Məhkəmə qərarları › İş №2(107)-664/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-664/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-664/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-489/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-489/2020 nömrəli qətnaməsi ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiаsı rədd edilmişdir. İşin halları İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra iddiaçı və ya BOKT “xxxx” MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 863.98 (səkkiz yüz altmış üç dollar 98 sent) ABŞ dolları kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xxxx BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 36 faiz olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdehin banka 863.98 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək BOKT «xxxx» MMC-nin ona qarşı kredit müqaviləsi üzrə 863.98 ABŞ dolları borcun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-489/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən BOKT “xxxx” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri BOKT “xxxx” MMC-in apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə xx.xx.2016-cı il tarixə qədər illik 36 % dərəcəsini tətbiq etməklə 2000 ABŞ dolan məbləğində kredit verilmişdir. Lakin, dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin kredit müqaviləsi üzrə borc tam ödənilmədiyindən, cavabdehdən borcun və ödənilmiş dövlət rüsumunun iddiaçı BOKT xxxx MMC-nin xeyrinə tutulması barədə xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edilmişdir. Göyçay Rayon Məhkəməsi tərəfindən həmin mülki iş icraata qəbul edilərək, xx.xx.2019-cu il tarixli 2(046)-1748/2019 saylı bildirişlə məhkəmə iclasının olacağına dair iddiaçıya məlumat göndərmişdir. İddiaçının nümayəndəsi tərəfindən işə iştirak olmadan baxılıb qətnamə çıxarılması üçün Göyçay Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Göyçay Rayon Məhkəməsi tərəfindən həmin mülki işə baxılmış və Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(046)-1748/2019 saylı qərardadı ilə borc tələbinə dair iddia ərizəsi üzrə mülki iş '‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə dəqiqləşdirməyə zəruriyyət yarandığından və fiziki şəxslərə bu istiqamətdə möhlət hüququ verildiyindən baxılmamış saxlanılmışdır. Həmin Fərmanda icra mexaniziminin xx.xx.2019-cu il tarixədək yerinə yetrilməsinə möhlət verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə həmin şəxs Fərmanın əhatə dairəsinə düşərək, həmin şəxsin əsas borcu üzrə dövlət büdcəsi vəsaiti hesabına kompensasiya ödənilmiş və həmin məbləğ əsas borcdan azaldılmış, faiz və cərimə borcu tələbi hissəsində isə iddiaçı tərəfindən güzəşt edilməklə tam silinmişdir. Ləğv (iflas) prosesində olan BOKT “xxxx” MMC (Kreditor) və Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əldə edilən və xx xxxxxx 2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ yeni Kreditor BOKT “xxxx” MMC-yə keçmişdir. xx.xx.2020-ci il tarixdə xx.xx.2019-cu il tarixli qərardadın ləğv edilərək işə mahiyəti üzrə baxılması üçün iddiaçı tərəfindən ərizə ilə Göyçay Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Göyçay Rayon Məhkəməsi tərəfindən isə xx.xx.2020-ci il tarixli məktubla iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin sənədlər daxil olduqdan sonra yenidən xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə Cavabdeh əsas məbləğ üzrə 863.98 ABŞ dolları, faiz məbləği üzrə 0 ABŞ dolları, cərimə məbləği üzrə 0 ABŞ dolları olmaqla, ümumilikdə 863.98 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı BOKT xxxx MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması üçün Göyçay Rayon Məhkəməsinə müraciət edilmişdir. Prosessual hüquq normaları pozularaq, 3 ay müddətində baxılmalı olan işə 7 ay müddətindən sonra Göyçay Rayon Məhkəməsi tərəfindən baxılmış və Məhkəmənin 2(046)-489/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə borc tələbinə dair BOKT xxxx MMC-nin iddia tələbi iddia müddətinin ötrülməsi əsas gətrilməklə təmin edilməmişdir. Həmin qətnamə xx.xx.2020-ci il tarixdə məhkəmədən nümayəndəyə təqdim edilib. Hesab edirlər ki, həmin qətnamə əsassız olduğundan ləğv edilməli, iş üzrə iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunanlardan və bu şikayətə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, borc tələbinə dair iddia ərizəsi qətnamədə qeyd edilən xx.xx.2020-ci il tarixdə deyil, xx.xx.2019-cu il tarixdə Göyçay Rayon Məhkəməsinə verilmiş və Məhkəmənin 2(046)-1748/2019 saylı xx.xx.2019 -cu il tarixli qərardadı ilə borc tələbinə dair iddia ərizəsi üzrə mülki iş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə dəqiqləşdirməyə zərurət yarandığından və fiziki şəxslərə bu istiqamətdə möhlət hüququ verildiyindən baxılmamış saxlanılmışdır. Analoji işlərdən olan eyni predmet üzrə ərizənin baxılmamış saxlanılması barədə qərardadlardan verilmiş şikayət üzrə biri olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-3029/2019 saylı Qərardadında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar vətandaşlara vaxt verildiyindən Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1523/2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Habelə həmin Qərardadda Mülki Kollegiya hesab etmişdir ki, “İddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həll qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin islər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq ,o cümlədən problemli kreditlərin məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz.” (Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-3029/2019 saylı Qərardadı əlavə edilir) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.3.-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə iddia müddətinin axımı dayandırılır. Burada da müvafiq icra hakimiyyəti olaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanı ilə möhlət hüququ verilmişdir. Digər tərəfdən də borclunun kredit müqaviləsi üzrə etdiyi ödənişlərdən də müəyyən edilir ki, borclunun Fərmana əsasən dövlət büdcəsi vəsaiti hesabına ödənilən ödənişdən əvvəl özü tərəfindən edilən son ödəniş tarixi xx.xx.2017-ci il tarixi olmaqla 17.64 ABŞ dolları ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Buradan məlum olur ki, həmin kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə ödəniş edildiyindən həmin tarixdə iddia müddətinin axımı kəsilmişdir. Fasilədən sonra iddia müddəti yenidən başlayaraq iddia müddətinin son tarixi xx.xx.2020-ci il olmuşdur. Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, həmin iş üzrə iddia müddəti ötrülməmişdir və bu halda iddia müddəti tətbiq edilməməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. BOKT “xxxx” MMC-in nümayəndəsi məhkəməyə ərizə göndərərək apellyasiya şikayətini müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında illik 36 faiz olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1748/2019 saylı qərardadından görünür ki, iddiaçı LPO “xxxx” BOK MMC-in Cavabdeh qarşı ”kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslndırmışdır ki, kredit müqaviləsinin bağlandığı tarixin xx.xx.2015-ci il tarix olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi iddia müddətinin iddiaçı tərəfindən buraxılması əsası ilə iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İşdən görünür ki, Cavabdeh ilə xxxx BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 36 faiz olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. İddiaçı LPO “xxxx” BOKT MMC Cavabdeh qarşı “863.98 ABŞ dolları əsas kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2(046)- 1748/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə '‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə dəqiqləşdirməyə zərurət yarandığından və fiziki şəxslərə bu istiqamətdə möhlət hüququ verildiyindən iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmış, iddiaçıya Fərmanın müəyyən etdiyi qaydalara riayət etməsi tövsiyə edilmişdir. Bundan sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə Cavabdeh kredit borcu Fərmanın əhatə dairəsinə düşdüyündən, əsas borcu üzrə dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödənilmiş və həmin məbləğ kredit müqaviləsi üzrə onun əsas borcundan azaldılmış, faiz borcu və hesablanmış cərimə isə bank tərəfindən güzəşt edilməklə tam silinmişdir. Ləğv prosesində olan BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ yeni kreditor BOKT “xxxx” MMC-yə keçmişdir. Lakin cavabdeh bundan sonra da əsas borcu ödəmədiyindən iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə xx.xx.2019-cu il tarixli 2(046)-1748/2019 saylı qərardadın ləğv edilib işə mahiyyəti üzrə baxılması üçün ərizə ilə Məhkəməyə müraciət edilmiş, Göyçay Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin sənədlər daxil olduqdan sonra iddiaçı yenidən hazırkı iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əsas məbləğ üzrə 863.98 ABŞ dolları, faiz məbləği üzrə 0 ABŞ dolları, cərimə məbləği üzrə 0 ABŞ dolları olmaqla, ümumilikdə 863.98 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı BOKT xxxx MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsi tərəfindən həmin mülki işə baxılmış və iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşdən görünür ki, iddiaçı daha əvvəl xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)- 1748/2019 nömrəli qərardadı ilə iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri iddiaçıya geri qaytararaq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini təklif etmişdir. İddiaçı da xx.xx.2020-ci il tarixdə yenidən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, iddiaçı iddia müddətini ötürməmiş və vaxtında iddia tələbi ilə məhkəməyə müraciət etmidir. Belə ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1748/2019 nömrəli qərardadı ilə '‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə dəqiqləşdirməyə zərurət yarandığından və fiziki şəxslərə bu istiqamətdə möhlət hüququ verildiyindən iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmış, iddiaçıya Fərmanın müəyyən etdiyi qaydalara riayət etməsi tövsiyə edilmişdir. Kredit təşkilatı Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra əsas borc ödənilməmiş qaldığından yenidən məhkəməyə müraciət edilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması haqqında Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1748/2019 nömrəli qərardadı yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane ola bilməzdi. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədən kənar həll qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin islər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlərin məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə olunması həm həmin Fərmanın mahiyyətinə, həm də qanunvericiliyə zidd olardı. Azərbaycan Respublikası Prezidentinin '‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanında icra mexaniziminin xx.xx.2019-cu il tarixədək yerinə yetrilməsinə möhlət verilmişdir. Həmin müddət bitdikdən sonra iddiaçı 2020-ci ilin fevral ayında yenidən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, kollegiya Fərmanın tələblərinin tətbiqi ilə bağlı islər üzrə zəruri prosedurlara sərf edilmiş müddəti ağlabatan müddət hesab edir və qeyd edir ki, həmin ağlabatan müddət iddia müddətinə daxil edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə, öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə görə, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. İşdə mövcud olan mümkün və mötəbər sübutlara əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 863.98 ABŞ dolları məbləğində kredit borcunun olması müəyyən olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-489/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia təmin edilməli, Cavabdeh 863.98 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı BOKT «xxxx» MMC-nə verilməsi qət edilməlidir. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-489/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı ”kredit borcunun ödənilməsi” barədə iddiası təmin edilsin. Cavabdeh 863.98 (səkkiz yüz altmış üç dollar 98 sent) ABŞ dolları kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar