Məhkəmə qərarları › İş №2(107)-664/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-664/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-664/2022 26.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(051)-854/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən 1195 manat məbləğində əsas borc və 32 manat dövlət rüsumu olmaqla, cəmi 1227 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 05.03.2022-ci il tarixli, 2(051)-854/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı MMC 22.03.2022-ci il tarixdə məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin 05.03.2022-ci il tarixli, 2(051)-854/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 29.03.2022-ci il tarixli, 2(051)-854/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iş materiallarında iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməmişdir. Göründüyü kimi iddiaçı cavabdehlə mübahisənin məhkəmədən kənar qaydada nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi ərizəyə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsi iddiaçının vəzifəsi kimi müəyyən olunmuşdur. Belə olan halda qeyd olunan nöqsana görə iddia ərizəsi geri qaytarılmalı və iddiaçı tərəfə həmin qüsuru aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.2 maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4, 151.1, 152.1.6 və 284-3.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 05.03.2022- ci il tarixli, 2(051)-854/2022 saylı qərardadından narazıdır və hesab edir ki, qərardad mütləq formada ləğv edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən müqavilədə nəzərdə tutulduğu halda pretenziya qaydasına əməl edilməsi məcburidir. Hazıkı mübahisə üzrə isə tərəflər arasında bağlanmış müqavilədə pretenziya qaydasına əməl edilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı cavabdehə pretenziya qaydasında müraciət etmək vəzifəsi daşımır. Ona görə də, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. 152.1.5-ci maddəsinin tələbinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. 397.2-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(051)-854/2022 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(051)-854/2022 saylı qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(051)-854/2022 saylı qərardadı tam, həmin işlə bağlı 29.03.2022-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin edilməməsi” hissəsində ləğv edilərək, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı geri qaytarılması barədə mövqeyi əsassızdır. Belə ki, iş müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Qanunvericiliyin göstərilən tələbinə əsasən müqavilədə nəzərdə tutulduğu halda pretenziya qaydasına əməl edilməsi məcburidir. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilədə pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə pretenziya qaydasında müraciət etmək vəzifəsi daşımır. Bundan əlavə birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə mübahisəkləndirilən qərarı qəbul edərkən Mülki Məcəllənin 742.2-ci maddəsinə istinad etmişdir. Həmin maddədə deyilir ki, Yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır (MM-in 742.2-ci maddəsi) Lakin iddiaçının tələbindən göründüyü kimi iddia tələbində müqavilənin ləğvi deyil, cavabdeh tərəfin borclu olduğu pulu qaytarılması tələbidir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, MPM-in 742.2-ci maddəsinin hazırki iş üzrə tətbiq edilməsi düzgün olmazdı. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(051)-854/2022 saylı qərardadı tam, həmin işlə bağlı 29 mart 2022-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin edilməməsi” hissəsində ləğv edilərək, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, iddia ərizəsinin geri qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın geri qaytarılması üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı digər hallar arışdırılıb onlara qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların arışdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edilməzsə iddianı icraata qəbul etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(051)-854/2022 saylı qərardadı tam, 29.03.2022-ci il tarixli qərardı isə qismən-“şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar