Məhkəmə qərarları › İş №2(107)-672/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-672/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-672/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «borc» tələbinə dair mülki iş üzrə (Açar sözlər: İcraatdan çıxarma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «borc» tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(014)-340/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 17 iyul 2014-cü il tarixli 111 .LN.2102.170714.00004 saylı kredit müqaviləsi üzrə əsas borc 5948.39 AZN, faiz borcu 1093.71 AZN, cərimə borcu (dəbbə pulu) 260.75 AZN, ümumilikdə 7248.85 AZN borc və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(014)-340/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.1980-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu rayonu Ləki qəsəbəsi M.Mustafayev küçəsi 6-da yaşayan Cavabdeh2, xx.xx.1983-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu rayonu Ləki qəsəbəsi M.Mustafayev küçəsi 5-də yaşayan Cavabdeh1, xx.xx.1968-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu rayonu Nehrəxəlil kəndində yaşayan Cavabdeh3 və xx.xx.1979-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi 41-də yaşayan Cavabdeh4 "xxxx"ASC-nin xeyrinə əsas borc 5948.39 AZN, faiz borcu 1093.71AZN,cərimə borcu (dəbbə pulu) 54AZN, ümumilikdə 7096.10 AZN borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti vermişlər, şikayətlərinə buraxılmış müddətin üzürlü hesab edilməsinə dair ərizə əlavə etmişlər. Ağdaş Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(014)-340/2017 saylı qəradadı ilə ərizə qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Ağdaş Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(014)-340/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilmiş, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3n və Cavabdeh4 ayrı-ayrılıqda Ağdaş Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(014)- 340/2017 saylı qətnaməsinin onlara təqdim edilmədiyini, həmin qətnamədən məlumatlı olmadıqlarını, belə bir qətnamənin mövcudluğundan bir neçə ay əvvəl Ağdaş rayon İcra və Probasiya Şöbəsindən onlara bildirişin göndərilməsindən sonra məlumat əldə etdiklərini göstərmişlər. Onlar həmçinin məhkəmə qətnaməsinin qəbul edilib, icraya yönəldilməsindən sonra icra şöbəsinə dəvət edilib-edilməmələri, məhkəmə qətnaməsi barədə onlara məlumatın verilib-verilməməsi, barələrində iştirakları ilə hər hansı bir icra tədbirinin həyata keçirilməsinin dəqiqləşdirilməsi məqsədi ilə mülki işin Ağdaş Rayon Məhkəməsinə qaytarılmasına etirazlarının olmadığını bildirmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və Cavabdeh1 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də hazırki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməklə Ağdaş Rayon Məhkəməsinə qaytarılmalıdır. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir (bu Qərarın 24-cü bəndi). Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətlərinə onların məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir. İşdə iştirak etməyə cəlb olunmayan (iştirakı təmin edilməyən) şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən (iştirakı təmin edilməyən) şəxslərin prosessual fəaliyyəti onların iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Lakin hər bir halda bu şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması, habelə keçən müddət ərzində məhkəmə aktlarından xəbərsiz olmalarının onların iradəsindən asılı olmaması və özləri tərəfindən dəf edilməli imkanlardan kənara çıxması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Cavabdehlərə birinci instansiya məhkəməsinin qətnaməsinin MPM-nin 227.3-cü maddəsində göstərilən müddətlərdə təqdim olunması (alınması) və ya rəsmi qaydada verilməsi barədə sübut yoxdur. Lakin hazırki işin vəziyyəti, apellyasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər atraflı araşdırma aparılmasını tələb edir. İşdən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən xx.xx.2023cü il tarixdə, yəni mübahisəli qətnamədən 6 il müddət keçdikdən sonra verilən apellyasiya şikayəti, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarlarında şərh olunan hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipinin tələblərinə cavab verib-verməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının həmin prinsipin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirib-gətirməməsi, ən əsası isə mülki məhkəmə icraatında iştirakı təmin olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələləri araşdırılmadan, bu məsələlərə heç bir hüquqi qiymət verilmədən, o cümlədən MPM-in 364-cü maddəsinin tələbləri yerinə yetirilmədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki, işdə olan Ağdaş rayon İcra Şöbəsinin 18 may 2017-ci il tarixli qərarından göründüyü kimi icra məmuru tərəfindən 18 may 2017-ci il tarixdə icraatına daxil olmuş Ağdaş Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(014)-340/2017 saylı icra sənədinin icrası üzrə icraata başlanılmış, həmin qərarla borclulara tələbin könüllü olaraq icrası üçün 10 günlük müddət verilmişdir. Lakin borclular tərəfindən məhkəmə qərarının qəbulundan 6 il müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.4-ci maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Belə оlаn hаldа məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instansiya məhkəməsi icra sənədini 18 may 2017-ci il tarixdə icraatına qəbul etmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsindən də məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin, icra sənədi üzrə icraata başlamaya dair qərarın, tələbin könüllü icrasına dair bildirişin borclulara təqdim edilib-edilməməsini, borcluların iştirakı ilə nə kimi icra tədbirlərinin həyata keçirildiyini, icra sənədinin icra edilməməsinə görə borcluların inzibati məsuliyyətə cəlb edilibedilmədiklərini və sair bu kimi halları müəyyən etməklə apellyasiya şikayətin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də hazırki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya qeyrimümkün hesab edilməklə Ağdaş Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 384, 395-397, 400, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «borc» tələbinə dair 2(107)-672/2023 saylı mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 10 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın və apellyasiya qeyri-mümkün hesab edilməklə Ağdaş Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar