Məhkəmə qərarları › İş №2(107)-700/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-700/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-700/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Musayev Taleh Valeh oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(075)-1090/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları

1. İddiaçı "xxxx" ASC ilə X1 arasında xx.xx.2020-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21061” markalı, 59BE625 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində “VAZ 21061” markalı, 59BE625 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “VAZ 21074” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına səbəb olmuşdur.

2. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 2460,00 (iki min dörd yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

3. Goranboy Rayon Məhkəməsinin "xxxx" ASC-yə təqdim etdiyi qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və həmin qərar qanuni qüvvəsini almış, nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2460 (iki min dörd yüz altmış) manat sığorta ödənişi məbləğinin və 44.60 (qırx dörd manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsi iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

6. Şəki Rayon Məhkəməsinin (hakim Elşən Vəliyev) 08 may 2025-ci il tarixli, e- 2(075)-1090/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 2460 (iki min dörd yüz altmış) manat sığorta ödənişi məbləğinin və ödənilmiş 44.60 (qırx dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 467, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Şəki Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(075)-1090/2025 saylı qətnaməsindən nаrаzı qalan Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı "xxxx" ASC sığorta müqaviləsinə əsasən faydalanan şəxsə 2460 manat sığorta ödənişi ödəmişdir. İş üzrə dəymiş ziyan üzrə sübut kimi "xxxx" ASC özünün mütəxəssislərinin müəyyən etdiyi rəyə əsaslanmışdır. Həmin ziyan məbləği ilə ümumiyyətlə razılaşmır. Baş vermiş qəzada hər iki nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hər iki nəqliyyat vasitəsi keçmiş SSRİ istehsalı olan “Jiquli” marakalı nəqliyyat vasitələri olmuşdur. Həmin vaxt əsasən onun nəqliyyat vasitəsinə ziyan dəymişdir. Sığorta şirkətinin nümayəndələrini hadisə yerinə çağırsalar da gəlməmişdirlər. Qarşı tərəfi də tanıyır. O bildirmişdir ki, sığorta ilə danışıb. Ziyan məbləğini yüksək yazdıracaq. O, da qarşı tərəfə etiraz etməmişdir. Nəticədə həmin hadisəyə görə onu 15 gün inzibati həbs edərək, sürücülük hüququnu iki il müddətinə məhdudlaşdırmışdırlar. Həmin hadisədən üç il sonra iddiaçı tərəf nəqliyyat vasitəsinə 2460 manat ziyan ödəməsini bildirərək Subroqasiya qaydasında pul tələbi ilə müraciət etmişdir. Hesab edir ki, bu iş üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilməlidir. Ekspertlər ziyan məbləğinin mövcud bazar qiymətlərinə uyğun olub-olmamasını müəyyənləşdirilməlidir. Bundan başqa iş üzrə sənədlərdən göründüyü kimi, iddiaçı məhkəməyə kiçik iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iş üzrə qətnamə gələndən sonra işin predmeti və mahiyyətindən xəbərdar olmuşdur. Tələb ilə razılaşmadığı üçün şikayət vermək qərarına gəlmişdir. Eyni zamanda sığorta müqaviləsi üzrə faydalanan şəxsə sığorta ödənişi 2021-ci ilin ortalarında ödənilmişdir. Müqavilə öhdəliklərindən irəli gələn tələblər üzrə iddia müddəti 3 il nəzərdə tutulmuşdur. Sığorta ödənişinin həyata keçirilməsi sığortaçı ilə sığortalı arasında olan müqavilə öhdəliklərindən yaranır. Əgər müqavilə yoxdur sa o zaman sığorta ödənişidə olmur. Subroqasiya hüququ da yaranmır. Buna görədə hesab edir ki, iddiaçı tələb hüququ üzrə iddia müddətini ötürmüşdür. Buna görədə iddia tələbi rədd edilməlidir. İşə baxan məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları hər-tərəfli araşdırmadan qərar vermişdir. Belə ki, ilk növbədə məhkəmə iddiaçı tərəfin üzərinə mümkün olan bütün subutları təqdim etməyi tələb etməli idi. Lakin bunu etməmişdir. İddiaçı tələbi üzrə yalnız sığorta ödənişi barədə sənədi və ziyan məbləğinin hesablanması barədə sənəd təqdim etmişdir. Bu barədə iddiaçı foto şəkil və s. kimi sübutlar təqdim etməlidir. Cavabdeh tərəf lazım olan bütün sübutları təqdim etdikdən sonra məhkəmə ekspert qarşısında lazımi sualları qoymalıdır. Nəticədə düzgün nəticəyə gəlmək mümkündür. Göstərilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(075)- 1090/2025 saylı qətnaməsinin ləğv edilərək, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərini nəzərə almaqla iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

11. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 394-1.3-cü mаddəsinə əsаsən işə yаzılı icrааt qаydаsındа, yəni məhkəmə iclаsı keçirilmədən və tərəflər izаhаtlаrı dinlənilmək üçün çаğırılmаdаn, tərəflərin təqdim etdiyi iş mаteriаllаrındа olаn sənədlər əsаsındа bаxmışdır.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.

15. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiəetmək bu Məcəllənin vəzifələrindən biridir.

16. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

17. Maddə 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.

18. Maddə 202. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur.

19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinəyetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddətiddia müddəti sayılır.

21. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfininməhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

23. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi vəya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

24. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

25. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

26. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

27. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir.

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

31. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

32. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

“İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu

33. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

34. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

35. Maddə 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; - zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; - zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; - sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.

36. Maddə 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.

37. Maddə 23.1.6. Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır.

38. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: - 25.1.1. Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; - 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

42. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

43. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

48. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. (...).

49. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər

V. Apellyasiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(075)-1090/2025 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməlidir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

53. Qeyd olunduğu kimi, iddiaçı "xxxx" ASC-nin "xxxx" ASC ilə X1 arasında xx.xx.2020-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21061” markalı, **-BE-***dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində “VAZ 21061” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “VAZ 21074” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 2460,00 (iki min dörd yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Goranboy Rayon Məhkəməsinin "xxxx" ASC-yə təqdim etdiyi qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır.

54. Cavabdeh avtomobili idarə edərkən təqsirli olduğu yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurduğundan və həmin zərər "xxxx" ASC ilə bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən ödənildiyindən, verilmiş sığorta ödənişi həcmində tələb sonuncuya keçdiyindən iddiaçının verilmiş sığorta ödənişi həcmində zərəri tələb etmək hüququ vardır.

55. İddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İşə mahiyyəti üzrə baxan Şəki Rayon Məhkəməsi iddianın təmin olunmasına dair qətnamə çıxarmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

56. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlsə də, yanlış olaraq Azərbaycan Respublikası Mülki Məcəllənin 467, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad etmişdir.

57. Halbuki hazırkı mübahisənin hüquqi əsasını subroqasiya hüququ təşkil edir.

58. Subroqasiya hüququ bir növ tələb hüququnun ötürülməsidir. Belə ki, zərərçəkmiş şəxsin ziyan vuran tərəf qarşısında ona dəyən zərər məbləğində tələb hüququ vardır. Sığortaçı zərəçəkmişə dəyən zərərin məbləğini ödədikdən sonra ziyan vuran şəxs qarşısındakı tələb hüququ avtomatik olaraq sığortaçıya keçir.

59. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. (Mülki Məcəllə, maddə 377.4.) Subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablansa da, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz. Ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur.

60. Subroqasiya hüququ sığorta ödənişini almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu tələb hüququnun qanuna əsasən sığortaçıya keçməsindən irəli gəlir. İlkin kreditorun zərər vuran şəxsə qarşı tələb hüququ on illik iddia müddəti ilə məhdudlaşırsa, yəni borclu ilkin kreditor qarşısında delikt törətdiyi tarixdən on il ərzində təqib olunmaq öhdəliyi daşıyırsa, yeni kreditora keçən həmin tələb üzrə müddət bundan artıq ola bilməz. Əks yanaşma “heç kəs özündə olandan artığını başqasına verə bilməz” prinsipinə, borclunun ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditora qarşı da irəli sürmək hüququna dair Mülki Məcəllənin 199.1-ci və 202-ci maddələrinə zidd olardı.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə dəlilini əsassız sayaraq qeyd edir ki, iddiaçının tələbi müqavilə öhdəliklərindən deyil, cavabdehin törətdiyi mülki hüquq pozuntusundan, deliktdən irəli gəlmişdir. Yəni cavabdeh icbarı sığorta müqaviləsinin tərəfi deyildir. İddiaçı cavabdehin vurduğu zərəri ödədiyindən reqres hüququndan istifadə edir. Belə olan halda, ümumi iddia müddəti tətbiq edilməlidir ki, yuxarıda da qeyd edildiyi kimi, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən də ümumi iddia müddəti on il təşkil edir.

62. Kollegiya apellyasiya iddiaçının iddianın əsaslılığına dair sübutların təqdim edilməsi və hesablanmış ziyanın yüksək olmasına dair dəlillərini də əsassız sayır.

63. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e- 2(075)-1090/2025 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.

64. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(075)-1090/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdeh 2460 (iki min dörd yüz altmış) manat sığorta ödənişi məbləğinin və ödənilmiş 44.60 (qırx dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar