Məhkəmə qərarları › İş №2(107)-673/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-673/2023

08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-673/2023 08.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “sağlamlığa dəyən zərərin və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- sağlamlığa dəyən zərərin və mənəvi zərərin ödənilməsi, maddi hüquq normasının düzgün təfsir edilməməsi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa dəyən zərərin və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)- 51/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona vurulan sağlamlığa dəyən zərərə görə 4000 manat, mənəvi ziyanın kompensasiyası kimi 6000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 07 oktyabr 2021-ci il tarixdə saat 22:00 radələrində piyada evə gedən zaman Bakı şəhəri, ünvan 1 ünvanın qarşısında “Mercedes-Benz” E280 minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı adını sonradan bildiyi sürücü Cavabdeh avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolun sağ tərəfində düzünə hərəkətdə olmasını görmüşdür. O, yolun kənarında 2,2 metr məsafədə olan zaman sürücü Cavabdeh anidən geri dönmə əməliyyatı edib yolun sol əks hissəsinə, onun olduğu yerə doğru dönərək hərəkət etmiş, o, avtomobilin dönməsini görüb keçməsi üçün dayanmışdır, lakin sürücü Cavabdeh təxminən saatda 70 km sürətlə hərəkət edib avtomobilin qabaq sağ hissəsi ilə onu vurmuş və o, zərbənin təsirindən yıxılmışdır. Onu dərhal hadisə yerindən ordakı taksi fəaliyyəti ilə məşğul olan taksilərdən biri öz avtomobili ilə xəstəxanaya aparmış, sonra onun tələbi ilə onu əməliyyat olmaq üçün aparmışlar. Orda xəstəxananın əməliyyat xərcləri üçün 4000 manat istəmişlər, sonradan 3000 manata razılığa gəlmiş, lakin cavabdeh 2700 manat ödəmiş, 300 manatı əməliyyatdan sonra verəcəyini demiş, sonra ödənişi etməkdən boyun qaçırmışdır. Həmin məbləği bacısı ödəmiş, hadisədən sonra cavabdeh onunla maraqlanmamış, telefonlarına cavab verməmişdir. Bundan sonra Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi başlanmış və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-269/2022 saylı qərarına əsasən cavabdeh CM-in 263.1-1-ci maddəsi ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və ona zərərçəkmiş şəxs olaraq dəymiş zərərlə bağlı mülki mühakimə qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-51/2023 saylı qətnaməsi ilə (hakim A.Əsgərov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh dəymiş maddi ziyana görə 450 manat və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin İddiaçı Vahid oğlunun xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iddia tələbinin “sağlamlığa dəyən zərərə görə 4000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, cavabdehin ehtiyatsızlığı nəticəsində iddiaçının sağlamlığına ziyan dəyməsi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-269/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 07 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində idarə etdiyi “Mercedes-Benz” E280 minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyada İddiaçı Vahid oğlunu vurmuş, nəticədə, onun sağlamlığına ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh CM-in 263.1-1ci maddəsi ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, onun CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı cavabdehin qanunazidd hərəkəti nəticəsində onun sağlamlığına ziyan dəyməsi ilə bağlı 405 manat məbləğində pulu tibb müəssisəsinə ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinin “sağlamlığa dəyən zərərə görə 4000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, cavabdehin ehtiyatsızlığı nəticəsində iddiaçının sağlamlığına ziyan dəyməsi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-269/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 07 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində idarə etdiyi “Mercedes-Benz” E280 minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada İddiaçı Vahid oğlunu vurmuş, nəticədə, onun sağlamlığına ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh CM-in 263.1-1ci maddəsi ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, onun CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı cavabdehin qanunazidd hərəkəti nəticəsində onun sağlamlığına ziyan dəyməsi ilə bağlı 405 manat məbləğində pulu tibb müəssisəsinə ödəmişdir. Məhkəmə iş materiallarında olan reseptlərlə bağlı qeyd etmişdir ki, həmin reseptlərdən orada adları göstərilən dərmanların məhz İddiaçı Vahid oğlu üçün alındığı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən mənəvi zərərə görə pulun tutulması hissəsində qismən təmin edilməli və ondan 1000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1127, 425.1-ci maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-ci il tarixli, 2(016)-51/2023 saylı qətnaməsi ilə o, Cavabdeh qarşı “sağlamlığa dəyən zərərin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. Hesab etmişdir ki, çıxarılan qətnamə qanunsuz və əssasızdır. Qətnamə uydurmasından başqa bir şey deyil və aşağıda sadalayacağı hallar bunu sübuta yetirir. Məhkəməyə verilən vəsatətə məhkəmə münasibət bildirməmişdir. Yazılı verilən vəsatətə cavab almamışdır və ərizələrinin aqibəti müəmalı olaraq baxılmamış qalmışdır. 7 ədəd resept təqdim olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bəzi resptlərin onun tərəfindən alınmasını şübhə altına almışdır, onun özü o resptləri almasını mümkün saymamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, o, yataqda yatmış xəstədir, özü gedib özünə dərman almaq iqtidarında həmişə olmamış, ona yaxınları yataqda qulluq ediblər və yaxınlarından onun xahişi ilə və onun pulu ilə o reseptlərdə göstərilən dərmanları əldə edib ona çatdırmışlar. 2-ci əməliyyatına 940 AZN pul ödənilmişdir, lakin bunu da birinci instansiya məhkəməsi nəzərə almamışdır. 3-cü dəfə əməlliyyat olacaq. Bu əməliyyatda istifadə olunan implantlar üçün ilkin qiymət (ən azı) 1500 AZN ödəməlidir. Bununla bağlı arayış təqdim olunmuşdur. O hər dəfə Ağsuya məhkəməyə getmək üçün ən azından ictimai nəqliyyatdan istifadə etmişdir və pulunu xərcləmişdir. Gediş-gəlişi 100 AZN pul etmişdir. Şəkiyə məhkəməyə gəlmək üçün də hər dəfə ictimai nəqliyyatdan istifadə etməlidir və gediş-gəlişlərinin pulunu məhkəmədən cavabdehdən tutulmasını istəmişdir və buna da ən azından 100 AZN xərclənəcək. Ödənilmiş dövlət rüsumunun əvəzi və poçt xidmətləri ilə bağlı xərclərə münasibətdə məhkəmə münasibət bildirməmişdir. Hesab etmişdir ki, dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Birinci instansiya məhkəməsi qətnaməsində bu hallara heç bir münasibət bildirməyərək iddianı qismən təmin etmək qərarına gəlmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 1500 manat 3cü əməliyyat üçün, xəstəxanalara ödənilmiş xidmətlərə görə 545 manat, 2-ci əməliyyat üçün ödənilmiş 940 manat, dərmanlara ödənilmiş 1022 manat, dövlət rüsumu 110 manat, poçt xidməti-1.20 manat, məhkəmələrə gediş-gəliş-200 manat, dövlət rüsumu-31,60 manat, cəmi 4349.2 manatın Cavabdeh onun nəfinə tutulması və Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-51/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, 1500 manat 3-cü əməliyyat üçün, xəstəxanalara ödənilmiş xidmətlərə görə 545 manat, 2-ci əməliyyat üçün ödənilmiş 940 manat, dərmanlara ödənilmiş 1022 manat, dövlət rüsumu 110 manat, poçt xidməti-1.20 manat, məhkəmələrə gediş-gəliş-200 manat, dövlət rüsumu-31,60 manat, cəmi 4349.2 manatın Cavabdeh onun nəfinə tutulması və Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-51/2023 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)- 51/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1127-ci maddəsinə əsasən, zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, MM-in 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-51/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-51/2023 saylı qətnaməsinin mübahisələndirilən hissəsi üzrə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən maddi ziyana aid hissəsi üzrə işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-51/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş xəstəxana xidmətlərinə görə 545 manat, əməliyyat zamanı istifadə olunan implantlar üçün 1500 manat və klinikanın xəzinəsinə ödənilmiş 940 manat pulun tutulması hissəsində təmin edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İlk olaraq kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellysiya şikayəti verməmişdir. İddiaçı qətnamənin yalnız təmin edilməyən 1500 manat, 545 manat və 940 manat hissəsini mübahisləndirmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsinə uyğun araşdırma aparılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 07 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində idarə etdiyi “Mercedes-Benz” E280 minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada İddiaçı Vahid oğlunu vurmuş, nəticədə onun sağlamlığına ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh CM-in 263.1-1ci maddəsi ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, onun CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı cavabdehin qanunazidd hərəkəti nəticəsində onun sağlamlığına ziyan dəyməsi ilə bağlı 405 manat məbləğində pulu tibb müəssisəsinə ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; İş materiallarında olan X5 xx.xx.2023 il tarixli № 89 saylı arayışından görünür ki, İddiaçı X6 klinikasında “Sol diz oynağında ön çarpaz bağ tam qopması, medial meniks yırtığı, sinovit və medial pilka” diaqnozu ilə cərrahi əmliyyatı olunmuş və klinikanın xəzinəsinə 940 manat pul ödəmişdir. İş materiallında olan 140, 141, 142, 143, 144, 145, 146, 147 və 148-ci səhifədə olan qəbzlərdən görünür ki, İddiaçı xəstəxana xidmətlərinə görə 545 manat pul ödəmişdir. İş materiallında olan X5 arayışından görünür ki, xx.xx.2023-cü il tarixində “Sol diz oynağının yan iş kolletral bağın bərpası” əməliyyat olunmuş və əməliyyat zamanı istifadə olunan implantlar üçün 1500 manat pul ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş X4 arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı 15 Endobuttonun 1 miqdarı 425 manat, 20 Endobuttonun 1 miqdarı 425 manat, Peek İnterferance 8x25 1 miqdarı 400 manat və Peek İnterferance 9x25 1 miqdarı 400 manat, cəmi 1650 manat pul ödəmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbində tələb etdiyi 1500 manat əməliyyat zamanı istifadə olunan iplantlar üçün 1650 manat pulu 11 may 2023-cü il tarixdə ödəmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, dərmanlara ödənilmiş 1022 manat pulun alınmasını xahiş etmişdir. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı dərmanlara görə ödənilmiş 1022 manat pul tələbi ilə bağlı məhkəmyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də şikayət əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, hər dəfə Ağsuya məhkəməyə getmək üçün ən azından ictimai nəqliyyatdan istifadə etmişdir və pulunu xərcləmişdir. Gediş-gəlişi 100 AZN pul edir. Şəkiyə məhkəməyə gəlmək üçündə hər dəfə ictimai nəqliyyatdan istifadə etməlidir və gediş-gəlişlərinin pulunu məhkəmədən cavabdehdən tutulmasını istəyir və buna da ən azından 100 AZN xərclənəcək. Ödənilmiş dövlət rüsumunun əvəzi və poçt xidmətləri ilə bağlı xərclərə münasibətdə məhkəmə münasibət bildirməmişdir. Hesab edir ki, dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətdə qeyd etdiyi xərclərlə bağlı məhkəmyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də şikayət əsassızdır. Kollegiya şikayətin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, şikayət bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119-cu maddəsinin 1-ci bəndinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Kollegiya hesab edir ki, iddiaçının tələb etdiyi xərclər iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi ziyana aid hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-51/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş xəstəxana xidmətlərinə görə 545 manat, əməliyyat zamanı istifadə olunan implantlar üçün 1500 manat və klinikanın xəzinəsinə ödənilmiş 940 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh xəstəxana xidmətlərinə görə 545 manat, əməliyyat zamanı istifadə olunan implantlar üçün 1500 manat və klinikanın xəzinəsinə 940 manat məbləğində pul vəsaiti İddiaçı Vahid oğlunun xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 2985 manat olduğundan tərəflərin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-51/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş xəstəxana xidmətlərinə görə 545 manat, əməliyyat zamanı istifadə olunan implantlar üçün 1500 manat və klinikanın xəzinəsinə ödənilmiş 940 manat hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh xəstəxana xidmətlərinə görə 545 manat, əməliyyat zamanı istifadə olunan implantlar üçün 1500 manat və klinikanın xəzinəsinə ödənilmiş 940 manat məbləğində pul vəsaiti İddiaçı Vahid oğlunun xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verillə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar