Məhkəmə qərarları › İş №2(107)-682/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-682/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-682/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı (açar sözlər: yaşayış evindən çıxarılma və əmlakın boşaldılaraq təhvil verilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış evindən çıxarılma və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2(014)-87/2023 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları

1. İş materialında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən verilmiş xx.xx.2015-ci il tatixli, № Y-114 saylı hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, ipotekasaxlayan İddiaçı QSC ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 326,33 kv.m olan fərdi yaşayış evini 56100 manata almışdır.

2. İş materialında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriya, № ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0605 ha torpaq sahəsi və üzərində inşa edilmiş 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir.

3. İş materialında olan Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, № 269 saylı məktubdan görünür ki, Cavabdeh3 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi ev 30 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. Gəlini Cavabdeh2 və nəvələri Cavabdeh1, Cavabdeh4, X7 və X8 isə ünvan 2 ünvanda qeydiyyatdadırlar, lakin ünvan 3.

4. İş materialında olan xx.xx.2022-ci mil tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evinin boşaldılması ilə bağlı xəbərdarlıq olunmuşlar.

5. İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evindən çıxarılmaları və əmlakın boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat rüsumun cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4də yerləşən 30 saylı fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və xx.xx.2022-ci il tarixdə bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2015-ci il tarixli çıxarış alınmışdır. İddiaçı QSC tərəfindən Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan şəxslər barədə məlumatın alınması üçün Ağdaş rayon Polis Şöbəsinə və Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə sorğu ilə müraciət edilmişdir. Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 269 saylı arayışından müəyyən olunur ki, Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evində Cavabdeh3 qeydiyyatda olmaqla yaşayır. Həmçinin Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X7 və X3 şəhəri M.P.Vaqif küçəsi 386 saylı ünvanda qeydiyyatdadır, lakin ünvan 4i qanunvericiliyin tələblərinə əsasən bankın mülkiyyətində olan Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evinin 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə cavabdehlərə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişlər. Cavabdehlər qeyd olunan əmlak üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olurlar. Göstərilənlərə əsasən iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddianın rədd edilməsini xahiş etmişlər.

9. Birinci instansiya məhkəməsində işə cavabdehlərin iştirakı olmadan baxılmışdır.

10. Ağdaş Rаyоn Məhkəməsinin (hakim Cavid Sultanov) 01 fevral 2023-cü il tarixli, e-2(014)-87/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh3 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4də yerləşən 30 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evindən çıxarılsınlar və əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh3 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilməli və Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evindən çıxarılmalı, əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməli və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməlidir.

12. Cavabdeh2 nümayəndəsi və vəkili X2 Rаyоn Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2(014)-87/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin həmin qətnaməsindən narazıdır və aşağıda göstərdiyi işin faktiki hallarına görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2(014)-87/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi Cavabdeh2 və iki nəfər övladları Cavabdeh4 və Cavabdeh1 hrəman qızına dair hissədə əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bildirir ki, Cavabdeh2 06 mart 2002-ci il tarixdə mərhum X10 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuş və Cavabdeh3 və mərhum ərinə məxsus mübahisəli yaşayış evinə gəlin köçmüşdür. O, həmin evə köçərkən həmin yaşayış evinin istifadəçiləri onu qeydsiz ailə üzvləri kimi qəbul etmişlər. Həmin tarixdən Cavabdeh2 ailə üzvü kimi digər istifadəçilərlə bərabər həmin təsərrüfatı birgə idarə etmişlər. Mərhum əri ilə birgə nikahlarından doğulmuş iş üzrə cavabdehlər olan uşaqları, Cavabdeh4 və Cavabdeh1 həmin mübahisəli yaşayış evində anadan olmuşlar. Cavabdeh2 həmin evə gəlin köçərkən mübahisəli yaşayış evinin mülkiyyətçisi olmadığına görə onunla qanunla müəyyən edilmiş qaydada müqavilə bağlamaq mümkün olmamışdır. Mərhum qayınatası X8 və əri X9 vəfat etmişlər. Cavabdeh2 06 mart 2002-ci il tarixdən həmin evdə yaşadığından və həmin yaşayış sahəsindən istifadə hüququ əldə etdiyinə baxmayaraq iddiaçı tərəf bunu bildiyi halda, iddia ərizəsində Cavabdeh2 və iki nəfər övladlarını cavabdeh kimi göstərsə də, sözügedən yaşayış evinin kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilərkən, yəni ipoteka müqaviləsi bağlanarkən 06 mart 2002-ci il tarixdə həmin evdə yaşamamaqlarına və yaşayış sahəsindən istifadə hüquqlarının olmasına baxmayaraq Cavabdeh2 ilə müqavilə bağlanmamışdır. İşə baxan məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsinə əsasən Cavabdeh2 və iki nəfər övladları Cavabdeh1 və Cavabdeh4 həmin yaşayış evində yaşayış və istifadə hüquqlarının olmasına baxmayaraq iddia tələbini ona və iki nəfər övladlarına dair hissədə təmin etməklə və onları həmin yaşayış evindən əsassız olaraq istifadə hüquqlarından məhrum etməklə həmin normanın tələblərini pozmuşdur. Bundan başqa işə baxan məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən məhkəməyə təqdim etdiyi Cavabdeh2 06 mart 2002-ci ildən mübahisəli yaşayış evində yaşamağı, həmin vaxtdan yaşayış sahəsindən istifadə hüququnun yaranmasını təsdiq edən nikah haqqında şəhadətnamə, həmin evdə yaşamağına baxmayaraq iddiaçının onunla müqavilə bağlamaması, iddiaçının onun və iki nəfər övladlarının həqiqətən bu gün də həmin yaşayış evində yaşamağını iddia ərizəsi ilə təsdiq edən etirafı kimi sübutlarını araşdırmamış və onlardan istifadə etməmişdir. Cavabdeh2 iddia tələbinə etirazı 06 mart 2002-ci ildən mübahisəli yaşayış evində yaşamağı, həmin vaxtdan yaşayış sahəsindən istifadə hüququnun yaranması, həmin evdə yaşamağına baxmayaraq iddiaçının onunla müqavilə bağlamaması, ona görə də onun və iki nəfər övladlarının həmin mübahisəli yaşayış sahəsində yaşamaq və istifadə hüqularına yalnız bazar qiyməti ilə müvafiq kompensasiyanın verilməsi yolu ilə xitam verilməsinin mümkün olması kimi işin faktiki halları ilə tam sübut olunur. İşə baxan Ağdaş Rayon Məhkəməsi iddiaçının cavabdehlər Cavabdeh2 və iki nəfər övladlarının mübahisə predmeti olan yaşayış evində yaşamaq və istifadə hüquqlarının olub-olmamasını, onların həmin yaşayış sahəsindən istifadə hüquqları yaranmışsa, istifadə hüququna yalnız bazar qiymətinə uyğun kompensasiya verilməsi yolu ilə xitam verilməsi kimi halları düzgün araşdırılmamışdır. İşə baxan məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan həmin hallar qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırılsaydı iddianın Cavabdeh2 və iki nəfər övladlarına dair hissədə iddiaçının iddia tələbinin heç bir hüquqi əsasları olmadığına görə iddia tələbinin həmin hissədə əsassız olduğundan rədd edilməsi nəticəsinə gələrdi. Ona görə də qeyd olunanlara əsasən Ağdaş Rаyоn Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2(014)-87/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin Cavabdeh2 və onun iki övladı olan digər cavabdehlər Cavabdeh4 və Cavabdeh1 dair hissədə əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin məmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq oarın iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. İş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X6 apellyasiya məhkəməsinin qətnaməsini qismən- Cavabdeh2 və iki nəfər övladlarına dair hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

21. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. ...

22. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

“İpoteka haqqında” Azərbaycan Respublikasınının Qanunu

27. Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. (...) 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rаyоn Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2(014)-87/2023 saylı qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

41. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan etibarnaməyə əsasən, X6 iş üzrə cavabdehlərdən Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkilidir. Vəkil apellyasiya şikayətini yalnız Cavabdeh2 adından vermişdir. Baxmayaraq ki, apellyasiya şikayətində qətnamənin ləğv olunaraq iddianın Cavabdeh2 ilə yanaşı onun qızları iş üzrə digər cavabdehlər Cavabdeh4 və Cavabdeh1 dair hissədə rədd olunmasını xahiş etmişdir.

42. X1 X5 və Cavabdeh1 adından apellyasiya şikayəti vermək səlahiyyəti iş materiallarından görünmür.

43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayəti verməmələri onların birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmaları deməkdir.

44. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi yalniz apellyasiya şikayəti verən şəxsə münasibətdə baxılmalıdır.

45. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya baxışışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız mübahisələndirilən hissədə şikayətin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır.

46. Sözügedən qərarda vurğulanır ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadıqda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

47. Apellyasiya instansiya məhkəməsində işə baxmanın hədləri həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat cudex ultra petita partium”,- “ məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamlıdır tələbi” müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devalutum qantum appelatum”- “nə qədər şikayət-o qədər qərar” qaydasına çevrilir. 48.Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

49. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə X9 və Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0,0605 ha torpaq sahəsi və üzərində inşa edilmiş 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət üzrə ipoteka yüklü edilmişdir. İpotekasaxlayan İddiaçı QSC ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 326,33 kv.m olan fərdi yaşayış evini hərracdan 56100 manata almışdır. Hazırda iddiaçı Cavabdeh3 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsini və Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evindən çıxarılmasını və əmlakın boşaldılaraq ona təhvil verilməsini tələb edir.

50. İş materialları ilə həmçinin müəyyən edilir ki, Cavabdeh2 mənzilin əvvəlki birgə mülkiyyətçisi Cavabdeh3 gəlinidir. Cavabdeh2 mübahisəli yaşayış evində deyil, ünvan 2 ünvanda qeydiyyatdadır. Yəni mübahisəli yaşayış evi ilə bağlı ipoteka müqaviləsi bağlanarkən Cavabdeh2 həmin yaşayış evində qeydiyyatda olmadığına görə həmin evə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürməsinə lüzum olmamışdır.

51. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh3 məhkəmədə cavabdehlər İddiaçı QSC və qeyrilərinə qarşı iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evininqiymətləndirilməsinin nəticələrinə dair aktın, həmin yaşayış sahəsinin satılması ilə məqsədi ilə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən keçirilmiş hərracların yekunlarının, hərracın yekunlarına dair İddiaçı QSC ilə bağlanmış 15 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrində çıxarışın ləğv edilməsin dair qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli 2(004)-192 saylı qətnaməsi ilə həmin iddia təmin edilməmişdir.

52. Ona grə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, digər cavabdehlərlə yanaşı Cavabdeh2 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evindən çıxarılmalı, əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməli və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməlidir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

54. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

55. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

57. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

58. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rаyоn Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2(014)-87/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rаyоn Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2(014)-87/2023 saylı qətnаməsi Cavabdeh2 münasubətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar