Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-688/2024 29.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X2 qızının katibliyi ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh)qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair mülki üzrə Zaqatala Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında 27 sentyabr 2023-cü il tarixdə, 1016 nömrəli “avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”(bundan sonra- müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən (iddiaçı) 2017-ci il buraxılışlı, **-PG-*** dövlət nömrə nişanlı “Kia Forte minik” markalı avtomobili(bundan sonra- avtomobil) icarədarın(cavabdehin) müvəqqəti istifadəsinə verməyi, icarədar isə avtomobilin hər 1 sutkası üçün 65 manat, cəmi 1495 manat ödəməyi öhdəsinə götürmüşdür(bənd 1.1 və 3.1). Müqavilənin müddəti, bağlandığı tarixdən xx.xx.2023-cü ilədək müəyyən edilmişdir(bənd 7.1). Tərəflərin imzaladığı təhvil-təslim aktından görünür ki, avtomobil xx.xx.2023-cü il tarixdə cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, 27 sentyabr 2023-cü il tarixli, 1016 nömrəli icarə müqaviləsi üzrə cavabdeh 480 manat ödəniş etmiş, cavabdehin 1015 manat ödənilməmiş icarə borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1015 (bir min on beş) manat əsas məbləğ üzrə borcun və ödənilmiş 31,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 1016 nömrəli, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, “Kia Forte” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək günlük 65 (altmış beş) manatümumi 1495 (bir min dörd yüz doxsan beş) manat ödəmək şərti ilə icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh tərəfindən 480 manat pul ödənilmiş, 1015 manat pul vəsaiti ödənilməmiş saxlanılmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, sözügedən məbləğin ödənilməsinin təmin edilməsi üçün heç bir səy göstərməmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, onun iddiaçıya 300 manat borcu qalmışdır. Maşına cüzi ziyan dəysə də, bu məbləği qaldıraraq 1015 manat etmişdirlər. İddiaçı maşını Zaqatala rayonunda düzəltməyinə narazı olmuş və guya maşının 700-800 manat xərci olduğunu bildirmişdir. O da onlara ya 300 manat pulu almalarını ya da məhkəməyə müraciət etmələrini bildirmişdir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(033)- 164/2024 nömrəli iş üzrə qəbul etdiyi 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli, 1016 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 1015 (bir min on beş) manat əsas borcun və 31,50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh 300 manat borcu qaldığını, 1015 manat məbləğin maşına dəymiş cüzi ziyan üçün şişirdilmiş məbləğ olduğunu qeyd etsə də, göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Həmçinin iddiaçı avtonəqliyyat vasitəsinə vurmuş zərərin əvəzini yox, avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən ödənilməmiş icarə haqqını tələb etmişdir. Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli, 1016 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, İddiaçı MMC-dən “Kia Forte” minik markalı, **-PG-*** dövlət qeydiyyata nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək günlük 65 (altmış beş) manat, ümumi 1495 (bir min dörd yüz doxsan beş) manat ödəmək şərt ilə icarəyə götürmüşdür. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı qalıq qalmış əsas borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 700.2, 701.2, 701.2.1, 701.2.2, 701.2.3, 701.2.4, 701.2.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 107,119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin dəyişdirilməsi, ondan 300 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh məhkəməyə ünvanladığı ərizəsində bu iddiaya qarşı öz etirazını bildirərək, cəmi 300 manat məbləğində borcunun olduğunu bildirmişdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu halları araşdırılmamış və əsassız olaraq belə bir qətnamə qəbul edilmişdir. Qeyd olunan avtomobil cəmi 10 gün müddətində cavabdehin istifadəsində olmuşdur. 10-cu gün həmin bu avtomobillə hərəkətdə olarkən digər bir avtomobil qəza törədərək bu avtomobili yan hissədən cızmışdır. Həmin vaxt cavabdeh ustaya müraciət edərək bu avtomobilin təmirinin neçəyə başa gələcəyini soruşmuşdur. Usta cəmi 50 manat məbləğində xərcinin çıxacağını bildirmişdir. Həmin gün cavabdeh Bakı şəhərinə qayıdaraq iddiaçının nümayəndələrinə avtomobili göstərərək baş vermiş hadisə barədə məlumat vermişdir. Onlar bu avtomobilin təmirinə 700-800 manat məbləğində xərc çıxacağını bildirmişdilər. Cavabdeh buna etiraz edərək cəmi 50 manat xərc çıxacağını bildirmişdir. Lakin bununla əlaqədar aralarında narazılıq yarandıqdan sonra iddiaçının nümayəndələri həmin gün də avtomobili cavabdehin istifadəsindən almışlar. Həmin gündən də mütəmadi olaraq həmin avtomobili başqa şəxslərə istifadəyə verərək gəlir əldə etmişlər. Yəni iddaçının bu avtomobildən gəlir götürərək yenidən cavabdehdən icarə haqqı tələb etməsi tamamilə əsassız və qanunsuzdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam mübahisələndirdiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında 27 sentyabr 2023cü il tarixdə 1016 nömrəli “avtonəqliyyat vasitəsinin icarə müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 2017-ci il buraxılışlı, **-PG-*** dövlət nömrə nişanlı “Kia Forte minik” markalı avtomobili cavabdehin müvəqqəti istifadəsinə verməyi, icarədar isə avtomobilin hər 1 sutkası üçün 65 manat, cəmi 1495 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti, bağlandığı tarixdən xx.xx.2023-cü ilədək müəyyən edilmişdir. Tərəflərin imzaladığı təhvil-təslim aktı ilə avtomobil xx.xx.2023-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Müqavilə üzrə cavabdeh 480 manat ödəniş etmiş, cavabdehin 1015 manat ödənilməmiş icarə borcu yaranmışdır. Cavabdeh apellyasiya şikayətində avtomobili 10 gün müddətindən istifadə etdiyini bildirsə də, bildirdiklərini təsdiq edəcək sübutları məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-688/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-688/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver