Məhkəmə qərarları › İş №2(107)-707/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-707/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-707/2025 24.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun tutulması” tələbi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 və onun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(039)-4/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh1 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASCdən illik 32 faizlə 24 ay müddətinə 4500 ABŞ Dolları kredit götürmüşdür. xx.xx.2015-ci tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 4093.77 ABŞ dolları təşkil etmiş və müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 16 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4093.77 ABŞ dolları əsas borc, 1789.89 ABŞ dolları faiz borcu və 361.1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 6244.76 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 32 faizlə 24 ay müddətinə 4500 ABŞ Dolları kredit götürmüşdür. xx.xx.2015-ci tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 4093.77 ABŞ dolları təşkil etmiş və müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 16 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 21 sentyabr 2016-cı ilədək Cavabdeh1 banka 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4093.77 ABŞ dolları əsas borc, 1789.89 ABŞ dolları faiz borcu və 361.1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 6244.76 ABŞ dolları borcu olmuş, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır.

4. Yevlax Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(039)-294/2017 saylı qiyabi qətnaməsi ilə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4093.77 ABŞ dolları məbləğində əsas borcu, 1789.89 ABŞ dolları məbləğində faiz borcu, 361.1 ABŞ dolları məbləğində cərimə borclu olmaqla, cəmi 6244.76 ABŞ dolları məbləğində borc hazırki məhkəmə qətnaməsini icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qaydasında tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

5. Yevlax Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(039)-2544/2024 saylı qərardadından görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-294/2017 saylı, 21 fevral 2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh1 ərizəsi təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 2(039)-294/2017 saylı, 21 fevral 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 32 faizlə 24 ay müddətinə 4500 ABŞ Dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 16 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Kreditin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. 21 sentyabr 2016-cı ilədək Cavabdeh1 banka 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4093.77 ABŞ dolları əsas borc, 1789.89 ABŞ dolları faiz borcu və 361.1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 6244.76 ABŞ dolları borcu olmuşdur.

7. Yevlax Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(039)-4/2025 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin edilmiş, əsas kredit borcu 4093.77 ABŞ dolları borc, faiz borcu 184.94 ABŞ dolları borc, cərimə borcu 40 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, müştərək qaydada xx xxxxxx 1978-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində doğulmuş, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan Cavabdeh1, xx xxxxxxxx 1981-ci il tarixdə Yevlax rayonunun Yəldili kəndində doğulmuş, Yevlax rayonunun Yəldili kəndində qeydiyyatda olan Cavabdeh2, xx xxxxxx 1975-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində doğulmuş, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan Cavabdeh3 alınaraq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 manat ekspertiza xərcinin tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 448.1, 448.2, 467, 470.1, 472.1, 472.2, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Yevlax Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(039)-2544/2024 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2025-ci il tarixli, 3-16-16/2-9/9868/2024 nömrəli məktubu və ona əlavə edilmiş 9/9868 nömrəli ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********** saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixdə R181/15 nömrəli əlavə sazişin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh1 maliyyə arayışı müddətinə yəni, xx.xx.2016-cı il tarixə 4093,71 ABŞ dolları əsas borc, 1790,49 ABŞ dolları borcu müəyyən edilmişdir (aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir).

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı ASCdən 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4500 ABŞ dollarıməbləğində 24 ay müddətinə 32 faizlə kredit götürülmüşdür. Kreditdən müəyyən məbləğdə ödənişlər etməyimə baxmayaraq əsas borcdan çıxılmamış, əksinə faizlərə tutulmuşdur. Məhkəməyə müraciət edən bank əsassız olaraq 4093.77 ABŞ dolları əsas borc, 1789.89 ABŞ dolları faiz borcu, ümumilikdə cəmi 6244.76 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir. Lakin məhkəmənin gəldiyi qənaətə görə borclulardan müştərək olaraq 4093, 77 ABŞ dolları əsas borc, 184, 94 ABŞ dolları faiz borcu tutulmalıdır.Məhkəmənin mövqeyi ilə razi deyil. Belə ki, o götürdüyü kredit borcunu ödəmiş və az miqdarda banka borcu qalmişdır. Qeyd edilən ödənişlər bank tərəfindən demək olar ki, əsas borca hesablanmamışdır. Məhkəmə isə qeyd edilən halları araşdırmadan formal olaraq bankın məhkəməyə təqdim etdiyi sənədlərə, eyni zamanda məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Əsas borcda faiz borcu kimi bank tərəfindən düzgün hesablanmadığından borcun məbləği yenidən araşdırılmalıdır.

12. Məhkəmə işə baxarkən tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, Yevlax rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə ekpertiza Mərkəzinə tapşırılmışdır. Ekspert rəyi əsasında 4093,71 ABŞ dolları məbləğində əsas borc, 1790,49 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Məhkəmə sonradan belə qərara gəlmişdir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini xx.xx.2015-ci il tarixdə bəyan etmişdir və tərəflər arasında kredit müqaviləsi ləğv edilmişdir. Kredit müqaviləsi həmin tarixdə ləğv edildiyindən həmin tarixli bildirişdən görünür ki, Cavabdeh1 faiz borcu 184,94 ABŞ dolları təşkil edir. Məhkəmə yüksək faiz borcu hesablamaqda bankı haqlı hesab etməyərək faizi ləğv etməsinə baxmayaraq əsas borcla bağlı ədalətsiz mövqe nümayiş etdirmişdir. Belə ki, o kredit götürdükdən sonra ödənişlər etmiş, lakin ödənişlər hansısa səbəbdən əsas borca hesablanmır. Qeyd edilən hal məhkəmə tərəfindən araşdrılmamışdır.

13. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(039)- 4/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(039)-4/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.

17. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(039)-4/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 361.1 ABŞ dolları dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(039)-4/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, borc məbləğini qətnamə icra olunan günə manatla məzənnəsi ilə deyil, ABŞ dolları ilə tutmaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə qətnaməsi haqqında Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

24. Hazırki işdən görünür ki, iddia tələbi ABŞ dolları ilə göstərilmiş, birinci instansiya məhkəməsi də həmin valyuta ilə məbləğin tutulmasını qət etmişdir. Halbuki, qətnamənin nəticə hissəsində ABŞ dolları ilə göstərilmiş tutulması qət edilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməli idi.

25. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər qətnamənin dəyişdirilməsi üçün əsasdır.

26. Bundan başqa, apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

27. Belə ki, Cavabdeh1 apellyasiya şikayətində kredit borcunu ödədiyini, az miqdarda borcu qaldığını qeyd etsə də məhkəmə iclasında qeyd etdiyi halları sübut edəcək hər hansı sənəd və ödəniş qəbzlərini təqdim edə bilməmişdir.

28. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2025-ci il tarixli, 3-16-16/2-9/9868/2024 nömrəli məktubu və ona əlavə edilmiş 9/9868 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********** saylı Kredit Müqaviləsinə xx.xx.2015ci il tarixdə R181/15 nömrəli əlavə sazişin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh1 maliyyə arayışı müddətinə yəni, xx.xx.2016-cı il tarixə 4093,71 ABŞ dolları əsas borc, 1790,49 ABŞ dolları borcu müəyyən edilmişdir (aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir).

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(039)-4/2025 nömrəli qətnaməsi nəticə hissəsinin ikinci abzasına “qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə” söz birləşməsi əlavə edilməklə dəyişdirilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yevlax Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(039)-4/2025 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsinin ikinci abzasının “müştərək qaydada” sözündən əvvələ “qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla” söz birləşməsi əlavə edilməklə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar