Məhkəmə qərarları › İş №2(107)-71/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-71/2022

03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-71/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 qarşı “vurulmuş maddi və mənəvi ziyana görə pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyana görə pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı X3 Cavabdeh2 iştirakları ilə, Zərdab Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(035)-39/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 Talıbxan qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ona vurulan maddi zərərə görə cavan ikinci qarın boğaz olan altında erkək düyə olan iribuynuzlu malın (maddi dəyərini mütəxəssis müəyyənləşdirməlidir), 5550 (1000+3900+600+50) manat məbləğində pulun, cavabdeh X1 ona vurulan maddi ziyana görə 2790 (1200+400+60+900+200+30) manat məbləğində pulun və cavabdehlərdən ona dəymiş olan mənəvi ziyana görə müştərək qaydada 10000 (on min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o Cavabdeh2 və ailə üzvlərinə məxsus torpaq sahəsinin heç bir notarial qaydada razılaşma, alqı-satqı müqaviləsi olmadan 1 baş balalı inək və 1000 manat pul verməklə almışdır. Vüqarla onlar belə razılığa gəlmişdilər ki, torpağa verilən subsidiyanı 2020-ci ilə kimi Vüqar özləri alsınlar və torpaq vergisini özü ödəsin. O həmin torpaq sahələrini cavabdehlərdən alanda torpaq sahəsində məhsuldarlıq yox idi. Torpaq sahəsinə aqrotexniki qulluq edərək məhsuldarlığını artırmışdır. Belə ki, həmin torpaq sahəsini yararlı hala salınması üçün kübrə və peyin daşınıb verilməsinə görə 3900 manat, hamarlanmasına görə 600 manat, ərazidə olan köhnə iydə ağaclarının çıxarılmasına görə 50 manat, ümumilikdə 5550 manat xərc çəkmişdir. Bundan başqa digər cavabdehlər Cavabdeh1 və ailə üzvlərinə məxsus torpaq sahəsinin 1.03 ha hissəsini biri birlərinə olan etibara əsasən aralarında heç bir notarial qaydada razılaşma, alqı-satqı müqaviləsi bağlamadan Cavabdeh1 oğlu Anar İsmayılova 1200 manat pul verməklə 2014-cü ildə almışdır. Həmin torpaq sahəsini də yararlı hala salınması üçün kübrə və peyin daşınıb verilməsinə görə 900 manat, hamarlanmasına görə 400 manat, şumlanmasına görə 60 manat, yonca toxumuna (40 kq. x 5 manat) görə 200 manat, səpinə görə 30 manat, ümumilikdə 2790 manat xərc çəkmişdir. Həmin torpaq sahələrini 2020-ci ilə kimi özü istifadə etmişdir. Hal hazırda da özü əkmişdir. Cavabdehlər 2020-ci ilin ortalarında ona qarşı iddia verərək torpaq sahələrindən çıxarılmağını tələb etmişlər. Cavabdeh2 və digər ailə üzvlərinin iddiası Zərdab Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli, Cavabdeh1 iddiası Zərdab Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli qətnamələrinə əsasən təmin edilmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində ona yuxarıda qeyd etdiyi qaydada və məbləğdə maddi ziyan, həmçinin mənəvi ziyan dəymişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(035)-39/2021 saylı qətnaməsi ilə (hakim T.Həsənov) İddiaçı X3 cavabdehlər Əzizov X2 Anar Feyruz oğlu və Cavabdeh1 qızma qarşı “vurulmuş maddi və mənəvi ziyana görə pul tələbi”nə dair iddiası təmin edilməmiş, iddia təmin edilmədiyindən və iddiaçı məcburi köçkün olduğundan iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan dövlət rüsumu dövlət hesabına aid edilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir ki, onları qaşılıqlı şəkildə qiymətləndirmək mümkün olsun. İddiaçının izahatı isə iddianın təmin edilməsi üçün yetərli olmamaqla yanaşı, həm də cavabdehin izahatı ilə tam şəkildə təkzib edilmişdir. Tərəflər arasında yazılı müqavilə mövcud olmadığından onların hüquq və vəzifələrinin nədən ibarət olmasını, razılaşmanın hansı şərtlərlə şərtləndirildiyini, torpaq sahəsinin iddiaçı tərəfindən nə vaxta kimi istifadə edə bilməsinin imperativliyini, torpaq sahəsinin geri qaytarılarkən iddiaçının onun əldə edilməsi zamanı vermiş olduğu pulu və digər əmlakı, habelə çəkmiş olduğu xərclərin əvəzini geri almaq hüququnun nəzərdə tutulub-tutulmamasını məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı həmçinin cavabdehlərin sözügedən torpaq sahəsinə xərc çəkməsi barədə iddiaçıya hər hansı bir tapşırıq verməsi halı müəyyən olunmamışdır. Digər tərəfdən iddiaçı sözügedən torpaq sahəsinə iddia etdiyi xərclərin çəkilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-647/2020 saylı 12.10.2020-ci il tarixli, 2(035)-687/2020 saylı 04.11.2020-ci il tarixli qətnamələrinin surətlərindən görünür ki, hazırkı Cavabdeh2 (və digər ailə üzvlərinə) məxsus torpaq sahəsinin 1.80 ha hissəsinin, habelə Cavabdeh1 (və digər ailə üzvlərinə) məxsus torpaq sahəsinin 1.03 ha hissəsinin onlar tərəfindən hazırkı İddiaçı müvəqqəti istifadəsinə verilməsi, sonradan Cavabdeh2 (və digər ailə üzvləri) və Cavabdeh1 İddiaçı sözügedən torpaq sahələrindən çıxmasını tələb etmələri adı çəkilən məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Adı çəkilən qətnamələrlə iddialar təmin edilmiş və qətnamələr qanuni qüvvəsini almışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərdən müvəqqəti istifadəyə götürdüyü sözügedən torpaq sahəsindən səmərəli istifadə etmək üçün müəyyən xərclər çəkmişdirsə də bunu öz məqsədləri üçün, yəni daha çox gəlir götürmək üçün etmişdir. Bu zaman, o, öz riski ilə hərəkət etmişdir və buna görə cavabdehlər iddiaçı qarşısında hər hansı bir məsuliyyət daşımamalıdır. İddiaçının sözügedən torpaq sahəsini əldə etmək üçün natura və pul şəklində vermiş olduqları torpağın əldə edilməsi üçün edilmişdir ki, bunun müqabilində, o, torpağı cavabdehlərdən əldə etmiş və uzun illər ərzində heç bir əlavə ödəniş etmədən istifadə edərək fayda götürmüşdür. Sonradan torpağın istifadəsinə çəkmiş olduğu xərcləri cavabdehlərin mənafeyi naminə deyil, öz mənafeyi naminə etmişdir. Cavabdehlər iddiaçıya hər hansı bir maddi ziyan vurmamışlar. Məhkəmə əlavə olaraq hesab etmişdir ki, iddiaçı mənəvi ziyana dair hissədə də iddiasını sübuta yetirə bilməmiş, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə belə qənaətə qəlmişdir ki, iddiaçının cavabdehlərə qarşı həm maddi, həm də mənəvi ziyana görə pul tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, “Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 07 saylı qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 389.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 81-ci, 82.3-cü, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, hüquq normaları düzgün tərtib edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin əhəmiyyəti olan hallar sübut edilməmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Cavabdehlərin hərəkətləri nəticəsində ona qeyd etdiyi məbləğdə maddi ziyan, həmçinin mənəvi ziyan dəymişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-39/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsi ilə onun sübutları nəzərə alınmamışdır. Məhkəmənin bu qənaəti onun mənafeyinə tamamilə ziddir. Qətnamədə onun cavabdehə verdiyi iri buynuzlu mal və pul və torpağa çəkilən xərclər heç biri nəzərə alınmamışdır. Həmin torpaq sahəsini məhsuldarlığını artırmaq üçün o yüzlərlə manat xərc çəkmişdir. Torpağa etdiyi aqrotexniki qulluq nəticəsində axırincı bir il olardı ki, torpaqda məhsuldarlıq artmışdır. Bunu görən cavabdehlər ona torpaq sahəsindən çıxarılmağını bildirdilər. Vurulmuş ziyanı cavabdehlər əvvəl ödəməyə razı idilər. Torpaq sahəsindən çıxarılmaya dair qətnamə çıxandan sonra cavabdehlər ona vurduqları ziyanı ödəməkdən boyun qaçırdılar. Nədənsə məhkəmə bu faktları demək olar ki, heç nəzərə almamışdır. Məhkəmənin bu qənaəti onun mənafeyinə tamamilə ziddir. Qeyd olunanlara əsasən o Zərdab Rayon Məhkəməsinin 2(035)-39/2021 saylı, 18.02.2021ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 2(035)-39/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 2(035)-39/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinə münasibətdə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər X4 və Cavabdeh1 məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə Cavabdeh1 məhkəməyə teleqram göndərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zərdab Rayon Məhkəməsinin 2(035)- 39/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qətnaməsinin ləğv edilməsini xahiş edir. Hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 2(035)-39/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə mülki məcəllənin 157-ci maddəsinə istinad etmək əvəzinə Mülki Məcəllənin 385-ci maddələrinə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Çünki hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Hazırkı halda iddiaçı vicdanlı sahib olduğundan iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 Talıbxan qızma qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ona vurulan maddi zərərə görə cavan ikinci qarın boğaz olan altında erkək düyə olan iribuynuzlu malın (maddi dəyərini mütəxəssis müəyyənləşdirməlidir), 5550 (1000+3900+600+50) manat məbləğində pulun, cavabdeh X1 ona vurulan maddi ziyana görə 2790 (1200+400+60+900+200+30) manat məbləğində pulun və cavabdehlərdən ona dəymiş olan mənəvi ziyana görə müştərək qaydada 10000 (on min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti torpaq sahəsi cavabdehlərə məxsusdur. Məhkəmə kollegiyası iclasında təqdim edilmiş sadə qaydada yazılmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 bütün ailə üzvləri ilə birlikdə özlərinə məxsus olan 2-ci qurum pay torpağını ailə üzvləri ilə məsləhət edərək İddiaçı ömürlük satmışlar və Azizova Səltənət, Azizov Vüqar, Azizov Esmira, Talıbxanlı Günay, Talıbxanlı Nərmin öz imzaları ilə alqı satqı müqaviləsini təsdiq etmişlər. Həmin alqı satqı müqaviləsindən o da görünür ki. Cavabdeh2 08.05.2013-cü ildən etibarən 2020-ci ilə qədər torpağın gəlir vergisini ödəyəcəkdir. Dövlət tərəfindən verilən pulu o alacaqdır. Lakin əkin və biçini Abbullayev Qabil edəcəkdir. 2020-ci ildən sonra həmin torpağa məxsus vergini və dövlətin torpağa aid ayırdığı pulu İddiaçı alacaqdır. Cavabdeh2 qeyd edilən halı öz imzası ilə təsdiq etmişdir. Yəni iddiaçı mübahisəli torpaq sahəsinə vicdanlı sahiblik etmişdir. Daha sonra müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti torpaq sahəsi cavabdehlərin xüsusi mülkiyyətindədir. Bu torpaq sahəsində cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur. Həmin çıxarışa əsasən məlum torpaq sahəsi cavabdehlərin paylı mülkiyyətinə verilmişdir. Lakin, həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə edildiyi üçün cavabdehlərin iddiası əsasında indiki iddiaçı torpaq sahəsindən çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; Kollegiyanın iclasında iştirak edən cavabdeh izahat verərək qeyd etmişdir ki, iddiaçıdan 1000 manat nəğd pul, 850 manat dəyərində bir inək almışdır. Eyni zamanda iddiaçı tərəfindən qiyməti 5 manat olan 30 kq yonca toxumu almış, yer şumlamaq üçün 80 manat, həmin sahədən qiyməti 2-3 manat olan təqribən 260 ədəd yonca kipi götürə bilərdi. Daha sonra 600 manat yerin hamarlanmasına pul xərcləyib. Beləliklə kollegiya hesab edir ki, ziyanla bağlı iddia qismən təmin edilməli, 1000 manat nəğd pul, 850 manat inəyin dəyəri, 600 manat torpağın hamarlanması, 150 manat yonca toxumu üçün, 80 manat yerin şumlaması üçün, 520 manat yonca kipi üçün iddiaçı tərəfindən itirilmiş ziyanın məbləği 1000+850+600+150+520+80=3200 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. İddia ziyanla bağlı qalan hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibət bildirərək hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı halda isə iddia tərəf belə bir sübut növü təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 2(035)-39/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, qanunvericilik hazırkı halda qətnaməni iddiaçı tərəfə mübahisələndirmək hüququ tanıdığından, yalnız iddiaçı tərəf kassasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-39/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. 3200 manat pul cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən iddiaçı tərəf ona rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar