Məhkəmə qərarları › İş №2(107)-694/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-694/2022

20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-694/2022 20.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(075)-274/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə administrator vəzifəsinə keçirilmiş və iddiaçı təşkilatla cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixdə isə Cavabdeh öz ərizəsi əsasında tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Cavabdeh çalışdığı və məsul olduğu “Oba- Xətai 3” mağazasında aparılmış inventarizasiya yoxlamaları nəticəsində müvafiq malların çatışmadığı aşkar olunmuşdur. Bununla əlaqədar tərtib edilmiş eyni tarixli “İnventarizasiya nəticələrinə dair” akta əsasən ümumilikdə 4255.97 manat məbləğində malın çatışmadığı məlum olmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «OBA MARKET” MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 2591.97 manat borcun və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində haqqın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC məhkəməyə 10 fevral 2022-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İddiaçı MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə administrator vəzifəsinə keçirilmiş və iddiaçı təşkilatla cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixdə isə Cavabdeh öz ərizəsi əsasında tutduğu vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə cavabdehin çalışdığı və məsul olduğu “Oba - Xətai 3” mağazasında aparılmış inventarizasiya yoxlamaları nəticəsində müvafiq malların çatışmadığı aşkar olunmuşdur. Bununla əlaqədar tərtib edilmiş eyni tarixli “İnventarizasiya nəticələrinə dair” akta əsasən ümumilikdə 4255.97 manat məbləğində malın çatışmadığı məlum olmuşdur. Yekun olaraq Cavabdeh İddiaçı MMC-yə ümumi qalıq borc məbləği 2591.97 manat təşkil edir. Uzun müddət keçməsinə baxmayaraq sözügedən borc öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı «OBA MARKET” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə baş satıcı vəzifəsinə keçirilmişdir. Bundan sonra, yəni xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsinə keçirilmiş, eyni zamanda iddiaçı təşkilatla cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh öz ərizəsi əsasında vəzifəsindən azad edilmişdir. Cavabdeh iddiaçı «OBA MARKET” MMCdə işlədiyi müddətdə cavabdehin çalışdığı və məsul olduğu “Oba-Xətai 3” mağazasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inventarizasiya yoxlamaları aparılmışdır. Həmin yoxlamalarının nəticəsi üzrə Cavabdeh ona təhkim edilmiş maddi qiymətlilərlə bağlı 4255.97 manat çatışmazlığının yarandığının müəyyən edildiyini, həmin məbləğdən 1664 manatın güzəşt edildiyini, yekun olaraq Cavabdeh İddiaçı MMC-yə ümumi qalıq borc məbləğinin 2591.97 manat qaldığını göstərən iddiaçı təşkilat hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iddia ərizəsinə əlavə etdiyi sənədlərə istinad edir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Göründüyü kimi, Cavabdeh «OBA MARKET” MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməsi, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması, ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərdən mal çatışmazlığının olması xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inventarizasiya yoxlamasına dair tərtib edilmiş aktlarda təsdiq edilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməklə və iddia ərizəsinə etiraz göndərməməklə həmin aktları və məbləğləri mübahisələndirməmişdir. Həmin aktlar üzrə Cavabdeh İddiaçı MMC qarşısındakı mal çatışmazlığının 4255.97 manat olmasına baxmayaraq iddiaçı təşkilat tərəfindən ümumi dövriyyəni nəzərə alınaraq cavabdehə 1664 manat güzəşt tətbiq olunmuş və həmin inventarizasiyanın nəticəsi üzrə cavabdehin iddiaçı təşkilata qalıq borc məbləğinin isə 2591.97 manat təşkil etməsi müəyyən edilmişdir. Odur ki, iddiaçı həmin məbləğin cavabdehdən alınmasını tələb etməkdə haqlıdır. İddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilməli dövlət rüsumu 45.92 manat təşkil etmiş, lakin iddiaçı mediasiya prosesində iştirak edərək 50 manat rüsum ödədiyindən dövlət rüsumunu ödəməkdən azad olunmuşdur. MPM-nin 115-ci maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. Buna görə də iddiaçı tərəfindən ödənilən 50 manat xərc məhkəmə deyil, mediasiya xərcləri olduğundan həmin xərclər iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək Cavabdeh 2591.97 manat ziyan məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Şəki Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(075)-274/2022 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin olunmuş, Cavabdeh 2591.97 manat ziyan məbləği İddiaçı MMC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443, 448, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh həmin tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsi əmək müqaviləsi ilə «OBA MARKET” MMCyə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixli, 258-K saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh həmin tarixdə «OBA MARKET” MMC-yə baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixli, 003-K saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh həmin tarixdə «OBA MARKET” MMC-yə administrator vəzifəsinə keçirilmişdir. «OBA MARKET” MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh «OBA MARKET” MMCdən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyəti ilə üzərinə götürür. Eyni zamanda ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir xx.xx.2020-ci il tarixli, 501-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh həmin tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2020-ci il tarixli inventarizasiya yoxlamasına dair İddiaçı MMC tərəfindən tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmaqdan imtina edilmiş aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2470.28 manat çatışmazlığının olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli inventarizasiya yoxlamasına dair İddiaçı MMC tərəfindən tərtib edilmiş və və Cavabdeh tərəfindən də imzalanmış aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 1785.69 manat çatışmazlığının olması müəyyən edilmişdir Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 04 noyabr 2021-ci il tarixli, 2021-005535 nömrəli ilkin müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiyasında iştirak etmiş, mediasiya xərci olan 50 manat tərəfindən ödənilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun həmin MMC-nə hər hansı bir məbləğdə borcu qalmamışdır. Belə ki, o, «OBA MARKET” MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməsi, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması, ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması üçün məsuliyyəti öz üzərinə götürsə də, İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərdən mal çatışmazlığı olmamışdır. Bununla bağlı tərtib edilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inventarizasiya yoxlamasına dair aktlarda göstərilənlər doğru deyildir. İddia əsaslı deyildir və heç bir əsaslı sübuta söykənməmişdir. Bütün göstərilənlərə əsasən iddianın əsaslı olmadığı öz təsdiqini tapır. Lakin, məhkəmə tərəfindən iddia təmin edilmişdir. Məhkəmə iddianı təmin etməsini məhkəmə qətnaməsində əsaslandırmamışdır. Məhkəmə qətnaməsində yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmənin hansı əsaslarla belə nitəcəyə gəlməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Əslində, isə məhkəmə gəldiyi nəticəni əsaslandırmalı idi. Bütün bunlar ona qarşı hüquq pozuntusunun olmasından və davam etməsindən xəbər verir. Halbuki, bu qəbildən olan işlər üzrə Şəki Apellyasiya Məhkəməsinin mövqelərini göstərən kifayət qədər əsaslandırılmış məhkəmə qətnamələri vardır. Həmin qətnamələrlə hazırki qətnamənin müqayisəsi və bütün göstərdikləri məhkəmə tərəfindən obyektiv məhkəmə araşdırmasının aparılmasını şübhə altına alır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(075)-274/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(075)-274/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: 191-ci maddəsində birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 203-cü maddəsinə əsasən vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 206-cı maddəsinə əsasən Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyənolunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(075)-274/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxdığından Şəki Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(075)-274/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia qismən təmin edilməlidir. Belə ki, hazırki iş üzrə iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin maddələri təşkil etdiyi halda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin normalarını tətbiq etmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsində birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199). Həmin maddəyə əsasən 1. saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 2. işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; 3. inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; 4. əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; 5. alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; 6. işəgötürənin kommersiya sirrini yaydıqda; 7. işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyənolunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (Əmək Məcəlləsi maddə 206). Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Yuxarıdakı hüquqi mövqeyi hazırkı işin müəyyən edilmiş hallarına tətbiq etdikdə aydın olur ki, zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut edə bilmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərdən mal çatışmazlığının olması xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inventarizasiya yoxlamasına dair tərtib edilmiş aktlarda təsdiq edilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməklə və iddia ərizəsinə etiraz göndərməməklə həmin aktları və məbləğləri mübahisələndirməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlsə də, qətnamə qəbul edilərkən düzgün olmayan maddi hüquq normalarını tətbiq etdiyinə görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(075)-274/2022 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən - Cavabdeh 2591.97 manat ziyan məbləğinin İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(075)-274/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən - Cavabdeh 2591.97 manat ziyan məbləğinin İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar