Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-68/2022 26.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı 17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-172/2021 nömrəli qətnaməsindən iddiaçı” ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 17 mart 2015- ci il tarixli **********50215 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 ay müddətinə, illik 22 faiz olmaqla, 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Yevlax Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli 2(039)-1902/2017 №-li qətnaməsi ilə ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və X6 məxsus Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m. ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi və Cavabdeh 17 mart 2015-ci il tarixli 00620085 ******* №-li kredit müqaviləsi üzrə 5962,19 ABŞ dolları əsas borcunun, 1937,04 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 213,65 ABŞ dolları penyanın, cəmi 8112,88 ABŞ dolları məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankına ödənilməsi qət edilmişdir. İpoteka predmetinin alqı-satqısı hərrac təşkilatçısı, Yevlax rayon İcra və Probasiya şöbəsi və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış hərracın nəticələri haqqında № Y-425 nömrəli yekun protokol və iddiaçı ASC "xxxx" Bankı ilə hərrac təşkilatçısı arasında 20 noyabr 2018-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 12750 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin 17 yanvar 2019-cu il tarixə kredit müqaviləsi üzrə iddiaçı qarşısında 2523,41 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə (qeyd edilən borc 17 yanvar 2019-cu il tarixədək hesablanmışdır) qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı «17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında 2523.41 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 17 yanvar 2019-cu il tarixədək (əsas borc məbləğinin tam şəkildə qaytarlıması tarixinədək) vaxtı keçmiş əsas borc məbləğinin illik 15 faiz dərəcəsi ilə hesablanmış 1058.01 AŞ dolları məbləğində penya, cəmi 3581.42 ABŞ dolları məbləğində pul vəsaiti və sənədlərin notarial qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çıkilmiş xərc Cavabdeh İddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması; iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı ASC "xxxx" Bankı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 17 mart 2015- ci il tarixli **********50215 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 ay müddətinə, illik 22 faiz olmaqla, 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehin öz öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər cavabdeh X7 arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m. ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 18 mart 2015-ci il tarixli **********50215/ip №-li ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli 2(039)-1902/2017 №-li qətnaməsi ilə ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və X6 məxsus Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m. ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi və Cavabdeh 17 mart 2015-ci il tarixli 00620085 ******* №-li kredit müqaviləsi üzrə 5962,19 ABŞ dolları əsas borcunun, 1937,04 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 213,65 ABŞ dolları penyanın, cəmi 8112,88 ABŞ dolları məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, daha sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsinə baxmayaraq qətnamə yuxarıda göstərilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda həmin ipoteka predmeti olan yaşayış sahəsi satılmadığından onun alınması iddiaçı ASC "Xalq” Bankına təklif edilmiş və bank buna öz razılığını bildirmişdir. İpoteka predmetinin alqı-satqısı hərrac təşkilatçısı, Yevlax rayon İcra və Probasiya şöbəsi və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış hərracın nəticələri haqqında № Y-425 nömrəli yekun protokol və iddiaçı ASC "xxxx" Bankı ilə hərrac təşkilatçısı arasında 20 noyabr 2018-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 12750 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin 17 yanvar 2019-cu il tarixə kredit müqaviləsi üzrə iddiaçı qarşısında 2523,41 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə (qeyd edilən borc 17 yanvar 2019-cu il tarixədək hesablanmışdır) qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, 17 yanvar 2019-cu il tarixədək hesablanmış qeyd edilən məbləğ 1058,01 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 11 sentyabr 2020-ci il tarixli 387 №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.
4. İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X4 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 22 faizlə 6500 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi X5 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m, ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşyış evi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh tərəfindən öhdəlikləri lazımi qaydada icra edilmədiyindən bank cavabdehə qarşı məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(039)-1902/2015 saylı qətnaməsi ilə borcun cavabdehdən bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetinə yöndəldilməsi qərara alınmışdir. İpoteka predmetinin ilkin satış qiyməti 20000 manat müəyyən edilmiş, qətnamə icraya yönəldilmişdir. Keçirilmiş hərracda ipoteka predmeti satılmadığından banka təklif edilmiş, bank razılaşmış və son satış qiyməti 12750 manatla ipoteka predmeti banka satılmışdır.
6. Yevlax Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(039)-1902/2015 saylı qətnaməsi ilə cavabdehin borcu ilə əlaqədar tutma ipoteka qoyulmuş əmlaka yönəldilmiş və əmlak satılaraq borc ödənilmişdir. Hazırda isə iddiaçı hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc və tutmanın ipoteka predmetinə yönəldiyi və ipoteka predmetinin satıldığı 17 yanvar 2019-cu il tarixə qədər 15% dərəcəsi ilə hesablanmış peniya tələb edir.
7. İddianın gecikdirməyə görə penyanın tutulması tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində penyanın konkret olaraq hansı məbləğin hansı müddətə gecikdirilməsinə görə tələb etdiyini əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, faiz borcunun gecikdirilməsinə görə penya müqavilə şərtlərinə uyğun deyildir. Əsas borcun məhkəmə qətnaməsi çıxdığı vaxtdan tutmanın ipoteka predmetinə yönəldilməsinə qədər keçən müddətdə “gecikdirilməsi” isə məhkəmənin yuxarıda qeyd edilmiş mövqeyinə görə istisna olunduğundan həmin əsasla da borcludan cərimə tələb edilməsi əsassızdır. İddianın hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc hissəsində məhkəmə qeyd edir ki, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.”
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Yevlax Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, girov əmlakı təhvil vermiş, bununla da onun iradəsindən asılı olan öhdəliyini yerinə yetirmiş, məhkəmə tərəfindən isə cavabdehin borclu pulun ödənilməsinin gecikdirilərək ondan faydalanması halı müəyyən edilməmiş, iddiaçı bununla bağlı sübutlar təqdim edə bilməmişdir.
9. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməlidir. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
10. Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-172/2021 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı «17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aild edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
12. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 20 noyabr 2018-ci il tarixli müqavilənin surətindən məlum olur ki, X5 məxsus olan Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m. ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşayış evini ASC "xxxx" Bankı 12750 manata almışdır.
13. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 dekabr 2018-ci il tarixli ********** saylı çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, N.Tusi küçəsi 6 nömrəli fərdi yaşayış evi ASC "xxxx" Bankına məxsusdur.
14. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsinin surətindən məlum olur ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 6500 ABŞ dolları məbləğində kredit verilmişdir.
15. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 sentyabr 2020-ci il tarixli 387 saylı xəbərdarlığın surətindən məlum olur ki, ASC "xxxx" Bankı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir.
16. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən 24 sentyabr 2020-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh 01 iyul 1965-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, E.Ağayev küçəsi ev 106-da qeydiyyatdadır.
17. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 sentyabr 2020-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, ASC "xxxx" Bankı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
18. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli 2(039)-1902/2017 saylı qətnaməsinin surətindən məlum olur ki, 18 mart 2015-ci il tarixli, **********50215 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X5 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m, ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşyış evinə tutmanın yönəldilməsi və 17 mart 2015-ci il tarixli **********8502215 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında 5962.19 ABŞ dolları məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 1937,04 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu, 07 aprel 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 213,65 ABŞ dolları məbləğində penya, cəmi 8112.88 ABŞ dolları və 07 aprel 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 22 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 31 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə tutulsun, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdeh X2 iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti cavabdeh X7 buna etiraz etmədiyi təqdirdə ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 20000 (iyirmi min) manat məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiririnin rəyi əsasında təyin edilməsi və hərracda satılması və fərdi yaşayış evi satılması; sonra fərdi yaşayış evində yaşayan X7, Cavabdeh, X10 və X8 onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmişdir.
19. Qətnаmədən nаrаzı qаlаn iddiaçı” ASC "xxxx" Bankı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı” ASC "xxxx" Bankı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, bankın iddiasının rədd edilməsinin əsaslandırılması üçün məhkəmə tərəfindən qətnamədə bir sıra faktiki və hüquqi əsas göstərilmişdir. Lakin, həmin faktiki əsaslar iş materialları ilə təsdiq olunmur, Hüquqi əsaslar isə hazırkı işə tətbiq edilməli olmayan hüquq normaları ilə bağlıdır. Bundan əlavə, məhkəmə gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bəzi halları məhkəmə iclasında müzakirə etməmiş, onlar barədə tərəflərin fikirlərini öyrənməmiş və yalnız özünün gətirdiyi dəlilləri qətnamədə qeyd eməklə kifayətlənmişdir.
21. Bank tərəfindən penyanın tələb olunmasının əsassız olması ilə bağlı qətnamədə qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində penyanın konkret olaraq hansı məbləğin hansı müddətə gecikdirilməsinə tələb etdiyini əsaslandırmamışdır. Halbuki, Bankın iddia ərizəsindən və təqdim etdiyi borc arayışından aydın görünür ki, bankın tələb etdiyi penya məbləği 1 058,01 ABŞ dolları təşkil etmişdir və həmin nəbləğ xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş əsas məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmışdır.
22. Qətnamədə məhkəmə qeyd edir ki, faiz borcunun gecikdirilməsinə görə penya müqavilə şərtlərinə uyğun deyil. Bu hal da məhkəmə iclası zamanı müzakirə edilməmişdir və iş materialları ilə ziddiyyət təşkil edir. Belə ki, kredit müqaviləsinin 6.2-ci bəndində, penyanın ödənilməsi faiz borcunun gecikdirilməsinə görə deyil, əsas borcun tam məbləğinin və ya müvafiq hissələrinin qaytarılması müddətlərinin gecikdirilməsinə görə nəzərdə tutulmuşdur. Həmin bənddə nəzərdə tutulmuş şərtə uyğun olaraq, bank tərəfindən yuxarıda göstərilən müddətdə və məbləğdə penya hesablanmışdır. Penya məbləğinin faiz borcunun gecikdirilməsinə görə deyil, əsas borcun tam məbləğinin və ya müvafiq hissələrinin qaytarılması müddətlərinin gecikdirilməsinə görə hesablanması Bank tərəfindən təqdim olunmuş borc arayışı ilə təsdiq edilir. Hesab edirik ki, bununla bağlı əgər məhkəmənin şübhələri mövcud olmuşdursa, müvafiq ekspertiza təyin etməklə həmin şübhələri aradan qaldıra bilərdi.
23. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)- 172/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
26. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorunisə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
31. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)- 172/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı tam rədd edərkən məhkəmənin gəldiyi nəticə ilə razılaşmır.
33. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının ümumilikdə hazırki iddia ilə məhkəməyə müraciət etməsinin qanuni əsasının olmadığını əsas götürmüşdür. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, lakin iddia tələbinin 17 yanvar 2019-cu il tarixədək (əsas borc məbləğinin tam şəkildə qaytarlıması tarixinədək) vaxtı keçmiş əsas borc məbləğinin illik 15 faiz dərəcəsi ilə hesablanmış 1058.01 AŞ dolları məbləğində penyaya aid hissəsinin qanuni əsası müəyyən edilməmişdir. Çünki, 6500ABŞ dolları əsas borc tam ödənildiyi halda, ona faizlərin hesablanması qanunla nəzərdə tutulmadığından, faiz borcuna isə əlavə faizlərin hesablanması yolverilməz olduğundan iddia tələbi həmin hissədə əsassız hesab edilməlidir.
34. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 avqust 2021-ci il tarixli 9/5184 nömrəli ekspert rəyində göstərilmişdir: “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2018-ci il tarixə banka olan borcu 10.024,55 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə................ ...........5.962,19 ABŞ dolları faiz borcu üzrə.................. ........ 4.062,36 ABŞ dolları”
35. Həmin Mərkəz tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli 9/7760 nömrəli ekspert rəyində göstərilmişdir: “Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi, və s.) 17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur o cümlədən; xx.xx.2018-ci il tarixə əsas borc üzrə....................— 5.987,98 ABŞ dolları faiz borcu üzrə............................. 4.057,56 ABŞ dolları xx.xx.2020-ci il tarixə əsas borc üzrə-----------------------2.754,12 ABŞ dolları faiz borcu üzrə........................... 320,55 ABŞ dolları”
36. Həmin Mərkəz tərəfindən verilmiş 9 sentyabr 2022-ci il tarixli 9/3390 nömrəli ekspert rəyində göstərilmişdir: “Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********50215 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il tarixə əsas borc üzrə................ ...........5.987,98 ABŞ dolları faiz borcu üzrə.................. ........ 4.057,56 ABŞ dolları xx.xx.2020-ci il tarixə əsas borc üzrə................ ...........0.00 ABŞ dolları faiz borcu üzrə.................. ........ 2.754,12 ABŞ dolları
37. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 23 avqust 2021-ci il tarixli 9/5184 nömrəli, 18 fevral 2022-ci il tarixli 9/7760 nömrəli və 9 sentyabr 2022-ci il tarixli 9/3390 nömrəli məhkəmə ekspertizasının rəylərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, əvvəlki iki rəy üzrə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən sübut kimi qəbul edilmir.
38. Eyni zamanda, 9 sentyabr 2022-ci il tarixli 9/3390 nömrəli məhkəmə ekspertizasının rəyinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi ilə 17 yanvar 2019-cu il tarixə və xx.xx.2020-ci il tarixə faiz borcunun məbləği 2.754,12 ABŞ dolları göstərilsə də, iddiaçı iddia ərizəsində faiz borcuna görə daha az məbləğ - 2523.41 ABŞ dolları tələb etdiyindən və iddia tələbinin həcmini artırmadığından iddia tələbi 2523.41 ABŞ dolları həcmində təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın tam rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı” ASC "xxxx" Bankı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)- 172/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı 17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiası qismən – 2523.41 ABŞ dolları həcmində təmin edilməli, 17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə 2523.41 ABŞ dolları Cavabdeh tutularaq iddiaçı ASC "xxxx" Bankına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
40. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 avqust 2021-ci il tarixli 9/5184 nömrəli ekspert rəyinin dəyəri olaraq 100 manat, 18 fevral 2022-ci il tarixli 9/7760 nömrəli ekspert rəyinin dəyəri olaraq 200 manat, 9 sentyabr 2022-ci il tarixli 9/3390 nömrəli ekspert rəyinin dəyəri olaraq 50 manat, cəmi 350 manat ekspertiza xərcinin iddianın təmin edilmiş mütənasib olaraq 245 manatı Cavabdeh, 105 manatı isə iddiaçı ASC "xxxx" Bankından tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22).
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı” ASC "xxxx" Bankı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-172/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı 17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiası qismən – 2523.41 ABŞ dolları həcmində təmin edilsin. 17 mart 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə 2523.41 ABŞ dolları Cavabdeh tutularaq iddiaçı ASC "xxxx" Bankına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 avqust 2021-ci il tarixli 9/5184 nömrəli ekspert rəyinin dəyəri olaraq 100 manat, 18 fevral 2022-ci il tarixli 9/7760 nömrəli ekspert rəyinin dəyəri olaraq 200 manat, 9 sentyabr 2022-ci il tarixli 9/3390 nömrəli ekspert rəyinin dəyəri olaraq 50 manat, cəmi 350 manat ekspertiza xərcinin 245 manatı Cavabdeh, 105 manatı isə iddiaçı ASC "xxxx" Bankından tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov