Məhkəmə qərarları › İş №2(107)-713/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-713/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-713/2024 05.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, iddia müddətinin tətbiqi barədə ərizə, zaminliyə xitam verilməsi müddəti) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(051)-423/2024 nömrəli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 221 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədi üçün 36 ay müddətinə illik 22 faizlə 15000,00 ( on beş min ) manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 13 iyun 2014-cü il tarixli 1-221 və 2-221 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müşətərək qaydada əsas borc 6348,53 manat, faiz 306,09 manat, cəmi 6654,62 (altı min altı yüz əlli dörd manat 62 qəpik) manat borc məbləğinin və ödənilmiş 86.54 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017ci il tarixli S-FK-GEK-69 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Bildirir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 221 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədi üçün 36 ay müddətinə illik 22 faizlə 15000,00 ( on beş min ) manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 13 iyun 2014-cü il tarixli 1-221 və 2-221 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda, Cavabdeh1 tərəfindən buna əməl olunmamışdır. Hazırda cavabdehin İddiaçı QSC-yə olan əsas borcu 6348,53 manat, faiz borcu 306,09 manat, cəmi borcu 6654,62 ( altı min altı yüz əlli dörd manat 62 qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Hesab edir ki, Cavabdeh1 onunla bağlanmış Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 6654,62 manat məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir. Ona görə də məhkəmədən iddia ərizəsinə baxılmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müşətərək qaydada əsas borc 6384,53 manat, faiz 306,09 manat, cəmi 6654,62 (altı min altı yüz əlli dörd manat 62 qəpik) manat borc məbləğinin və ödənilmiş 86.54 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, İddiaçı QSC-nin kredit borcu tələbinə dair iddiasına AR MM-nin 375-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. iddiaçı tərəfindən gətirilən sübutlar hər biri 2014-cü ilə kimi mövcud olmuş və artıq həmin vaxtdan 10 ilə yaxın bir müddət keçmişdir. Cavabdeh tərəfindən müddətin keçməsi ilə bağlı ərizənin təqdim edilməsi, iddiaçı tərəfindən isə iddia müddətinin ötürülməsinin səbəbi barədə heç bir mötəbər sübutun təqdim edilməməsi səbəbindən iddiadan imtina edilməməsi məqsədə müvafiqdir.

5. İş materiallarında olan cavabdeh ərizəsindən görünür ki, o, iddiaçının iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.

6. Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(051)-423/2024 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia müddəti tətbiq edilməklə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375 və 377-ci maddələrinə istinad etmişdir.

8. Qətnаmədən nаrаzı qаlаn İddiaçı QSC BOKT аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı QSC BOKT apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə zaminlərdən biri olan Cavabdeh3 məhkəməyə təqdim etdiyi ərizəyə istinad edib, iddia müddətini tətbiq edərək iddiaçı tərəfindən məhkəməyə verilmiş iddianı əsassız olaraq rədd etmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 221 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 tərəf deyil, o, yalnız tərəflər arsında bağlanmış zaminlik müqaviləsi üzrə tərəfdir və həmin zaminlik müqaviləsinin şərtləri əsasında məsuliyyət daşıyır. Borclu Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da, o, məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı hər hansı bir etiraz verməmiş, iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməmiş, kredit müqaviləsinin tərəfi olaraq özünün subyektiv mövqeyini bildirməmişdir. Hesab edir ki, zaminliklə bağlı məsələyə Mülki Məcəllənin zaminliklə bağlı münasibətləri tənzimləyən normaları tətbiq olunmlı idi. Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icra müddəti xx.xx.2017-ci il tarixə kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaraq xx.xx.2018-ci il tarxində bitmişdir. Belə olduğu halda, məhkəmə hazırkı mübahisə üzrə zamin tərəfindən verilmiş ərizə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373-cü maddələrini tətbiq etməkdə haqlı olmamışdır. Çünki Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınaraq zamin tərəfindən ərizə verilmədiyi təqdirdə belə, məhkəmə 477.0.4-cü maddəsini təbiq etməklə kreditin təminatı kimi bağlanmış zaminlik müqavilələrinə görə məsuliyyət daşıyan şəxslərin zaminliyinə xitamverə bilərdi. Birinci instansiya məhkəməsi zamin Cavabdeh3 iddia müddətinin tətbiqi barəsindəki ərizəni zaminə münasibətlərə tətbiq etməli olduğu halda, əsassız olaraq bu ərizəni əsas borcluya da tətbiq etmişdir ki, bu da qanunsuzdur. Zamin kredit müqaviləsində tərəf deyil və kredit müqaviləsi üzrə iddia müddətinin tətbiqi barədə ərziənin verilməsi onun səlahiyyətinə aid deyildi. O, zaminlik müqaviləsi üzrə tərəf olduğu üçün, həmin müqavilə ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə verməyə haqlı idi.

10. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(051)- 423/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(051)-423/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(051)-423/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 512. Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Qərarlar: Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarı

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(051)- 423/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı iddia müddəti tətbiq etməklə rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

20. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının təfsirində səhvə yol verilmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Halbuki, birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı məsələləri tənzimləyən ümumi normalara istinad etməklə kifayətlənmiş, iddia tələbinin qanuni əsasını təşkil edən maddi normalara istinad etməmiş, iddianın əsaslılığı barədə heç bir əsaslandırma aparmamışdır.

21. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının tələbləri irəli sürdüyü dəlillər əsasında, hər bir cavabdehə münasibətdə, mülki qanunvericiliyə uyğun qaydada yoxlanılmalı, mübahisə aidiyyəti maddi və prosessual hüquq normaları əsasında həll edilməlidir. Baxılan işdə məhkəmə hər üç cavabdehə qarşı yönəlmiş iddia tələbini zaminin verdiyi ərizə əsasında iddia müddətinin keçməsi ilə əlaqədar rədd etmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur. Kollegiya onu da qeyd edir ki, mülki qanunvericiliyimiz baxımından kredit müqavilələri üzrə bir qayda olaraq, zaminin iddia müddətini tətbiq etmək ehtiyacı yaranmır. Ona görə ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər başqa qayda razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və ona münasibətdə kreditorun tələb hüququ aradan qalxır. Hazırkı iş üzrə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 221 nömrəli kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti xx.xx.2017-ci il tarixə kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2018-ci il tarixində bitmişdir. Göründüyü kimi hazırki iş üzrə zaminliyə qanuna əsasən xitam verilmiş və iddiaçının zaminə qarşı tələb hüququ aradan qalxmış, buna müvafiq olaraq zamin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmışdır. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır.

22. Bundan başqa, baxılan işdə məhkəmə hər bir cavabdehə yönəlmiş tələb üzrə sözügedən müddətlərin keçib-keçmədiyinə lazımi şəkildə hüquqi qiymət verməmiş, iddianı zamin Cavabdeh3 ərizəsi əsasında iddia müddətinin keçməsinə görə rədd edərkən həmin ərizənin nəinki digər cavabdehə, hətta həmin cavabdehin özünə münasibətdə hüquqi əhəmiyyətini müzakirə etməmişdir. O da nəzərə alınmalıdır ki, iddianın cavabdehlərdən birinin ərizəsi əsasında digər(lər)inə qarşı da rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göründüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqa sözlə, iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu səbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Belə olan halda, bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir. Bu səbəbdən Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Yaxud, birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. Beləliklə, yuxarıda göstərilənləri birlikdə qiymətləndirdikdə bu qənaət hasil olur ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz. Hazırkı işdə isə əsas borcalan Cavabdeh1 ona qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Buna baxmayaraq, ona qarşı iddia da digər Cavabdeh3 həmin müddətin keçməsi haqqında ərizəsi əsasında rədd edilmişdir. Bu mövqe iddia müddətinin tətbqinə dair yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri qismən - zamin Cavabdeh3 iddia müddətinin keçməsi barədə ərizəsinin digər cavabdehlərə münasibətdə tətbiq edilməməli olması hissəsində əsaslıdır. Zamin Cavabdeh3 münasibətdə isə, iddia müddəti tətbiq edilməsə belə, onunla 13 iyun 2014-cü il tarixli 221-xx.xx.2014-GEO57 nömrəli zaminlik müqaviləsinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verildiyinə görə iddia həmin hissədə rədd edilməli olduğundan, apellyasiya şikayəti iddianın həmin hissəsinin təmin edilməsi ilə bağlı hissədə əsassızdır.

23. Kollegiya onu da qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, mülki işin 4-9cu vərəqlərində olan sənədlər hazırki işə aid olmamaqla, hazırki iş üzrə iddiaçı tərəfindən məhkəməyə göndərilməmişdir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmaqla məhkəməyə göndərilmiş sübut əhəmiyyəti daşıyan sənədlər kollegiya tərəfindən elektron məhkəmə informasiya sistemindən əldə edilərək kağız daşıyıcıda iş materiallarına əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə qətnaməsində də yalnız iddiaçının öz iddia ərizəsində göstərdiyi hallara istinad etmiş, iş üzrə yazılı heç bir sübut və ya dəlilə istinad etməmişdir. İddiaçı tərəfrindən iddia ərizəsinə əlavə edilməklə göndərilmiş və kollegiya tərəfindən iş materiallarına əlavə edilmiş sübut əhəmiyyətli sənədlərdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 221 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədi üçün 36 ay müddətinə illik 22 faizlə 15000,00 (on beş min) manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 13 iyun 2014-cü il tarixli 221-xx.xx.2014- GEO57 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda, Cavabdeh1 tərəfindən buna əməl olunmamışdır. Cavabdeh1 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-GEK-69 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür.

24. Ona görə də, hazırki iş üzrə əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyi sübut olunduğundan və onun tərəfindən nə iddia müddətinin tətbiqi barədə ərizə, nə də iddianın əsassızlığını sübut edəcək sübut və ya dəlillər təqdim edilmədiyindən ona qarşı olan iddia tələbi Mülki Məcəllənin mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan 739-cu maddəsinə əsasən təmin edilməlidir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(051)-423/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası Cavabdeh1 münasibətdə təmin edilməli, iddia tələbi Cavabdeh3 münasibətdə rədd edilməli, əsas borc 6348,53 manat, faiz 306,09 manat olmaqla, cəmi 6654,62 (altı min altı yüz əlli dörd manat 62 qəpik) manat borc və ödənilmiş 86.54 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 iyun 2024-cü il tarixli, 2(107)- 713/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsində iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı QSC BOKT tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(051)-423/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası Cavabdeh1 münasibətdə təmin edilsin. İddia tələbi Cavabdeh3 münasibətdə rədd edilsin. Əsas borc 6348,53 manat, faiz 306,09 manat olmaqla, cəmi 6654,62 (altı min altı yüz əlli dörd manat 62 qəpik) manat borc və ödənilmiş 86.54 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 iyun 2024-cü il tarixli, 2(107)- 713/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsində iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar