Məhkəmə qərarları › İş №2(107)-676/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-676/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-676/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-743/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədova (Xəlilova) Gülnar Məmmədağa qızına qarşı cavabdehlərdən müştərək qaydada borc alıb qaytarmadıqları 23.650 manat məbləğində pulunun və ya qəbzdə göstərdikləri kimi bahalı maşını adına müştərək qaydada keçirmələrini və ona vurduqları 3000 manat maddi zərər əvəzinin, 7000 manat mənəvi zərər əvəzi və 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-743/2019 saylı qətnaməsi ilə iddiа qismən təmin edilmiş, Cavabdeh1 23300 (iyirmi üç min üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə, həmçinin Cavabdeh2 və Məmmədova (Xəlilova) Gülnar Məmmədağa qızına münasibətdə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıdan 20 faizlə 7000 manat pul götürmüşdür. Həmin məbləğin hər ay faizini ödəmişdir. Ümumilikdə iddiaçıya 17000 manat pul qaytarmışdır. Mağazasından mebel vermiş, evində usta işlətmişdir. İddiaçıdan hər dəfə pulu özü götürmüş və götürəndə də öz xətti ilə əlyazma qəbzlər yazmışdır. Belə ki, iş materiallarında olan bütün əlyazma qəbzlərdə, yəni xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə yazılmış əlyazma qəbzlərdə olan imzalar və xətt ona məxsusdur. Hər dəfə də əvvəlki borcları qaytarıb yenidən borc almışdır. Belə olmasa idi iddiaçı ona böyük məbləğdə borc verməzdir. Hazırda iddiaçıya 7000 manat borcu vardır. Odur ki, qeyd edilənlərin nəzərə alınıbAğsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)- 743/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-743/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı xx.xx.2018-ci ildə 5150 manat, xx.xx.2018-ci ildə 500 manat, xx.xx.2018-ci ildə 5400 manat, xx.xx.2018-ci il tarixdə 9650 manat, xx.xx.2019-cu il tarixdə 2600 manat (xx.xx.2019-cu il tarixli qəbzdə cəm şəklində 13000 manat göstərməklə) olmaqla cəmi 23300 manat məbləğində pul borc götürmüş, bu barədə öz xətti ilə qəbzlər yazaraq imzalamışdır. Cavabdeh1 iddia tələbini qismən etiraf edərək iddiaçıdan 7000 manat məbləğində faizlə borc pul götürdüyünü, ümumilikdə 14000 manat pul qaytarsa da, hazırda ilk götürdüyü 7000 manat məbləği borclu qaldığını qeyd etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər də Cavabdeh1la birlikdə iddiaçının yaşadığı ünvana pul qaytarmaq məqsədi ilə getdiklərini qeyd etsələr də, onlar arasında hansı məbləğdə borcun olduğu və borcundan hansı məbləğdə qaytarması barədə məlumatlarının olmadıqlarını bildirmişlər. Cavabdeh1 İddiaçı borc olaraq götürdüyü məbləğlər, eyni zamanda cavabdehin etirafı ilə məhkəmə iclasında sübuta yetirilsə də, cavabdeh götürdüyü borc məbləğlərini qaytararaq hazırda həmin borcdan yalnız 7000 manat məbləğində borcu qalması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, borc pul alınanda Cavabdeh1 atası Cavabdeh2 və bacısı Gülnar (Xəlilova) Məmmədova da iki dəfə iddiaçının evində olmuşlar. Lakin həmin məbləğləri Cavabdeh1 almış, qəbzi də şəxsən sonuncu özü imzalamış, həmçinin Cavabdeh1 atası və bacısı İddiaçı borc pul məbləğlərininin Cavabdeh1 verilməsinə şahid olmalarını qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-cimaddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməlivə s.və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında olan qəbzlərdən aydın olur ki, Cavabdeh1 iddiaçıdan xx.xx.2018-ci ildə 5150 manat, xx.xx.2018-ci ildə 500 manat, xx.xx.2018-ci ildə 5400 manat, xx.xx.2018-ci il tarixdə 9650 manat, xx.xx.2019-cu il tarixdə 2600 manat (xx.xx.2019-cu il tarixli qəbzdə cəm şəklində 13000 manat göstərməklə) olmaqla cəmi 23300 manat məbləğində borc pul almışdır. Həmçinin Cavabdeh1 iddiaçıdan hissə-hissə olmaqla cəmi 23300 manat məbləğində borc aldığını etiraf etdiyindən, iddiaçı tələbinin cavabdehə 23300 manat məbləğində borc verməsini sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçının alınmasını sübuta yetirmək vəzifəsi isə Cavabdeh1 keçmişdir. Apelyator iddiaçıya 7000 manat borcunun qaldığını bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Ona görə də cavabdehin apelyasiya şikayətində qeyd etdiyi dəlillərə nəzər yetirərək məhkəmə kollegiyası qeyd edir ki, apellyator qənaətini formalaşdıran halları təsdiq edən sübutlar apelyasiya instansiyası məhkəməsinə təqdim olunmadığından, apelyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-743/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-743/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar