Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-706/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibаrət tərkibdə, X4 оğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-998/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxx 2019-cu il tarixli 2(037)-998/2019 nömrəli qətnaməsi ilə iddiаçı “xxxx” X5 Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya “xxxx” KB ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “270,97 manat əsas, 64,28 manat faiz və 215,42 manat cərimə olmaqla, cəmi 550,67 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası təmin edilərək Cavabdeh 270,97 manat əsas, 64,28 manat faiz, 215,42 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 580 (beş yüz səksən) manat 67 (altmış yeddi) qəpik məbləğinin tutularaq “xxxx” KB ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İşin halları “xxxx” KB ASC ərizə ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 270,97 manat əsas, 64,28 manat faiz və 215,42 manat cərimə olmaqla, cəmi 550,67 manat kredit borcunun və 30 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2019-cu il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxxxx 2019-cu il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri birinci instansiya məhkəməsinə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən həmin tarixdə cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcverən bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Müqaviləyə əsasən cavabdeh istifadə etdiyi krediti müəyyən olunmuş müddətdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ona təqdim edilən plastik kartdan cəmi 500 manat vəsait nağdlaşdırmış, həmin məbləğdən 229,03 manat ödəniş etmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş, bunun üçün 30 manat dövlət rüsumu da ödənilmişdir. İddiaçı cavabdehden 270,97 manat əsas borc, 64,28 manat faiz və 215,42 manat cərimə olmaqla, cəmi 550,67 manat kredit borcunun və 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-998/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdehapellyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-998/2019 nömrəli qətnaməsinin 215,42 manat məbləğində cərimənin tutulması hissəsində ləğv olunmasını, iddianın həmin hissədə təmin edilməməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin 215,42 manat cərimənin tutulması hissəsindən narazıdır. Belə ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ona göndərsə də, o, ahıl yaşında olan bir qadındır, kömək edəni yoxdur və həmin vaxt xəstə olduğu üçün məhkəmə prosesində iştirak edə bilməmişdir, Məhkəmə onun iştirakı olmadan, heç bir araşdırma aparmadan iddia tələbini olduğu kimi təmin etmişdir. Onun iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsinə əsasən cəmi borcu 270,97 manat olduğu halda, ona həm 64,28 manat faiz, həm də kifayət qədər yüksək rəqəmlə cərimə, yəni 215,42 manat cərimə hesablamışlar. Faiz və cərimə əsas borcdan cox olmuşdur. Bu isə ən azından ədalətsizlikdir. Yuxarıda göstərdiyi kimi o, ahıl yaşlı bir şəxsdir, heç bir köməyi yoxdur, xəstəliyi ilə əlaqədar təqaüdünü dərmanlara verdiyi üçün, ödəməni bir ay gecikdirmişdir, ona görə bu qədər yüksək rəqəmlə cərimənin hesablanması həm qanunsuz, həm də ədalətsizlikdir. Məhkəmə qətnamə qəbul edərkən onun vəziyyətini, xəstəliyini, heç bir kömək eləyəninin olmamasını nəzərə almamış, ancaq iddiaçının mövqeyindən çıxış etmişdir. Qətnamənin 215,42 manat cərimə hissəsində ləğv olunmasını, həmin hissədə iddianın rədd olunmasını istəyir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-998/2019 nömrəli qətnaməsinin 215,42 manat məbləğində cərimənin tutulması hissəsində ləğv olunmasını, iddianın həmin hissədə təmin edilməməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən “xxxx” KB ASC-in nümayəndəsi X2 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-998/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. «xxxx» KB ASC-in təqdim etdiyi Cavabdeh hesab üzrə çıxarışından görünür ki, borclu sonuncu aylıq kredit borcu ödənişini xx xxxxxx 2019-cu il tarixdə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas və faiz borcuna münasibətdə təmin etməklə düzgün nəticəyə gəlsə də, cərimə borcuna aid hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamaqla yanaşı tənasübsüz surətdə yüksək məbləğdə hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və bunları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsı müəyyən edilmişdir. Tərəflər аrаsındа bаğlаnmış kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci mаddəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) bаşа düşülür. 443-cü mаddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci mаddəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. 445.7-ci mаddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşin həqiqi halları ilə müəyyən edilir ki, «xxxx» KB ASC ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmış, cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmış, cavabdeh ona təqdim olunan plastik kartdan ümumilikdə 500 AZN vəsait nağdlaşdırmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcverən bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 215,42 manat məbləğində dəbbə pulu (hesablanmış cərimə borcu) tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cərimənin azaldılaraq 20 manat məbləğində saxlanılması daha məqsədə müvafiqdir və bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə kollegiyası bütün qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra “Banklar haqqında” Qanun) “pul” anlayışı xarici valyutanı da ehtiva edir. Belə ki, həmin Qanunun 1-ci maddəsinə əsasən bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, yuxarıda göstərilən qanunlarda istifadə olunan “pul” və “valyuta” terminləri milli valyuta ilə yanaşı, həm də xarici valyutanı nəzərdə tutur. Mülki qanunvericilik də “pul” termini ilə təkcə milli valyutanı deyil, həmçinin xarici valyutanı da ehtiva edir. Belə ki, Mülki Məcəllənin 4-cü maddəsi əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətləri mülki hüquq münasibətlərinin obyekti kimi tanıyır. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin pullar mülki hüquq münasibətlərinin obyekti qismində sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” qərarının 10-cu bəndinin tövsiyəsinə əsasən, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə edilməlidir. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə manata məzənnəsi ilə hesablanması göstərilməlidir. MPM-in 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, iddia tələbinin əsas kredit borcuna və kreditə görə hesablanmış faiz borcuna münasibətdə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, ancaq cərimə borcuna aid hissədə düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin yalnız dəbbə puluna aid hissədə dəyişdirilməsi nəticəsinə gələrək belə hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-998/2019 nömrəli qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilməli, Cavabdeh tutularaq iddiaçı “xxxx” X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli olan215,42 manat məbləğində cərimənin (dəbbə pulu) məbləği azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-998/2019 nömrəli qətnaməsi Cavabdeh tutulmalı olan cəriməyə (dəbbə pulu) aid hissədə dəyişdirilsin. Cavabdeh tutularaq iddiaçı “xxxx” X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli olan215,42 (iki yüz on beş manat 42 qəpik) manat məbləğində cərimənin (dəbbə pulu) məbləği azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-998/2019 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-706/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-706/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver