Məhkəmə qərarları › İş №2(107)-698/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-698/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-698/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Subroqasiya qaydasında pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2(075)- 291/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 151,28 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 181,28 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E270” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mercedes Benz E270” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 151,28 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-dən İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6 və 346.1-ci maddələri ilə təqsirli bilinmiş və Protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Yasamal RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 151,28 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS23/494 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir.

3. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-2545/2023 saylı qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Şəki Rayon Məhkəməsinin (hakim K.Musayev) 08 fevral 2024-cü il tarixli e-2(075)- 291/2024 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh istifadəsində olan “Mercedes Benz E 270” markalı, ** TU *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən “mülki məsuliyyətin icbari sığortası” növü üzrə sığorta edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mercedes Benz E270” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusa zərər vurmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixli TP ******* saylı qərara əsasən İXM-nin 346.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı tərəfindən “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusun təmiri xərci olan 151,28 manat sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Hazırda iddiaçı "xxxx" ASC-yə ödədiyi məbləğin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi il məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia ərizəsi müqavilə müddəti bitdikdən - xx.xx.2019-cu il tarixdən sonra üç il ərzində verilməli olduğu halda, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

8. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 936.1, 936.2-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 346.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1, 63.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC tərəfindən apellyаsiyа şikаyəti vermişdir.

11. Yasamal RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 151,28 (bir yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

12. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-dən ünvanlarına İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6 və 346.1-ci maddələri ilə təqsirli bilinmiş və Protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur.

13. Ona görə də, Şəki Rayon Məhkəməsinin iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə mübahisələr” iddiasının təmin edilməməsinə dair 2(075)-291/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, iş üzrə Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2(075)- 291/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun; 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. İddiaçı Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2(075)- 291/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır.

24. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və ya müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Tərəflər arasındakı münasibətlər sığorta müqaviləsi üzrə, hazırkı mübahisə isə subroqasiya hüququ üzrə yaranmışdır.

26. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan “Mercedes Benz E 270” markalı, ** TU *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən “mülki məsuliyyətin icbari sığortası” növü üzrə sığorta edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mercedes Benz E270” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusa zərər vurmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərara əsasən İXM-nin 346.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı tərəfindən “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusun təmiri xərci olan 151,28 manat sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir.

27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti əsasında hazırkı mübahisə ilə bağlı birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə əlaqədar aşağıdakıları qeyd edir.

28. Birinci instansiyası məhkəməsi iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş üç illik iddia müddətinin ötürülməsinə istinad etmişdir.

29. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşmır. 30.Belə ki, məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, “reqres iddia” ilə “subroqasiya hüququ” ayrı-ayrı anlayışlardır və onlar biri-digərindən fərqli hüquqi nəticələr doğurur.

31. “Reqres iddia” (əks tələb)-başqasının vurmuş olduğu ziyanı ödəyən şəxsin, vermiş olduğu ödəniş miqdarında digər şəxsə qarşı tələbidir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. 33.“Subroqasiya hüququ” isə-sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

35. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Göründüyü kimi hazırkı halda öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi-10 illik iddia müddəti şamil edilir.

37. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsində təsbit olunmuşdur ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

38. Qanunvericilikdə nəzərdə tutulan bu norma, heç də iddia müddətinin zaman ölçüsünü deyil, iddia müddəti axımının başlanması anını müəyyən etmişdir.

39. Bu baxımdan hazırkı halda iddiaçı ilə Cavabdeh arasında bağlanmış sığorta müqaviləsi üzrə yaranması güman edilən mübahisələrə tətbiq edilməli olan iddia müddəti ilə vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti fərqli anlayışlardır.

40. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları baxımından gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir və belə qənaətə gəlir ki, həmin nəticə qüvvədə olan qanun normasının düzgün tətbiq olunmaması və səhv təfsir olunmasına əsaslandığından qüvvədə qala bilməz və ləğv olunmalıdır.

41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Şəki Rayon Məhkəməsinin 08 fevarl 2024-cü il tarixli e- 2(075)-291/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 151.28 manat sığorta ödənişi məbləği və 30 manat dövlət rüsumu – cəmi 181.28 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

42. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.

44. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

45. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

46. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 08 fevarl 2024-cü il tarixli e-2(075)-291/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 151.28 manat sığorta ödənişi məbləği və 30 manat dövlət rüsumu – cəmi 181.28 manat tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar