Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-717/2025 07.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyətinin pozulması, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün göndərilməsi) X1 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli əlavə qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq cəmi 16.000 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.200 (üç min iki yüz) manat faiz və 148,0 manat dövlət rüsumu tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli qətnaməsi ilə (Ülvi Qənbərov) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 16.000 (on altı min) manat və 138,0 (bir yüz otuz səkkiz) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli əlavə qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 3.200 (üç min iki yüz) manat faiz və 10,0 manat dövlət rüsumu tələbi barədə iddiasının təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı və nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, 2021-ci ildə Qəbələ şəhərində şərikli mağaza açmaq barədə İddiaçı ilə razılığa gələrək avadanlıq almaqdan ötrü sonuncuya məxsus olan Qəbələ şəhəri, Ə.Əlimirzəyev küçəsi 7-də yerləşən fərdi yaşayış evini adına verilmiş etibarnamə əsasında 43.500,0 manata satmış və özünə məxsus olan fərdi yaşayış evini girov qoyaraq “Araz” şirkətindən mal almışdır. Bir müddət işlədikdən sonra zərərə düşmüş və obyekti bağlamışdır. İddiaçı 27.500,0 manat qaytararaq 16.000,0 manat borclu qalmışdır. Məhkəmə aidiyyəti qaydalarının pozulmasına münasibətdə isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulara əsasən əldə edilmiş sənədlərdən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və adına ********** nömrəli VÖEN açılmışdır. Bundan başqa elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulara əsasən əldə edilmiş sənədlərdən görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və adına ********** nömrəli VÖEN açılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. İş materialları ilə müəyyən edilir ki, həm İddiaçı həm də Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkar statusuna malik olduqlarından hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli və Qəbələ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli əlavə qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli və Qəbələ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli əlavə qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-717/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-717/2025
07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver