Məhkəmə qərarları › İş №2(107)-694/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-694/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-694/2023 31.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(051)-849/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X4 Cavabdeh qarşı müqavilələr üzrə yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 32 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi üzrə 1000 (bir min) manat, 18 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi üzrə 5000 (beş min) manat, cəmi 6000 (altı min) manat pulun vəkil xidməti üçün ödənilmiş 311 manat və ödənilmiş 85 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh X3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianı təmin etməklə cavabdeh X5 ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(051)-849/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh X3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2(051)-849/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(051)-849/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, dövlət rüsumunu əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməldir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 azn miqdarında dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 150.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Cavabdeh şikayətində göstərmişdir ki, qanunvericilik aktlarında onun dövlət rüsumu ödəməli olması qeyd olunsa da qanunvericilik rüsum kəsirinin sonradan da ödənilməsini nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Hazırki işdə qiymət qoyulması çətinlik törədən iddia mövcud olmadığından rüsumun məbləğinin müəyyən edilməsində də heç bir çətinlik yoxdur. Bundan əlavə, qanun 113.1-ci maddədə göstərilən hallarda rüsumun az ödənilməsi halında rüsumun kəsirinin, yəni ödənilməmiş hissəsinin sonradan həll edilməsinə icazə verir. Ümumiyyətlə, rüsumun ödənilməməsi rüsumun kəsiri hesab oluna bilməz. Rüsumun ödənilməməsi halında qarşılıqlı iddia ərizəsinin qaytarılması Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrində açıq-aydın qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2023cü il tarixli 2(051)-849/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(051)-849/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(051)-849/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar