Məhkəmə qərarları › İş №2(107)-713/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-713/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-713/2021 08.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1888/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1888/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 16400 (on altı min dörd yüz) manat məbləğində borc pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 23200 (iyirmi üç min iki yüz) manat məbləğində borcun və 30 manat dövlət rüsumu əvəzinin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2015-2019-cu illərdə, müxtəlif vaxtlarda ümumilikdə 23200 manat borc pul vermişdir. Cavabdeh onunla qonşu binada yaşayır və şəxsən tanıdığı adamdır, əvvəllər normal münasibətləri olubdur. xx xxxx 2015-ci ildə ehtiyacı olduğu üçün qaynanası ilə birgə ondan borc pul istəmişlər. Onun həmin vaxtlar maddi imkanı yaxşı olmuş və insanlıq, humanistlik edərək onlara 13600 manat borc pul vermişdir. Bir neçə ay sonra, cavabdeh onkoloji xəstə olmasını səbəb gətirmiş və müalicə olunması üçün 300, 760 və 120 manat olmaqla, cəmi 1180 manat borc pul istəmişdir. Həmin məbləği də cavabdehə vermişdir. Həmin vaxtlar o, Cavabdeh verdiyi borc pulların qaytarılmasını tələb etməyə başlamış, o isə aldığı borcu tam şəkildə qaytaracağına söz vermişdir. xx xxxxxx 2015-ci ildə iddiaçı qaynanası ilə birgə 720 manat borc pul istəmiş və elə həmin vaxt tez bir zamanda bankdan pul götürüb borcunu tam şəkildə geri qaytaracağını bildirmişdir. Təxminən 2019-cu ilin yanvar ayında yenidən maddi vəziyyətlərinin pis olmasını, pula ehtiyacları olmasını əsas gətirərək ondan kömək istəmişlər. Bu dəfə Cavabdeh 600 və 300 manat olmaqla, cəmi 900 manat borc pul vermişdir. Elə həmin vaxt Xəyalə söz vermişdir ki, ən geci üç ay müddətinə borcunu bağlayacaq. 2018-2019-cu illərdə o, Cavabdeh daha 7000 manat borc pul vermişdir. Sonuncu dəfə 2020-ci ilin aprel ayında qızı Minirə Xəyalədən götürdüyü borcları qaytarmasını israrla tələb edəndən sonra, 200 manat geri qaytarmışdır. İndiyə kimi ona və ailə üzvlərinə qalan borcun qaytarılmasını dəfələrlə bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Cavabdehin ona cəmi 23200 manat borcu var. Cavabdeh həmin pulu götürdüyünü etiraf edir və ödəməyə hazır olduğunu bildirir, lakin reallıqda heç bir ödəniş etmir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında bildirmişdir ki, 2015ci ildə mərhum atası iddiaçıdan 13000 manat pul almışdır. Həmin borcu 2017-ci ildə atası iddiaçıya qaytarmışdır. Atası yazmağı bilmədiyi üçün borc alarkən qəbzləri o yazaraq imzalamışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzlərin hamısı onun tərəfindən imzalanmışdır. Lakin o, borcunu qaytardığı üçün iddianı əsassız hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1888/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştiarkçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan Cavabdeh (Şəlalə) Nəbi qızı tərəfindən verilmiş qəbzlərdən görünür ki, cavabdeh iddiaçıdan cəmi 16400 (600+300+720+300+760+120+13600) manat pul almışdır. Cavabdeh iddiaçıdan 13000 manat pul aldığını və həmin məbləği qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir... Əvvəla, o özü iddiaçıdan heç bir pul almamışdır. Pulu onun mərhum atası 2015-ci ildə iddiaçıdan almışdır. Həmin pulun məbləği də 13000 manat olmuşdur. Atası yazmağı bilmədiyi üçün borc alarkən qəbzləri o özü yazaraq imzalamışdır. Həmin borcun hamısını da 2017-ci ildə atası özü iddiaçıya qaytarmışdır. Lakin savadsız olduğu üçün pulu qaytaran zaman iddiaçıdan pulun qaytarılması barədə qəbz almamışdır. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. İddia ərizəsində yazılanların hamısı şər və böhtandır. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1888/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1888/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Cavabdeh (Şəlalə) Nəbi qızı tərəfindən verilmiş qəbzlərdən görünür ki, o, bir neçə dəfə (qəbzlərin sayı 5-dir) iddiaçıdan cəmi 16400 (600+300+720+300+760+120+13600) manat pul almışdır. Cavabdeh həmin qəbzlərin onun tərəfindən yazılmasını və imzalanmasını mübahisələndirmir. Lakin pulları 2015-ci ildə atasının borc aldığını, atası savadsız olduğu üçün onun əvəzindən yalnız qəbzləri yazıb imzaladığını, atasının borcunu 2017-ci ildə tam olaraq qaytardığını, atası vəfat edəndən sonra iddiaçının qaytarılmış borcu ondan yenidən tələb etməyə başladığını, onun iddiaçıya heç bir borcunun olmadığını və iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin iddia tələbinə etirazının dəlillərini əsassız hesab edir. Belə ki, istinad edilən qəbzlərin məzmunundan görünür ki, cavabdeh borc almasını özünün və ya qaynanasının ehtiyacı ilə izah etmişdir. Həmin qəbzlərin heç birində cavabdeh borcun atası tərəfindən və ya atasının ehtiyacı üçün alındığını qeyd etməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin yazdığı qəbzləri onunla iddiaçı arasında borc müqavilələrinin bağlanmasının təsdiqi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinin xx.xx.2016-cı il tarixdən qüvvədə olan redaksiyasına əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən dəyişikliyə qədər (yəni xx.xx.2016-cı il tarixədək) Mülki Məcəllənin 740-cı maddəsində deyilirdi: Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yazdığı borc qəbzləri onunla iddiaçı arasında borc müqavilələrinin yazılı formada bağlanmasını ehtiva edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1 və 445.2.1-ci maddələrinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdehin alınmış borcların atası tərəfindən qaytarıldığını iddia etsə də, lakin məhkəməyə bunu təsdiq edən sübutlar (ödəniş qəbzləri, iddiaçı tərəfindən yazılmış iltizamlar və s.) təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə isə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 529-cu maddəsinə görə, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir... Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər... Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. İstinad edilən mülki hüquq normalarının tələblərinə əsasən borcun ödənilməsi zamanı iddiaçıdan və ya həmin borcun ödənildiyi digər şəxsdən icranın qəbul edilməsini təsdiqləyən sübutun (qəbzin, iltizamın) verilməsi tələb edilməli idi və cavabdehin belə sübutu təqdim edə bilməməsi onun öhdəliyi icra etməməsi (borcu qaytarmaması) kimi qiymətləndirilir. İddiaçı cavabdehdən 23.200 manat məbləğində borc tələb etsə də, lakin onun təqdim etdiyi sübutlar borcun 16.400 manat məbləğini təsdiq etmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesаb etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16400 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Cavabdeh 16400 (on altı min dörd yüz) manat məbləğində borc pulun alınıb İddiaçı verilməsini (qaytarılmasını) qət etməkdə haqlı olmuş, işin müəyyən olunmuş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də məhkəmənin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1888/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1888/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar