Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-665/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)- 480/2020 nömrəli qətnaməsindən iddiaçı BOKT «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-480/2020 nömrəli qətnaməsi ilə iddia rədd edimiş, iddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh 136.48 ABŞ dolları əsas kredit borcu və 20 manat dövlət rüsumu əvəzinin tutulması barədə tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı BOKT «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 136.48 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT «xxxx» MMC iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxx” BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 33 faiz olmaqla 18 ay müddətinə 1000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdehin banka 136.48 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa, bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək BOKT «xxxx» MMC-nin ona qarşı kredit müqaviləsi üzrə 136.48 ABŞ dolları borcun qaytarılması tələbi üzrə iddia müddəti keçdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-480/2020 nömrəli qətnaməsindən iddiaçı BOKT “xxxx” MMC tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamədən narazıdır, onu qanunsuz və əsassız hesab edir. Belə ki, bundan əvvəl Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-1740/2019 nömrəli qərardadı ilə BOKT “xxxx” MMC-nin borc tələbinə dair iddia ərizəsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə dəqiqləşdirməyə zərurət yarandığından və fiziki şəxslərə bu istiqamətdə möhlət hüququ verildiyindən baxılmamış saxlanılmışdır. Həmin Fərmanda icra mexaniziminin xx.xx.2019-cu il tarixədək yerinə yetrilməsinə möhlət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.3-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə iddia müddətinin axımı dayandırılır. Burada da müvafiq icra hakimiyyəti olaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanı ilə möhlət hüququ verilmişdir. Digər tərəfdən də, borclunun kredit müqaviləsi üzrə etdiyi ödənişlərdən də müəyyən edilir ki, Fərmana əsasən dövlət büdcəsi vəsaiti hesabına ödənilən ödənişdən əvvəl borclunun özü tərəfindən edilən son ödəniş tarixi xx.xx.2017-ci il tarixi olmaqla 58.79 ABŞ dolları ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-cı maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Buradan da məlum olur ki, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə ödəniş edildiyindən həmin tarixdə iddia müddətinin axımı kəsilmişdir. Fasilədən sonra iddia müddəti yenidən başlayaraq iddia müddətinin son tarixi xx.xx.2020-ci il olmuşdur. Yuxarıda qeyd edilənlərdən də müəyyən olunur ki, həmin iş üzrə iddia müddəti ötrülməmiş və bu halda iddia müddəti tətbiq edilməməlidir. Şərh olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlməmişdir... Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-480/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və Cavabdeh əsas məbləğ üzrə 136.48 ABŞ dolları, faiz məbləği üzrə 0 ABŞ dolları, cərimə məbləği üzrə 0 ABŞ dolları olmaqla, ümumilikdə 136.48 ABŞ dolları məbləğində kredit borcunun və 20 manat məbləğində dövlət rüsumu əvəzinin BOKT “xxxx” MMC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib tətbiq edilməli hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddiaçı BOKT “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-480/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında illik 33 faiz olmaqla 18 ay müddətinə 1000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İşə əlavə edilmiş hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. İddiaçı BOKT «xxxx» MMC xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxx 2020-ci il tarixə əsas məbləğ üzrə 136.48 ABŞ dolları, faiz məbləği üzrə 0 ABŞ dolları, cərimə məbləği üzrə 0 ABŞ dolları olmaqla cəmi 136.48 ABŞ dolları məbləğində kredit borcunun olduğunu iddia edərək həmin borcun cavabdehdən tutulub MMC-yə ödənilməsi üçün müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin qüvvədə olduğu müddətin xx.xx.2016-cı il tarix olduğu və iddiaçının xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etdiyi əsas götürülməli, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 375.2.-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir... Ona görə də iddia tələbi təmin edilməməlidir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və həmin nəticənin işin faktiki hallarına uyğun olmadığı qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi, hazırkı tələb üzrə öhdəliyin icrası müddəti xx.xx.2016-cı il tarixdə sona çatmış və növbəti gündən iddia müddətinin axımı başlamış, iddiaçının xx.xx.2019-cu il tarixədək məhkəmədə iddia qaldırmaq hüququ olmuşdur. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən müəyyən olunur ki, onun Cavabdeh qarşı hazırkı tələblə bağlı əvvəlki iddia ərizəsi Göyçay Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə göndərilmiş və Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə belə hesab etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün müvafiq güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Buna görə də, Fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddiaların, məhkəmədən kənar həll qaydasına riayət olunmaması əsası ilə, icraata qəbul edilməsindən imtina edilməlidir. Analoji müqavilələr üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası Fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı pretenziya qaydasına riayət edəndən sonra yenidən məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı kredit mübahisələri üzrə iddia müddətinin axımını dayandıran amil kimi təzahür etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 379.1.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icra müddətinin həmin Fərmanın təsiri altına düşən kredit müqavilələri üzrə iddia müddətindən çıxılmalı olduğunu nəzərə aldıqda hazırkı iddia tələbi üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyi nəticəsinə gəlmək mümkündür. Bu baxımdan məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və əsassız olaraq iddiaçı tərəfindən iddia müddətini ötürülmüş hesab etmişdir. Digər tərəfdən, iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi maliyyə sənədindən (borclunun bank hesabından çıxarışdan) görünür ki, borclu (cavabdeh) kredit müqaviləsi üzrə son ödənişi xx.xx.2017-ci il tarixdə etmişdir (həmin tarixdə 58.79 ABŞ dolları məbləğində ödəniş edilmişdir). Göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti xx.xx.2016-cı il tarixdə sona çatdıqdan sonra da cavabdeh ödəniş etmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İstinad edilən normaya müvafiq olaraq kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti sona çatdıqdan sonra cavabdehin ödəniş etməsi onun borcu etiraf etməsini göstərən hərəkətdir və öhdəliyin icrası müddəti sona çatdıqdan sonra cavabdehin yeni ödəniş etməsi ilə həmin ödənişin edildiyi tarixdən iddia müddətinin axımı təzələnmişdir. Cavabdehin yeni ödənişindən sonra iddia müddəti xx.xx.2020-ci il tarixədək uzanmış, iddiaçı isə xx.xx.2020-ci il tarixdə məhkəməyə təkrarən iddia ərizəsi ilə müraciət etmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Qeyd edildiyi kimi, iddiaçı xx xxxxxx 2020-ci il tarixə cavabdehin 136.48 ABŞ dolları, faiz məbləği üzrə 0 ABŞ dolları, cərimə məbləği üzrə 0 ABŞ dolları olmaqla cəmi 136.48 ABŞ dolları məbləğində kredit borcunun olduğunu iddia edir və həmin borcun ödənilməsini cavabdehdən tələb edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddiası əsaslıdır və həmin iddia təmin edilməlidir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etməkdə haqlı olmamış, həm maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, həm də gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. MPM-in 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması - birinci instansiya məhkəməsinin qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddia tələbinin qiyməti (məbləği) iki min manatdan az olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı BOKT “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-480/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu normaya uyğun olaraq iddiaçı BOKT “xxxx” MMC tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən alınaraq ona qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı BOKT “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-480/2020 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddiası təmin edilərək, Cavabdeh 136.48 ABŞ dolları (bir yüz otuz altı dollar qırx səkkiz sent) məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat alınıb iddiaçı BOKT “xxxx” MMC-yə ödənilsin. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-665/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-665/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver