Məhkəmə qərarları › İş №2(107)-666/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-666/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-666/2020 17.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “FİNCA Azərbaijan” MMQBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2522/2019 nömrəli qərdadından iddiaçı “FİNCA Azərbaijan” MMQBKT-nın nümayədəsi X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «FİNCA Azerbaijan» MMQBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1782.81 manat, faiz borcuna görə 0.00 manat, cəmi 1782.81 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azerbaijan» MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «FİNCA Azerbaijan» MMQBKT iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2015-ci il tarixli **********5285 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 23.83 faizlə 24 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə təşkilat arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər borcu ödəməmişlər. Nəticədə, cavabdehin «FİNCA Azerbaijan» MMQBKTyə əsas borc üzrə 1782.81 manat, faiz borcuna görə 0.00 manat, cəmi 1782.81 manat borcu qalmışdır. Kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı təsiti altına düşmür. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxx 2019-cu il tarixli 2(039)-2522/2019 nömrəli qərardadı ilə iddiaçı «FİNCA Azerbaijan» MMQBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiаçı “FİNCA Azərbaijan” MMQBKT-nın nümayədəsi X2 şikаyət verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2522/2019 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə icraatın yenilənməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2522/2019 nömrəli qərardadı ilə iddiaçı “FİNCA Azərbaijan” MMQBKT-nin Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2522/2019 nömrəli qərardadından şikayəti təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X3 izahat verərək şikayətin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2522/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq iddiaçı “FİNCA Azərbaijan” MMQBKT-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2522/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2015-ci il tarixli **********5285 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 23.83 faizlə 24 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə təşkilat arasında zaminlik müqaviləsi bağlanmışdır. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Birinci instansiya məhkəməsi mülki işin yuxarıda qeyd olunan hallarını ümumiləşdirərək hesab etmişdir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməlidir. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır İddiaçıya izah olunmuşdur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2522/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “FİNCA Azərbaijan” MMQBKT-nın nümayədəsi X2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2522/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar