüzum görməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır, həmin nəticələri qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-7/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-7/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar