Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-693/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) xx xxxxxx 2020-cu il tarixli 2(063)- 371/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinə görə 9000 (doqquz min) manat məbləğində pul” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh zərərə görə 5400 (beş min dörd yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 18 (on səkkiz) manat, cəmi 5418 (beş min dörd yüz on səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiаçı İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cаvаbdeh Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qаrşı iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək vurulmuş zərərin dəyəri olan 9000 (doqquz min) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli qərarı ilə ona və valideynlərinə Ucar rayonu Qazyan kəndində 0,41 ha torpaq sahəsi verilmişdir. Həmin 0,41 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində torpaq üzərində mülkiyyət hüquqlarının olmasına dair ********** qeydiyyat nömrəsi ilə xx xxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və qeyri-qanuni istifadə edilir. O, məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş Ucar rayonu Qazyan kəndində yerləşən və mülkiyyətində olan 0,41 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını xahiş etmiş və Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdehin Ucar rayonu Qazyan kəndində yerləşən RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona və valideynlərinə ümumi birgə qaydada məxsus olan 0,41 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh 15 ildir ki, ona məxsus həmin 0,41 ha torpaq səhəsində yonca otu əkib gəlir əldə etmişdir. Hər il dörd dəfə yonca otu biçilib, ümumilikdə hər il üçün 200 kip yonca otu götürmüşdür, bu isə 15 il ərzində 3000 kip yonca otu edir. Bir kip yonca otunun satış qiyməti 3 manat olmaqla, 15 il ərzində isə bu məbləğ 9000 manat təşkil edir. Cavabdeh ona və valideynlərinə məxsus 0.41 ha torpaq sahəsini zəbt edib yonca otu əkməklə 9000 manat gəlir əldə etmiş, o, cavabdehin qanunazidd hərəkəti nəticəsində həmin məbləğdə pulu qazanmaqdan məhrum olmuşdur. Əlavə olaraq bildirdi ki, cavabdeh ona ziyan vurmuşdur, ərizədə 1 kip yoncanın qiyməti 3 manat göstərilsə də, sonradan aqronom rəyi ilə ona məlum olmuşdur ki, 1 ədəd kipin qiyməti 4- 4.5 manat təşkil edir, lakin buna baxmayaraq o, kipin 1 ədədinin 3 manatdan hesablanmasını istəyir. Bundan əlavə, qeyd olunan torpaq sahəsinin digər mülkiyyətçiləri onun valideynləri olmuşdur, anası Nazilə xx xxxxxx 2002-ci ildə, atası İsrayıl isə xx xxxxxx 2005-ci ildə ölmüşdür. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, məhkəmənin qətnaməsi ilə onun iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarılmağı qət edilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda əmisi E.Əliyevə də məxsus torpaq sahəsi vardır. 2018-ci ildən həmin torpaq sahəsindən istifadə edir. 2018-ci ilə qədər kimin istifadə etməsini bilmir, ola bilər ki, əmisi özü istifadə etmişdir. İddiaçının ona qarşı əvvəlki iddiasına 2019-cu ildə məhkəmədə baxılarkən ona məlum olmuşdur ki, əmisinə məxsus torpaq sahəsinin qonşuluğunda iddiaçının və mərhum valideynlərinin torpaq sahəsi olmuşdur. İddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi məlum olandan sonra iddiaçıya 2019-cu ilin təxminən noyabr ayında mübahisəni barışıq yolu ilə həll etməyi təklif etmiş, əvvəlcə razılığa gəlsələr də sonra barışıqları alınmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun əridir, iddiaçıya və onun mərhum valideynlərinə məxsus 0,41 ha torpaq sahəsi Ucar rayonu Qazyan kəndində yerləşir. Həmin torpaq sahəsindən əri uzun müddətdir ki, istifadə etmir, 9 ildir ki, cavabdeh və ailə üzvləri istifadə etmişlər. Sonradan iddiaçı həmin torpaq sahəsinə dair çıxarış alması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmənin Ucar Ərazi İdarəsinə müraciət etmiş və mülkiyyət sənədi verilmişdir. Bundan sonra, cavabdeh torpaq sahəsini boşaltmadığından iddiaçı bu barədə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Buna baxmayaraq cavabdeh yenə də iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmiş və gəlir əldə etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh onun qardaşı Elşad Abdullayevlə əlaqə saxlamış, mübahisənin aralarında həll olunmasını təklif etmiş, iddiaçı isə buna etiraz etməmişdir. Amma cavabdeh bundan sonra gəlməmiş, heç bir təklif verməmişdir. İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Cavabdeh Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti birinci instansiya məhkəməsinin iclasında verdiyi izahata uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X4 apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(063)- 371/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh əlavə olaraq izahatında bildirdi ki, o, uşaq olanda böyükləri ona bildirmişlər ki, həmin torpaq sahəsi (iddiaçiya məxsus olan) onlarındır. Əvvələr həmin torpaq sahəsindən əmisi istifadə edib. Torpaq şöbəsinin mütəxəssisi həmin torpaq sahələrini ölçüb verəndə onlara demişdir ki, hazırkı mübahisəli torpaq sahəsi onlarındır. İddiaçının atası 2005-ci ildə vəfat edib. Onun atası isə 2017-ci ilin aprel ayında vəfat edib. Atası həmin torpaq sahəsini daimi istifadə etməyibdir. Atası öləndən sonra isə həmin torpaq sahəsindən şəxsən özü istifadə edib. Həmin torpaq sahəsini öz ailəsinin torpağı hesab etdiyi üçün əkib becərmişdir. Həmin torpaq sahəsinin başqasına məxsus olmasını hazırkı mülki iş üzrə qətnamə qəbul edilənə kimi bilməyibdir. Ucar Rayon Məhkəməsinin hazırda mübahisələndirdiyi xx xxxxxx 2020-cu il tarixli qətnaməsi çıxarılandan sonra torpaq sahəsini iddiaçıya qaytarmışdır. Artıq həmin torpaq sahəsindən istifadə etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı izahatında əlavə olaraq bildirdi ki, sözügedən torpaq sahəsi aqrar islahatı vaxtı onların ailəsinə, yəni onun özünə, atasına və anasına verilibdir. Torpaq sahəsini atası cavabdehin atası İldırıma verib ki, əkib-becərsin. Ona görə də əvvəllər həmin sahəni cavabdehin atası İldırım əkibdir. Atası vəfat etdikdən sonra cavabdehin atasına dəfələrlə həmin torpaq sahəsindən istifadə etməməsini bildirib, lakin mərhum İldırım buna məhəl qoymayıb. Cavabdehin atası öləndən sonra isə həmin torpaqdan cavabdeh şəxsən istifadə etməkdə davam edib. Cavabdehdən dəfələrlə mülkiyyətində olan həmin torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh oradan çıxmayıb və onun torpağından qanunsuz istifadə etməkdə davam edib. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ucar Rayon Məhkəməsi 2019-cu ildə cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edib. Cavabdeh hazırkı qətnamə çıxandan sonra, yəni xx xxxxxx 2020-ci ildən sonra həmin torpaq sahəsindən çıxıb. Artıq həmin torpaq sahəsini özü istifadə edir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: JN-3xx xxx 90400038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə X5, X11 və İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.41 hektar torpaq sahəsi verilmişdir. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Ucar rayonu Qazyan kəndində yerləşən 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, X3 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində xx xxxx 2019-cu ildə qeydiyyata alınmışdır. Ucar Rayon Qeydiyyat Şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışlarından görünür ki, X14 xx xxxxxx 2002-ci ildə, X9 isə xx xxxxxx 2005-ci ildə Ucar rayonu Qazyan kəndində ölmüşlər. Az-İ seriyalı 852620 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X20 xx xxxxx 2017-ci ildə ölmüşdür. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(063)-756/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi barədə iddiası təmin edilmiş, Cavabdeh Ucar rayonu Qazyan kəndində yerləşən və RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və qeyrilərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan 0,41 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. JN-3xx xxx 90400038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli 16 nömrəli qərarı ilə X15, X6, X7 və Cavabdeh kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.01 hektar torpaq sahəsi verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx xxxxx 2017-ci ildə ölmüş və bu barədə Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx xxx 2017-ci il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Ucar rayonu Qazyan kəndində Qazyan bələdiyyəsinin sədri Əlisəməd Əliyevin, Qazyan kənd sakini Cavabdeh və Ağsu LTİ-nin mühəndisi Rahib Teymurovun iştirakları ilə tərtib edilmiş Aktın surətindən görünür ki, Ucar rayonu Qazyan kənd sakini Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli müraciətinə əsasən ona məxsus olan JN-0328 nömrəli dövlət aktında göstərilən 1.01 ha pay torpağının döngə nöqtələri tanıdılaraq təhvil verilmiş və heç bir mübahisəli hal qeydə alınmamışdır. Ucar Dövlət X16 bitkiçilik sektorunun müdiri Şahsoltan İbrahimov tərəfindən verilmiş xx xxxx 2020-ci tarixli 66 nömrəli Arayışda göstərilmişdir ki, 1 hektar yonca sahəsində intensiv üsulla əkin aparıldığı təqdirdə, 500 ədəd yonca kipi götürmək olar. Belə olan halda isə 0.41 hektar yonca sahəsindən 200 ədəd kip götürmək olar. Bu günkü bazar qiymətinə nəzər salındıqda 1 ədəd kipin qiyməti 4-4.5 manat arası dəyişir. 003432 nömrəli Vəsiqədən görünür ki, iddiaçı, İ (birinci) qrup gözdən əlildir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, məhkəmə iclasında torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması və cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurması müəyyən olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən 15 il istifadə edildiyini göstərsə də, şahidin ifadəsində qeyd edilən torpaq sahəsinin cavabdeh tərəfindən 9 il istifadə edildiyi göstərilmişdir, buna görə iddia qismən təmin edilməlidir. Cavabdeh məhkəmə iclasında torpaq sahəsindən 2018-ci ildən istifadə etdiyini bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir, buna görə də onun etirazını məhkəmə əsassız hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır. Belə ki, işin gerçək hallarından görünür ki, Ucar rayonu Qazyan kəndində yerləşən 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə ümumi birgə qaydada İddiaçı və sonuncunun valideynləri X3 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2019-cu ildə qeydiyyata alınmış, iddiaçı cavabdehə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Ucar rayonu Qazyan kəndində yerləşən və RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və qeyrilərinə ümumi birgə qaydada məxsus olan 0,41 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh də məhkəmə kollegiyasının iclasında həmin torpaq sahəsindən atası öləndən sonra, yəni 2017-ci ildən istifadə etdiyini etiraf etmişdir. Göründüyü kimi, iddiaçının mərhum atası X9 ilə cavabdehin mərhum atası X12 arasında şifahi razılaşma əsasında sözügedən torpaq sahəsindən 2000-ci illərin əvvəllərindən etibarən X20 istifadə etmişdir. İddiaçının atası 2005-ci ildə vəfat etmiş, onun ölümündən sonra ata evindən vərəsə kimi iddiaçı istifadə edir. Sözügedən torpaq sahəsinin X5 və X11 aid olan hissələri də miras əmlak olaraq iddiaçıya qalmışdır. X12 xx xxxxx 2017-ci ildə ölümündən sonra isə iddiaçının torpağından onun oğlu Cavanşir istifadə etməkdə davam etmişdir. Cavabdeh həmin torpaqdan istifadə etmək üçün mülkiyyətçi İddiaçı razılığını almamış, ona hər hansı məbləğdə haqq verməmişdir. Əksinə, iddiaçının bildirdiyinə görə iddiaçı dəfələrlə cavabdehdən onun torpağından istifadə etməməsini, torpağı özünə qaytarmasını tələb etsə də, cavabdeh buna əhəmiyyət verməmiş, başqasının qanuni mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq əkib-becərməklə qazanc əldə etmişdir. X12 xx xxxxx 2017-ci ildə ölümündən sonra isə iddiaçının torpağından Cavabdeh istifadə etməsi iddiaçının izahatı, habelə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsi ilə yanaşı Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahat ilə də təsdiq olunur. İddiaçı bildirir ki, torpaq sahəsindən 9 ildir ki, cavabdeh istifadə edir. Lakin həmin torpaq sahəsindən cavabdehin 9 il istifadə etməsi işin gerçək halları ilə təsdiq edilmir. Qeyd olunduğu kimi, iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında izahatlarında həmin torpaq sahəsini 2017-ci ilə kimi cavabdehin atasının istifadə etməsini, cavabdehin atası X12 xx xxxxx 2017-ci ildə ölümündən sonra isə həmin torpaq sahəsini cavabdehin istifadə etməsini etiraf etdilər. İddiaçı həmin torpaq sahəsindən əvvəllər istifadə etdiyi üçün cavabdehin atası X15 hər hansı qaydada etiraz etməsi barədə sübut təqdim edə bilmədi. Eyni zamanda həm iddiaçının bildirdikləri, həm də cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə müəyyən olunur ki, Cavabdeh sözügedən torpaq sahəsini Ucar Rayon Məhkəməsinin hazırda mübahisələndirilən xx xxxxxx 2020-cu il tarixli qətnaməsi çıxarılandan sonra iddiaçıya qaytarmış, bundan sonra həmin torpaq sahəsindən istifadə etməmişdir. Belə olan halda, sözügedən torpaq sahəsindən cavabdeh tərəfindən 2017-ci il aprel ayında cavabdehin atası X20 vəfat etdikdən sonra və 2018, 2019 və 2020-ci illərdə qanunsuz olaraq istifadə etməsi sübut olunur. İddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, hamıya bəlli olan haldır ki, respublikanın aran bölgəsində yonca bitkisinin becərilməsi və biçilib götürülməsi aprel ayından başlayaraq sentyabr ayının əvvəlində sona çatır. Tərəflər cavabdehin zəbt etdiyi torpaq sahəsində yonca əkib-becərdiyini bildirdilər. Deməli, bununla da cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən 2017-ci il aprel ayından (cavabdehin atasının öldüyü vaxt) 2020-ci ilin avqust ayının sonuna kimi (Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qətnaməsi çıxarılandan sonra) qanunsuz olaraq istifadə etməsi və oradan qazanc götürməsi sübut olunur. Cavabdeh iddiaçının torpaq sahəsini qanunsuz olaraq 2017, 2018, 2019 və 2020-ci illərdə istifadə etmiş və həmin torpaq sahəsində yonca əkib becərərək hər il oradan 200 kip yonca kipi götürərərək gəlir əldə etmişdir. Kollegiya hesab edir ki, cavabdeh iddiaçının torpaq sahəsindən 4 il istifadə etdiyinə görə hər il üçün 200 yonca kipi (200 yonca kipi x 3 manat =600 manat x 4 il = 2400 manat) əldə edərək 4 ilə özü üçün 2400 manat qazanc əldə etmiş, bununla da iddiaçıya həmin məbləğdə zərər vurmuşdur. Ona görə də cavabdehdən alınıb iddiaçıya verilməli olan vurulmuş zərərin miqdarı 2400 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini qətnamədə müəyyən edilmiş həddə təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini qismən təmin edərək 5400 (beş min dörd yüz) manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsini təmin etməklə düzgün nəticəyə gəlmədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsi Cavabdehdan alınıb İddiaçı verilməsi qət edilmiş 5400 (beş min dörd yüz) manat məbləğdə pul hissəsində dəyişdirilməli, vurulmuş zərərə görə Cavabdeh alınıb İddiaçı verilməlii olan pulun məbləği azaldılaraq 2400 (iki min dörd yüz) manat məbləğində müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Vurulmuş zərərə görə Cavabdeh alınıb İddiaçı verilməlii olan pulun məbləği azaldılaraq 2400 (iki min dörd yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-693/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-693/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver