Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-672/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Məmmədrəsul) Rəsul oğluna qarşı su arxının açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: su arxının açılması, maneənin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh (Məmmədrəsul) Rəsul oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh (Məmmədrəsul) Rəsul oğluna qarşı su arxının açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı və Cavabdeh (Məmmədrəsul) Rəsul oğlu Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yaşayır. Cavabdeh (Məmmədrəsul) Rəsul oğluna məxsus torpaq sahəsindən keçən su arxı ilə İddiaçı məxsus 0,50 ha bağ sahəsi suvarılır. Həmin arx cavabdeh tərəfindən bağlandığından iddiaçı su arxının açılması və maneənin aradan qaldırılması ilə 0,50 ha fındıq bağının quruyub məhv olmasının qarşısının alınmasında ona köməklik edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, su arxının açılması və maneənin aradan qaldırılması ilə 0,50 ha fındıq bağının quruyub məhv olmasının qarşısının alınmasında ona köməklik edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Yuxarı Çardaxlar kəndi dağ ətəyi kəndidir, torpaqların süni suvarmaya ehtiyac olduğunu bilən ata-babalar kəndin içindən keçən çaydan suvarma arxı çəkmişlər. Həmin arxdan 45 ailə suvarma işlərində istifadə edir. Hər bir aşağıda olan ailələr yuxarıda yaşayan ailələrin həyətindən, bağ-bağçasından suvarma arxı keçməklə sudan istifadə edirlər. Onun 67 yaşı var. O, xatırlamır ki, indiyənə kimi kimsə şəxsi münasibətlər zəminində qonşunun suvarma arxının qarşısını kəsməklə qisas almaq fikrinə düşsün. 45 ailə içərisində yeganə şəxsdir ki, Cavabdeh onunla olan şəxsi münasibətlərə görə artıq ikinci dəfədir ki, onun 0,50 ha bağ sahəni sulayan qoruğundan keçən 30-40 m-lik arxın qarşını kəsmişdir. Hörmətli Məhkəmə, Cavabdeh ilk dəfə belə addımı 1998-ci ildə atmışdır. Bu zaman Yuxarı Çardaxlar kənd İcra Nümayəndəliyin işə müdaxiləsindən sonra arxın qarşısını açdı. Cavabdeh yenidən arxın qarşını kəsməsi səbəbsiz deyildir. Cavabdeh 30 ildən çoxdur ki, həmin su arxın yanında ev tikib yaşamaqdadır. Bu müddət ərzində Cavabdeh kanalizasiya çirkab sularını onun bağına axıtmışdır. O, qonşuluq münasibətlərini nəzərə alaraq buna dözmüş və ümid etmişdir ki, Cavabdeh özü başa düşərək çirkab suların axıdılmasının qarşısını alacaq, lakin Əlinin bu niyyətdə olmadığını gördükdən sonra iddiaçı onun qarşısına çirkabkanalizasiya sularının qarşısını kəsmək üçün 2019-cu ilin sentyabr ayına qədər möhlət vermişdir. Cavabdeh onun bu tələbindən sonra kanalizasiya sularını bağına axıtmağı dayandırıb, suyun istiqamətini dəyişdirdi. Kanalizasiya sularının qarşısını kəsdirdiyinə görə Əli ondan qisas almaq, əvəz çıxmaq məqsədi ilə əvvəlcə suvarma suyunun yoldan keçən hissəsinə yerləşdirilmiş çuqun borunu çıxarıb oğurlayıb apardı. O, bu hadisə haqqında əvvəlcə Yuxarı Çardaxlar kənd icra nümayəndəsinə məlumat verdi. Kənd İcra Nümayəndəsi Əliyə onun hərəkətlərinin qanunsuz olduğunu, boruları yerinə qoymaqla arxın bərpa edilməsinin vacibliyini bildirsə də Əli buna əməl etmədi. Polis şöbəsi arxın açdırılması məsələsinin mülki iş olduğunu bildirərək ona məsləhət gördü ki, məhkəməyə mütraciət etsin. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
4. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərdi ki, o, İddiaçı ilə qonşuluqda yaşayır. Ona məxsus həyətyanı torpaq sahəsindən iddiaçıya məxsus əraziyə suvarma suyu üçün təxminən 20 metr ərazidən suvarma arxı keçir. Eyni zamanda ona məxsus həyətyanı ərazidən iddiaçının ərazisinə 40 metr məsafədən, yerin altından içməli su xətti keçir. Hal-hazırda onların hər ikisi işlək vəziyyətdədir. İşlədilməsinə heç bir maneçilik törədilmir. İddiaçının iddia etdiyi su arxının açılması isə qeyri-mümkündür. Hazırda həmin arx mövcud deyil. Belə ki, onun həyətyanı torpaq sahəsinin yuxarı hissəsində yığılan su açıldığı təqdirdə onun evi batacaqdır. Çünki həmin suyun axıdılması üçün arx da mövcud deyil. İddiaçının torpaq sahəsinə onun həyətyanı sahəsindən iki tərəfdən su gedir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı İddiaçı və cavabdeh Bədirov X3 rayonu Yuxarı Çardaxlar kəndində yerləşən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində onların adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədilər.
6. Məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin həyətyanı torpaq sahələrinə aid hüquq müəyyənedici və texniki sənədlər işlənilmədiyinə görə iddiaçının açılmasını tələb etdiyi su arxının cavabdehin torpaq sahəsinin hüdudları daxilində olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçının tələb etdiyi suyun qarşısının açılması halında cavabdehin tikdirdiyi fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə zərər dəyməsi istisna edilmir... Bununla yanaşı, iddiaçı iddia ərizəsinin əsasını təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir.
7. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı su arxının açılması və maneənin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 170-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
9. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 iyun 2020-ci il tarixdə verilmiş 256 nömrəli arayışdan görünür ki, Cavabdeh məxsus həyətyanı torpaq sahəsindən İddiaçı məxsus əraziyə suvarma suyu üçün təxminən 20 metr ərazidən suvarma arxı keçir. Eyni zamanda Cavabdeh məxsus həyətyanı ərazidən iddiaçının ərazisinə 40 metr məsafədən, yerin altından içməli su xətti keçir. Hal-hazırda onların hər ikisi işlək vəziyyətdədir. İşlədilməsinə heç bir maneçilik törədilmir.
10. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar mübahisə predmeti olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmiş, həqiqətən də cavabdehin torpaq sahəsindən iddiaçının torpaq sahəsinə iki tərəfdən su xətti keçir. Hazırda açılması tələb edilən su arxı mövcud deyil. Yerində müayinə zamanı açılması tələb edilən su arxının fotoşəkilləri çəkilmişdir.
11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-222/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasov sədrlik edən və məruzəçi) İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir.
14. AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-1065/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-222/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Əvvəlki apellyasiya baxışı zamanı əlavə olaraq aşağıda götərilən sənədlərə istinad edilmişdir:
15. “X2” MMC-nin xx.xx.2021-ci il tarixli 330 saylı mütəxəssis rəyindən görünür ki, qərardadın birinci sualı üzrə, İddiaçı Cavabdeh həyətindən keçən açılmasını tələb etdiyi su arxı olmadan İddiaçı istifadəsində olan və Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılması ərazinin relyefinə əsaslanaraq yerinə yetirmək mümkündür. İddiaçıya məxsus 0,50 ha fındıq bağının suvarılması üçün cavabdehə məxsus fərdi yaşayış evinin arxasından keçən mövcüd su arxından alternativ olaraq istifadə oluna bilər. Qərardadın ikinci və üçüncü sualları üzrə iddia predmetini təşkil edən su arxı İddiaçı tələb etdiyi yerdən açılaraq suvarma arxı kimi davamlı istifadəsi Cavabdeh yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura bilər. Bunun üçün su arxının istiqamətinin relyefə uyğun alternativ mövcud su arxına dəyişdirilməsi məqsədə müvafiq hesab olunur. Qeyd: Sözügedən alternativ mövcud su arxından istifadə zamanı iddiaçının torpaq sahəsinə arxdan yuxarı səviyyədə yerləşən hissələrinə suyun ötürülməsi müvafiq üsulla suyun səviyyəsini qaldırmaqla və ya su nasosu avadanlıqlarından istifadə etməklə həmin sahələrin suvarılması mümkündür.
Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 80-ci illərdə iki arx arasında ev tikmişdir və hal-hazırda həmin evdə yaşamaqdadır. Hər iki arx yaşı əsrlərlə ölçülən arxlardır. Onlardan biri cavabdehin evinin 2 metr aralıq məsafədən keçməklə 20-30 ailənin il boyu istifadə etdiyi əsas arxdır. Mübahisə obyekti olan arx da yaşı məlum olmayan babalarının tərəfindən əsas arxdan ayrılmış bir qoludur. Bu arx mövsümü may-avqust aylarında hər ay üç dəfə su aparmaqla onun istifadəsindədir. Arx cavabdehin evinin arxasından ən yaxın məsafə 10 (on) metr olmaqla 40 (qırx) metr məsafə qət etməklə avtomobil yoluna tökülür, yoldan isə onun tərəfindən qoyulmuş iki 150 çuqun boru ilə fındıq bağına ötürülür. Cavabdeh otuz il müddətində bir dəfə də olsun arxın onun evinə hər hansı bir ziyan vurduğunu, fəsadlar törətdiyini ona bildirməmişdir. İddiaçı yalnız onunla münasibətlər soyuyanda qisas almaq, əvəz çıxmaq vasitəsi kimi arxdan istifadə edir. İlk dəfə belə hal 1998-ci ildə baş vermişdi, bu zaman Yuxarı Çardaxlar kənd icra nümayəndəliyi Əlini başa saldı və o, arxın qabağını açdı. Cavabdeh artıq ikinci dəfə yenə 1998-ci ildə etdiyi özbaşınalığı təkrarlayır, el-obada əsrlərlə formalaşan birgə yaşayış qaydalara məhəl qoymur. Cavabdehin onun mövsümü istifadə etdiyi arxın onun evinə guya ziyan verməsi fikri başdan-başa yalan və bəhanədir. Arxı torpaqla dolduraraq ona fındıq bağını sulamağa imkan verməməsinin bir səbəbi vardır. Belə ki, cavabdeh otuz il müddətindən keçən ilin sonuna qədər çirkab-kanalizasiya sularını həmin mübahisə edilən arxla onun fındıq bağına axıtmışdır. Keçən il ona çirkab suların kəsilməsi ilə bağlı iradını bildirəndən sonra o çirkab-kanalzasiya suların qarşısını kəsmişdir. Cavabdeh ondan qisas almaq, əvəz çıxmaq üçün əsrlərin suvarma arxının qarşısını kəsməklə 70 ədəd fındıq topası olan 0,50 ha bağını qurudub məhv etməyə çalışır. Hakim hadisə yerində baxış keçirmiş, bütün detalları ona göstərmiş və izah etmişdir, lakin o faktlara istinad etmədən qətnamə çıxarmış və cavabdehin arxın onun evinə ziyan vurması ilə dedikləri bəhanəyə haqq qazandırmağa çalışır. Özü də görmüşdür ki, qətnamədə adı çəkilən 20 metr ərazidən keçən arx il boyu fəaliyyətdə olub Cavabdeh evinin 2 metr məsafədən keçir, iddiaçının istifadə etdiyi arx mövsümi olub cavabdehin evinin ən yaxın məsafəsi 10 metr olmaqla keçir. Qətnamədə yazılır ki, hazırda həmin arx mövcud deyil. Arx yoxdursa 70 ədəd fındıq topası olan 0,50 ha bağ necə ərsəyə gəlmişdir? Hətta cavabdehin qoruğundan onun bağına suyu yoldan keçirmək üçün qoyulmuş iki ədəd çuqun boru onun dediklərinə sübutdur. Özünün mövcud olmadığı deyilən arxdan cavabdeh evinin arxasında əkdiyi tərəvəzi sulayır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh (Məmmədrəsul) Rəsul oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)- 624/2020 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır.
25. AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-1065/2022 nömrəli qərarında göstərilmişdir ki, iddiaçının istifadəsində olan 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılmasının ərazinin relyefinə əsaslanaraq yerinə yetirilməsinin mümkün olduğunu qeyd etsə də, “X2” MMC-nin xx.xx.2021-ci il tarixli 330 saylı mütəxəssis rəyindən görünür ki, alternativ mövcud su arxından istifadə zamanı iddiaçının torpaq sahəsinin arxdan yuxarı səviyyədə yerləşən hissələrinə suyun ötürülməsi müvafiq üsulla suyun səviyyəsini qaldırmaqla və ya su nasosu avadanlıqlarından istifadə etməklə həmin sahələrin suvarılması mümkündür. Göründüyü kimi suyun səviyyəsini qaldırmadan və ya su nasosu avadanlıqlarından istfadə etmədən alternativ mövcud su arxından istifadə yolu ilə iddiaçının istifadəsində olan 0,50 ha fındıq bağının suvarılması mümkün deyildir. Halbuki Mülki Məcəllənin 170.3-cü mddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
26. Bundan başqa apelyasiya instansiyası məhkəməsi mübahisəli su arxından davamlı olaraq istifadə edilməsinin cavabdehin yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura biləcəyini qeyd etsə də, təhlükənin və mübahisəli arxın istifadəsi nəticəsində cavabdehə dəyə biləcək ziyanın nədən ibarət olmasını əsaslandırmamışdır.
27. AR Ali Məhkəməsinin qeyd edilən qərarında göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 6 oktyabr 2022-ci il tarixli 10/3602 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1-ci və 2-ci sualları tikinti ekspertinin səlahiyyətləri xaricində olduğundan həmin suallar üzrə tədqiqat aparılmamışdır. Açılması təiəb edilən su arxı ərazinin relyefinə uyğun olaraq Cavabdeh (Məmmədrəsul) Rəsul oğluna məxsus yaşayış evindən 15-20 metr kənardan çəkilə bilər.
28. Məhkəmə kolelgiyasının iclasında veridyi izahatında İddiaçı göstərmişdir ki, ekspert rəyində göstərilən formada Cavabdeh (Məmmədrəsul) Rəsul oğluna məxsus yaşayış evindən 15-20 metr kənardan su arxının çəkilməsinə razıdır.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh (Məmmədrəsul) Rəsul oğluna qarşı su arxının açılması və maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı istifadəsində olan və Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,50 ha fındıq bağına suvarma arxı Cavabdeh (Məmmədrəsul) Rəsul oğlunun fərdi yaşayış evindən 15-20 metr aralıdan çəkilməklə açılmalıdır.
30. İddianın həmin həcmdə təmin edilməsi iddia tələbinin digər hissələrini də əhatə etdiyindən həmin hissələrin ayrıca qətnamə ilə təmin edilməsinə zərurət qalmamışdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh (Məmmədrəsul) Rəsul oğluna qarşı su arxının açılması və maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı istifadəsində olan və Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,50 ha fındıq bağına suvarma arxı Cavabdeh (Məmmədrəsul) Rəsul oğlunun fərdi yaşayış evindən 15-20 metr aralıdan bu iş üzrə alınmış 6 oktyabr 2022-ci il tarixli 10/3602 nömrəli ekspert rəyində göstərilmiş qaydada çəkilməklə açılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat Cavabdeh (Məmmədrəsul) Rəsul oğlundan tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov