Məhkəmə qərarları › İş №2(107)-717/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-717/2022

30.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-717/2022 30.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Rafiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(075)-143/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi ziyanla bağlı 9200 (doqquz min iki yüz) manat pulun və dövlət büdcəsinə ödənilmiş 112,40 (bir yüz on iki manat, 40 qəpik) dövlət rüsumunun, ümumilikdə 9312,40 (doqquz min üç yüz on iki manat, 40 qəpik) məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 8000 (səkkiz min) manat pulun və dövlət büdcəsinə ödənilmiş 112,40 (bir yüz on iki manat, 40 qəpik) dövlət rüsumunun, cəmi 8112.40 (səkkiz min yüz on iki manat, 40 qəpik) məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı bundan əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyətində olan Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 35 saylı evdə əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş elmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehlərin Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 35 saylı evdən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair ilk iddiası, həmçinin cavabdehlərin İddiaçı qarşı Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq onlara verilməsi tələbinə dair qarşılıqlı iddiaları təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. Belə ki, ilk iddia təmin edilərək cavabdehlərin İddiaçı məxsus Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 35 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı 4400 ABŞ dolları məbləğində pul ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq Cavabdeh2 verilməsi və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Miilki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, İddiaçı məhkəmə iclaslarındakı izahatlarında göstərmişdir ki, o, aldığı evin pulunu tam şəkildə Cavabdeh1 ödəmişdir. Hətta evin alınması üçün razılaşdırılmış 25000 manatdan əlavə olaraq o, cavabdehlərə 3000 manat da ödəniş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 2018-ci ildə həmin evdən özünə düşən hissəni Röyala verməyi (satmağı) qərara almış, bunun müqabilində Röyal ona cəmi 28000 manat pul vermişdir. Bundan sonra Röyal həmin evi alqı satqı yolu ilə öz adına rəsmiləşdirmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə yazılmış və notarial təsdiqlənmiş ərizədə qeyd edilir ki, "yuxarıda göstərilən yaşayış mənzilini xx.xx.2018-ci ildə İddiaçı satdım. 25000 manata razılaşma yolu ilə satdım və həmin məbləğdən 10 000 manat beh aldım. Qalan 15000 manat razılaşma yolu ilə ödəniləcək”. Həmin ərizənin arxa hissəsinə isə Cavabdeh1 İddiaçı 2018-ci il tarixdə 10000 manat və 2018-ci il tarixdə 2000 manat aldığı özlərinin və şahidlərin, o cümlədən Cavabdeh2 imzaları ilə təsdiq olunur. xx.xx.2019-cu il tarixdə yazılmış və notarial təsdiqlənmiş iltizamda qeyd edilir ki, “Bağbanlar küçəsi ev 35ada yaşayan mənzilimi xx.xx.2018-ci ildə İddiaçı 25000 manata satdım. Həmin məbləğin 5000 manatı Cavabdeh2 düşən pay olmuşdur. Həmin məbləğin, yəni 25000 manatdan qalan 6000 manatı aldım. 2020-ci ilin mart ayının axırında 31 rayon Bağbanlar küçəsi ev 35a ünvanında yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öhdəmə götürürəm”. Cavabdeh1 yazdığı ərizə və iltizamların məzmunundan İddiaçı ona razılaşdıqlarından artıq məbləğ ödədiyi məlum olur. Belə ki, ev İddiaçı 25000 manata satılmışdır. İddiaçı isə cavabdehə 25000 manat deyil, 28000 manat pul ödəniş etmişdir. Yəni, danışılandan və razılaşdıqlarından 3000 manat artıq cavabdehə ödəniş etmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli ərizədə 25000 manat pul məbləğinin 5000 manatı Cavabdeh2 düşən payın olması qeyd edilsə də, həmin məbləğ Minayəyə deyil, Məhəbbətə ödənilmişdir. Məhkəmə kollegiyası da qeyd etmişdir ki, iddiaçı gələcəkdə Cavabdeh1 artıq ödədiyi məbləği tələb elmək hüququnu özündə saxlayır. Göründüyü kimi və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, həqiqətən İddiaçı tərəfindən Cavabdeh1 8000 manat artıq pul ödənilmişdir. Bildirmişdir ki, iddiaçı qeyd edilən pul məbləğlərini Cavabdeh1 ödəyərkən digər Cavabdeh2 da onun yanında olmuşdur. Bundan əlavə göstərmişdir ki, məhkəməyə iddia verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq 112 manat dövlət rüsumu ödəmişlər. Buna görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının əlavə olaraq ödəmiş olduğu 8000 (səkkiz min) manat pulun və dövlət büdcəsinə ödəmiş olduğu 112,40 (bir yüz on iki manat, 40 qəpik) dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(075)-143/2022 saylı qətnaməsi ilə (hakim C.İmanov) Cavabdeh1 8000 (səkkiz min) manat pul və 112.40 manat məbləğində ödənilmiş dövlət rüsumu xərcinin alınaraq İddiaçı ödənilməsi, iddianın Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X1 şəhəri, Bağbanlar küçəsi, ev 35 ünvanında yerləşən yaşayış mənzilini 08 avqust 2018-ci il tarixdə İddiaçı 25000 (iyirmi beş min) manat məbləğə razılaşma yolu ilə satmış və həmin məbləğdən 10000 (on min) manat beh almış, qalan 15000 (on beş min) manat məbləği razılaşma yolu ilə ödəniləcəkdir. 29 aprel 2019-cu il tarixli ərizəyə əsasən Cavabdeh1 15 aprel 2019-ci il tarıxdə İbrahimxəlilova Minayə, Hakverdiyeva Arifə, Çələbiyeva Elmiranın şahidliyi ilə İddiaçı 10000 (on min) manat pul almışdır. X4 29 aprel 2019-cu il tarixdə İddiaçı 2000 (iki min) manat pul almışdır. Yerdə qalan 4000 (dörd min) manat tez vaxtda razılaşma yolu ilə veriləcək. 06 oktyabr 2019-cu il tarixli iltizama əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili 08 avqust 2018-ci il tarixdə İddiaçı 25000 manat məbləğə satmışdır. Həmin məbləğin 5000 manatı Cavabdeh2 düşən pay olmuşdur. Həmin məbləğin, yəni 25000 manatdan 6000 manatı almışdır. 2020-ci ilin mart ayının axırında 31 r/n Bağbanlar küçəsi, ev 35a da yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsinə əsasən Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2020ci il tarixli, 2(075)-791/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı (yeni qaydalarla Şəki şəhəri, Bağbanlar küçəsi, ev 117) evdən əşyaları ilə birlikdə çıxarılması, İddiaçı 4400 ABŞ dolları məbləğində pul ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(102)-4436/2021 saylı qərarına əsasən İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-219/2021 saylı işi üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - qarşılıqlı iddianın təmin olunmuş hissəndə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Regional vəkil bürosu tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 415 saylı arayışa əsasən İddiaçı hüquqi yardım göstərilməsi barədə xx.xx.2020-ci il tarixli, 520 saylı müqavilə üzrə 500 manat, xx.xx.2021-ci il tarixli, 133 saylı müqavilə üzrə 300 manat və xx.xx.2021-ci il tarixli, 134 saylı müqavilə üzrə 400 manat, ümumilikdə 1200 manat vəkilə göstərəcəyi hüquqi xidmət müqabilində Şəki regional vəkil bürosunun bank hesabına ödəniş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsininin təsviri hissəsindən görünür ki, Cavabdeh1 qanuni və müqavilə əsası olmadan İddiaçı 8000 manat pulu əldə etməklə varlanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)- 219/2021 saylı qətnaməsininin təsviri hissəsində müəyyən edilmişdir ki, Cavabdeh1 qanuni və müqavilə əsası olmadan İddiaçı 5000 manat və 3000 manat olmaqla, cəmi 8000 manat pul əldə etmişdir. Şəki Apellyasiya Məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(102)-4436/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılması qərara alınmış və qətnamələr qanuni qüvvəsini almışdır. Görünüdüyü kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsininin təsviri hissəsində Cavabdeh1 İddiaçı 8000 manat pul almasının müəyyən edilməsi MPM-nin 82.3-ci maddəsinə əsasən sübut etməkdən azad olmaq üçün əsaslardan biridir. Buna görə də qeyd edilən fakt bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübut edilməsinə qanunla yol verilmir. İddia tələbindən görünür ki, iddiaçı 8000 manat pulu həm Cavabdeh1 həm də Cavabdeh2 tələb edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı 8000 manat pulu Cavabdeh1 tələb etməkdə haqlı olsa da Cavabdeh2 tələb etməkdə haqlı deyildir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsində müəyyən edilmişdir ki, iddiaçı 8000 manat pulu Cavabdeh1 vermişdir. Hazırkı məhkəmə iclasında da müəyyən edilmişdir ki, iddiaçı 8000 manat pulu Cavabdeh2 yanında və onun iştirakı ilə Cavabdeh1 vermişdir. Yəni iddiaçı Cavabdeh2 hər hansı pul məbləği verməsi müəyyən olunmamışdır. İddiaçı aralarında olan razılaşmaya görə evlə bağlı payına münasibətdə Cavabdeh2 hər hansı pul məbləği vermədiyindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsi ilə qarşılıqlı iddia təmin olunaraq iddiaçıdan 4400 dollar pulun alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, iddiaçı 8000 manat pul ödənişini cavabdehlərdən yalnız Cavabdeh1 verdiyindən həmin pulu da ancaq ondan tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin cavabdehlərin etiraz ərizələrində qeyd etdikləri əsassız varlanmaya görə 2 illik iddia müddətinin tətbiqi ilə bağlı vəsatətlərinə münasibət bildirərək göstərmişdir ki, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsinin anlayışı verilmişdir. Həmin maddəyə əsasən - Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi cavabdehlər iddiaçının onun hüququnun pozulmasının ona hansı vaxtdan məlum olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı məhkəmə iclasında ona ünvanlanan suallara cavabında göstərmişdir ki, onun cavabdehlərə əlavə olaraq 8000 manat pul ödəməsini Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsini əldə edib oxuduqdan sonra bilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının pozulmuş hüquqlarının bildiyi vaxt ən (apellyasiya məhkəməsi qətnaməsinin iddiaçıya göndərilməsi müddəti nəzərə alnmasa) azından 16 mart 2021-ci il tarixidir. Belə olan halda xx.xx.2021-ci il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2021-ci il tarixədək yalnız 8 ayadək vaxt keçmiş, lakin 2 illik bir müddət keçməmişdir. 2 illik müddətin keçməsi vaxtı isə xx.xx.2023-cü il tarixindən sonraya təsadüf etməsi müəyyən olunur. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehlər İddiaçı onlara 8000 manat pul verməsi ilə bağlı onun pozulmuş hüququnu bilməsinin dəqiq tarixi ilə bağlı sübut təqdim etmədiklərindən və ya edə bilmədiklərindən hazırkı iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunaraq Cavabdeh1 8000 (səkkiz min) manat pul və 112.40 manat məbləğində ödənilmiş dövlət rüsumu xərci alınaraq İddiaçı ödənilməli, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2, 1092.1, 1093.1, 1093.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 119.1-ci maddələri, C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarı, C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Sözügedən bu müddət iddia müddəti olmayıb, kəsici müddətdir. Kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Məhkəmə kəsici müddətin keçməsi səbəbi ilə aradan qalxmış olan bir hüququn təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın, hüququn mövcudiyyəti də aradan qalxdığına görə, iddia təmin edilməməlidir. Buna görə də iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr özləri nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də işdən kəsici müddətlərin ötürülməsinin məlum olduğu hallarda, məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni mənafeyini hüquqazidd bir şəkildə pozmuş olur. Birinci instansiya məhkəməsi isə qətnamənin 9-cu vərəqinin 1-ci abzasında qeyd etmişdir ki, “məhkəmə həmçinin cavabdehlərin etiraz ərizələrində qeyd etdikləri əsassız varlanmaya görə 2 illik iddia müddətinin tətbiqi ilə bağlı vəsatətlərə münasibət bildirərək göstərir ki, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsinin anlayışı verilmişdir. Həmin maddəyə əsasən - əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi cavabdehlər iddiaçının onun hüququnun pozulmasının ona hansı vaxtdan məlum olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı məhkəmə iclasında ona ünvanlanan suallara cavabında göstərmişdir ki, onun cavabdehlərə əlavə olaraq 8000 manat pul ödəməsini Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsini əldə edib oxuduqdan sonra bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bildiyi vaxt ən (apellyasiya məhkəməsi qətnaməsinin iddiaçıya göndərilməsi müddəti nəzərə alınmasa) azından 16 mart 2021-ci il tarixidir. Belə olan halda xx.xx.2021-ci il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2021-ci il tarixədək yalnız 8 ayadək vaxt keçmiş, lakin 2 illik bir müddət keçməmişdir. 2 illik müddətin keçməsi vaxtı isə xx.xx.2023-cü il tarixindən sonraya təsadüf etməsi müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər İddiaçı onlara 8000 manat pul verməsi ilə bağlı onun pozulmuş hüququnun bilməsinin dəqiq tarixi ilə bağlı sübut təqdim etmədiklərindən və ya edə bilmədiklərindən hazırkı iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsinin belə nəticəyə gəlməsi tamamilə əsassızdır. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin mülkiyyətində olan Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 35 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etdiyi vaxtdan, yəni Şəki Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsini almamışdan əvvəl, yəni 2018-ci ildən artıq pul ödəməsini (əgər ödəmişdirsə) bilirdi. Çünki o, apellyasiya şikayətində də qeyd etmişdir ki, “hətta evin alınması üçün razılaşdırılmış 25000 manatdan əlavə olaraq o, cavabdehlərə 3000 manat da ödəniş etmişdir”. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının formal mülahizələrini əsassız olaraq sübut kimi qəbul etmişdir. Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyini görməzdən gəlmiş və yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmış olsaydı aydın olardı ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli 2(107)-219/2021 saylı qətnaməsinin nəinki əsaslandırıcı hissəsində, ümumiyyətlə məhkəmə tərəfindən Cavabdeh1 İddiaçı 8000 manat artıq pul alması müəyyən edilməmişdir. Həmin qətnamədə “iddiaçı gələcəkdə Cavabdeh1 artıq ödədiyi məbləği tələb etmək hüququnu özündə saxlayır” qeyd edilməsi isə İddiaçı Məhbbət İbrahimxəlilovaya artıq pul ödəməsi anlamına gətirmir. Göründüyü kimi həmin qətnamənin təsviri hissəsində yazılanlar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal deyil və həmin qətnamə hazırkı iş üzrə preyudisial xarakter daşımır. Bundan başqa xx.xx.2019-cu il tarixdə yazılmış və notarial təsdiqlənmiş iltizamdan görünür ki, Bağbanlar küçəsi, ev 36A-da yaşayan Cavabdeh1 mənzili xx.xx.2018-ci ildə İddiaçı 25 000 manata satmış və xx.xx.2019-cu ildə həmin 25000 manatdan qalmış 6000 manat borc məbləğini də ödəmişdir. Buradan da aydın görünür ki, İddiaçı Cavabdeh1 25000 manatdan 19000 manatını əvvəlcədən hissəhissə ödəmiş, qalan 6000 manat borcunu isə xx.xx.2019-cu il tarixdə ödəmişdir. Belə olduqda hansı artıq ödənilmiş məbləğdən söhbət gedə bilər? Bundan başqa apellyasiya məhkəməsinin qətnaməsində qeyd edilir ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı müxtəlif vaxtlarda Cavabdeh1 28000 manat pul vermişdir. Əgər Cavabdeh1 evi İddiaçı 25000 manata razılaşma əsasında satmışdırsa və İddiaçı müxtəlif vaxtlarda Cavabdeh1 cəmi 28000 manat pul ödəmişdirsə, 8000 manat pulun artıq ödənildiyi məhkəmə tərəfindən necə müəyyən edilmişdir? Adi riyazi hesablamalara görə 28 000 – 25 000 = 3000 manat. Həmin 3000 manatı da İddiaçı Cavabdeh1 ödəməmiş, həmin məbləği evin rəsmiləşdirilməsinə xərcləmişdir. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh1 8000 manat artıq pul ödəməsi barədə heç bir mötəbər sübut təqdim edilməmiş, məhkəmə tərəfindən və işin faktiki halları tərəflərin təqdim etdiyi mülahizələr, dəlillər və sübutlar hərtərəfli araşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Eyni zamanda birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırma apararkən iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub-olmadığını müəyyən etməli idi ki, həmin hala ümumiyyətlə diqqət yetirməmiş, qətnaməsində “məhkəmə hesab edir ki, cavabdehlər İddiaçı onlara 8000 manat pul verməsi ilə bağlı onun pozulmuş hüququnun bilməsinin dəqiq tarixi ilə bağlı sübut təqdim etmədiklərindən və ya edə bilmədiklərindən hazırkı iş üzrə iddia müddəti tətbiq edilə bilməz.” cümləsini yazmaqla gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi araşdırma nəticəsində belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehlərə əlavə olaraq 8000 manat pul ödəməsini Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsini əldə edib oxuduqdan sonra bilmişdir, iddiaçının pozulmuş hüquqlarını bildiyi vaxt ən (apellyasiya məhkəməsi qətnaməsinin iddiaçıya göndərilməsi müddəti nəzərə alınmasa) azından 16 mart 2021-ci il tarixidir. Hazırki mübahisənin həlli isə məhz əgər iddiaçının hüquqları cavabdeh tərəfindən pozulmuşdursa, iddiaçının pozulmuş hüquqlrını bildiyi vaxtın dəqiq tarixinin müəyyən edilərək sübut edilməsindən asılı olduğu halda və iş üçün əhəmiyyəti olan hal kimi iddiaçının cavabdehlərə əlavə olaraq 8000 manat pul ödəməsini Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsini əldə edib oxuduqdan sonra bilməsini sübut edən iş materiallarında heç bir sübut olmadığı halda, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərini görməzdən gələrək, iddiatələbinin qismən təmin edilməsi kimi əsassız nəticəyə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 2(075)-143/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanla bağlı 9200 manat pulun və dövlət büdcəsinə ödənilmiş 112,40 manat dövlət rüsumunun, ümumilikdə 9312,40 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-143/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-143/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanla bağlı 9200 manat pulun və dövlət büdcəsinə ödənilmiş 112,40 manat dövlət rüsumunun, ümumilikdə 9312,40 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Azərbaycan Respublikası MPM-nin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Cavabdehin apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin ona münasibətdə təmin edilən hissəsinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini apellyatora münasibətdə iddia tələbinin yalnız mübahisələndirilən hissəsi, yəni cavabdeh X2 münasibətdə iddia tələbinin təmin edilən hissəsində qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-143/2022 saylı qətnaməsini cavabdeh X2 münasibətdə iddia tələbinin təmin edilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissələri üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(075)-143/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış mənzilini 08 avqust 2018-ci il tarixdə İddiaçı 25000 (iyirmi beş min) manat məbləğə razılaşma yolu ilə satmış və həmin məbləğdən 10000 (on min) manat beh almış, qalan 15000 (on beş min) manat məbləği razılaşma yolu ilə ödəniləcəkdir. 29 aprel 2019-cu il tarixli ərizəyə əsasən Cavabdeh1 15 aprel 2019-ci il tarıxdə İbrahimxəlilova Minayə, Hakverdiyeva Arifə, Çələbiyeva Elmiranın şahidliyi ilə İddiaçı 10000 (on min) manat pul almışdır. X4 29 aprel 2019-cu il tarixdə İddiaçı 2000 (iki min) manat pul almışdır. Yerdə qalan 4000 (dörd min) manat tez vaxtda razılaşma yolu ilə veriləcək. 06 oktyabr 2019-cu il tarixli iltizama əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili 08 avqust 2018-ci il tarixdə İddiaçı 25000 manat məbləğə satmışdır. Həmin məbləğin 5000 manatı Cavabdeh2 düşən pay olmuşdur. Həmin məbləğin, yəni 25000 manatdan 6000 manatı almışdır. 2020-ci ilin mart ayının axırında 31 r/n Bağbanlar küçəsi, ev 35a da yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsinə əsasən Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(075)- 791/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı (yeni qaydalarla Şəki şəhəri, Bağbanlar küçəsi, ev 117) evdən əşyaları ilə birlikdə çıxarılması, İddiaçı 4400 ABŞ dolları məbləğində pul ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(102)-4436/2021 saylı qərarına əsasən İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(107)-219/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-219/2021 saylı işi üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - qarşılıqlı iddianın təmin olunmuş hissəndə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Regional vəkil bürosu tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 415 saylı arayışa əsasən İddiaçı hüquqi yardım göstərilməsi barədə xx.xx.2020-ci il tarixli, 520 saylı müqavilə üzrə 500 manat, xx.xx.2021-ci il tarixli, 133 saylı müqavilə üzrə 300 manat və xx.xx.2021-ci il tarixli, 134 saylı müqavilə üzrə 400 manat, ümumilikdə 1200 manat vəkilə göstərəcəyi hüquqi xidmət müqabilində Şəki regional vəkil bürosunun bank hesabına ödəniş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. İlk növbədə kollegiya şikayətin iddiaçı tərəfindən kəsici müddətin ötürülməsi ilə bağlı dəlilini əsassız sayır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəf cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehlərin Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 35 saylı evdən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair ilk iddiası, həmçinin cavabdehlərin İddiaçı qarşı Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun İddiaçı alınaraq onlara verilməsi tələbinə dair qarşılıqlı iddiaları təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. Belə ki, ilk iddia təmin edilərək cavabdehlərin İddiaçı məxsus Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 35 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı 4400 ABŞ dolları məbləğində pul ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq Cavabdeh2 verilməsi və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi cavabdehlər İddiaçı qarşı pul tələbi ilə bağlı qarşılıqlı iddia ərizəsi verildiyində, İddiaçı cavabdehə artıq ödənilmiş pul məbləği olduğu aşkar edilmişdir. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixi 14 sentyabr 2020-ci il kimi qəbul etdikdə, mülki işin araşdırılma müddətini də 3 ay qəbul etsək, iddianın məhkəməyə daxil olma müddəti təqribən 14 iyul 2020-ci il tarix edir. İddiaçı isə 03 noyabr 2021-ci il tarixdə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı məhkəməyə hüququnun pozulduğunu bildiyi vaxtdan təqribən bir il üç ay sonra müraciət etmişdir. Ona görə də kollegiya iddiaçının müddəti ötürməklə bağlı cavabdeh tərəfindən qeyd edilən dəlilləri əsassız sayır. Şikayətin digər dəlili ondan ibarətdir ki, əgər Cavabdeh1 evi İddiaçı 25000 manata razılaşma əsasında satmışdırsa və İddiaçı müxtəlif vaxtlarda Cavabdeh1 cəmi 28000 manat pul ödəmişdirsə, 8000 manat pulun artıq ödənildiyi məhkəmə tərəfindən necə müəyyən edilmişdir? Adi riyazi hesablamalara görə 28000 – 25000 = 3000 manat. Həmin 3000 manatı da İddiaçı Cavabdeh1 ödəməmiş, həmin məbləği evin rəsmiləşdirilməsinə xərcləmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə də razılaşmır. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdehlər arasında cavabdehlərin paylı mülkiyyətində olan evə dair alqı-satqı müqaviləsi olmuşdur. İşdə olan 30 oktyabr 2018-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış mənzilini 08 avqust 2018-ci il tarixdə İddiaçı 25000 (iyirmi beş min) manat məbləğə razılaşma yolu ilə satmış və həmin məbləğdən 10000 (on min) manat beh almış, qalan 15000 (on beş min) manat məbləği razılaşma yolu ilə ödəniləcəkdir. İşdə olan 29 aprel 2019-cu il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 15 aprel 2019-ci il tarixdə İbrahimxəlilova Minayə, Hakverdiyeva Arifə, Çələbiyeva Elmiranın şahidliyi ilə İddiaçı 10000 (on min) manat pul almışdır. X4 29 aprel 2019-cu il tarixdə İddiaçı 2000 (iki min) manat pul almışdır. Yerdə qalan 4000 (dörd min) manat tez vaxtda razılaşma yolu ilə veriləcək. İşdə olan 06 oktyabr 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili 08 avqust 2018-ci il tarixdə İddiaçı 25000 manat məbləğə satmışdır. Həmin məbləğin 5000 manatı Cavabdeh2 düşən pay olmuşdur. Həmin məbləğin, yəni 25000 manatdan 6000 manatı almışdır. 2020-ci ilin mart ayının axırında 31 r/n Bağbanlar küçəsi, ev 35a-da yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi evin 25000 manata satılması barədə Cavabdeh1 üzərinə öhdəlik götürmüş və qeyd edilən məbləğin 5000 manatının Cavabdeh2 düşən pay olmasını xüsusi qeyd etmişdir. Cavabdeh1 30 oktyabr 2018-ci il tarixdə iddiaçıdan 10000 manat, xx.xx.2019-cu il tarixdə 10000+2000 manat, xx.xx.2019-cu il tarixdə isə 6000 manat pul almışdır. Beləliklə cavabdeh iddiaçıdan cəmi 28 000 manat pul almışdır. Həmin məbləğin 5000 manatı Cavabdeh2 düşən pay olmuş, ancaq Cavabdeh1 həmin məbləği Cavabdeh2 ödəməmişdir. Yuxarıda qeyd edilən qətnamələrdən görünür ki, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək payına düşən pulun ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə müəyyən edildi ki, Cavabdeh1 özünə düşən payın müqabilində 20000 manat pul almaq əvəzinə 28000 manat pul almış və həmin məbləğin 5000 manatını digər payçıya ödəməmiş, əvəzində 8000 manat miqdarında əsassız varlanmışdır. 10000+10000+2000+6000=28000. Apellyator isə qeyd edir ki, 3000 manat artıq pul ödənilmişdir. Həmin pul da evin sənədlərinin düzəldilməsinə xərclənmişdir. Əslində isə apellyator digər cavabdehin iddiaçıdan tələb etdiyi (halbuki apellyator həmin məbləği Cavabdeh2 ödəməli idi) 5000 manatı nəzərə almamışdır. Bundan başqa kollegiya şikayətin 3000 manat artıq pulun evin sənədlərinin düzəldilməsinə xərclənməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış, imzalanmış iltizamlarda evin sənədləşdirilməsi ilə bağlı hər hansı bir müddəa mövcud deyildir. Ona görə də şikayətin dəlilləri bu hissədə də əsassızdır. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissəsi üzrə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(075)-143/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(075)-143/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar