Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-686/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: İcraatdan çıxarma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 01 mart 2023-cü il 2(075)-398/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC BOKT-un cavabdehlər "xxxx" MTK və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan 02 avqust 2013-cü il tarixli 2013-İP-02 saylı kredit müqaviləsi üzrə 45865,63 manat əsas borc, 3434,44 manat faiz borcu olmaqla, cəmi 49300,07 manat borcun, 02 avqust 2013-cü il tarixli 2013-İP-03 saylı kredit müqaviləsi üzrə 34512,30 manat əsas borc, 2294,54 manat faiz borcu olmaqla, cəmi 36806,84 manat borcun, ümumilikdə hər iki müqavilə üzrə 80377,93 manat əsas borc, 5728,98 manat faiz borcu olmaqla, cəmi 86106,91 manat borcun, habelə ödənilmiş 400,0 manat mediasiya xərcinin tutulması; borc tələbinin kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında inşa edilən 6 mərtbəli binanın A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119,6 kv.m, dəyəri 68388.0 manat təşkil edən 2 otaqlı 15 nömrəli mənzilinə, habelə ünvan 1 ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-ci mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, dəyəri 45421,0 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzilə yönəldərək, cavabdehin həmin mənzillər üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi və həmin mənzillərin açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 86106,91 manat borc məbləğinin və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı "xxxx" QSC BOKT məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, xx.xx.2013-cü il tarixli 2013-İP- 03 nömrəli kredit müqaviləsi üzrə 34512,30 manat əsas, 2294,54 manat faiz borcu olmaqla cəmi 36806,84 manat borcun tutulması və borc tələbinin 02 avqust 2013-cü il tarixli 2013-İP-03 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh1 məxsus ünvan 2 ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, dəyəri 45421 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzilə yönəldilərək, cavabdehin həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi və həmin açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 36806,84 manat borc məbləğinin və ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 01 mart 2023-cü il 2(075)-398/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 02 avqust 2013-cü il tarixli 2013-İP-03 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativindən müştərək qaydada 34512,30 manat əsas, 2294,54 manat faiz borcu olmaqla cəmi 36806,84 manat məbləğində kredit borcunun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a verilməsi, borcun tutulmasının ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m olan 2 otaqlı, 30 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cəmi 36806,84 manat kredit borcunun İddiaçı QSC BOKT-a ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərci olan 200 manatın müştərək qaydada cavabdehlər Cavabdeh1 və "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativindən tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, Kod: 505594, SWİFT: GUNAAZ22) hesabına ödənilməsi, iş üzrə 200.42 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 vəkili Vəkil Şəki Rayon Məhkəməsinin 01 mart 2023-cü il 2(075)-398/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin elektron variantının onun tərəfindən imzalandığını, X2 cəza çəkməsi nəzərə alınaraq Cavabdeh1 tərəfindən ona apellyasiya şikayətini imzalamaq hüququnu verən etibarnamənin verilmədiyini, apellyasiya şikayətinin elektron kabinetə yerləşdirilmiş PDF variantının sonuncu səhifəsindəki əvvəlki imzanın onun, yekunundakı imzanın isə Cavabdeh1 etibarnamə verdiyi uzaq qohumu X6 tərəfindən icra edildiyini bildrimişdir. O, Cavabdeh1 adından verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasların olmadığını bildirmiş və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin mümkünlüyü məsələsi üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh1 saxlanıldığı X3 məhkəmə kollegiyasının iclasında iştirak etmək niyyətinin olub-olmaması barədə məlumat verilməsi təklif edilmiş, lakin Cavabdeh1 belə bir təşəbbüsdə olmamış, cavabdeh "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativi isə nümayəndəsinin gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də hazırki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməklə Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim olunmuş mülki işin materialları araşdırılarkən müəyyən olunur ki, Cavabdeh1 vəkili Vəkil tərəfindən Şəki Rayon Məhkəməsinin 01 mart 2023-cü il 2(075)-398/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilsə də, Cavabdeh1 tərəfindən ona bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarnamə verilməmiş, Cavabdeh1 tərəfindən buna dair etibarnamə verilməklə apellyasiya şikayətinin PDF variantını imzalayan X6 isə Cavabdeh1 yaxın qohumu olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 69.1-1-ci maddəsinə əsasən isə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi Cavabdeh1 tərəfindən vəkili Vəkil buna dair etibarnamə verilməməklə yanaşı, etibarnaməsi əsasında apellyasiya şikayətinin PDF variantını imzalamış şəxs isə cavabdehin yaxın qohumu olmamaqla, onun cavabdehin nümayəndəsi qismində apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamış, beləliklə apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinin tələbləri pozulmaqla verilmişdir. Yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılmaqla Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 384, 395-397, 400, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "İpəkçi İnşaat” Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(075)-398/2023 nömrəli mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 şikayəti qeyri-mümkün hesab edilsin. İş apellyasiya baxışından çıxarılsın və Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-686/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-686/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver